Azərbaycan-İsrail arasında diaspor əməkdaşlığı

Azərbaycanla İsrail arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. 1993-cü ildən etibarən İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərməyə başlayıb. Hər iki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri təkan verib.

1995-ci ildə Prezident Heydər Əliyev İsveçrədə keçirilən Dünya İqtisadiyyat Forumunda İsrailin Xarici İşlər Naziri Şimon Pereslə, elə həmin ilin oktyabrında BMT Baş Məclisinin iclasında İsrailin Baş Naziri İshaq Rabinlə, 1996-cı ildə Fransanın keçmiş prezidenti Fransua Mitteranın dəfn mərasimində İsrailin artıq Baş Naziri olan Şimon Pereslə, 2 dekabr 1996-cı ildə isə ATƏT-in dövlət başçılarının Lissabonda toplantısı çərçivəsində İsrailin Baş Naziri Benyamin Netanyahu ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. 1997-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana qısamüddətli səfər edib və Prezident Heydər Əliyevlə görüşüb. Heydər Əliyev ATƏT-in Lissabon zirvə toplantısında Natenyahu ilə görüş və danışıqlarından, həmçinin onun İsrail hökuməti adından Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasında lazımı köməklik göstərməyə hazır olduğu barədə bəyanatından məmnun qaldığını bildirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Heydər Əliyev münaqişənin Lissabonda irəli sürülən prinsiplər əsasında həll olunmasına tərəfdar olduğunu vurğulayıb. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılması qərara alınıb. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edən Heydər Əliyev yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirib: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır. Bundan başqa, xaricdə yaşayan yəhudilərin nümayəndələri tez-tez ölkəmizə ziyarət edirlər. Ölkələrimiz arasında əlaqələrin daim inkişaf etməsi üçün geniş imkanlar vardır. Bu münasibətlərin daha da genişləndirilməsi olduqca zəruridir".

İki ölkə arasında münasibətlərin inkişafına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də diqqətlə yanaşır. 28-29 iyun 2009-cu ildə Azərbaycan-İsrail münasibətləri tarixində ilk dəfə olaraq İsrail prezidenti 3 nazir və 50 nəfər iş adamı ilə birgə Azərbaycana rəsmi səfərə gəlib. İsrail Prezidenti Şemon Peresin səfəri zamanı Azərbaycan və İsrail prezidentlərinin iştirakı ilə iki müqavilə imzalanıb. Bu sənədlərdən biri kommunikasiya sahəsində əməkdaşlığı, digəri isə təhsil, elm və texnologiya sahəsində əməkdaşlığı nəzərdə tutur (wikipedia.org).

Qeyd edək ki, iki ölkə arasında olan əməkdaşlıq diaspor fəasliyyətinə də öz müsbət təsirini göstərib. İsraildə fəaliyyət göstərən İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası bir müddət öncə bu ölkədə yaşayan Azərbaycan icması adından müraciət yayıb. Müraciətdə deyilir: "Hazırda İsraillə Azərbaycan arasında əlaqələr intensiv şəkildə inkişaf edir və çiçəklənir. İsrail hər bir ölkə, xüsusilə də müsəlman ölkələri, ələlxüsus da bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanla yaxşı münasibətləri yüksək dəyərləndirir. Bu, sözsüz ki, İsraildəki Azərbaycan icması üçün çox xoş və qürurvericidir. İkitərəfli əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan diasporunun, xüsusilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının səyləri böyükdür. Lakin bu münasibətlərin inkişafında, İsrail-Azərbaycan əlaqələrinə marağın artmasında əsas faktorun Azərbaycan dövlətinin yürütdüyü siyasətdir. Prezident İlham Əliyev beynəlxalq aləmlə strateji tərəfdaşlıq əlaqələrini o qədər savadlı və məharətlə qurub ki, Azərbaycan Qərbin olduğu kimi, Şərqin də maraq dairəsindədir. Ölkələrlə qurulan münasibətlərdə İlham Əliyevin siyasi uzaqgörənliyi və çevik taktikası Azərbaycana iqtisadi, hərbi-strateji və sosial sahədə aparıcı mövqe qazandırıb. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin xalqına və dövlətinə firavanlıq bəxş etmək üçün yenidən bu məsuliyyətli posta seçilməyə layiq olduğunun təkzibolunmaz sübutudur".

İsraildə fəaliyyət göstərən İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası 2007-ci ildə Təl-Əviv şəhərində təsis olunub. Təşkilat Azərbaycandan köçmüş və hazırda İsrailin müxtəlif şəhərlərində yaşayan 30 minə yaxın yəhudini birləşdirir ("kaspi.az").

Beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut bildirir ki, İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, ərazi bütövlüyünü fəal şəkildə dəstəkləyir və Ermənistan Azərbaycan münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çağırır: "Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı 25 ildən çoxdur ki, davam edir. Bu təcavüz nəticəsində ölkədə bir milyon qaçqın var. İndiki mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın haqlı mövqeyinin Yaxın Şərqdə İsrail dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi rəsmi Bakı üçün çox zəruridir. Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər yaxın və mehriban münasibətləri yoxdur. Heç şübhəsiz, İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan ilə İsrail dost və tərəfdaşlarını özləri seçirlər, hərbi-texniki sahədə strateji əməkdaşlığın səviyyəsini də özləri müəyyən edirlər. İsrailin Baş naziri Netanyahunun Azərbaycana səfəri bir daha onu göstərdi ki, Ermənistan bu səfərdən və onun nəticələrindən çox narahatdır".

Yəhudi diasporu və lobbisinin Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında rolunu necə qiymətləndirilməsinə gəlincə, ekspert bildirib ki, dünyada olan güclü və effektiv yəhudi diasporu ilə çalışma mexanizmləri müəyyən olunmalıdır: "Sizə bir misal çəkim: Azərbaycan Respublikasının Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun mənəvi dəstəyi ilə dünya yəhudi diasporunun liderləri, o cümlədən Ümumdünya Yəhudi Konqresinin (ÜYK) prezidenti Ronald Lauder, baş icraçı direktoru Robert Zinger, Konqresin vitse-prezidenti Qod Nisanov, Avrasiya Yəhudi Konqresinin prezidenti Yulius Maynl, Rusiya Yəhudi Konqresinin (RYK) prezidenti Yuri Kanner, vitse-prezidenti German Zaxaryayevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı Azərbaycan həqiqətlərinin dünyada tanıdılması mövzusunu müzakirə etmişdilər. Bu görüş Azərbaycan və yəhudi xalqları arasında münasibətlərin inkişafı baxımından mühüm tarixi əhəmiyyət daşıyırdı. Bu, bir daha sübut etdi ki, Azərbaycan multikulturalizm və tolerantlıq "adası"dır. Tarix göstərir ki, azərbaycanlılar heç vaxt yəhudilərə, yəhudilər də azərbaycanlılara xəyanət etməyiblər. Ümumdünya Yəhudi Konqresinin nümayəndə heyətinin səfərinin əsas məqsədi dünya yəhudi diasporu ilə Azərbaycan arasında sıx münasibətlər yaratmaq, digər tərəfdən Azərbaycan yəhudi icmasının həyatı ilə tanış olmaq idi. Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında mənim rəhbərlik etdiyim "Cəmiyyət üçün beynəlxalq layihələr" İsrail qeyri hökumət təşkilatı çərçivəsində atamla bərabər yazdığımız və Xocalı qətliamı ilə bağlı bədii sənədli romanın İsraildə çap olunması mühüm rol oynayır. Romanın yazılmasında da əsas güc Azərbaycan Dövlət Televiziyasında 40 il rejissor və ssenarist işləmiş atamın - Əhməd Abdullayevin böyük və əvəzolunmaz rolu oldu".

Ekspert Arye Qut onu da qeyd edir ki, Azərbaycanla İsrailin münasibətləri Yaxın Şərqə və bütövlükdə dünyaya nümunə ola bilər: "Azərbaycan Prezidenti İlham Əliyev daim bəyan edir ki, biz çoxmillətli və çoxkonfessiyalı ölkədə yaşamağımızla, bir çox xalqların və millətlərin nümayəndələrinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamaları ilə qürur duyuruq. Biz əslən Azərbaycandan olan yəhudilərlə fəxr edirik. Ermənistanla ağır və qanlı ərazi münaqişəsinə baxmayaraq, Azərbaycan Cənubi Qafqazın şəksiz regional lideri, əsl sivilizasiyalararası və konfessiyalararası dialoq örnəyidir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarıdır. Bu baxımdan Azərbaycan İslam dünyasının inkişaf mayakı, Qərb praqmatizminin Şərq qonaqpərvərliyi və ənənələri ilə sıx çulğalaşdığı unikal dünyəvi ölkədir. Azərbaycan bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və indi də belədir. Burada İsrail Baş nazirinin sözləri yadıma düşür : "İsrail bir yəhudi dövlətidir. Azərbaycan müsəlman ölkəsidir və əhalisinin əksəriyyəti müsəlmandır. Burada hər iki ölkənin daha parlaq gələcəyini təmin etmək üçün yəhudilərlə müsəlmanların birgə işləməsinin şahidi oluruq. Bu, indiki dövrdə tolerantlığın, qarşılıqlı hörmətin olmaması fonunda çox parlaq bir nümunədir. İsraildə Azərbaycandan olan 70 min yəhudi, "insan körpüsü" yaşayır. Bundan başqa, dünyaya göstərə biləcəyimiz başqa bir şey var. Dünya çoxlu dözümsüzlük, çoxlu zülmət görür. Burada isə müsəlmanlar ilə yəhudilərin arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var. İllər boyunca Azərbaycanda yəhudilərə qarşı göstərmiş olduğunuz qarşılıqlı hörmət, gözəl yanaşma bu əlaqələri, Azərbaycana olan rəğbətimizi və heyranlığımızı daha da gücləndirir" (anl.az).

Son olaraq qeyd edək ki, İsrailin Netaniya şəhər kitabxanasında İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ("Azİz") tərəfindən Fuad Hüseynzadənin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən aktiv diaspor nümayəndələrinin fəaliyyətindən bəhs edən "Dünya Azərbaycanlılarının Palitrası" kitabının təqdimatı olub. Tədbirdə qeyd edilib ki, hazırda Azərbaycan diasporu Azərbaycanın maraqlarının təmsil olunmasında müxtəlif ölkələrdə böyük uğurlar əldə edib ("report.az").

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman Azərbaycan diasporunun birləşməsi, ölkəmizin tarixinin və mədəniyyətinin təbliği istiqamətində hansı işlərin görüldüyündən bəhs edərək bildirib: "Bizim fəaliyyətimiz bir dəqiqə belə dayanmır. Azərbaycanda heç vaxt antisemitizm (yəhudilərə qarşı ədavət) olmayıb. Bu, yəhudilər üçün çox əhəmiyyətli faktdır, çünki yəhudilər yaşadıqları hər yerdə təqiblərə məruz qalıblar. Biz israillilərə Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti çatdırmağa çalışırıq, ona görə ki onlar bu haqda eşitsələr də, çox şey haqqında səhv informasiyaya malikdirlər. Erməni tarixinə gəlincə, axı erməni təbliğatı bütün dünyada neçə onilliklərdir fasiləsiz işləyir. Bundan başqa, əlbəttə ki, biz Azərbaycan tarixi və mədəniyyətinin təbliğatı üzrə rəsmi tədbirlər keçiririk. Biz bu tədbirlərə İsraildə yaşayan bütün səviyyəli hökumət və qeyri-hökumət təşkilatlarından rəsmi şəxsləri-Knesset üzvlərin və diplomatik korpusun nümayəndələrini, həmçinin müxtəlif ölkələrin həmyerlilər birliklərinin nümayəndələrini dəvət edirik".

Rəşid RƏŞAD

Ekspress.-2018.-16 noyabr.-S.10.