Diasporla iş sentyabrda bir qədər də genişləndirilib

2018-ci ilin sentyabrında xaricdə yaşayan azərbaycanlılar və Diasporla İş üzrə Dövlət Komitəsi (Komitə) tərəfindən diaspor fəaliyyətinin genişləndirilməsi istiqamətində bir sıra tədbirlər görülüb. Komitənin sentyabr ayına aid olan məlumatlarının təhlili göstərir ki, faəliyyət istiqamətləri çoxşaxəli olub.

Ay ərzində azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin təbliği, Azərbaycan xalqının mədəni irsinin tanıdılması və s. istiqamətində işlər görülüb.

Uzun illərdir ABŞ-da yaşayan soydaşımız Günel Musəvi Minnesota Ştatında həmvətənlərimizi ətrafına toplayaraq "Azərbaycan Minnesota Cəmiyyəti"ni yaradıb və cəmiyyət ABŞ qanunlarına əsasən rəsmi qeydiyyatdan keçirib.

Qeyri-rəsmi məlumatlara görə, ştatda 200-ə yaxın azərbaycanlı ailə yaşayır. Eyni zamanda, burada azərbaycanlı tələbələr də təhsil alır. Əsasən Novruz bayramını birlikdə qeyd edən soydaşlarımız Amerikada adət-ənənələrimizi yaşatmağa çalışırlar. Məqsəd bu ölkədə doğulub böyüyən azərbaycanlılara milli-mədəni dəyərlərlə bağlı məlumatların verilməsidir.

"Azərbaycan Minnesota Cəmiyyəti"nin sədri Günel Musəvinin Diasporla İş üzrə Dövlət Komitəsinə verdiyi məlumata görə, Minnesotada ildə bir neçə dəfə beynəlxalq mədəniyyət festivalı keçirilir. Bu tədbirlərdə iştirak etmək və Azərbaycana aid güşə yaratmaq nəzərdə tutulur. Eyni zamanda, təşkilat müstəqillik günündə Minnesota ştatının paytaxtı Saint Paul şəhərində kongresin önündə Azərbaycan bayrağının ucaldılması, Novruz şənliyinin və mətbəx dərslərinin təşkili, Azərbaycan film gecəsinin keçirilməsi, Azərbaycan dili dərslərinin təşkil edilməsi kimi işlər də planlaşdırır.

Rusiya Federasiyasının Krasnoyarsk diyarındakı Azərbaycan icmasının rəhbəri Taleh Mahmudov Krasnoyarsk Şəhər Şurasına keçirilən seçkilərdə qalib gəlib. Taleh Mahmudov diaspor fəaliyyəti ilə yanaşı, Krasnoyarsk şəhərinin ictimai-siyası və mədəni həyatında da aktiv rol oynayır. Soydaşımız dəfələrlə, xidmətlərinə görə, şəhər rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Taleh Mahmudov 1961-ci ildə Azərbaycanın Ağsu rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Krasnoyarsk Dövlət İnşaat İnstiutu"tunda ali təhsil alan soydaşımız 30 ildən çoxdur bu şəhərdə yaşayır.

T.Mahmudovla bərabər Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasında yaşayan soydaşımız Əliş Zabid oğlu Məmmədov 9 sentyabrda keçirilən seçkilərdə 3-cü dəfə Saxa Dövlət Məclisinin - İl Tümen-in üzvü seçilib.

Azərbaycanın adını həmişə uca tutan Əliş Məmmədovun milli-mədəni irsimizin təbliğində böyük xidmətləri var.

Seçkilərdə uğur qazanan soydaşlarımızdan biri də Bəhruz Hümbətovdur. RF-nin Udmurtiya Respublikasının paytaxtı İcevsk şəhərində azərbaycanlıların "Dostluq" Cəmiyyətinin sədr müavini B.Hümbətov İcevsk şəhər Dumasının deputatı seçilib.

Rusiyada yaşayan həmyerlimiz, tanınmış idmançı Çingiz Əliyev parlament seçkilərində iştirak edərək uğur əldə edib. RF-nin Tuva Respublikasının Karate Federasiyasının rəhbəri, Respublikanın yığma komandasının baş məşqçisi və ictimai xadim, Rusiyada Azərbaycan diasporunun fəal üzvü Çingiz Əliyev "Vahid Rusiya" partiyasından namizədliyini irəli sürüb və deputat seçilib.

Yeri gəlmişkən, Rusiya Federasiyasında Rusiya azərbaycanlılarının vahid informasiya portalı olan AZRU (www.azru.org) kütləvi informasiya vasitəsi qismində rəsmi qeydiyyat şəhadətnaməsi alıb. Portalın baş redaktoru jurnalist, politoloq və ictimai xadim Roman Ağayevdir.

Portalın yaranması Rusiya azərbaycanlıları və Rusiya-Azərbaycan münasibətləri üçün mühüm əhəmiyyət kəsb edən bir hadisədir.

Avropada yaşayan azərbaycanlılar yeni xəbər portalı yaradıblar. Xəbər portalı Polşadakı "Varşava Azərbaycanlılar Birliyi", "Vrotslav Azərbaycan Cəmiyyəti" və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə yaradılıb. Sayt polyak və Azərbaycan dillərində yayımlanır və "AzPolNews" adlanır. (www.azpolnews.pl) Xəbər portalının gələcəkdə ingilis dilində də versiyasının istifadəyə verilməsi nəzərdə tutulub.

Xəbər portal təkcə Polşa və Azərbaycan arasında deyil, ümumiyyətlə Avropa ilə ölkəmizin əlaqələrinin informasiya mənzərəsini yaratmaq məqsədilə təsis edilib. Bundan sonra Avropada Azərbaycan diasporunun gördüyü işlər, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin Avropadakı fəaliyyəti barədə xəbər və reportacları, müfəssəl məlumatı həmin portal vasitəsilə izləmək mümkün olacaq. Polşadakı yerli curunalistlər yeni saytla ciddi əməkdaşlıq edirlər.

Qeyd edək ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların təsis etdiyi diaspor təşkilatlarına onların elektron və sosial mediada işini gücləndirmək məqsədilə informasiya kommunikasiya texnologiyaları sahəsində ödənişsiz texniki dəstək təklif edir.

Dövlət Komitəsi xaricdəki diaspor təşkilatlarının internet saytlarının hazırlanması, e-poçt xidmətlərinin yaradılması və digər innovativ məsələlərdə, eləcə də sosial mediada marketinq işinin təşkilinə dair dəstək göstərəcək.

 

 

 

Bu dəstəyə ehtiyacı olan və ondan yararlanmaq istəyən diaspor təşkilatları www.diaspor.org ünvanına daxil olub qeydiyyat formasını doldurmaqla onlayn qaydada müracət etməlidir.

Bütün təşkilatların saytları www.diaspor.org domeninin subdomeni altında - vahid mərkəzdə toplanacaq.

Berlində Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının (AAKŞ) təsis iclası keçirilib. Təsis iclasında çıxış edənlər soydaşlarımızın mütəşəkkil və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi baxımından AAKŞ-ın yaradılmasının təqdirəlayiq olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu gün Almaniyada yüzminlərlə soydaşımız yaşayır, 40-a yaxın Azərbaycan cəmiyyəti və icması fəaliyyət göstərir. Soydaşlarımızın və bu birliklərin fəaliyyətini əlaqələndirmək üçün Koordinasiya Şurasının yaradılması zəruridir.

Təsis iclasında iştirak edən ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov diaspor təşkilatlarının həyata keçirdiyi işlərdən danışaraq soydaşlarımızın mütəşəkkil fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

Azərbaycanın mədəni irsinin tanıdılması istiqamətində işlər görülüb. Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Cövdət Hacıyevin şərəfinə Floridada Gənc istedadların Beynəlxalq musiqi müsabiqəsinin ("Florida Keys" IMCYT) qala-konserti və mükafatlandırma mərasimi olub.

Müsabiqə Pərvin Muradova-Dilbazi, Kay Lanq, Vivian Fanq Liu və Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovanın təşkilatçılığı ilə keçirilir.

Fortepiano, simli alətlər və vokal kateqoriyalarında keçiriləcək müsabiqənin məqsədi istedadlı gənc musiqiçilərin fərdi yaradıcılığının inkişafını dəstəkləmək və onların bacarığını təkmilləşdirməkdir.

"Avropa İrs Günləri" çərçivəsində Azərbaycanın Parisdəki Səfirliyinin Mədəniyyət Mərkəzində "açıq qapı" günü keçirilib. Tədbir Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) və Azərbaycan Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

ADFA-nın prezidenti Günel Səfərova ölkəmizin tarixi, mədəniyyəti haqqında ziyarətçilərə geniş məlumat verib. Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Azərbaycan İncəsənət və Tarix Muzeyində sərgilənən milli geyimlərimiz və ziynət əşyaları, qədim musiqi alətlərimiz, milli xalça növləri, sənətkarlıq nümunələri, mis qablar və digər qədim eksponatlar haqqında ətraflı məlumat çatdırılıb.

Həmçinin bildirilib ki, XIX əsrin əvvəllərində müstəqilliyini elan edən və müsəlman Şərqində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətində qadınlara 100 il əvvəl səsvermə hüququ verilib. Keçən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyimiz yenidən bərpa edilib.

Təşkilatçılar ziyarətçilərin ölkəmizin tarixinə, mədəniyyətinə dair çoxsaylı suallarını cavablandırıblar. Maraqlananlara ölkəmizə səyahətlə bağlı məlumat da verilib. "Açıq qapı" günündə, həmçinin Azərbaycan xalq musiqiləri səsləndirilib, ziyarətçilərə Azərbaycan mədəniyyəti, Qız qalası haqqında Heydər Əliyev Fondunun nəşrləri, eləcə də "İRS" curnalının fransız dilində çap olunmuş nömrəsi paylanılıb.

Qeyd edək ki, "Avropa İrs Günləri"nin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini "açıq qapı" formatında təmin etmək və milli mədəni irsi təbliğ etməkdən ibarətdir.

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibətilə klassik musiqi axşamı keçirilib.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncama əsasən, məhz dahi bəstəkarın doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir. Azərbaycan Mədəniyyət Mərkəzi hər il Vyanada, bu gün münasibətilə, klassik musiqi axşamları təşkil edir. Konsert proqramlarında Avstriya və Azərbaycan musiqiçiləri, həmçinin Avropada təhsil alan və yaşayan gənc musiqiçilərimiz çıxış edir.

Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin Prezidenti Qasım Nəsirovun müəllifi olduğu "Dünya mədəniyyəti" adlı layihə 3 ildir fəaliyyətdədir. Bu layihədə Azərbaycan mədəniyyəti barəsində referat və Azərbaycan rəqs kursları isveçrəli məktəblilərə təqdim edilir. Bu günə qədər hər il layihə 500-dən artıq məktəbliyə təqdim olunub. Bu il hərəsində təxminən 100 məktəbli olmaqla üç məktəbdə Azərbaycan mədəniyyəti və rəqsləri təqdim olunub ki, bu da onlara Azərbaycan mədəniyyətini daha yaxşı öyrənməyə kömək edir.

İsveçrədə böyük əks-səda yaradan layihə yüzlərlə gənc isveçrəliyə Azərbaycan mədəniyyətini və tarixi irsimizi tanıdır.

Xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsinə də diqqət ayrılır. 1990-cı illərdə Türkiyəyə köçmüş və orada qeyri-qanuni şəkildə məskunlaşan yüzlərlə azərbaycanlı var. Soydaşlarımızın Türkiyə ərazisində qeydiyyata alınması, hüquqi statuslarının müəyyənləşdirilməsi və sosial müdafiəsinin təmin edilməsi istiqamətində müvafiq dövlət qurumları tərəfindən müəyyən işlər görülməkdədir. Bu işlərin davamı kimi, qeyd edilən insanların Azərbaycan Respublikasına mənsubluğunun aydınlaşdırılması və şəxsiyyəti təsdiq edən sənədlərlə (şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu) təmin edilməsi məqsədilə müvafiq işçi qrupu yaradılmış və siyahıyaalma ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Problemlərin yerində araşdırılması və həlli ilə bağlı 23-26 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Kənan Məmmədov və İsmayıl Ənsərli, ölkəmizin İstanbul şəhərindəki Baş Konsulluğu ilə birgə, qeyri-qanuni məskunlaşmış soydaşlarımız ilə bir sıra görüşlər keçiriblər.

Vasif CƏFƏROV

Ekspress 2018.- 16 oktyabr. - S.10.