Azərbaycan diasporu siyasi qüvvə kimi

Dünya ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanmasının ideoloji əsasları böyük siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər xaricdə yaşayan soydaşlarımızla görüşlər keçirər və onları azərbaycançılıq ideyası ətrafında birləşməyə çağırardı.

Məhz həmin dövrdən etibarən Azərbaycan diasporunun təşkilatlanmasının fəal dövrü başladı. Bundan başqa, həmin illərdə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanma konsepsiyasi da müəyyənləşdirildi ki, nəticədə də həmin konsepsiyaya əsasən - dünya azərbaycanlıları xalqımızın ayrılmaz hissəsi kimi qəbul edildi və əqidə və əməl birliyi zəminində azərbaycanlıların elmi şəkildə təşkilatlanması aparılmağa başladı.

Dünya ölkələrində yaşayan soydaşlarımızın təşkilatlanmasının gücləndirilməsi və diaspor qurumları arasında əlaqələrin nizama salınması məqsədilə 1997-ci ildə Dünya Azərbaycanlıları Konqresi təsis edildi və həmin ilin iyun ayının 27-29-da Dünya Azərbaycanlıları Konqresinin Los-Ancelesdə ilk qurultayı keçirildi. 1998-ci ilin may ayında bu qurumun II qurultayı, 1999-cu ilin oktyabrında III qurultayı, 2000-ci ildə IV qurultayı keçirildi. Bu qurultayların hamısında xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması, işğal olunmuş Azərbaycan ərazilərinin azad olunması üçün diaspor qurumlarının səylərinin birləşdirilməsi müzakirə olunan başlıca məsələlərdən idi. Qurultayların qəbul etdiyi qərarlarda da bu məsələlər öz əksini tapdı ("diaspora.az").

Xaricdə yaşayan azərbaycanlıların fəaliyyəti daima dövlətimizin də diqqətindədir. Prezident İlham Əliyev Ukraynada fəaliyyət göstərən diaspor nümayəndələrinin qarşısında çıxışı zamanı bildirib ki, xaricdə yaşayan bütün soydaşlarımız hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, bizim qardaşlarımızdır və hər an doğma Vətən sizi qarşılamağa hazırdır: "Biz istəyirik ki, siz yaşadığınız ölkələrdə güclənəsiniz, daha möhkəm mövqeyə sahib olasınız. Siyasi aləmdə, biznesdə, bu ölkələrin mədəni həyatında sizin möhkəm mövqeyiniz Azərbaycanın adının daha da yüksəlməsi deməkdir. Ölkəmiz haqqında həqiqətlər daha dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır. Əlbəttə, hər bir ölkənin səfirliyi vardır və bu səfirlik ölkənin maraqlarını təmsil edir. Amma diaspor üzvləri də Azərbaycanın elçiləridir. Sizin fəaliyyətinizdən çox şey asılıdır. Siz Azərbaycana dəstəksiniz, Azərbaycanın da hökuməti və dövləti sizə dəstəkdir".

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması və həmin qurumun əsasnaməsinin təsdiq olunması ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamları digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını daha da genişləndirdi ("Trend").

Azərbaycan diasporunun nümayəndəsi Mirkazım Seyidovun fikrincə, Azərbaycanın diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrdə siyasi qüvvəyə çevrilməli, aktivliyini daha da artırmalıdır: "Onlar yerli kütləvi informasiya vasitələri ilə sıx əlaqələr qurmalı, ictimai-siyasi həyatda daha çox fəallıq göstərməlidirlər. Dünya Azərbaycanlılarının I Qurultayında ümummilli lider Heydər Əliyev belə bir fikir söyləyib ki, azərbaycanlı hər bir yerdə yaşaya bilər, ancaq o, özünün dinini, dilini və mədəniyyətini unutmamalıdır. Onun qəlbi daim Azərbaycanla döyünməlidir. Bu, əslində dünya azərbaycanlılarını bir yerə yığmaq üçün bir çağırış idi. Bu gün ulu öndərin bu sözlərinə sədaqət nümayiş etdirilərək dünya azərbaycanlılarının qurultayları keçirilir. Bu qurultaylarla dünya azərbaycanlıları öz birliyini, həmrəyliyini bütün dünyaya nümayiş etdirir. Qurultayların keçirilməsi çox önəmlidir. Burada diaspor təşkilatlarının işinin təkmilləşdirilməsi, mövcud problemlərin həlli istiqamətində yeni təkliflər, ideyalar səsləndirilir".

M.Seyidov qeyd edib ki, dünyada qloballaşma prosesi gedir və bu prosesdən istifadə edən bəzi qərəzli dairələr haqsızlıqlar edirlər: "Xalqlar münaqişələrə cəlb olunur, ikili standartlara yol verilir, insan hüquqları pozulur. Belə bir şəraitdə ədalətsizlikləri aradan qaldırmaq üçün birlik daha da möhkəmləndirilməlidir. Diaspor təşkilatları zamanın tələbinə uyğun olaraq vahid mərkəzdən idarə edilən KİV-lərə malik olmalıdır ki, haqsızlıqlara qarşı vaxtında və mütəşəkkil şəkildə mübarizə apara bilsinlər. Bunu yaşadığımız dövr tələb edir" ("azpolitika.info")

İsveçdə yaşayan soydaşımız, hüquqşünas Babək Azəri bildirib ki, İsveçdə yaşadığı bu illər ərzində orda nəşr edilən mətbu orqanları daim izləyir: "Mətbu orqanları izləməkdə məqsəd odur ki, ermənilər tərəfindən Azərbaycanla əlaqədar əgər bir xəbər və ya hər hansı bir hadisə ilə bağlı yerli mətbuatda məlumat dərc olunursa, mən o haqda bilim. Fikrimcə, ermənilərin İsveçdə güclü bir diaspor fəaliyyəti yoxdur. Əgər belə bir şey olardısa, biz onun əksinə informasiya vasitələrində görərdik. İsveçdə əsas problem erməni diasporu deyil. Əsas problem bundan ibarətdir ki, bəzi yerli siyasi qüvvələr dini və siyasi mülahizələrə görə ermənilərə və Ermənistana rəğbət bəsləyir və Ermənistanın xeyrinə informasiya vasitələrində məlumat yayırlar. Amma yaxşı hal bundan ibarətdir ki, azərbaycanlıların diaspor fəaliyyəti inkişaf prosesi keçirməklə formalaşır".

B.Azəri onu da qeyd edir ki, hazırda beynəlxalq şərtlər ermənilərin xeyrinə deyil: "Qərb ölkələrində belə bir təmayül yoxdur ki, Orta Şərqdə ikinci İsrail yarana. Qərbdə gerçək siyasəti düşünən qüvvələr Qarabağ probleminin ədalətlə həll olunmasına maraq göstərirlər. Bunu da unutmayaq ki, əgər İranda ciddi siyasi dəyişikliklər baş versə, Cənubi Azərbaycan azadlığa çıxar, Qarabağın azadlığı Cənubi Azərbaycanın hərbi qüvvələrinin bir nömrəli problemi sayılacaq".

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov bildirir ki, artıq erməni lobbisinin ümumiyyətlə götürdükdə türk millətinə qarşı apardığı siyasət, yalan və təhrif edilmiş yazıları əvvəlki nəticəni vermir. "Artıq Azərbaycan və türk alimlərinin və xaricdəki diaspor cəmiyyət və təşkilatların apardığı işlər ermənilərin daim yalan və öz xeyrlərinə dəyişdirilmiş məlumatları təbliğ etdiyini bütün dünyaya sübut edə bilir. Buna bir əyani misal kimi son bir neçə il ərzində BƏƏ-də yerli mətbuata verdiyim müsahiblərdə ermənilərin işğalçı, quldur olmaları, etdikləri vəhşiliklər konkret tarixi faktlarla qəzetlərdə dərc edilib. Ərəblərə və ərəb ölkələrində yaşayan digər xalqların nümayəndələrinə düzgün məlumat çatdırılıb, ermənilərin keçən əsrin əvvəllərindən başlayaraq yüz minlərlə dinc azərbaycanlını və türkü qətlə yetirməsi, Xocalı soyqırımı haqda dəqiq məlumat verilib. Bunların təbii ki, yazılması adi insanlarda və dövlət rəhbərlərində ermənilərin 100 illərlə uydurduqlarının yalan olması haqqda fikirlər yaradıb. Düşünürəm ki, media sahəsində işi gücləndirməli, daha güclü təbliğat maşınını işə salmalıyiq".

İmanovun dediyinə görə, Osmanlı dövlətində (bütün tarixi arxiv və sənədlərdə göstərildiyi kimi) 1 milyon 300 min erməni yaşadığı halda, indi onlar 1.5-2 milyon erməninin qırılmasını (soyqırıma məruz qalaraq) iddia edirlər və təəssüf ki, bəzi Avropa dövlətləri bu məsələdə onları dəstəkləməyə çalışır: "Bir çox tarixi mənbələrdə ermənilərin bizim bölgəyə əsir kimi gəldikləri göstərilir. Arnold Toynbi özünün "A Study of History" əsərində (Oksford 1963 il, səh 611) yazır ki, Böyük İskəndərin Anadoluya yürüşü zamanı ermənilər bu bölgədə dövlət şəklində deyil, İranın bir vilayətində icma kimi yaşayırdılar. Erməni tarixçiləri belə özlərinin haradan gəlməsinin köklərini dəqiq göstərə bilmirlər. Bəzi erməni alimləri onların eramızdan əvvəl 6-cı yüzillikdə Suriya və Kilikya torpaqlarında yaşayan hittilərdən olduqlarını, bəziləri isə Nuhun oğullarından olan Haykdan olduqlarını iddia edirlər. Göründüyü kimi erməni tarixçiləri öz kökləri haqda dəqiq bir fikir söyləyə bilmirlər. Belə olduğu halda ermənilərin hansısa bir əraziyə dövlətimiz və ya vətənimiz deməsi əsla düzgün deyil. Tarixi faktdır ki, ermənilər tarix boyu Makedoniya, Selevki, Roma, Parfiya, Sasani, Bizans, ərəb və türklərin hakimiyyəti altında yaşamışlar. Onların heç zaman tarixi vətənləri və dövlətləri olmayıb" (anl.az).

Ekspert Əlövsət Allahverdiyev fikrincə, artıq Azərbaycan diasporu müdafiə səviyyəsindən çıxmalı və hücuma keçməlidir: "Bu gün silahların həll edə bilmədiyini söz, ideya həll edir. Bu gün düşmənlə bizim aramızda ideoloji müharibə daha da sürətlənib. Hələ ki, "hücum taktikası" arzuolunan nəticəni vermir. Buna çox ciddi çalışmaq gərəkdir və bu zamanla həll olur. Məlumdur ki, dövlətimiz bu sahəyə xüsusi diqqət yetirir. Xarici ölkələrdə keçirilən tədbirlər, aksiyalar bunun nümunəsidir. Azərbaycan diasporu güclənir və koordinasiya edilmiş şəkildə fəaliyyət göstərir. Bu gün Azərbaycan diasporu xarici ölkələrdə təkcə dərnəklər şəklində deyil, dövlətin xarici siyasət orqanları səviyyəsində fəaliyyət göstərməyə çalışır. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan diasporasının fəaliyyəti istədiyimiz səviyyədə olacaq" (preslib.az).

Allahverdiyev onu da qeyd edir ki, Azərbaycan diasporunun inkişafı üçün xaricdə yaşayan soydaşlarımız daha fəal olmalıdır: "Hər kəs öz fəaliyyəti ilə Azərbaycan diasporunun inkişafına təkan verməlidir. Məlumdur ki, fəaliyyət dairəsindən, məşğuliyyətindən və dini etiqadından asılı olmayaraq hər hansı bir etnosa aid adamların müəyyən zaman kəsiyində öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti bilavasitə diasporun formalaşması ilə nəticələnir. Bütün hallarda insanları bədbəxt hadisələr, qorxu hissi birləşdirir. Adi halda bu birləşmə, birgə fəaliyyət istənilən səviyyədə olmur. Arzu edərdim ki, xaricdə yaşayan soydaşlarımızın hər biri Azərbaycanımızın inkişafı üçün bir qisim hüquqlarını məhdudlaşdırsınlar. Avropanın çətin zamanlarında avropalıların belə bir devizi var idi. Deyirdilər ki, avropalılar Avropanın inkişafını istəyirsə, o zaman bir qisim hüquqlarını məhdudlaşdırmalıdır. Yəni, istirahətinə, gəzintisinə, asudəliyinə daha çox zaman ayırmamalı, onu bir qədər məhdudlaşdırıb Avropanın inkişafına sərf etməlidir. Düşünürəm ki, bu bizim indiki durumumuza da aiddir".

Rəşid RƏŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

Ekspress  2018.- 24 oktyabr.- S.10.