Qara Qarayevin
100 illiyi Tokioda qeyd olundu
Görkəmli
Azərbaycan bəstəkarı, tanınmış alim-pedaqoq
və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı,
akademik Qara Qarayevin 100 illik yubileyi haqqında Azərbaycan
Prezidentinin Sərəncamına əsasən cari ildə həm
Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda
dahi bəstəkarın xatirəsinə həsr olunmuş təntənəli
tədbirlər təşkil olunur.
AZƏRTAC xəbər verir
ki, dahi bəstəkarın
100 illiyinə həsr olunmuş növbəti
xatirə konserti noyabrın 25-də Tokionun “Dojin-Kyokay”
zalında keçirilib.
Əvvəlcə konsertin təşkilatçısı, Yaponiyada fəaliyyət göstərən “Beynəlxalq musiqi evi”nin rəhbəri, azərbaycanlı pianoçu Gülnarə Səfərova çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, konsertin təşkilində məqsəd yapon musiqisevərləri qədim və zəngin Azərbaycan musiqisi, xüsusən də tanınmış bəstəkarımız Qara Qarayevin əsərləri haqqında məlumatlandırmaqdır.
Konsertin təşkilinə göstərilən köməyə görə Azərbaycan-Yaponiya Dostluq Mərkəzinə, “WorldInvestors TV” internet televiziyasının rəhbərliyinə minnətdarlığını bildirən G.Səfərova əlavə edib ki, XX əsrin əvvəllərində inkişafa başlayan Azərbaycan klassik musiqisi əsrin ortalarında artıq Avropa ölkələrinədək yayılıb. Bu işdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yetirməsi Qara Qarayevin böyük rolu olub. Qeyd edib ki, Qara Qarayevin əsərlərinin Avropa ölkələrində çox geniş tanınmasına baxmayaraq, Yaponiyada bu Azərbaycan bəstəkarı, onun yaradıcılığı haqqında məlumatlar çox azdır. Məhz bunu nəzərə alaraq “Beynəlxalq musiqi evi” Qara Qarayevin Yaponiyada tanınması və təbliği məqsədilə görkəmli bəstəkarın anadan olmasının 100 illiyinə həsr olunan xatirə konserti təşkil edib. Yaponiyada yaşayan digər xalqların nümayəndələri, o cümlədən yapon və rus musiqiçiləri də layihəni dəstəkləyərək konsertdə çıxış etməyə razılıq veriblər. Konsertin proqramına Qara Qarayevin ən məşhur əsərləri daxil edilib və bu əsərlər Yaponiyada ilk dəfə səslənəcək.
Konsert Qara Qarayevin
məşhur rus şairi
Aleksandr Puşkinin
sözlərinə bəstələdiyi və rus
vokalçı Valentina Pançenkonun
Gülnarə Səfərovanın müşayiəti ilə ifa etdiyi “Gürcüstan
təpələrində” və “Mən sizi
sevirdim” romansları ilə
başlayıb. Sonra yapon skripkaçı Çie Savadanın və Gülnarə Səfərovanın
ifalarında səslənən “Skripka və
fortepiano üçün
sonata”, fleytaçı Daysuke
Azumanın ifa etdiyi
prelüdlər tamaşaçıların böyük
marağına səbəb olub və
alqışlarla qarşılanıb.
Yaponiyada yaşayan
balerina Yuka Yatani isə bəstəkarın “Yeddi gözəl” baletindən Ayşənin rəqsini
və “Vals” əsərlərini ifa edib.
İki
saata yaxın davam edən konsertdə “Beynəlxalq musiqi evi”nin
yapon şagirdləri Yuri Usuri və Himari Takakinin Qara Qarayevin
uşaqlar üçün bəstələdiyi
“Düşüncə”, “Fırtına”, “Hekayə”, “Şən
oyun” pyesləri də tamaşaçılar tərəfindən
maraqla və alqışlarla qarşılanıb.
Konsertdə, eyni zamanda, Qara Qarayevin müəllimi olmuş Dmitri Şostakoviçin və görkəmli Azərbaycan bəstəkarı və dirijoru Niyazinin əsərləri də səslənib.
Konsert zamanı yapon rəssam Moritanın modern üslubda yaratdığı rəsm əsərləri də nümayiş olunub.
Ekspress 2018.- 27 noyabr .-
S.13.