Digər xalqların diaspor təşkilatları ilə əməkdaşlıq

Xaricdə yaşayan və təşkilatlanan azərbaycanlılara tövsiyə edilən əsas fəaliyyət istiqamətlərindən biri də digər xalqların diaspor təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsidir. Burada "digər xalqlar" dedikdə vaxtilə Azərbaycanda yaşamış və habelə bizə dost münasibət bəsləyən qeyri-millətlər nəzərdə tutulur.

Ölkəmizə məxsus dinietnik tolerantlıq burada bütün xalqların azad və təhlükəsiz yaşamasına, mədəniyyətinin, ana dilinin inkişafına imkan verib. Məhz buna görə də bu gün Azərbaycandan xarici ölkələrə köçmüş bir çox qeyri millətlərin nümayəndələri respublikamızı daim özlərinə ikinci vətən hesab edir, ölkəmizin milli maraqlarının müdafiəsi işində fəal iştirak edirlər. Eyni zamanda Azərbaycan diasporu məskunlaşdığı ölkələrdə fəaliyyət göstərən və Azərbaycana dost münasibətilə seçilən diasporlarla da sıx əməkdaşlıq edir, onların təcrübəsini öyrənir və Azərbaycan həqiqətlərinin təbliği işinə cəlb olunmasına səy göstərir.

Bununla bağlı Azərbaycan diaspor təşkilatlarına digər xalqların diaspor təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi ilə bağlı tədbirlərin görülməsi tövsiyə edilir. Bundan başqa, Azərbaycan diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrdəki digər xalqların diasporları ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması, bu məqsədlə birgə elmi-praktik konfransların, müşavirə və toplantıların təşkili, Azərbaycana dost münasibəti olan xalqların diaspor nümayəndələrinin Azərbaycan diasporu tərəfindən təşkil olunan tədbirlərə dəvət olunması, habelə onların Azərbaycana səfərlərinin təşkili məsləhət bilinir. Azərbaycandan başqa ölkələrə köçən digər xalqların diaspor qurumları ilə əlaqələrin qurulması, ölkəmizdə yaşayan müxtəlif xalqların xarici ölkələrə köçən ictimai xadimlərinin seçkili orqanlara seçilməsinə dəstək verilməsi də bu baxımdan əhəmiyyətli hesab edilir.

Digər xalqların diaspor təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi məsələsi Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin də səlahiyyətlərinə aid olan faəliyyət sahələrindən biridir. Komitinin əsasnaməsində bununla bağlı qeydlər var.

2009-cu ildə qəbul edilən Əsasnamədə qeyd edilir ki, Komitə diasporla sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Komitə öz vəzifələrini yerinə yetirərkən həm də digər xalqların diasporları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Dövlət qurumu fəaliyyət istiqamətinə uyğun olaraq azərbaycanlıların diaspora təşkilatları ilə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmasına və inkişaf etdirməsinə köməklik göstərir. Komitı bizə dost münasibət bəslədəyn digər xalqların diaspor təşkilatlarının Azərbaycanın dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə əlaqələr qurmalarına və inkişaf etdirmələrinə, Azərbaycanın daxilixarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında düzgün informasiya almalarına şərait yaradır. Əsasnamədə bildirilir ki, Komitə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarını Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi işinə cəlb edir.

Dövlət qurumu sadalanan fəaliyyət istiqamətinə uyğun olaraq müəyyən vəzifələr daşıyır. Təşkilatın vəzifələrindən biri Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmaq, onların təcrübəsini öyrənmək məqsədi ilə müxtəlif yönlü təşkilati, informasiya, maddi və mənəvi yardım göstərməkdir. Habelə Azərbaycanda həyata keçirilən müstəqil, hüquqi və dünyəvi dövlət, demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf haqqında onları məlumatlandırmalı, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diaspor qurumları ilə əməkdaşlığın inkişafı sahəsində görülmüş işlər haqqında vaxtaşırı hesabatlar, illik məruzələr hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Komitə Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor nümayəndələrinin Azərbaycan dövlətinə və onun vətəndaşlarına maddi, mənəvi və humanitar yardımını təşkil etmək və aidiyyəti üzrə istiqamətləndirməkdə vəzifələndirilib.

Eyni zamanda Diaspora üzrə Dövlət Komitəsi Azərbaycana dost münasibət bəsləyən xalqların diasporları ilə üzrə komissiyalar, koordinasiyaekspert şuraları, işçi qrupları yaratmaq hüququna sahibdir.

2018-ci ildə təsis edilən Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyət istiqamətlərindən biri də Komitənin icra etməli olduğu vəzifələrə uyğun olaraq ölkəmizə dost münasibət bəsləyən digər xalqların diaspora təşkilatlarına dəstək verməkdir.

Fond Azərbaycana dost münasibəti bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmaqda kömək etmək, onların təcrübəsini öyrənmək məqsədilə maliyyə yardımı ayıra bilər. Maliyyə yardımı həmçinin Azərbaycanda həyata keçirilən müstəqil, hüquqi, dünyəvi dövlət və demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf haqqında digər xalqların diasporlarını məlumatlandırmaq, bu barədə informasiyanı televiziya, radio, dövri mətbuat və digər vasitələrlə yaymaq məqsədilə edilir.

Fond xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasına, mütəşəkkilliyinin möhkəmlənməsinə, azərbaycanlıların lobbiçilik fəaliyyətinin güclənməsinə və Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişlənməsinə maddi yardım göstərmək hüququna da sahibdir.

2018-ci ilin birinci yarısına aid olan məlumata əsasən, xaricdə Azərbaycan diaspora təşkilatları ilə digər xalqların diaspora təşkilatlarının birgə fəaliyyəti olub.

2018-ci ilin birinci yarımili ərzində Azərbaycan diasporunun fəaliyyətində əsas istiqamətlərdən birini ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması təşkil edib. Bu istiqamətdə, ümumilikdə 64 tədbir həyata keçirilib.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin "20 Yanvar" və Xocalı soyqrımının anılması ilə bağlı tədbirlər planı haqqında müvafiq Sərəncamlarına uyğun olaraq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif formatlı anım mərasimləri, fotosərgilər, seminarlar, dəyirmi masalar, konfranslar keçirilib. Bu tədbirlərin bir çoxunda Azərbaycana dost münasibət bəsləyən digər xalqların diaspora nümayəndələri iştirak edib.

Fevralın 27-də Türkiyənin Sakarya şəhərinin Karasu rayonunda Xocalı soyqırımı abidəsi və Qarabağ prospektinin açılışı olub. Tədbirdə Karasu bələdiyyəsinin sədri Mehmet İspiroğlu, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal DündarMilli Məclisin deputatı Qənirə Paşayeva çıxış edib.

Fevral ayında Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar olaraq Türkiyənin Koceli şəhər Körfəz rayonunda da "Xocalı şəhidləri" abidəsinin açılışı olub. Abidənin açılışında Körfəz bələdiyyəsinin sədri İsmail Baran, Körfəz rayonunun icra nümayəndəsi Hasan Hüseyn Can, Koceli valisinin müavini Osman Ekşi, Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Nəsimi rayon icra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və "Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri" İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev iştirak edib.

Mart ayında Azərbaycanlıların Soyqırımı Günüqeyd edilib. Martın 31-də Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq keçirilən tədbirlərdən Kanadanın Toronto şəhərində yaşayan soydaşlarımızın etiraz aksiyasını qeyd etmək olar. Şəhərin mərkəzi hesab olunan "Dandas Square" meydanına toplaşan aksiyaçılar əllərində Azərbaycan, Türkiyə və Kanada bayraqları, soyqırıma, Ermənistanın davam edən işğalçılıq siyasətinə etiraz bildirən müxtəlif plakatlar tutmuş, şüarlar səsləndirib. Etiraz aksiyasında Toronto və ətraf şəhərlərdə yaşayan Azərbaycan və Türk icmasının 200 nəfərə yaxın nümayəndəsi iştirak edib.

2018-ci ildə erməni terrorçularının azərbaycanlılara qarşı törətdiyi soyqırımının 100 illiyi ilə əlaqədar Benilüks ölkələrində də silsilə tədbirlər təşkil olunub. Martın 26-da Niderland Krallığının Rotterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) ve Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən "Səssiz yürüş" aksiyası keçirilib. Rotterdam şəhərində keçirilən aksiyaya Niderland Krallığında fəaliyyət göstərən türk, Latviya, Litva, Estoniya, İraq türkmənlərinin diaspor təşkilatları da yaxından dəstək verib. Aksiya iştirakçıları təkcə erməni terrorçularına yox, eyni zamanda onlara dəstək verən bəzi Avropa dövlətlərinə də etirazlarını bildirib. Bununla yanaşı, aksiya iştirakçıları Niderland Parlamentinin alt palatasında, sözdə "erməni soyqırımını" qəbul etdikləri sənədə görə öz qəti etirazlarını bildirərək bundan sonra da hər zaman Türkiyənin yanında olacaqlarını bildirib.

 

 

 

Vasif CƏFƏROV

Ekspress.-2018.-20 noyabr.-S.10.