Zəif olsan, parçalayarlar...
Afaq Bəşirqızı: “Moşu
xoşbəxtliyin qafiyəsini tapsaydı, çox
böyük bədbəxtlik olardı”
Mədəniyyətimizin, incəsənətimizin yükünü uzun illər çiyinlərində daşıyan sənət adamlarımızı yaşlı, orta nəsil yaxşı tanıyır. Bu nəsillər illər boyu televiziyadan o sənətkarların söhbətlərini dinləyib, mətbuatdan müsahibələrini oxuyub. Amma gənc nəsil əsl səhnə adamlarının, sənət fədailərinin ömür yolu, iş həyatı, yaradıcılığı ilə o qədər də tanış deyil. “Ekspress”in “Nəsildən nəslə” rubrikası məhz bu körpünü qurmağı, sənət adamlarımızı gənc nəslə tanıtmağı hədəfləyir.
Rubrikamızın bugünkü qonağı Musiqili Teatrın aktrisası, xalq artisti Afaq Bəşirqızıdır.
“Atamın
üzünü doyunca görə bilmədim...”
- Afaq xanım, sənətə
gəlişiniz necə oldu?
- Sənətə gəlməyim tam təsadüf
olub. Arzularım başqa idi. Şərqşünas olmaq istəyirdim.
Bəşir Səfəroğlunun vaxtsız ölümü
onun sənətini yarımçıq qoymuşdu. Bəlkə
də oğlu olsaydı, bu sənəti o davam etdirərdi. Ona
görə də mən məcbur oldum, gəldim bu sənətə.
Məhərrəm Bədirzadənin bir dərnəyi
vardı. Çox az müddət ora getdim. Orada “İki həyat”da,
“Şahzadə və dilənçi”də oynadım...
- Sonra İncəsənət
İnstitutuna daxil oldunuz. Kimin kursunda təhsil
almısınız?
- Həsənağa Salayev həm kurs rəhbəri,
həm də səhnə danışığı müəllimi
idi. Çox gözəl insan, gözəl müəllim idi.
Çox ağır da xasiyyəti var idi. Qızların
geyimindən tutmuş, oğlanların davranışına qədər
hamısınına nəzarət edirdi. Mən də sinifkom
idim. Deyirdi ki, hamının “zaçot”una kömək edirsən,
özündən başqa. Deyirdim ki, siz nə istəyirsiniz,
onu da yazın. Deyirdi, sən beşlə doğulmusan, beşə
də layiqsən.
- Bəşir Səfəroğlu
demiş, atanız yaddaşınızda necə qalıb?
- Uşaqlıq xəyalımda qalıb... Atam xəstəliyi
ilə əlaqədər çox vaxt xəstəxanada olurdu.
Onu 14 yaşımda itirmişəm. Nə doyunca
üzünü görə bildim, nə də doyunca ata deyə
bildim...
- Sizi daha
çox məşhurlaşdıran “Bəxt üzüyü”
oldu desəm, mənimlə razılaşarsınız?
- Hər bir aktyorun həyatında damğalı rolu olur. Mən də “Bəxt üzüyü”nə damğa vurdum. Məndən əvvəl də bu tamaşa Şəki Teatrında oynanılmışdı. Vaqif Səmədoğlu xatirələrində deyir ki, Afaqa minnətdaram ki, məni dramaturq elədi. Dramaturqun, yazıçının dilindən bunu eşitmək mənim üçün böyük fəxrdir. Söylü roluna damğa vura bilmişəm ki, Vaqif Səmədoğlu da bunu təsdiq edir.
- Yeri gəlmişkən,
Vaqif Səmədoğlunu necə xatırlayırsınız?
- Çox gözəl, istedadlı insan, dost
kimi xatırlayıram. Azərbaycan ədəbiyyatından, Azərbaycan
mədəniyyətindən gedən nadir bir inci idi. Azərbaycan
ədəbiyyatı itirdi onu.
Çox möhkəm dost idik. Çox
böyük hörmətim var idi ona. Qələminə
çox inanırdım. Mən Vaqif Səmədoğlunun təkcə
“Bəxt üzüyü” əsərində yox, bir neçə
əsərində oynamışam. Oynadığım
“Lotereya” tamaşasına görə “Qızıl dərviş”
mükafatı almışam.
Mən yeknəsəkliyi sevmirəm. Vaqif müəllim
istedadıma inandı. Onun dalınca “Yaşıl eynəkli
adam”ı, “Dağ tikirik”i yazdı. Bizim birgə vəhdətimiz
-dramaturq-aktyor işi alındı.
- Burda Valeh Kərimovu da xatırlamaq yerinə
düşər. Moşunu deyirəm...
- Moşu obrazı Valehin üstünə
biçilmişdi. Çoxları onu filmdə görüb.
Amma tamaşadan bişib gəlmişdi. Tamaşaya Sumqayıt
Teatrında mərhum Yusif Əkbərov quruluş vermişdi.
Filmə qədər o tamaşa yüz dəfədən
artıq oynanılmışdı. Filmin təşəbbüskarı,
sponsoru isə “Qaraqaya” Assosiasiyasının prezidenti Sədrəddin
Daşdəmirov idi. O -mənim yaradıcılığıma
çox böyük hörmət bəsləyən, məni
çox sevən insan, qardaşım dedi ki, Afaq xanım
yaradıcılığı üçün nə istəyir
edim. Mən də dedim ki, “Bəxt üzüyü” filminin
çəkilməsini istəyirəm. O da bu filmi çəkdirdi.
- Əgər bu filmdə Valeh Kərimovu başqa aktyor əvəz etsəydi, necə alınardı? Valeh müəllim siz olmadığınız üçün bu yaxınlarda həmin tamaşada oynamaqdan imtina etdi...
- Yenə də alınardı. Məsəlçün,
bu filmdə Ramiz Əzizbəyli Moşu obrazına Yaşar
Nurini çəkməliydi. Mən Valehin tərəfini tutdum.
Dedim, qoy Valeh oynasın.
Valeh Kərimovun mənsiz “Bəxt üzüyü” tamaşasında oynamaq istəməməsinə isə fikrim belədir. Ola bilsin ki, aktyor kimi o qidanı başqa aktrisadan ala bilməyib.
- Hacıbaba Bağırovla da “Bankir
adaxlı”da oynamısınız. Gəlin, onu da
xatırlayaq...
- Allah rəhmət eləsin. Hacıbaba
Bağırov həmişə Bəşir Səfəroğlunun
dublyoru olub. Sonra da gəldi mənimlə tərəf
müqabili oldu. Neçə il bir yerdə işlədik. Bizim
aramızda qarşılıqlı hörmət vardı.
“Məni Afaq Bəşirqızı eləyən
Əhməddi...”
- Siz Bəşir Səfəroğlunun sənətini davam etdirdiniz. Bəs Afaq Bəşirqızının sənətini davam etdirən varmı?
- Nəvələrim başqa peşənin sahibi olmaq istəyirlər. Hərçənd nəvəm Bəşirdə o yaradıcılıq qığılcımlarını görürəm. Amma mənə belə gəlir ki, o, başqa bir sənət sahibi olacaq. İndi deyə bilərəm ki, nəvəm sənətimi davam etdirməsin. Amma sabah o elə bir sənətkar ola bilər ki, onunla fəxr eləyərəm. Bu istək elə istəkdir ki, baxırsan özünün vəziyyətinə, keçdiyin yollara, indiki münasibətə... Ancaq doğrudan da nəvəm Bəşir Səfəroğlu olacaqsa, heç olmasa onun yarısı olacaqsa, gəlsin bu sənətə...
- Ailədən danışdıq, hər
aktrisaya ailə xoşbəxtliyi sizinki qədər uzun
müddət nəsib olmur...
- Ailə sənətkarlıqla
ölçülmür. İnsanınn özünün şəxsiyyəti,
həyata baxışı, onun gələcəyi, sabahı ilə
ölçülür. Ailə tamaşa deyil ki, saat yarım
oynayasan, bağlayasan pərdələri, bununla da qurtardı.
O, sənətdən daha çox qurbanlar tələb edir. Ailəni
saxlamaq üçün sən özün çox şeyi
qurban verirsən.
- Sizə dəstək olan insanlardan biri də həyat
yoldaşınız olub...
- Yoldaşım həqiqətən də şəxsiyyətdi.
Mən bütün subaylara həyat yoldaşım Əhməd
xasiyyətdə, kişilikdə, insanlıqda həyat
yoldaşı arzulardım. O, mənim dayağım olub. Mən
Afaq Bəşir qızı kimi doğulmuşam, məni Afaq Bəşirqızı
eləyən Əhməddi. Çox əziyyətimi çəkib.
Sənətkarla ailə qurmaq çox əziyyətli bir
şeydir. Amma bu o demək deyil ki, sənətkar ərköyündü,
söz götürməyəndi. Sənətkar da gəlib
öz problemlərini evdəkilərə yükləməməlidi.
O, mənim bir gülüşümdən,
baxışımdan, hərəkətimdən, evə
girişimdən başa düşür ki, nə isə bir
şey var. Həmişə də çalışıb ki,
onu qloballaşdırmasın, mənə təskinlik versin. Mən
açıb deyim ki, nə var-nə yox. Mənim həyatımda,
yaradıcılığımda, şəxsiyyətimdə
Əhmədin çox böyük rolu var.
- İnsanlara gülüş bəxş edirsinz. Özünüz necə, içdən gülə bilirsinizmi? Mənə həmişə elə gəlib ki, içinizdə bir nisgil, bir kədər var...
- Kədərsiz, sevincsiz insan olmur. Kədər
də, sevinc də, mübarizə də var. Mənim bəxş
etdiyim gülüşə, zövqə, istirahətə
bunların heç bir dəxli yoxdur. Mən tamaşaya
çıxanda obrazdayam. Tamaşaçının məndən
gözlədiyini ona təqdim edirəm. Bununla da onun sevgisini
qazanıram.
Düzdür, səhvsiz, günahsız insan da
olmur. Amma mən həmişə özüm-özümə
hesabat verirəm. Bu barədə düşünürəm.
Yenə deyirəm səhvsiz insan yoxdur. Amma mənim səhvlərim
heç bir ocağı söndürməyib, evi
dağıtmayıb. Elə bir səhvim olmayıb ki, indi bu
yaşımda onun əzabını çəkim.
- Əsəbi olduğunuzu da
etiraf edirsiniz. Sizi
özünüzdən nə çıxarır?
- O dəqiqənin,
anın əsəbini sizə əvvəlcədən hardan deyə
bilərəm. Ola bilər çəkilişdən, ola bilər mətndən, ola bilər kiminsə
məsuliyyətsizliyindən, laqeydliyindən. Mən qıraqda
əsəbiləşib gəlib onu sənətə tökən
və yaxud da çəkilişdə hamının
qanını qaraldan adam deyiləm. Amma tez-tez əsəbiləşirəm. Bir də çəkiliş məni çox
sıxır. Mən müsahibəni və
çəkilişi sevmirəm. Bunlardan
sıxılıram.
“Nə
yaxşı ki, Moşu xoşbəxtliyə qafiyə tapa bilmədi...”
-
Çox əzəmətli, zəhmli
görünürsünüz. Həm də
deyirsiniz ki, zəif qadın deyilsiniz. Zəif insanlardan da
yəqin ki, xoşunuz gəlmir...
-
Ümumiyyətlə, mən zəifləri heç sevmirəm.
Mənə elə gəlir ki, zəif insan
yaşamamalıdır. Əgər
özü də bu zəifliyi boynuna götürürsə.
Əlbəttə, şikəstdirsə, bir bəla
nəticəsində bu hala düşübsə, o ayrı.
Amma yenə də özünü zəif
saymamalıdı. Mən anadangəlmə
korlarla, karlarla ünsiyyətdə olmuşam. Onlarda o qədər optimizm, həyat eşqi var.
Onların ansamblları, gözəl səsləri var.
Oynayırlar, oxuyurlar, səhnəyə çıxırlar.
Mən onlara qibtə etmişəm. Demişəm ki, ilahi, əli-ayağı, zəkası,
gözünün nuru üstündə olan adamlarda bu qədər
həyat eşqi, bu qədər həyata bağlılıq
yoxdur. İnsan ki, öz zəifliyini boynuna
aldı, o insanı cəmiyyət sevməyəcək. Ümumiyyətlə, həyat bir aslandır, o, zəif
insanları sevmir. Zəif oldun səni
parçalayacaq. Ona görə də cəmiyyətə
öz zəifliyini bildirməməlisən. Şəhriyar
kimi bir dahiyə sual veriblər ki, niyə adam
arasına çıxmırsan, görünmürsüən?
Deyib ki, çıxsam, xalqım əynimdəki
libasdan utanacaq. Ona görə istəmirəm
çıxam. Amma əzəmətini
saxladı. Şəhriyar kimi də nəzərlərdən
getdi. Leyla Bədirbəyli həmişə
bizim nəzərimizdə gözəl, cavan qaldı.
Heç kim onun xəstəliyini görmədi.
Elə də Hökümə Qurbanova, Vəfa Fətullayeva.
Dostum, canım Fuad Poladovu itirdik. Demək istəyirəm ki, insan əvvəl öz
şəxsiyyətinə hörmət etməyi
bacarmalıdı. Çox təəssüflər
olsun ki, cəmiyyətin zövqünü
sındırırlar. Hər insan öz
şəxsiyyətini qoruyub, özünə hörmət etməyi
bacarmalıdı. Özünə hörmət
edən şəxs həmişə qalib olur. Mənə
çox adam deyir zəhmlisən. Atamı 14 yaşında itirməyimin, bu həyatın
cizgiləridir. Yəqin ki, bu mənə
lazım olub, köməyi dəyib. Mən zəhmli adam, tiran deyiləm. Mən
heç kəsə zülm edən, heç kəsdən
acıq çıxan, heç kəsi incidən insan deyiləm.
Amma xarici görkəmimdə bu əlamətlər
var. Həyatda çətinliklərim çox olub. Elə gün olmur ki, həyatımda olan hansısa
bir epizod yadıma düşməsin. Mən
bunu heç kəsə arzulamıram. Etiraf
edim ki, biz çox vaxt istəmirik əzizlərimiz çətinlik
görsün. İstəyirik ki,
yaxşı, firavan həyat yaşasınlar. Amma düzgün eləmirik. İnsan
həyatın bərkinə-boşuna düşməlidir.
Möhkəmlənməlidir, püxtələşməlidir.
- Atanızın adından heç
istifadə etmisiniz?
- Tanıyanlar Bəşir Səfəroğlunun
qızı kimi, Bəşir Səfəroğlunun xatirəsinə
görə hörmət edirdilər. Mən ondan heç
vaxt sui-istifadə eləməmişəm. Mən tanımadığım yerə gedib bir adama
deməmişəm ki, flankəsin qızıyam. Bəşir Səfəroğlu həyatdan tez getdi.
İndi 85-90 yaşında ölən sənətkarları
90 gün yadda saxlaya bilmirlər. Bəşir
Səfəroğlu 46 ildir həyatda yoxdur. Amma hələ də sevilir.
- İndi hansı tamaşa
üzərində işləyirsiniz?
- Bir
balaca səhhətimlə əlaqədar məzuniyyətdə
idim. İndi oynamadığım
tamaşaları bərpa edirəm. “O olmasın, bu olsun”,
“Yeddi məhbus anası”, “Toya bir gün qalmış”, “Bankir
adaxlı”.
- Müxtəlif xarakterli rollar
oynayırsınız. Deyirsiniz ki, bu rollarda özümü
görmürəm. Bəs hansı rolda
özünüzü görmək istərdiniz?
- Mən
heç bir rolda özümü görmürəm. Mən
Afaqam. Mənim yaratdığım obraz isə
yeni bir insandır. Onlar Afaqın
balalarıdır. Hətta Afaqa
oxşayacaqlar. Amma bir ara Qarabağ
müharibəsi ilə əlaqədar özümü
gördüyüm obrazlardan birini istəyirdim. Çox
təəssüflər olsun ki, nə filmdə, nə də
tamaşada belə bir şey olmadı.
Bu dəqiqə heç kəs tərcümə əsərlərini
nə tapmaq, nə də oynamaq istəmir. Adam istəyir
ki, özününkü, milli ruhda olsun. Bu
yaxınlarda bir dramaturqla danışdım. Xahiş etdim ki, 1937-ci illə bağlı bir əsər
hazırlasın. Çox istəyirdim ki,
Şükriyyə xanımın obrazını yaradım.
Dramaturq gedib kitabxanada, arxivdə axtarmadı.
Beş günün, on günün içində bir mətn gətirdi,
baxdım, yox dedim. Əhməd Cavadı,
Şükriyyə xanımı səhnəyə gətirmək
istəyirdim. Bütün bunları eləmək
hamımızın borcudur. Vətəndaş
borcunu hərdən yaddan çıxarırıq.
- “Bəxt üzüyü”ndə
Moşu xoşbəxtliyə qafiyə axtarır. Siz ona hansı qafiyəni
tapardınız?
- Əgər xoşbəxtliyin qafiyəsini Moşu kimisi
tapsaydı, çox böyük bədbəxtlik olardı. Əgər o
qafiyəni Moşu tapsaydı, onun həyat yoldaşı
Söylü olmazdı. Əgər o,
xoşbəxtliyə qafiyə tapsaydı, Qremfil
stansiyasında armud satmağını xatirələrində
heç vaxt qeyd eləməzdi. Bəy oğlu bəy nəslindən
bəyzadə törəyən bir adam kimi
özünü qələmə verərdi. Nə
yaxşı ki, Moşu xoşbəxtliyə qafiyə tapa bilmədi...
“Mən
olmasam, o teatrın işi getmir...”
- Müəllimlikdən nə səbəbdən
uzaqlaşdınız?
- Müəyyən
səbəblər var idi. Onu indi demək bir az
etikadan kənar olar. Yaxşı müəllim
dünyasında 20-30 tələbə yetişdirə bilməz.
Özü də yaradıcılıqda, səhnədə.
Bu, heç vaxt mümkün olan deyil. Ülviyyə Əliyeva (Keyxanım), “Şeron”
qrupunda Ülvi kimi tələbəm var.
- Hamı deyir ki, indiki gənclər
sənət deyil, pul dalınca qaçırlar. Bu barədə sizin düşüncəniz necədir?
- İndi sənətə gələn gənclər ya
tamadalığı, ya da toyda oxumağı fikirləşirlər. Sənətkar
pulun dalınca qaça bilməz. Qaçmamalıdır.
Nə qədər də ehtiyac olsa da, içində
boğmalısan. Yoxsa heç vaxt sənətkar ola bilməzsən. Sənətlə
pul qoşa gedə bilmir. Amma bütün
çətinliklərə dözəndə, sənətkar
damğasını vuranda, onda səni xalq, dövlət
saxlayacaq.
Mənim oynadığım “Yarımştat”
tamaşasına quruluş verən Şərif Qurbanəliyev
çox istedadlı rejissordur. Çox heyfsilənirəm
ki, o, bu gün işsizdir. Nə qədər
ki, yerlərdə səhvdüşmələr var, belə
istedadların boğulması çox olacaq.
- Bəşir
Teatrının fəaliyyəti nə yerdədir?
- Səhhətimə
görə akademik məzuniyyət götürdüm. Mən olmasam, o teatrın işi getmir. Orda hamısı dəvət olunmuş
aktyorlardı. Onlar mənsiz heç nə
eləyə bilməzlər. Çünki
orda mənim afişam var, mənim adım gedir. Almaniyaya beşgünlük qastrol səfərinə
getmişdik. On səkkiz gün qaldıq.
Tamaşa çox gözəl
qarşılandı, sevdilər bizi. Almaniyanın Berlin,
Frankfurt, Köln şəhərlərini gəzdik.
- Hələ yorulmamısınız
ki?
-
Yorulmuram yox, doymuram. Bizdə bir çox sənətkarlar
səhnədən tez doydular. Səhnənin
boşalmasını istəmirəm. Kim gələcək,
estafeti kimə verəcəyik? Mən onu
düşünürəm. Mən Azərbaycan
mədəniyyətinin sabahını fikirləşirəm.
Ona görə də bütün gənc
aktyorlara deyirəm ki, ehtiyac ucbatından çəkdiyiniz o
bayağı, mövzusuz filmlər, göstərdiyiniz o
xırda parçalar -bütün bunlar sizin sabahınız
deyil. Szi sabah çox böyük
ehtiyac içərisində yaşayacaqsınız. Siz bu həyatın çətinliklərinə
dözməyəcəksiniz. Ona görə
də aktyor teatrda püxtələşməlidir. Bir çox ölkələrin teatrlarına
baxın. Aktyorların hamısı teatrda
yetişib gəlib filmə çəkilib.
- “”Oskar” mükafatı veriləndə
burnumun ucu göynəyir” ifadəsi də sizə məxsusdur...
- “Oskar” bizim ödül deyil. İstərdim, “Oskar”
kimi elə mükafatımız olsun ki, ona da çox adamlar həsəd
aparsınlar. Bu, arzu olaraq qalır. Çünki biz balaca bir ölkəyik. Şərq aləmi də belə bir ödül
haqqında fikirləşmir. Qazaxıstanın,
Tacikistanın, Rusiyanın filmləri gedir “Oskar”a. Heç
olmasa bizim də bir filmimiz “Oskar”a təqdim olunaydı...
- Hansı kitabları oxuyursunuz?
-
Oşonun bütün fəsillərini oxudum. Mopassan
stolüstü kitabımdır. Onunla mənim
xasiyyətim tutuşur. Elxan
Elatlının əsərlərini oxudum. Nostalji
hisslər keçirdim. Çingiz
Abdullayevin demək olar ki, bütün əsərlərini
oxumuşam. Detektiv əsərləri, həyati
kitabları oxumağı çox sevirəm. Eldar Ryazanovu çox sevirəm. Onun
“Rejissura” kitabını oxudum. Sovet
kino-aktyorlarının həyatı ilə bağlı kataloqu
nəzərdən keçirirəm.
- Hansı musiqilərə qulaq
asırsınız?
- Lirik
melodiyaları, Bethoveni xoşlayıram. Maşınımda
Fikrət Əmirovun, Aqşin Əlizadənin əsərləri
var, onları çox sevirəm. Röyanın,
Flora Kərimovanın ifasına çox qulaq asıram.
Oqtay Ağayevə qulaq asdıqca asıram...
- Hansı arzularla
yaşayırsınız?
- İnsan elə həmişə arzu ilə, ümidlə
yaşayır da. Mənim ən böyük arzum əmin-amanlıq,
Qarabağın qayıtması, şəhidlərin
qanının yerdə qalmaması, çat verən mədəniyyətin
bütövləşməsidir. Mədəniyyətdə
ucuz şöhrət dalınca qaçmaq olmaz. Bu gün
əgər o şöhrət varsa, sabah olmayacaq.
Bunu hər bir yaradıcı adam başa
düşməlidir ki, sənətindən sui-istifadə edən,
bu məbədə çirkli daxil olan adam heç vaxt bu məbəddən
təmiz çıxa bilmaz.
Mən Allahla danışa-danışa gəlib bu həddə
çıxdım. Ona görə də insan inamsız
heç vaxt yaşaya bilməz. Paxıl adamlara niftət
edirəm, onlardan qorxuram.
Vaxtilə “Fərhad və Şirin”də Məryəmi,
Ledi Maqbeti, Kabanixanı oynamaq istəyirdim. Mənim istəklərim,
o arzularım artıq keçdi. İndi mənim arzularla yox,
şükürlərlə yaşayan vaxtımdı. Əlbəttə,
insan arzusuz, ümidsiz yaşaya bilmir. Mən titulumdan
özüm üçün yox, kimlər üçünsə
istifadə eləyirəm. Çox sağ olsun ki, qarşı
tərəf o titula çox böyük hörmətlə
yanaşır. Heç olmasa, kiminsə göz
yaşını silə bilirəm, kiməsə ümid, təskinlik
verə bilirəm. Kimisə çətinlikdən
çıxara bilirəm...
Namiq Məmmədli
Ekspress.-2018.-17-19 noyabr.-S.9;13.