Robert
MİNNULİN
Tatar
Rusiyada çoxdur tatar,
Burda tatar aşıb daşır.
Onlardan başqa kimsə var?
Burda tatar başdan aşır.
Bax, köçəri quşlar kimi
Dayanmadan köçür tatar,
Şaxtalara düşüb çıxır,
Oddan, sudan keçir tatar.
Mehribandır hamı ilə,
Görən bunun sirri nədir?
Bütün başqa millətlərə
Tatar xalqı nümunədir.
Neçə millət baxıb durur
Tatarların gözü ilə,
Neçə millət gəzib durur
Tatarların üzü ilə.
Neçə millət yaşayır bəs
Tatarların qanı ilə?
Başqırd, özbək, urus, filan,
Tatarların canı ilə.
Tatarlara ölçü olmaz,
Görən, varmı bunun yolu?
Tatar ilə daşır Rusiya,
Tatarlarla ölkə dolu!
***
Xəstələnib yatıram
Xəstələnib yatıram,
Başda dürlü düşüncə.
Mən hələ ki burdayam,
Nə olacaq ölüncə?
Xəstələnib yatıram,
Canım ağrıyır boşa.
Çərxi-fələk fırlanır,
Dünya yenə tamaşa.
Xəstələnib yatıram,
Nə kefim var, nə halım.
Həyat ötür mənsiz də,
İstər ölüm, ya qalım.
***
Sona iniltisi
Qara gecə. Ağ bir sona
Həm yalvarır, həm ağlayır,
Güclü səsi canımdakı
Hönkürtünü qucaqlayır.
Bəlkə mən düz eşitmədim,
Səhv elədi bəlkə sona?
Dalğalandı sona gölü,
İniltidən başdan sona.
Zülmət gecə aydınlandı
Bu sonanın zil səsindən.
Yoxsa yalqız, tənha sona
Ayrı düşdü dəstəsindən?
Gecə gəldim qu gölünə,
Hanı gölün bu sonası?
Gölə gəldim, bəs hardadır
Özümüzün su sonası?
Tapa bilmədim sonanı...
Nə dərdi var harasında?
Qaldı səsi göl boyunca
Qayınların arasında.
Ekspress 2018.- 9 oktyabr.- S.9.