Diaspor təşkilatları
müstəqillik gününü qeyd edir
Oktyabrın 18-də Azərbaycanda Dövlət
Müstəqilliyi Günü qeyd olundu. 1991-cü ilin 18
oktyabrında Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan
Respublikasının Dövlət müstəqilliyi
haqqında" Konstitusiya Aktını qəbul etdi. Bununla da
Azərbaycan Respublikasının müstəqilliyi bərpa
olundu.
1994-cü ilin oktyabrın 25-dən Azərbaycan
Respublikasının Prezidentinin fərmanı ilə 18 Oktyabr -
Dövlət Müstəqilliyi Günü hər il
xalqımız tərəfindən bir bayram kimi qeyd edilir.
Müstəqilliyimizin bərpasından 27 il ötür. Bu
gün münasibətilə təkcə ölkəmizdə
deyil, xarici dövlətlərdə də Azərbaycan diaspor
qurumlarının təşkilatçılığı ilə
tədbirlər həyata keçirilir.
Türkiyədə
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100
illiyi və Azərbaycanın dövlət müstəqilliyinin
27-ci ildönümü münasibətilə keçirilən
tədbir İstanbulda fəaliyyət göstərən
Türkiyə-Azərbaycan Dayanışma və Kültür
Dərnəyinin (İSTAD) təşkilatçılığı
ilə baş tutub. Qardaş ölkədə yaşayan azərbaycanlılar
Türkiyəni Avropa və Asiya qitəsi qovuşduran Bosfor
boğazında (İstanbul) bir yerə toplaşıblar. Sonra
Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş
"Validə Sultan" gəmisi ilə Mərmərə dənizində
iki saat müddətində səyahətə
çıxıblar. Tədbir iştirakçıları Azərbaycan
dövlət himnini oxuyub və ölkənin müstəqilliyi
uğrunda canlarından keçən şəhidlərin xatirəsini
bir dəqiqəlik sükütla yad ediblər.
Daha sonra Azərbaycanın tarixi
keçmişindən, mədəni dəyərlərindən
danışılıb və müxtəlif illərdə
Türkiyəyə köç edən azərbaycanlılar
babalarının xatirələrini bölüşüblər
("report.az"). Sonda Azərbacan milli musiqiləri səsləndirilib,
rəqslər edilib.
Müstəqilliyimizin bərpasının 27-ci
ildönümü ABŞ-da da qeyd olunub. ABŞ-ın
İllinoys ştatından olan senatorlar Temmi Dakuort və
Riçard Durbin Azərbaycan Respublikasının müstəqilliyinin
bərpa edilməsinin 27-ci ildönümü münasibətilə
İllinoys Azərbaycan icmasının üzvlərinə təbrik
məktubları göndəriblər. Təbrik məktubları
ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan
mərkəzinə ünvanlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Ekspress"ə verilən məlumata görə, məktublarda vurğulanır ki, bu təşkilatın fəaliyyəti, onun həyata keçirdiyi təhsil və xeyriyyə tədbirləri Çikaqonun ictimai həyatını zənginləşdirir. Təşkilatın üzvləri Amerika gənclərini Azərbaycan xalqının tarixi ilə, bu xalqa xas olan dəyərlərlə tanış edirlər.
Məktubda o da qeyd edilir ki, bütün
dünyada 50 milyondan çox azərbaycanlı, o cümlədən
ABŞ-dakı 400 minlik Azərbaycan icması hər il 18
oktyabr tarixini Azərbaycanın müstəqillik günü
kimi qeyd edirlər.
ABŞ-ın Kaliforniya ştatının
San-Fransisko şəhəri və vilayətin Nəzarətçilər
Şurası tərəfindən isə 18 oktyabr - Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi
Günü ilə bağlı təbrik bəyannaməsi qəbul
edilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna
göndərilən və Nəzarətçilər
Şurasının bütün üzvləri tərəfindən
imzalanan bəyannamədə Azərbaycan xalqının
müsəlman dünyasında ilk dünyəvi və
demokratik respublika yaratdığı qeyd edilir. Bildirilir ki, Azərbaycan
Respublikası regionda demokratiyanın yayılması və
inkişafına önəmli töhfələr verərək
böyük nailiyyətlərə imza atıb.
Daha sonra sənəddə San-Fransisko sakinləri
və Nəzarətçilər Şurası adından Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi
Günü təbrik edilir.
Qeyd edək ki, Kaliforniyada əhalisinin sayına
görə dördüncü böyük şəhər
olan San-Fransisko Şimali Kaliforniyanın əsas mədəniyyət,
təhsil, maliyyə və iqtisadi mərkəzidir. 900 minə
yaxın əhalisi olan şəhər ABŞ-da əhalinin ən
sıx məskunlaşdığı ikinci böyük şəhərdir.
Oktyabrın 21-də isə ABŞ-ın Nyu-York
ştatının Bruklin şəhərində Azərbaycan,
Türkiyə, Özbəkistan, Türkmənistan və
Tacikistanın müstəqillik günləri birgə qeyd
olunacaq. Tədbirin keçirilməsində əsas məqsəd
müstəqillik gününü qeyd etməklə bərabər,
türkdilli və dost ölkələrin ortaq mədəni dəyərləri
haqqında Amerika ictimaiyyətini məlumatlandırmaqdır.
"Brooklyn Borough Hall"da keçirilməsi nəzərdə tutulan tədbir rəsmi hissədən sonra, bədii proqramla davam edəcək. Proqramda azərbaycanlı pianoçular Nərgiz Əliyarova, Kamillə Məmmədova, eləcə də Özbəkistan, Türkmənistan və Tacikistandan olan incəsənət ustaları çıxış edəcəklər.
Tədbirin keçiriləcəyi məkanda azərbaycanlı
rəssamlar Könül Kəngərli, Cəmilə
Sadıqova və Miriam Hüseynovun əsərlərinin sərgisi
də təşkil olunacaq.
Bayram tədbirində Azərbaycan, türk,
özbək, türkmən və tacik mətbəxindən
nümunələr də təqdim ediləcəkdir.
Oktyabrın 16-da Tbilisidə AZƏRTAC-ın və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı, ölkəmizin Gürcüstandakı səfirliyinin dəstəyi ilə "18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü"nə həsr olunan konfrans keçirilib. Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açaraq dövlət müstəqilliyinin əhəmiyyətindən, müstəqillik illərində Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin inkişafından söz açıb. AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov Azərbaycanın dövlətçilik tarixi və müstəqillik uğrunda mübarizəsindən danışıb. Bildirib ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
Vurğulayıb ki, müstəqilliyimizi qorumaq,
dövlətçiliyimizi möhkəmləndirmək və
inkişaf etdirmək heç də asan olmayıb. Sonra
gürcü politoloqlar Tengiz Txilava, Simon Kopadze, prezidentliyə
namizəd Levan Çixeidze, Tbilisidəki 73 nömrəli orta
məktəbin müəllimi Qəhrəman Musayev, ictimai xadim
Beka Okiani və başqaları Azərbaycan xalqını
bayram münasibətilə təbrik ediblər.
Bildirilib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi layihələr təkcə bir xalqın və bir dövlətin deyil, bütöv bir regionun, Avropanın enerci təhlükəsizliyində, bölgədə sabitliyin bərqərar olmasında mühüm rol oynayıb.
Çıxış edənlər Azərbaycanın
işğal altındakı ərazilərinin azad
olunmasını, dövlət müstəqilliyi və digər
milli bayramlarımızın Dağlıq Qarabağda
keçirilməsini arzu ediblər.
Birləşmiş Ərəb Əmirliklərində
böyük oxucu auditoriyasına malik olan ərəb, ingilis,
rus və çin dilli "Aviamost" qəzetində isə
Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın
Şikarovun "Azərbaycanın Müstəqillik
Günü" sərlövhəli məqaləsi dərc
olunub (AZƏRTAC). Məqalədə 18 oktyabr tarixində Azərbaycanın
Dövlət Müstəqillik Gününü qeyd etdiyini
bildirən səfir deyib ki, 27 il bundan əvvəl uzun illər
müstəqillik həsrətində olan Azərbaycan xalqı
qarşısında duran bütün çətinliklərə
tab gətirərək, 1991-ci il 18 oktyabr tarixində müstəqillik
haqqında Konstitusiya Aktını qəbul edib.
Diplomat müstəqilliyin
qorunub-saxlanmasının onun əldə edilməsindən daha
çətin vəzifə olduğunun tarix tərəfindən
sübuta yetirildiyini vurğulayaraq qeyd edib ki, Azərbaycan XX əsrdə
iki dəfə müstəqillik qazanmaq imkanı əldə
edib. İslam dünyası və Şərqdə 1918-ci ilin
28 may tarixində qurulmuş ilk dünyəvi demokratik dövlət
cəmi 23 ay yaşayıb, xarici qüvvələrin
müdaxiləsi nəticəsində süquta uğrayıb.
Azərbaycan Xalq Cümhuriyyəti dünyanın 20-dən
çox ölkəsi ilə əlaqələr qurmuş,
dövlətin rəsmi simvolları və Azərbaycan vətəndaşlığı
haqqında əsasnamə qəbul edilmiş, kişi və
qadınların bərabər hüquqlara malik olmaları
tanınıb. Cümhuriyyət dövründə icra, qanunvericilik
və məhkəmə hakimiyyətlərinin tam müstəqilliyi
təmin olunmuş, Azərbaycan Silahlı Qüvvələri,
Xəzər dəniz donanması yaradılmış, Azərbaycan
Dövlət Universiteti təsis edilmiş, yüzlərlə
gəncə Avropanın aparıcı universitetlərində təhsil
almaq üçün təqaüdlər ayrılıb.
Müəllif vurğulayıb ki, Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycan müstəqilliyini bərpa etmək üçün yenidən imkan əldə etdi. 1991-ci il Azərbaycan üçün mürəkkəb, lakin şərəfli il oldu. Həmin dövrdə xalqın ağrısı, qəzəbi, gözləntiləri ən yüksək nöqtəyə çatmışdı. Azərbaycan xalqının ardı kəsilməyən nümayişlərə başladığını söyləyən diplomat qeyd edib ki, 1990-cı il yanvarın 20-də xalqımıza qarşı amansız qırğın törədildi. Lakin sovet tankları müstəqilliyə aparan yolun qarşısını ala bilmədi. Yüzlərlə oğul-qızını qurban verən Azərbaycan yeni həyata, yeni reallıqlara qədəm qoydu. Nəhayət, Azərbaycan parlamenti 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktını qəbul etdi. Sənədə əsasən, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edildi.
Məqalədə bildirilib ki, 1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına dəstəklə bağlı keçirilən ümummilli referendumunda səs verənlərin 95 faizi iştirak edərək yekdilliklə ölkənin müstəqilliyini dəstəklədi. Müstəqilliyini elan etmiş Azərbaycanın dünya ölkələri, o cümlədən BƏƏ tərəfindən tanındı, 1992-ci il mayın 2-də Azərbaycan BMT-nin üzvlüyünə qəbul edildi.
D.Şikarov yazıda ümummilli lider Heydər
Əliyevin müdrik siyasətinin layiqli davamçısı
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Respublikasının yüksək templərlə inkişaf
etdiyini vurğulayıb.
Məqalədə Azərbaycanın öz
xarici siyasətini ölkə maraqları üzərində
qurduğu, Avropa və Asiyanın siyasi sərhədində
yerləşərək, hər iki qitənin siyasi
strukturlarına inteqrasiya olduğu qeyd edilib. Bildirilib ki, Azərbaycan
Avropa Şurası, ATƏT, Qoşulmama Hərəkatı,
İslam Əməkdaşlığı Təşkilatı
kimi təşkilatların üzvüdür və
2012-2013-cü illərdə BMT Təhlükəsizlik
Şurasının qeyri daimi üzvü olub.
D.Şikarovun yazısında yaxın dostluq və
səmimi münasibətdə olan Azərbaycan Respublikası və
Birləşmiş Ərəb Əmirliklərinin ikitərəfli
və çoxtərəfli formatda geniş əməkdaşlıq
etdiyi bildirib. İki ölkə arasında siyasi, iqtisadi, mədəniyyət,
ədliyyə və digər sahələrdə bir sıra sənədlərin
imzalandığı qeyd olunub.
Müəllif bildirib ki, yüksək səviyyəli
qarşılıqlı səfərlər ikitərəfli
münasibətləri gücləndirir, siyasi dialoqu təmin
edir və ikitərəfli əməkdaşlığın təşviqinə
xidmət edir. İki ölkə arasında ticarət
mübadiləsi ildən-ilə artır, Azərbaycan Hava
Yolları, BƏƏ-nin "Ettihad", "Flydubay" və
"Air Arabia" hava yolları tərəfindən iki ölkə
arasında birbaşa uçuşların həyata
keçirilməsi, fiziki və hüquqi şəxslərin
müxtəlif beynəlxalq tədbirlərdə
qarşılıqlı iştirakı xalqlar arasında
münasibətlərin, turizm və ticarət əlaqələrinin
güclənməsinə xidmət edir.
Sonda bildirək ki, diaspor təşkilatlarının
Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının
27-ci ildönümü münasibətilə tədbirləri
davam edir.
Murad
MƏMMƏDLİ
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap
olunur
Ekspress.-2018.-19 oktyabr.-S.10.