"Azərbaycan dili mənim həyatımın mənasıdır"
Azərbaycanda ilk dəfə
keçirilən Nəsimi – şeir, incəsənət və
mənəviyyat festivalının iştirakçıları
arasında olan Azərbaycan əsilli britaniyalı müğənni
Sami Yusuf AZƏRTAC-a məxsusi müsahibə verib.
- Sizin Nəsimi
yaradıcılığı haqqında nə kimi məlumatınız
var?
- Nəsimi
haqqında hələ erkən yaşlarımda valideynlərimdən,
eləcə də evimizə gələn musiqiçilər və
şairlərdən eşitmişdim. O, mistik
dünyagörüşünə malik dahi şairlərdən
və mütəfəkkirlərdən biri olub. Azərbaycan
dilində ilk divanların müəllifi kimi tanınsa da, Nəsiminin
yaradıcılığının təsiri Azərbaycanın
hüdudlarından çox-çox uzaqlara
yayılmışdı. Türkdilli şair kimi şöhrət
qazanmış Nəsimi, həmçinin fars və ərəb
dillərində yazdığı əsərlərlə də
tanınırdı. Nəsiminin dahiliyi ondadır ki, əsərlərindəki
mesaj, ifadə və bənzərsiz bəlağət onun
yaşadığı dövrə və məkana
sığmırdı. Nəsimi
yaradıcılığının ilham mənbəyində əbədilik
dayandığı üçün əsərləri öz
dövründə olduğu kimi, bu gün də aydın
başa düşülür.
- İştirak etdiyiniz festivalı
necə dəyərləndirərdiniz?
-
Festival çox gözəl bir şəkildə
düşünülmüş və təşkil
edilmişdi. Nəsiminin əsərlərində ifadə
olunan ideyalar ətrafında keçmişi və müasir
dövrü bir araya gətirən, dünyadakı müxtəlifliklərə
baxmayaraq bütün həyatın birliyini və İlahi mənbəyə
çatmaq üçün əsas insan potensialının əhəmiyyətini
önə çəkən festival, həmçinin gələcəyə
aparan yola işıq saçırdı. Bu yol isə Nəsimi
yaradıcılığında ifadə edilən və Azərbaycanı
dünyada tanıdan multikulturalizm və tolerantlıq dəyərlərini
özündə birləşdirən bir yoldur. Festival çərçivəsində
təşkil edilən tamaşalar, nümayiş etdirilən
eksponatlar və keçirilən görüşlər öz
müxtəlifliyi ilə seçilsə də, onların
hamısı eyni məqsədə xidmət edirdi. Mən
festivalın bütün təşkilatçılarına,
xüsusilə də Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevaya və vitse-prezidenti Leyla xanım
Əliyevaya, həmçinin Mədəniyyət Nazirliyinin bu
işdə əməyi olan hər bir əməkdaşına
minnətdarlığımı bildirirəm.
- Eşitdiyimizə görə,
yeni qlobal musiqi janrının yaradıcısı Sizsiniz. Bu, nə
dərəcədə doğrudur?
-
Musiqi karyerama başlayanda görürdüm ki, mənim ifa tərzimə
uyğun bir janr yoxdur. Ona görə də mən qeyd etdiyiniz
bu janrı “Spiritik” adlandırdım. Bu ifa tərzinin əsasında
insanlarda mənəviyyat hissi oyatmaq, bəzən müqəddəsliyi
əks etdirən sözlər, bəzən isə ictimai birgəyaşayış,
tolerantlıq və birlik kimi müsbət dəyərləri
təşviq edən mesaj dayanır.
Bu mənada,
onu deyə bilərəm ki, musiqi sənətinə verdiyim
töhfələrə görə Roehampton Universitetinin fəxri
doktorluq dərəcəsi ilə təltif olunmuşam və səhv
etmirəmsə, indiyə qədər bu mükafata layiq
görülən ən gənc ifaçıyam. Bu, mənim
“Spiritik” adlı həmin yeni musiqi janrını
yaratmağım və onu ərsəyə gətirməyimlə
bağlı zəhmətimə verilən qiymətdir. Musiqi
vasitəsilə adət-ənənə və irsin
qorunmasını özüm üçün prioritet hesab edirəm.
Son bir neçə il ərzində demək olar ki,
bütün fəaliyyətimi bu sahəyə həsr etmişəm.
Bu, heç də mənim “Spiritik” janrından
uzaqlaşmağım demək deyil.
- Muğamı sevirsinizmi?
-
Muğam dərin məna kəsb edən, gözəl bir
musiqidir. Onun mürəkkəb melodiyaları və ritmləri
əsrlər boyu nəsildən-nəslə
ötürülüb, eyni zamanda, dinləyicilərin və
ifaçıların ruhunu qidalandırıb. Dünyada
muğam qədər simvolizm və ya bilavasitə müqəddəsliyə,
ilahiliyə bağlı olan hər hansı musiqi və
şeir forması mövcud deyil. Əslində, muğam mənə
meditasiyaya və düşünməyə kömək edir.
Ənənəvi sərvətin laqeydsizlik və diqqətsizlik
ucbatından itirildiyi bir dövrdə bu dəyərli musiqi
irsinin qorunması və təbliği üçün
görülən işlər həqiqətən də həyati
əhəmiyyət daşıyır. Mən Heydər
Əliyev Fondunun Beynəlxalq Muğam Mərkəzinin
yaradılması və Beynəlxalq Muğam Festivalının
keçirilməsi kimi möhtəşəm işini bir daha
qeyd etmək istəyirəm. Bu, Heydər Əliyev Fondunun bu
istiqamətdə reallaşdırdığı misilsiz layihələrin
yalnız bir hissəsidir.
- Siz Nəsimi festivalında
tanınmış xanəndə Alim Qasımovla bir səhnəni
bölüşdünüz. Yeni qlobal musiqi janrını və
muğamı nə birləşdirir?
-
Alim Qasımov öz daxili “mənəvi
yanğı"sını musiqi və muğam vasitəsilə
parlaq şəkildə ifadə edən canlı əfsanədir.
Mən hələ 2015-ci ildə Bakıda keçirilmiş
konsertdə Alim Qasımovla bir səhnəni bölüşmək
şərəfinə nail olmuşam. Biz birlikdə yalnız ənənəvi
alətlərin müşayiəti ilə "Sarı gəlin"
mahnısını ifa etmişik. Muğamın musiqi
forması “Spiritik” janrın parametrlərinə mükəmməl
şəkildə uyğun gəlir və gələcək
albomumda Alim Qasımovla əməkdaşlıq etməyi
planlaşdırıram.
- Ailənizdə Sizdən və bəstəkar
olan atanızdan başqa professional musiqi ilə daha kim məşğul
olub?
- Mənim
anam da musiqiçidir. Lap erkən yaşlarımdan məndə
musiqiyə həvəsin oyanmasına təkan verən bir ailədə
dünyaya göz açmağıma görə
özümü çox xoşbəxt hesab edirəm. Mən
musiqi ilə uşaqlıqdan məşğul olmağa
başlamışam və valideynlərim bu günə qədər
mənə dəstək olublar. Mənim atam, anam da
musiqiçi ailəsində böyüyüblər. Onlar
bir-biri ilə çox bağlı olan klassik və ənənəvi
musiqi, eləcə də mistik şeir ənənələrinə
çox yüksək dəyər veriblər.
- Yeri gəlmişkən. Azərbaycan
dilini nə dərəcədə bilirsiniz? Ailənizdə
hansı dildə danışırsınız?
- Mən
Böyük Britaniyada böyüdüyüm üçün
Azərbaycan dilində sərbəst danışa bilmirəm.
Lakin Azərbaycan dili dünyada ilk eşitdiyim dildir. Bu,
valideynlərimin, qohumlarımın danışdığı
dildir. Deyərdim ki, bu, qanımda olan və mənə
çox doğma dildir. Dilin mədəniyyətləri və
xalqları formalaşdırdığı kimi, Azərbaycan
dili də mənim həyatımın mənasıdır.
- Bilirsinizmi ki, almaniyalı alim
Mixail Hessin Nəsimi şeriyyətinə sevgisi onu Azərbaycan
dilini öyrənməyə sövq edib?
- Bu
barədə məlumatım yoxdur, amma buna heç də təəccüblənmirəm.
Nəsimi poeziyasının kəsb etdiyi dərin məna və
miqyas məftunedicidir və dərk olunan zaman insanların həyatını
dəyişməyə qadirdir.
- Bakıya gələndə
hansı hissləri keçirirsiniz?
-
Qısaca desəm, Bakıda özümü evdəki kimi hiss
edirəm. Şəhərin köhnə və müasir
küçələri heyranedicidir. Hər ikisi öz fərqli
xüsusiyyətləri ilə gözəldir. Azərbaycana
axırıncı səfərim zamanı Şamaxı
rayonunda oldum və buranın ənənəvi mühiti mənə
dərin təəssüratlar bağışladı. Hər
şeydən əvvəl, əlbəttə ki, Azərbaycanın
unikal xüsusiyyəti buradakı insanların qonaqpərvərliyi
və ürəklərinin həyat eşqi ilə
döyünməsidir. Yeri gəlmişkən, mənim
Bakıda bir çox dostlarım var. Onlardan biri də bu
müsahibənin təşkilinə yardımçı olan
BP Azərbaycan şirkətinin baş müşaviri Qivami Rəhimlidir.
- Növbəti albomunuzu nə vaxt
buraxmağı planlaşdırırsınız?
-
2018-ci ilin noyabrında Britaniya-Qərb musiqi üslubunu
özündə birləşdirən yeni “Sami” adlı albomum
işıq üzü görəcək. Bundan sonra mənim
Sufi cərəyanından ilhamlanmış mistik şairlərin
əsərlərindən ibarət albomum çıxacaq.
Düşünürəm ki, bu albomda da Nəsimi
poeziyasından istifadə edəcəyəm. Məhz bu albomda
Alim Qasımovla əməkdaşlıq etmək niyyətindəyəm.
- Gələcəkdə yeni albomunuzu
Bakı ilə əlaqələndirmək istərdinizmi?
- Bu
mənim çoxdankı arzumdur. Bakıda heç olmasa, bir
klip çəkdirmək istərdim. Azərbaycanda həyata
keçirmək istədiyim başqa layihələr də var.
Əsas məsələ əlverişli imkan və vaxt
tapmaqdır.
- Bakıda solo konsert verməyi
planlaşdırırsınızmı?
-
Bakıda iki dəfə - 2015-ci və 2017-ci illərdə
konsertim olub. Hər iki konsert çox yaxşı
qarşılanıb və bundan məmnun qalmışam.
Əslində, mən tez-tez konsert vermirəm. Yalnız
inandığım və dəstəklədiyim müəyyən
məqsəd və ideyalar üçün bunu edirəm. Məftunedici
məkan olan Heydər Əliyev Mərkəzində solo konsert
verməyi çox istərdim. Muğam musiqisi və mənim
janrımın daxil olduğu ənənəvi konsert
proqramı tərtib etməyi nəzərdə tuturam.
- Qərb auditoriyasının Sizin İslamla
bağlı yaradıcılığınıza münasibəti
necədir?
-
Çox maraqlı sualdır. Mən buna daha çox Qərb
auditoriyası deyil, Qərbdə yaşayan qeyri-müsəlman
auditoriyası deyərdim, çünki Qərbdə mənim
kimi çoxlu müsəlmanlar yaşayır. Təcrübəmdən
deyə bilərəm ki, bu auditoriya ənənəvi musiqiləri
və ifaları sevir. İnsanlar əsrlərdən və dərin
mədəniyyətlərdən keçib gələn musiqini
eşitdikdə çox duyğulanırlar. Sözləri
başa düşməsələr də, bu musiqi onlara mənəviyyat
dünyasının sədasını çatdırır və
onlar sanki bu dünyaya dalmış olurlar. Bu mənəviyyat
dünyası hər bir insanın mahiyyətində
dayanır, mənim insanlara çatdırmaq istədiyim də
məhz həmin mahiyyətdir. Tamaşaçıların
aldığı təəssüratlar mənim nə qədər
uğurlu olduğumu göstərir.
Gülər
Ekspress.-2018.-6-8 oktyabr.-S.13.