Novosibirskdə "Dostluq Körpüsü" forumu

Rusiya Federasiyasının (RF) Novosibirsk şəhərində "Dostluq Körpüsü: Rusiya- türkdilli və slavyandilli ölkələr və müasirliyin qlobal çağırışları" mövzusunda regionlararası forum keçirilib. Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, "Sodrujestvo" türkdilli və slavyandilli xalqlar arasında əməkdaşlıq Fondu, Rusiya Yazıçılar Birliyinin Novosibirsk regional bölməsinin və Azərbaycan cəmiyyətlərinin təşkilatçılığı ilə baş tutub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən forumda Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Rusiyadakı Səfirliyinin, Milli Məclisin, Rusiya Federasiyası Parlamentinin Yuxarı palatasının, Novosibirsk şəhər Meriyasının nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri, elm və incəsənət xadimləri iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Ekspress"ə verilən məlumata görə, forum çərçivəsində Demiryollar Mədəniyyət Sarayının foyesində Azərbaycana və görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş sərgi təşkil olunub. Burada ziyarətçilərə kitablar, jurnallar, foto materiallar təqdim olunub və quraşdırılmış monitorlarda müasir Azərbaycan, onun görməli yerləri, arxitekturası, mədəniyyəti, ənənələri və adət-ənənələri haqqında video təqdimat keçirilib.

Tədbiri giriş sözü ilə açan "Sodrujestvo" türkdilli və slavyandilli xalqlar arasında əməkdaşlıq Fondunun prezidenti, Rusiya Yazıçılar Birliyinin üzvü Mirkazım Seyidov forumun mahiyyətindən danışaraq Azərbaycanın təkcə Rusiyada deyil, bütün dünyada türkdilli və slavyandilli xalqların əməkdaşlığında mühüm rolunu diqqətə çatdırıb.

Rusiya və türk dünyası arasında tarixi əlaqələrdən danışan M.Seyidov bildirib ki, Rusiyanın üçüncü böyük şəhəri Novosibirskdə 140-dan çox millətin nümayəndələri yaşayır. Dediyinə görə, Heydər Əliyevin memarı olduğu müstəqil və demokratik Azərbaycan dövləti bütün ölkələrlə dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında siyasət yürüdür.

Rusiya Federasiyası Parlamentinin Yuxarı palatasının üzvü Aleksandr Akimov Federasiya Şurasının spikeri Valentina Matvienkonun salamlarını forum iştirakçılarına çatdırıb.

Forumda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Tural Səfərov AXC-nin tairixi əhəmiyyətindən, müasir Azərbaycanın dünya arenasında qazandığı uğurlardan və ümumilli lider Heydər Əliyevin siyasətinin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin birinci katibi Rəşad Həsənov 18 oktyabr - Azərbaycanın Müstəqillik günü münasibətilə qonaqları təbrik edib.

Tədbirin qonaqları - Çin Konfutsi İnstitutunun direktoru Wang Chantszyuan, uyğur şair və ictimai xadim William Sadıqov, Novosibirsk bələdiyyə başçının müşaviri Rasim Babayev və qeyri-hökumət təşkilatlarının nümayəndələri və digərləri Türk-slavyan birliyinin çoxmillətli Rusiyada vacibliyini bildirdirək, Rusiyadakı Azərbaycan icmasının bu birliyə verdiyi töhfələrdən danışıblar.

Konfrans iştirakçıları 100 il əvvəl Şərqdə qurulmuş ilk demokratik cümhuriyyət olan Azərbaycanın ikinci dəfə müstəqilliyini bərpa etməsindən danışaraq, bu sahədə ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd ediblər. Bildirilib ki, bu gün Azərbaycanla Rusiya arasında dostluq, qonşuluq siyasəti davam edir. Tədbir iştirakçıları bu əməkdaşlığın gündən-günə güclənməsində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin zəhmətlərini qeyd ediblər.

Moskva vilayətinin Ximki şəhəri Deputatlar Şurasının deputat köməkçisi, Rusiyadakı Azərbaycanlıların Birgə İnformasiya Portalının baş redaktoru Roman Ağayev Rusiyanın azərbaycanlı icmasının milli-mədəniyyət təşkilatlarının uğurlu qarşılıqlı əlaqəsindən söz açaraq, bu əlaqələrin güclənməsində medianın roluna diqqət çəkib.

Forumun iş gününün sonunda Rusiya və Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə böyük konsert keçirilib.

Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycanın baş konsulu İlqar İsgəndərov Novosibirsk vilayəti qubernatoru vəzifəsini müvəqqəti icra edən Andrey Travnikovla görüşüb. Konsulluğun mətbuat xidmətindən "AZƏRTAC"a bildirilib ki, tərəflər dövlətlərarası əməkdaşlığın aktual aspektlərini və qarşılıqlı səmərəli perspektivlərini müzakirə ediblər.

Andrey Travnikov vurğulayıb ki, Novosibirsk vilayəti fəaliyyətin müxtəlif sahələrində regionlararası və beynəlxalq əlaqələr üçün açıq olan qonaqpərvər regiondur. "Novosibirsk vilayətində Azərbaycanın böyük diasporu yaşayır və onun təmsilçiləri iqtisadiyyatın müxtəlif sektorlarında işləyirlər. Müxtəlif tədbirlər keçirən milli ictimai təşkilatlar fəal iş aparırlar. Sosial-iqtisadi aspektdə də bir çox əlaqələrimiz var. Biz idxalı və ixracı inkişaf etdirir, avadanlıq tədarük edir, yeni müəssisələr açırıq. Əsas odur ki, əməkdaşlığın inkişafı üzrə maraqlarımız üst-üstə düşsün", - deyə Andrey Travnikov qeyd edib.

İlqar İsgəndərov bildirib ki, 2018-ci ilin aprel ayında Yekaterinburq şəhərində Azərbaycanın baş konsulu təyin edilib. Konsulluq dairəsi Vladivostokadək ərazini əhatə edir. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Rusiya regionları ilə münasibətlərinin inkişafına böyük önəm verir. Baş konsul, həmçinin qeyd edib ki, Novosibirsk vilayətinin və Azərbaycanın əməkdaşlıq üçün böyük potensialı var: "Novosibirsk elm mərkəzidir, əməkdaşlığın bu sahədə inkişaf etməsi üçün şərait yaratmaq lazımdır. Bundan başqa, mədəni-humanitar sahədə də qarşılıqlı əlaqələri inkişaf etdirmək vacibdir".

Baş konsul Novosibirsk vilayəti qubernatorunun vəzifəsini müvəqqəti icra edən Andrey Travnikovla görüşməklə yanaşı, "Texnoprom-2018" VI Beynəlxalq Texnoloji İnkişaf Forumunun tədbirlərində iştirak edib, Novosibirskdə yaşayan Azərbaycan diasporunun nümayəndələri və gənclərlə görüşüb.

Murad MƏMMƏDLİ

 Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

Ekspress.-2018.-25 oktyabr.-S.10.