Robert Minnullin – 70

Şair ömrü sonsuzdur

Robert Müəllim oğlu Minnullin çağdaş tatar ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Onun saf və ori;inal sənəti 50 ildən çoxdur ki, insanlara sevinc bəxş edir. Robertin özünəməxsusluğu nədən ibarətdir? Bu suala cavab vermək üçün bəzi məsələlərə diqqət yetirmək lazımdır (bu, digər şairlərə də aiddir).

Birincisi, şairin yazdığı dildir, yəni şair öz əsərlərini hansı dildə yazır. Robert tatar dilində yazıb yaradır. Tatar dili türk dillərinə mənsubdur, onlar da üç qrupa bölünür: oğuz, karluq və qıpçaq dilləri. Oğuz qrupuna Azərbaycan, türkmən və türk dilləri daxildir. Bunların arasında fonetik baxımdan ən zərifi, ahəngdarı və inkişaf etmişi Azərbaycan dilidir. Karluq dilləri arasında uyğur dili daha çox seçilir. Qazax, qırğız, qaraqalpaq, tatar, başqırd dillərinin daxil olduğu qıpçaq qrupunda isə həmin meyarlar üzrə tatar dili daha əlverişli vəziyyətdədir. Bu, məsələnin sırf texniki, yəni fonetik tərəfidir.

İkincisi, şairin mənsub olduğu xalqın ümumi bədii söz xəzinəsidir, yəni həmin dildəki şifahi və yazılı əsərlərdir. Bu mənada tatar ədəbiyyatı həm çox qədim, həm də zəngindir. Tatarlarda “Edigey”, “Xan qızı Altın Saç”, “Cik Mərgən”, “Büşman Qıpçaq”, “Çura Batır”, “Kəsikbaş” kimi möhtəşəm dastan və əfsanələr var.

Yazılı ədəbiyyata gəlincə, burada elə böyük ədiblər vardır ki, onların adları və əsərləri tatar və ümumtürk ədəbiyyatının fəxridir. Qul Əlinin “Qisseyi-Yusif”, Nəsrəddin Rəbğuzinin “Qisas ül-ənbiya”, Mahmud Bolğarinin “Nəhc ül-fəradis”, Qütbün “Xosrov və Şirin”, Xarəzminin “Məhəbbətnamə”, Hüsam Katibin “Cümcümə Sultan”, Seyfi Sarayinin “Gülistan bit-türki”, Məhəmmədyarın “Töhfeyi-Mərdan” əsəri bunlara parlaq misaldır. Sonrakı dövrlərdə Şəhabəddin Mərcani, Qəyyum Nəsiri və Əbdürrəhman İlyasi kimi ədiblər tatar ədəbiyyatını inkişaf etdirmişlər. Abdulla Tukay, Saqit Rəmiyev, Zakir Rəmiyev (Dərdmənd), Şeyxzadə Babiç, Fatih Əmirxan, Ələsgər Kamal, Əhməd Urmançiyev, Fahih Seyfi Kazanlı, Nəcib Dumavi, Səid Sünçələy, Şəhid Əhmədiyev, Mirəziz Ukmasi, Ayaz İshaqi və adlarını çəkə bilmədiyimiz qələm sahibləri tatar ədəbiyyatına mühüm töhfələr vermişlər. Bunlardan Tukay, Dərdmənd və Babiç yeni tatar ədəbiyyatının beşiyi başında durmuş azman sənətkarlardır. Bu üç şair arasında birincilik Abdulla Tukaya məxsusdur.

Robert Minnullin belə bir milli ədəbi mirasın üzərində yüksəlmiş, onu tam mənimsəmiş və inkişaf etdirmişdir. Burada artıq hər şey doğrudan-doğruya şairin öz istedadı ilə bağlıdır.

Robert gözəl və axıcı tatar dilində yazan, tatar xalqının qədim və zəngin ədəbi mirasına sahib olan, bu mirası uğurla inkişaf etdirən parlaq istedadlı bir şairdir.

Robertin istedadının göstəriciləri nədir?

Bu günədək şairin Tatarıstanda və xarici ölkələrdə 70-dən artıq kitabı nəşr edilmiş, əsərləri Qərb dillərinə (ingilis, fransız, alman, ispan, rus, Ukrayna, polyak, bolqar, çex və s.), türk dillərinə (türk, Azərbaycan, özbək, qazax, qırğız, türkmən, başqırd, qaraqalpaq, çuvaş və s.), Şərq dillərinə (ərəb, fars, hind, Çin, yapon və s.) tərcümə olunmuşdur. Robert Minnullin bir dildə yazan, ancaq yüz dildə oxunan, bir ölkədə yaşayan, lakin yüz diyarda tanınan xoşbəxt qələm sahibidir.

Robert sənətinin keyfiyyət göstəriciləri hansılardır? Robert indiyədək iştirak etdiyi bir çox müsabiqə və festivallarda birinci yeri tutmuş, Tatarıstanın ədəbi mükafatlarının hamısını almışdır. Şair uşaqlar üçün yazdığı üç kitaba və televiziyada ədəbiyyatı fəal şəkildə təbliğ etdiyinə görə 1982-ci ildə Musa Cəlil adına mükafata layiq görülmüşdür. Tanınmış ədibin “Bizim kəndin zooparkı” (1988), “Mənə qardaş lazımdır” (1990) adlı kitabları respublika müsabiqələrində birinci yer tutmuşdur. “Dünyadakı ən böyük alma” (1992) adlı kitabı isə beynəlxalq Hans Xristian Andersen diplomuna layiq görülmüş, 1997-ci ildə ona Tatarıstan Yazıçılar Birliyinin Abdulla Əliş mükafatı verilmişdir. 1998-ci ildə isə Robert “Küçtənəç” adlı kitabına görə Abdulla Tukay adına Dövlət mükafatını almışdır.

Robert Minnullin Tatarıstanın əməkdar incəsənət xadimi (1993), Başqırdıstanın əməkdar mənədiyyət işçisidir (1998). Şeirlərinə musiqilər bəstələnib, Sara Sadıqova, Rüstəm Yaxin, Rezeda Axiyarova, İlgiz Zakirov ilə birlikdə yazdığı saysız-hesabsız mahnısı ümumxalq rəğbəti qazanıb.

Mən hələ Robert Minnullinin müxtəlif KİV-lərdə məsul katib, redaktor və baş redaktor olmasından, publisist, jurnalist və siyasi xadim kimi fəaliyyət göstərməsindən, Tatarıstan parlamentində deputat, Dövlət Şurasında komissiya sədri və Dövlət Şurası sədrinin müavini olmasından bəhs etmirəm. 

2017-ci ilin axırında Robert mənə bir məktub yollamışdı. Gələn il 70 yaşının tamam olacağını bildirir və yaradıcılığı haqqında bir məqalə yazmağı xahiş edirdi. Ona eynən belə cavab verdim: “Bir məqalə nədir ki?! Gəl mən sənin bir kitabını tərcümə edim və həmin kitaba geniş bir ön söz yazım”.

İndi həmin kitab oxucuların sərəncamındadır. Bu, Robertin Azərbaycan dilində çıxan ikinci kitabıdır. Kitabın orijinal yanı odur ki, burada şeirlər iki dildə, sol səhifədə azərbaycanca, sağ səhifədə tatarca verilmişdir. Beləliklə, oxucular iki dili müqayisə etmək imkanı əldə etmişlər. Mən Abdulla Tukayın bir kitabını, qazaxların məşhur “Qız Cibək” dastanını və Mağcan Cumabayın kitabını bu şəkildə tərcümə etmişəm. İki dildə çıxan bu kitablar qardaş dillərimizin bir-birinə nə dərəcədə yaxın olduğunu göstərmək baxımından mühüm əhəmiyyət daşıyır.

Robert Minnullin qeyri-adi şairdir, parlaq istedad sahibidir. Onun yaradıcılığında vətən sevgisi, ana yurdun gözəllikləri, Kazan, Sön çayı... xüsusi yer tutur. Bunlar haqqında şairin bir-birindən gözəl şeirləri var. Onun “Tatar”, “İdilimiz”, “Sön çayına qayıtsam”, “Sön çayı söyüdsüz olmaz”, “Oxuya bilmirəm” kimi şeirləri vətənə övlad sevgisi ilə doludur. Xüsusilə “İdilimiz” şeiri çox təsirlidir:

İdilimiz!

İdil bizim

Dənizimiz.

İdil bizim

Təməlimiz,

Üfüqümüz,

Genliyimiz!

İdil bizim

Kimliyimiz!

Robertin məhəbbət lirikası da çox qüvvətlidir. Bu, sevən qəlbin iztirabları, sevginin təlatümlü anları, intizar, həsrət, ayrılıq, qısqanclıq, inciklik, sədaqət duyğuları ayrı-ayrı lövhələr halında oxucuya təqdim olunur. “Mərsiyə”, “Sevginin son qatarı”, “Sənin qatarın”, “Unut”, “Sən yenə yoxsan”, “Ömür boyu gözlərəm”, “Səni görəndən sonra”, “Sənsiz yaşaya bilməm”, “Sizdə yağan qarlar” adlı şeirlərdə bütün bu duyğular tək-tək işlənir, incə-incə nəqş edilir. Məsələn, “Ömür boyu gözlərəm” şeirindən iki bəndə baxaq:

Gün boyu, ay, il boyu,

Daim gözlərəm səni.

Ömür boyu gözləməm

Səndən başqa kimsəni.

Qoy yansın, qoy darıxsın,

Qoy ağlasın, özləsin...

Ən mühümü budur ki,

Səni kimsə gözləsin!

Minnullin yaradıcılığında təbiət motivi, ilin fəsilləri, xüsusilə yaz, yay, payız, qış, yarpaq, xəzan, ağcaqayın özəl yer tutur. “Güz fəslinə girmək ağır”, “Payız yarpağı”, “Yarpaq toyu”, “Son yarpaqlar”, “Yayda payız”, “Qışı tərk etdim” və başqa şeirləri bunlara parlaq misaldır.

Robertin poeziyasında quş motivi də çöx önəm kəsb edir. Həm də burada quşlar bülbül, sona (ağ qu quşu) və qağayı kimi üç növ halında nəzərdən keçirilir. Belə anlaşılır ki, şairin bülbülə (tatarcada və əski türkcədə: sanduqaç) xüsusi rəğbəti var, bülbül nəğməsi onun ilham qaynağıdır. “Bülbül”, “Bülbül çağı ötüşdü”, “Bülbül həsrəti”, “Bülbüllər yazda doğular”, “Bülbüllərin toyu” kimi şeirlər bizə haqq verir ki, Roberti “bülbül şairi” adlandıraq. Əbəs deyil ki, kitabın adı məsələsi ortaya çıxanda o, “Bülbüllərin toyu” adını təklif etdi.

Şairlər cəmiyyətin, bülbüllər isə təbiətin şairləridir:

Nə yaxşı ki, bülbüllər var,

Aşıb daşar nəğmələri.

Bülbüllər yazda doğular,

Yazda qoşar nəğmələri.

Robertin sonaya (qu quşuna) həsr elədiyi şeirlər də çox duyğuludur. Bunlar mərhum Məmməd Aslanın durnalar haqqındakı şeirlərinə bənzəyir. Sonanın iniltisindən oyanan şair dərin həyəcan keçirir, vəziyyəti yerində görmək üçün birbaş sonalar gölünə gəlir. Heyhat..

Tapa bilmədim sonanı...

Nə dərdi var, harasında?

Qaldı səsi göl boyunca

Qayınların arasında.

Qağayılar da hər şair kimi Robertin diqqətini cəlb edir və onun yaradıcılığında öz poetik əksini tapır. Şair onlarla birlikdə pərvazlanmaq istəyir, lakin təbiət insanı uçmağa qoymur:

Mən, əlbəttə, uçar idim

Qağayılar uçan kimi.

Neyləyim ki, qanadım yox,

Necə uçum insan kimi?

Şairin “İnsan ömrü çox qısadır” adlı bir şeiri var. Burada ömrünün ən müdrik çağını yaşayan şairin ömür və həyat haqqındakı düşüncələri öz əksini tapır:

 

İnsan ömrü çox qısadır...

Sezilmədən dönüb gedir.

Sanki ömrün ocaqları

Bir andaca sönüb gedir.

İnsan ömrü çox qısadır,

Bir söndüsə, bir də yanmaz.

Hər kəs üçün bu doğrudur,

Şairlərə aid olmaz.

 

Robert haqlıdır. Şairin ömrü adi insan ömrü deyil. Şeirləri yaşadıqca o da var olacaq, yaşayacaq. Gözəl şair və insan olan Robert Minnullinə sonsuz həyat arzulayıram.

Prof. Dr. Ramiz ƏSKƏR

 Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri

Ekspress 2018.- 9 oktyabr.- S.9.