Diasporda informasiya kommunikasiya
istəkləri
Azərbaycan həqiqətlərinin təbliğində
müasir informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi
diaspor quruculuğu işinin keyfiyyətcə təkmilləşdirilməsi,
xalqımızın tarixi və müasir həyatı ilə
bağlı məlumatların dünya ictimaiyyətinə
çatdırılması mexanizmlərinin müasirləşdirilməsi
məqsədlərinə xidmət edir.
İnformasiya kommunikasiya texnologiyalarının
ictimai həyata təsir imkanlarının yüksələn xətlə
inkişafı diaspor quruculuğu prosesində bu tarixi nailiyyətin
daha geniş miqyasda tətbiqini zərurətə çevirir.
Bu sahədə Azərbaycan diaspor təşkilatlarının
əsas fəaliyyət istiqamətləri müəyyən
olunub. Müasir İKT-nin imkanlarından istifadə etməklə
dünya azərbaycanlıları arasında iki və çoxtərəfli
əməkdaşlığın qurulması, təcrübə
mübadiləsinin aparılması, azərbaycanlıların
intellektual potensialının ümummilli mənafelərin reallaşdırılması
üçün səfərbər edilib.
Diasporla İş üzrə Dövlət Komitəsi
xaricdə yaşayan azərbaycanlıların təsis etdiyi diaspor
təşkilatlarına onların elektron və sosial mediada
işini gücləndirmək məqsədilə informasiya kommunikasiya
texnologiyaları sahəsində ödənişsiz texniki dəstək
təklif edir. Komitə bildirib ki, xaricdəki diaspor təşkilatlarının
internet saytlarının hazırlanması, e-poçt xidmətlərinin
yaradılması və digər innovativ məsələlərdə,
eləcə də sosial mediada marketinq işinin təşkilinə
dair dəstək göstərəcək ("olaylar.az").
Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər
Vahabova bildirir ki, diaspor işində və ümumiyyətlə,
dünya azərbaycanlılarının fəaliyyətinin ictimaiyyətə
çatdırılması məsələsində İKT-nin
rolu danılmazdır: "Müasir dövrdə bütün
sahələrdə İKT-dən maksimum istifadə olunmalıdır.
Mənim fikrimcə, diasporumuzun fəaliyyətində
İKT-nin işi hələ də istənilən səviyyədə
inkişaf etməyib. Birmənalı şəkildə hal-hazırda
müxtəlif ölkələrdə fəaliyyət göstərən
Azərbaycan diasporunun bir mərkəzdən idarə olunan internet
şəbəkəsinə, TV və ya müxtəlif saytlara
ehtiyacı var. Vətəndə keçirilən qurultay, forum
və digər tədbirlərdə iştirak edən diaspor
nümayəndələri sonradan müxtəlif sosial şəbəkələr
vasitəsilə əlaqə saxlayır və bir-birlərinin
fəaliyyətindən, az da olsa, xəbərdar olur. Halbuki bu
fəaliyyətləri daha geniş təbliğ etmək olar və
müxtəlif ölkələrdə yaşayıb fəaliyyət
göstərən diaspor təşkilatları bir-birlərinin
təcrübəsindən istifadə etmək imkanı əldə
etmiş olar. İKT-nin imkanlarından geniş istifadə edərək
diaspor təşkilatlarını bir "çətir" altında
birləşdirmək mümkündür".
Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri
Naibə Hacıyeva qeyd edir ki, Azərbaycanın təbliği
və tanınması istiqamətində internetdən istifadə
olunması vacib amildir: "İnternetin minlərlə xidmət
və imkanları var, düşünürəm ki, diasporumuz
Azərbaycanın tanınması istiqamətində bunlardan istifadə
etməli və internetin daha faydalı istiqamətləri
üzə çıxarılmalıdır. Eyni zamanda diaspor təşkilatları
özlərinin saytlarının yaradılması işini aktivləşdirməlidirlər.
Bu saytlar da şəbəkələşməlidir. O saytların
kataloqu olmalıdır ki, diasporla məşğul olan insanlar
üçün ələçatan olsun. Diasporumuzun sosial
şəbəkələrdən istifadəsinə gəlincə,
diaspor təşkilatlarımız sosial şəbəkələrin
imkanlarından səmərəli istifadə etməlidirlər.
Bildiyimiz kimi, hazırda ən aktiv virtual təbliğat formalarından
biri də sosial şəbəkələrdir. Ancaq, məncə,
indiki zamanda bu baxımdan diasporumuzun fəaliyyəti qənaətbəxş
deyil. Diaspor üzvlərimiz, əsasən, "Facebook"da cəmləşiblər.
Digər sosial şəbəkələrdə Azərbaycan diasporunun
fəallığı hiss olunacaq səviyyədə deyil"
("diaspora.az").
Diasporla İş üzrə Dövlət Komitəsinin
əməkdaşı Cahid İsmayıloğlu bildirir ki,
Dövlət Komitəsinin təklif etdiyi xidmətləri, ilk
növbədə öz daxilimizdə, yetərli səviyyədə
qurmaq şərtdir: "Buna görə, əvvəlcə
Dövlət Komitəsinin İKT infrastrukturunun əsas qismini
yenidən qurduq, indinin özündə də bu istiqamətdə
bir çox ideyaları reallaşdırmağa çalışırıq.
Diaspor quruculuğu istiqamətində ideyalar boldur, Dövlət
Komitəsinin məşğul olduğu obyektlər və hədəflər
isə ölkə hüdudlarından xeyli uzaqdadır və sayı
milyonlarladır. Buna görə də İKT-nin imkanlarından
maksimum səviyyədə yararlanmalıyıq, daha dəqiq desəm,
bu artıq çoxdan zərurətə çevrilib. Dövlət
Komitənin rəsmi internet saytını yeni tərtibatda,
üç dildə istifadəyə verdik. Ən əsası
sayt mütəmadi olaraq, üç dildə yenilənir, məzmunu
günbəgün zənginləşir. Saytın təhlükəsizliyi
maksimum səviyyədə təmin edilib, çünki
düşmənin gözü daim bu məzmunlu vebsaytların
üzərində olur. Statistik göstəricilər nəzərə
alınmaqla saytın mobil və digər qurğuları dəstəkləməsi
təmin edilib. Sayt sosial şəbəkələr ilə tamamilə
inteqrasiya edilib və həm vebsayt üzrə, həm də ayrıca
sosial şəbəkələr üzrə əhatəli analitik
hesabatların qeydiyyatı aparılır".
İsmayıloğlunun fikrincə, müasir
dövrün tələbinə uyğun olaraq sosial şəbəkələrə
- əsasən facebook, twitter, youtube-a diqqət artırılıb:
"Xüsusilə sosial şəbəkələr
üçün müxtəlif rubrikalar üzrə hazırlanmış
multimedia materialları və rəsmi vebsaytın informasiya paylaşımları
hesabına izləyicilərin sayında böyük artım
oldu və proses sürətlə davam etməkdədir. Bütün
bu proseslərin nəticəsi olaraq Dövlət Komitəsinin
rəsmi saytının əlaqə bölməsinə,
e-poçtuna, sosial şəbəkə hesablarının mesajlar
qutusuna, dünyanın dörd bir yanından ünvanlanan məktubların
sayı təbii olaraq artdı, bütün məktublar cavablandırılır
və aidiyyatı üzrə iqtiqamətləndirilir. Bir
sözlə hədəflərimiz və istiqamətimiz bəllidir".
Diasporla İş üzrə Dövlət Komitəsinin
əməkdaşı onu da qeyd edir ki, diaspor təşkilatlarına
onların elektron və sosial mediada işini gücləndirmək
məqsədilə informasiya-kommunikasiya texnologiyaları sahəsində
tam ödənişsiz texniki dəstək təklif edilib:
"Diaspor təşkilatlarının internet saytlarının
hazırlanması, e-poçt xidmətlərinin yaradılması
və digər innovativ məsələlərdə, eləcə
də sosial mediada marketinq işinin təşkilinə dair dəstək
göstərəcəyik. Bu gün diaspor təşkilatları
arasında koordinasiya məsələsi ciddi problemdir. Təşkilatlar
həm bir-biriləri ilə, həm də Dövlət Komitəsi
ilə koordinasiyada çətinlik çəkir. Bir çox
problemlər texniki səbəblərdən qaynaqlanır.
Əsas məqsədimiz bu koordinasiyanın təşkilindəki
texniki problemləri kökündən həll etmək, diaspor
təşkilatlarını vahid bir bazada toplamaq, bütün təşkilatların
bu bazaya çıxışını təmin etmək, onların
texniki imkanlarını daha da artırmaqdır. Əlbəttə,
texniki imkanları yetərli səviyyədə olan təşkilatlar
da bu xidmətlərdən kənarda qalmamalıdır.
Çünki, bu, sadəcə texniki xidmət deyil, vahid bazanın
formalaşması üçün fürsətdir. Burada quraşdırılacaq
vahid platformada bütün təşkilatlar bir-birini görəcək,
tanıyacaq, əlaqə quracaq, əməkdaşlıq edəcək,
informasiya mübadiləsi aparacaq və nəhayət, daha
güclü şəkildə təşkilatlanacaqlar. Hazırda
50-dən çox təşkilatın müraciəti onlayn
şəkildə qeydiyyata alınıb".
Xatırladaq ki, bu bu proses 3 mərhələdə
reallaşacaq.
1-ci mərhələdə təşkilatların
onlayn şəkildə qeydiyyata alınmasıdır ki, təşkilatlar
www.diaspor.org ünvanına daxil olub, sadə bir forma dolduraraq
bir neçə saniyədə müraciət edə bilərlər.
Dünyadakı 500-dən çox diaspor təşkilatının
hər birindən müraciət gözləyir və istəyirik
ki, kənarda bir təşkilat da qalmasın.
2-ci mərhələdə qeydiyyatdan keçmiş
təşkilatların e-poçt üvanına vahid bir forma
üzrə informasiyaların təqdim edilməsi
üçün e-məktub göndəriləcək. Hər
bir təşkilat bu informasiyaları təqdim olunmuş formaya
uyğun doldurub geri göndərəcəklər. Dərhal məlumat
göndərən təşkilatın internet saytının
hazırlanmasına başlanacaq. Bu mərhələdə təşkilatlara
e-poçt və SMM xidmətləri də təklif olunacaq.
E-poçtu olmayan və ya mövcud e-poçt xidmətindən
narazı olan təşkilat dərhal e-poçt ilə təmin
ediləcək. Eləcə də sosial mediada marketinq işinin
təşkilinə dair təşkilatlara dəstək, maarifləndirmə
nəzərdə tutulur. Bu, həm birbaşa, həm də telekörpülər
vasitəsilə təşkil edilə bilər.
3-cü, yekun mərhələdə vebsaytların
idarə edilməsinin təşkilatların özləri tərəfindən
həyata keçirilməsi üçün platforma qurulacaq.
Bu platformalar vahid "Diaspor portalı"nda birləşərək,
zəngin bir baza yaradacaq (cahid.info). C.İsmayıloğlu onu
da qeyd edir ki, təşkilatlanmada əsas iş koordinasiyadır:
"Bu gün diaspor təşkilatlarının çoxu
bir-birindən xəbərsiz fəaliyyət göstərir. Bizim
məqsədlərimizdən biri də budur ki, burada bütün
təşkilatları bir çətir altına toplayaq, koordinasiya
problemini kökündən həll edək. Bilirsiz, təşkilatların
əksəriyyəti kifayət qədər aktivdir, bir
çox işlər görürlər. Lakin təşkilatların
bu səylərinin koordinasiya olunması, gücün birləşdirilməsi
deməkdir. Bu halda isə, nəticənin daha səmərəli
olacağı aydındır. İlk növbədə, gözlənti
bundan ibarətdir. Göstərəcəyiniz texniki dəstəkdən
imtina edən və ya maraqlı olmayan diaspor təşkilatlarının
olma ehtimalına gəlincə, bildirim ki, bizim göstərdiyimiz
dəstək sadəcə texniki xidmət deyil. Təşkilatlanmanın
ilk addımıdır. Səmimi deyim ki, inandırıcı
görünmür, hansısa təşkilat bu məsələdən
xəbərdar olsun, ancaq qoşulmasın. Onda aydın olacaq
ki, hansı təşkilat bu xidmətdən imtina edirsə, deməli
işini səmərəli qurmaqda və ciddi təşkilatlanmada
maraqlı deyil.
Qeyd edim ki, bu layihə diaspor təşkilatları ilə bağlıdır, xaricdə yaşayan azərbaycanlılarla bağlı isə fərqli ideya və planlarımız var. Hazırda texniki planlaşdırmalar aparılır. Onu da diqqətə çatıdırım ki, bütün bu innovativ ideyaların gerçəkləşdirilməsi üçün lazım olan müasir texniki imkanlar və kadr potensialı Diasporla İş üzrə Dövlət Komitəsində mövcuddur və bizə müraciət edən hər hansı diaspor təşkilatını diqqətdən kənarda qoymayacağıq".
Rəşid
RƏŞAD
Ekspress 2018.- 17 oktyabr. - S.10.