Gözlərinizi göz bəbəyi kimi qoruyun...

Paşa Qəlbinur: “Elə bir göz problemi yoxdur ki, onun Azərbaycanda müalicəsi olmasın”

“Mənim taleyim göz həkimi olmaq üçün hesablanıb. 13 yaşımda mən dağlara aid bir şeir də yaza bilərdim, ancaq qismətim məni “Gözlər” şeirini yazmağa istiqamətləndirdi. Hətta sonralar başa düşdüm ki, görmə qabiliyyətim uzağa 2 dəfə, yaxına isə 3 dəfə artıqdır. Yəni, siz 100 faiz görmə qabiliyyətinə maliksinizsə, mən 3 qat artıq görmə qabiliyyətinə malikəm. Bu, Allahın mənə bəxş etdiyi nurdur...” Bu fikirlər bütün dünyada kəşfləri ilə tanınan elm adamı, Dünya Azərbaycanlıları Konqresinin və Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Blrliyinin Bilimsəl Qurumunun həmsədri Paşa Qəlbinura aiddir.

Gözəl bir payız günündə göz həkimi ilə kafedra müdiri olduğu Tibb Universitetində onun ömür yoluna səyahət edirik...

Qədim Avesta təqvimi və ya əzəli işıq günü

- Həyatda təsadüfi heç nə yoxdur. “Gözlər” şeiri yazmaq və göz həkimi olmaq, yüzlərlə, minlərlə göz xəstəsinə göz nuru bəxş etmək necə bir hissdir?

- Mən taleyə inanan bir adamam. İlk dəfə 13 yaşında “Gözlər” adlı şeir yazmaq, gələcək taleyimin siqnal əlaməti idi. Bir neçə il sonra təsadüfən gözlərimi yoxlatdırarkən məlum oldu ki, gözlərim normadan bir nisbət artıq görür. Və Avesta təqvimi ilə əzəli işıq günündə doğulmağım artıq taleyin hökmü idi. Bu baxımdan taleyimdən razıyam və yenidən dünyaya gəlsəydim, yenə də göz həkimi olmaq istəyərdim.

- 3 qat artıq görmə qabiliyyətinə malik olmaq özü Allah tərəfindən böyük məsuliyyət yükünü daşıdığınıza işarədir. Bir ömür boyu insanlara göz nuru bəxş etmək məsuliyyətini daşımaq çətin deyil ki?

- Yaradan tərəfindən verilən güc ətrafında olan vasitələrlə birləşəndə, o sənət artıq məhəbbət obyektinə çevrilir. Məsələn, Füzulinin poeziyasında eşq yolunda çəkilən cəfanın özü bir səfa kimi qəbul olunur. Elə sənətin cəfası da səfadır. Bu baxımdan mənə verilən bu məsuliyyət hissi nə qədər ağır olsa da, mən bunu böyük məhəbbətlə həyata keçirirəm. Xatırladım ki, mənim yüzlərlə tələbələrim var və onların hər biri ölkəmizdə, ölkəmizin hüdudlarından kənarlarda çalışırlar, onların hər biri artıq onlarla xəstələrə nur bəxş edirlər. Eyni zamanda, övladlarım da bu yoldadırlar, göz həkimi kimi artıq özlərini təsdiq ediblər. Bütün bunlar mənə fərəh hiss bəxş edir, deməli, mən bu ömrü boş keçirməmişəm və mənim davamçılarım var. Yeri gəlmişkən, Tibb Universiteti, ümumi götürdükdə, elə həkim yetişdirir. Onların içində qadın həkimləri, ümumi cərrah, beyin cərrahı, ürək həkimi və s. olanlar da var. Ancaq onların hər biri oftalmologiyanı da bilməlidir. Göz həkimi olmaq istəyənlər isə xüsusi bir diqqətlə oftalmologiyaya yönəlir və onlar ümumi ali təhsil illərindən sonra 3-5 il ərzində rezidentura keçirlər və onları oftalmoloq kimi hazırlayırıq.

- Müsahibələrinizin birində “Gözlərinizi göz bəbəyi kimi qoruyun” deyirsiniz...

- Xalqımızın təfəkkürünə görə, bizim əzamızda ən qiymətli görmə orqanı olan gözdür. Hələ keçmişdə padşahlar düşmənlərini öldürməz, əksinə dünya işığından məhrum edərlərmiş. Çünki dünya işığından məhrum olmaq ölümdən ağır cəza hesab olunurdu. Belə olan halda gözümüzü göz bəbəyi kimi qorumalıyıq. Yaradan gözümüzü bir neçə tərəfdən qoruyub. Alın sümükləri, bir sözlə, gözün ətrafını sümüklərlə əhatələyib, sadəcə öndən açıqdır ki, bu da əlbəttə, dünyanı görmək üçündür. Hazırda ekologiya bizim zərərimizə dəyişib. Təbiət öz təbii halından çıxıb, su, hava çirklənib, qidalar təbii deyil, meyvələrin geni dəyişdirilib. Digər tərəfdən, hara baxırıqsa, gözümüzün qarşısını hündür binalar kəsir. Əvvəllər binadan baxanda dəniz görünürdü, gözlər uzağa akkomodasiya edirdi. İndi hər yeri binalar kəsib. Ona görə də yaxıngörmə yaranır. Məsləhət görərdim ki, insanlarımız heç olmasa, ildə bir dəfə həkim müayinəsindən keçsinlər. Qar yağanda, günəşli günlərdə mütləq eynək taxsınlar. Həm özləri, həm də uşaqlar texnoloji vasitələrlə az təmasda olsunlar.

Musayev müalicə üsulu

və “Aktipol” dərman preparatı

- Soyadınızla adlandırılan “Musayev üsulu” konkret olaraq nədir?

- İlk olaraq məlumat verim ki, qlaukoma - göz təzyiqinin artması ilə müşahidə olunan bir xəstəlikdir və xalq arasında qarasu olaraq adlandırılır. Təsəvvür edin ki, qlaukoma dünyada 45 milyon insana təsir etmiş bir göz xəstəlikdir. Müalicə edilmədiyi halda korluqla nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir. “Musayev üsulu” mənim təklif etdiyim, qlaukoma xəstəliyinin ən ağır formalarının cərrahi müalicəsində tətbiq olunan effektli üsul - kapsuloplastikadır. “Musayev üsulu” orqan və toxuma transplantasiyasında yeni istiqamətdir və bütün dünyada qəbul olunub. Bu üsul mənim təklifimlə ərsəyə gəldiyi üçün soyadımla adlandırılır. Bu, mənim doktorluq dissertasiyamın əsasını təşkil edir ki, bu da hələ gənclik illərində Moskvada təhsil aldığım illərə təsadüf edir.

- “Aktipol” dərman preparatının kəşfi isə böyük göstəricidir. İstifadə edənlər müsbət təsirindən danışırlar...

 

 

 

- “Aktipol” dərman preparatı mənimlə yanaşı, eyni zamanda bacım, tibb elmləri doktoru Sevinc Əkbərovanın və professor Olqa Stroyevanın adı ilə bağlıdır. Hətta bacımın zəhməti çox böyükdür. Qeyd edim ki, 15 ildən artıq tədqiqatlar aparılıb, dünyanın müxtəlif ölkələrində təcrübədən keçirilib. Bu, son 100 ildə Azərbaycanın yeganə dərman preparatıdır ki, Rusiya Farmakopeya Komitəsi tərəfindən təsdiq edilib. Həmçinin “Aktipol” bütün müsəlman dünyasında Brüssel Ümumdünya Sərgilər Salonunun böyük qızıl medalını alan və maliyyə nazirinin xüsusi prizinə layiq görülən yeganə dərmandır. Ümumiyyətlə, virus əleyhinə olan bu preparat Moskvada istehsal edilir və dünyanın bir çox ölkəsində farmakopeya komitələri tərəfindən təsdiqlənib. “Aktipol” çoxşaxəli təsir mexanizminə malikdir - o, həm immunomodulyatordur, həm regenerasiya qabiliyyəti var, həm də torlu qişanın retinoprotektorudur.

- Yeri gəlmişkən, sadəcə dərmanlarla müalicə göz xəstəliklərində, göz nurunun artmasında rol oynaya bilər?

- Əlbəttə. Həkim xəstəyə diaqnoz qoyur, öncə dərmanlar, sonrakı prosesdə də əgər ağırlaşmış formalar olarsa o zaman əməliyyat olunmaq, lazer şüasından istifadə etmək lazım olur. Hippokrat deyirdi ki, müalicə ilk olaraq sözdən başlayır. Və başqa bir gözəl kəlamı var: “Müalicə olunmayan xəstəlik yoxdur, müalicə olunmayan xəstə var”.

Dünya oftalmologiya elminin səviyyəsi

və ya Azərbaycanda bu sahənin vəziyyəti

- Sovet ideologiyası bir çox sahələrdə olduğu kimi, tibdə də bəzi istiqamətlərin inkişafına maneə yaradıb. Bu barədə nə deyərdiniz?

 

 

 

- Doğrudan da, sovet ideologiyası bir neçə elm sahəsinə maneə yaratdı və elmin o səhəsinin inkişafını ləngitdi. İlk olaraq genetika elminə zərbə vuruldu, inkişaf etməsinə imkan verilmədi. Genetiklərin yazdıqları elmi işlər ləğv edilirdi. Kardiocərrahiyyəyə perspektivsiz sahə kimi baxılırdı. Ancaq çox qəribədir ki, oftalmologiyaya o cür ideoloji təzyiq olmayıb. Oftalmologiya Avropa, Amerika ilə paralel inkişaf edib. Hazırda Azərbaycanda bu sahə inkişaf etmiş ölkələrin oftalmologiyası ilə müqayisə oluna biləcək səviyyədədir. Məsələn, bizim onlardan, onların da bizdən öyrəndiyi şeylər var. Ümumiyyətlə, elə bir göz problemi yoxdur ki, onun müalicəsi haradasa olsun, Azərbaycanda yox.

- Necə bilirsiniz, hazırda tibb elmi sahəsində hansı problemlər mövcuddur və bu, özünü nə dərəcədə büruzə verir?

- Düşünürəm ki, tibb elmindəki problemlər insan oğlu var olduğu günə qədər davam edəcək. Təsəvvür edin ki, hələ də müalicəsi tapılmayan xəstəliklər var, eyni zamanda müalicəsi tam olmayan xəstəliklər var. Bir vaxtlar Azərbaycan traxoma epidemiyası ilə sanki Allah tərəfindən imtahana çəkildi. Traxoma, sadə dildə desək, kütləvi korluq idi. Bütün Azərbaycan həkimləri iki onilliyin içində səfərbər olaraq həmin epidemiyanın kökünü ölkəmizdə məhv etdilər. Hazırda traxoma deyilən heç bir şeyə rast gəlmək mümkün deyil ki, bu da Azərbaycan səhiyyəsinin böyük uğuru idi. Yeri gəlmişkən, bütün dünyada mövcud olan elə xəstəliklər var ki, hələ də müalicəsi tam olaraq tapılmır və bu da tibbdə problem kimi ortaya çıxır. Məsələn, şəkər xəstəliyinin gözə verdiyi fəsadlar, bəd xassəli şişlərin gözə aid olan hissələri var və s. Doğrudur, tibdə son illər böyük uğurlar var-lazer üsulu ilə olan yeniliklər buna canlı misaldır. Ancaq troxamaya qarşı olan o böyük qələbə hələ ki, digər problem kimi qalan xəstəliklərdə özünü göstərmir. Buna baxmayaraq mübarizə, axtarış davam edir.

- Tibb elmində yeni kadrlar yetişir və yeni nəsil tibbdə hansı yeniliklərin tərəfdarıdır?

- Hər dövrün öz kadrları, öz mütəxəssisləri olur və yeni gələn nəsil də mütləq yeniliklərlə diqqəti çəkir. Mühazirə dediyim auditoriyada məni dinləyən tələbələr içində artıq kimin gələcəkdə nələr edəcəyini təyin etmək o qədər də çətin deyil. Bilirəm ki, hansı tələbə Azərbaycanı dünyada tanıdacaq və ya hansılar neçə-neçə həyatı xilas edəcək, eyni zamanda onu da bilirəm ki, hansı tələbə bir neçə il sonra özünü həkim sənətində tapa bilməyəcək, sənətini dəyişəcək. Çünki bir vaxtlar müəllimlərimiz biz nəsil tələbələrin də gələcəyindən xəbər veriblər. Biz həmin nəslin davamçılarıyıq və artıq bizim davamçılarımız yetişir. Xalqımız çox istedadlıdır və bu potensial heç bir vaxt bitməz. Bizdən tələb olunan odur ki, tələbələri oxumağa həvəsləndirək, onları mütaliə etməyə istiqamətləndirək, hətta məsləhət görürəm ki, gecə yatanda da yastığın altına kitab qoyub yatın. Filosoflardan biri deyib: “Ağıl başqa şeydir, bilik başqa şey”. Bilik kitablarla gəlir, ağıl isə genetikdir. Ucqar kəndin birində yaşayan nənəmiz-babamız danışanda filosof kimi danışır, ağzından sanki dürr tökülür. Ancaq oxumadığına görə, bilik qazanmadığına görə hər hansı bir sahə üzrə mütəxəssisi kimi yetişməyib.

Ədəbi yaradıcılıq,

yoxsa nurla dolu şair ömrü

- Mirzə Ələkbər Sabir deyirdi: “Şairəm, çünki vəzifəm budur əşar yazım”...

- “Gördüyüm nikü bədi eyləyim izhar, yazım”... Qeyd etdiyim kimi ədəbi yaradıcılığa şeirlə başlamışam. Və şeir istənilən məqamda məni yazmağa vadar edə bilər - təyyarədə, qatarda, maşında, yolda və s. Bir tək əməliyyat otağında olanda bir misra olsun belə ağlıma gəlməz. Yəni, bu şeir yazmaq sadəcə bir həvəs deyil, məni ömürlük təqib edəcək, mənimlə bərabər olacaq poetik bir ruhdur. Sonrakı proseslərdə şeirlə bərabər nəsrlə də məşğul oldum, esselər də yazdım. Maraqlı orasındadır ki, necə ki, nənəm sağlığında hansı yeməyi bişirirdisə mütləq içinə zəfəran atardı, mən də poeziyada, nəsrdə mütləq təbabətə müraciət edirəm. Mən artıq tibbi, fəlsəfəni, ədəbiyyatı birləşdirmişəm ki, bu da bir fərqlilik yaradıb.

- Hansı şairi daha çox oxuyursunuz və hansı şair sizi ardınca apara bilir. Ümumiyyətlə, şeiriyyət, poeziya sizin üçün nədir?

- Mən mütaliəni çox sevirəm, xüsusilə poeziyanı. O qədər aludəyəm poeziyaya, təsəvvür edin ki, 2-3 gün oxumayanada özümü xəstə kimi hiss edirəm. Hətta hər zaman yanımda qeyd dəftəri olur. Xoşuma gələn düşündürücü məqamları qeyd edirəm. Elə şair var ki, onun sadəcə olaraq bir bənd şeirini xoşlayıram, ancaq elə şair var ki, onun bütün yaradıcılığını sevirəm. Əli Kərim və Hüseyn Cavid yaradıcılığı mənim üçün bir başqadır.

- “İlham pərisi” ilə aranız necədir, gəlişi hər zaman gözlənilə bilər, yoxsa yersiz məqamlar da ola bilər?

- “İlham pərisi” ruhla sinonim bir məfhumdur, izaholunmazdır. Gəlişi hər zaman xoşdur. Çox vaxt dost-tanışlarla söhbətdə mövzu yoxluğundan gileylənənlər olur və son zamanlar yeni heç bir əsər ortaya qoymadıqlarından bəhs edirlər. Məndə vəziyyət başqadır, iç dünyam doludur, yazmaq, yenə də yazmaq istəyirəm. Ancaq tibb qayğıları vaxtımı necə amansızcasına alırsa, nəticədə vaxt məhdudiyyəti ilə rastlaşıram. Buna baxmayaraq ilk fürsətdə qələmi əlimə alaraq yeni bir şeir, esse və ya elə tibbi məqalə mütləq yazıb ortaya çıxarıram...

Ulduzə QARAQIZI

ulduzqaraqizi@gmail.com

Ekspress  2018.- 12 oktyabr.- S.8.