Azərbaycan diasporu Danimarkada

Təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan azərbaycanlılar siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.

Azərbaycanı dünyada təmsil edən diaspor cəmiyyətləri arasında Danimarkadakı soydaşlarımızın fəaliyyəti xüsusilə diqqət mərkəzində dayanır. Hazırda həmin ölkədə azərbaycanlıların bir sıra cəmiyyət və birlikləri fəaliyyət göstərir. "Vətən" Cəmiyyəti, Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti, Danimarka-Azərbaycan Türk Qadınlar Birliyi, Danimarka Azərbaycan Mədəniyyət Mərkəzi, Danimarka-Azərbaycan Cəmiyyəti, Danimarka Azərbaycan Gənclər Təşkilatı və b.misal göstərmək olar.

Bəhs etdiyimiz bu qurumların əsas fəaliyyət istiqamətləri Danimarkada Azərbaycanı layiqincə təmsil etmək, ölkənin üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkar siyasəti, eləcə də zaman-zaman Azərbaycan xalqına qarşı törədilən soyqırım siyasətini danimarkalılara çatdırmağa yönəlib. Eyni zamanda paralel olaraq Azərbaycanın zəngin tarixi-mədəni irsi, mədəniyyəti də həmin qurumlar tərəfindən Danimarka ictimaiyyətinə çatdırılır.

"Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi qeyd edir ki, ölkəmizin tarixi, mədəniyyəti, reallıqlarının geniş təbliği istiqamətində bir çox layihələr həyata keçirilir: "Belə layihələrdən biri də AZƏRTAC ilə birgə Azərbaycan Mədəniyyəti Günü qeyd edilib. Azərbaycan və türk diasporunun, Danimarka ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəyli yaradıcılığı barədə söhbət açılıb, onun əsərlərindən parçalar, musiqisi əsasında hazırlanmış rəqslər təqdim edilib. Azərbaycandan uzaqda yaşayan həmvətənlərimizin bir araya gəlməsində belə tədbirlərin rolu böyükdür. Danimarkada doğulub böyüyən hər bir azərbaycanlının milli musiqimizin, mədəniyyətimizin tarixi, bu günü barədə yaxşı məlumatlandırılması çox vacibdir".

S.Sadiqi onu da qeyd edib ki, krallıqda yaşayantürk diasporların fəalları ilə daima əlaqəli fəaliyyət göstərirlər: "Xüsusilə Türkçülük gününə həsr olunan tədbirlərdə Azərbaycan diaspor təşkilatı da yaxından iştirak edir. Yerli KİV təmsilçilərinin, Türkiyənin Danimarkadakı səfirliyinin əməkdaşlarının, Şimali Avropada fəaliyyət göstərən müxtəlif türk diaspor cəmiyyətlərinin də qatıldığı tədbir ictimaiyyət nümayəndələrinin marağına səbəb olur. Türkdilli dövlətlərin bayram və matəm günlərini birlikdə qeyd edirik. Həmçinin bu dövlətlərin Kopenhagendəki cəmiyyətləri də Azərbaycanın bayram və matəm günlərinə həsr olunan tədbirlərdə fəal iştirak edirlər. Biz türkdilli dövlətlərin diaspot təşkilatları ilə birgə Türk Cəmiyyəti yaratmışıq. Bundan başqa, Xocalı soyqırımına, 20 Yanvar hadisələrinə, 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə, eləcə də bayram günlərinə həsr olunan tədbirlərdə bütün türkdilli dövlətlərin cəmiyyətləri iştirak edirlər. Danimarkanın paytaxtı Kopenhagendə fəaliyyət göstərən "Azərbaycan Evi"ndə 20 Yanvar şəhidlərinin anım günü keçirilib. Tədbirlərdə 20 Yanvar hadisələrini əks etdirən sənədli filmlər nümayiş etdirilib. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin "Vətən" Cəmiyyətinə verdiyi bayraqlar, müxtəlif məlumatların əks olunduğu broşürlər, kitablar tədbir iştirakçılarına paylanıb. Bundan əlavə, Xocalı soyqırımının ildönümü qeyd olunub".

Onu da qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Kopenhagendə fəaliyyət göstərən Azərbaycan Evi Danimarkadakı diasporumuzun inkişafında mühüm rola malikdir.

Səfər Sadiqinin dediyinə görə, Azərbaycan Evində tədbirlərlə yanaşı, bir çox görüşlər, ad günləri, yubileylər keçirilir: "Azərbaycan Evinin nəzdində azərbaycanlı uşaqlar üçün həftə sonu "Ana dili" məktəbi təşkil etmişik. Bu şəraiti bizə yaratdıqlarına görə Azərbaycan dövlətinə öz minnətdarlığımızı bildiririk. Bununla arxamızda güclü bir dövlətin olduğunu hiss edirik. Bu da bizim gələcək işlərimizdə yüksək nəticə əldə etməyimizə zəmin yaradır. Bunlarla yanaşı "Ana dili" məktəbində dərs kitablarının çatışmamazlığı problem olaraq qalır. Biz keçirilən dərsi uşaqlara kitabdan kopiya çıxararaq vərəqələr şəklində paylayırıq. Bu da gələcəkdə vərəqələrin uşaqlar tərəfindən itməsi və ya uşaqların evdə gələcək dərslərə baxmaq marağının qarşısını alır. İnanırıq ki, Təhsil Nazirliyi tərəfindən bu problemimiz yaxın vaxtlarda həll olunacaq. Azərbaycan diasporunun gələcəyi olan uşaqlarımızın öz ana dillərində yazıb oxuması, tarixini və mədəniyyətini bilməsi üçün şəraiti yaratmaq hamımızın borcudur. Ümumiyyətlə, "Vətən" Cəmiyyəti Danimarkada Azərbaycanın təbliği istiqamətində aparıcı rol oynayır. Yuxarıda qeyd etdiyim kimi cəmiyyətimiz millət vəkilləri ilə, nazirlərlə, Danimarkada fəaliyyət göstərən başqa cəmiyyətlərlə, media nümayəndələri ilə, Danimarka hökumətinin təşkil etdiyi tədbirlərdə, festivallarda görüşlər keçirib Azərbaycan barədə məlumatlar verir. Cəmiyyətimiz 2008-ci ildən Avropa Azərbaycanlıları Konqresinin idarə heyətinə üzv seçilib".

Danimarkadakı Azərbaycan diaspor təşkilatları sıx əməkdaşlıq şəklində çalışır. Qarabağ problemi və Xocalı soyqrımına aid olan kitablar Kopenhağen, Hillerod və Bikerod kitabxanalarına paylanaraq geniş oxucu kütləsi məlumatlandırılır.

Xocalı soyqrımı ilə bağlı 2013-cü ilin fevralında Kopenhagenin ən böyük meydanı olan Rodhuspladsda torpaqlarmızın işğalına qarşı etiraz mitinqi keçirilib. 2014-cü ildə isə Kopenhagendə Xocalıyla bağlı 600-dən çox bukletlər danimarkalılara və şəhərin qonaqlarına paylanıb. Eyni zamanda Azərbaycan Evində böyük tədbir təşkil edilib. Tədbir iştirakçılarına sənədli videolar nümayiş etdirilib. Damimarkadakı digər diaspor təşkilatları ilə yanaşı, Türkiyə Türk diaspor təşkilatları ilə əməkdaşlıq edilir. Danimarka Ülkü Ocaqlarının sədri İlhan bəy, Türkmən Yardım Cəmiyyətinin sədri Yurtan bəy, Danimarka Uyğur Cəmiyyətinin sədri Səttar bəy Azərbaycan diaspor cəmiyyətləri ilə bir araya gələrək "Turk dilli cəmiyyətlərin birliyi"ni yaratmaq təklifi ilə çıxış ediblər. Hələ 2012-ci ildə olunan bu təklif az bir müddət ərzindəhəyata keçirilib. Xatırladaq ki, bu birlikdə türk, türkmən, uyğur və Azərbaycan diaspora nümayəndələri təmsil olunur. 2014-cü ildə isə Türkdilli cəmiyyətlərin Koordinasiya Şurası yaradılıb.

Azərbaycan səfirlikləri ilə diaspor təşkilatları arasnda olan əməkdaşlığa gəlincə, Dünya Azərbaycanlılarının Qurultayında prezident İlham Əliyev səfirliklərə diasporla yaxından əməkdaşlıq etməyi tapşırıb: "Səfirliklər, cəmiyyətlərlə bir komanda kimi işləməlidilər. Biz artıq müdafiə mövqeyindən çıxıb, hücum taktikasına keçməliyik".

Yeri gəlmişkən, Danimarkada Azərbaycan səfirliyi yoxdur. Böyük Britaniyada olan Azərbaycan səfirliyinin fəaliyyəti Danimarkaya da aiddir. Diaspor cəmiyyətlərinin yüksək nəticələr əldə etməsində səfirliyin böyük rolu olub.

S.Sadiqi bildirir ki, Danimarka Avropa ölkələri arasında nüfuza malik olan ölkələrdəndir: "Bu ölkədə Azərbaycan səfirliyinin olmaması tək diaspor sahəsində deyil, həmçinin danimarkalıların Azərbaycana turist səfərlərinə getməsi və vizanın alınması baxımından da çətinliklər yaradır. Bu baxımdan danmarkalılar Gürcüstana və Ermənistana getməyə üstünlük verirlər. Təsəvvür edin ki, son illərə qədər Danimarkada erməni diasporu yox dərəcəsində idi. Ermənilər dövlət tədbirlərində heç vaxt iştirak etmirdilər. Ancaq üç ilə yaxındır ki, Kopenhagendə Ermənistanın səfirliyi açılıb. Bunun nəticəsi olaraq ermənilər artıq fəallaşıblar. Əgər istəyiriksə yaşadığımız ölkənin ictimai və siyasi həyatında öz sözümüzü deyək, o zaman həmin cəmiyyətə inteqrasiya olunmalıyıq. Qapalı şəkildə yaşamağımız ancaq özümüzə ziyan vuracaq. Sevindirici haldır ki, gənclərimizin hamısı təhsil sahələrində oxuyurlar. İnsanlarımızın əksəriyyəti ziyalılardir. Danimarkalılar azərbaycanlıları, yüksək intektuala sahib bir insanlar kimi tanıyırlar. Azərbaycanlılar arasinda professor, həkimler, müəllimlər, kompüter mühəndisləri, iş adamları fəaliyyət göstərir. Mən və qızım Danimarkada iqtidarda olan Sosial Demokrat Partiyasının üzvüləriyik. Bu partiyanın tədbirlərində bir neçə dəfə Danimarkanın gənclər və təhsil naziri Kristina Antanoli ilə görüşüb, azərbaycanlı gənclərlə baglı məlumatlar vermişik. Yaşadığımız ölkənin cəmiyyətinə inteqrasiya oldugumuz halda hər bir azərbaycanlı öz iş yerində və ya oxuduğu təhsil müəssisəsində danimarklıların Azərbaycan barədə suallarına dolğun və ətraflı cavab verə bilməlidi. Uşaqlarımızın bu suallara cavab verməsi üçün "Ana dili" məktəbimizin xüsusi rolu vardir. Vətəndən uzaqda yaşasaq da Azərbaycanın hər bir uğuruna sevinir və inanırıq ki, dövlətimizin apardığı siyasət nəticəsində işğal olunmuş torpaqlarımız tezliklə azad olacaq ("olaylar.az").

Danimarkanın Türkiyəyə, eyni zamanda Azərbaycana yeni təyin olunmuş səfiri Svend Ollinqin müsahibəsində qeyd edir ki, Danimarkanın hazırda Bakıda səfirliyi yoxdur, lakin fəxri konsulluq biznes məsələləri ilə məşğul olur: "Ölkələrimiz arasında əməkdaşlığı daha da təşviq etmək üçün səylə çalışacağam. Bakıdan birbaşa Danimarkaya yollanıb Azərbaycana böyük sərmayələr yatırmağı planlaşdıran şirkətləri ilə görüşürəm. Azərbaycan və Danimarka arasında bir çox sahələrdə dostluq münasibətləri var. Amma məsələn, ticarət və investisiya kimi sahələrdə daha sıx əməkdaşlıq üçün imkan olduğunu düşünürəm ("report.az").

Onun sözlərinə görə, Danimarkada Azərbaycanın nə təklif edə biləcəyi barədə daha çox öyrənirlər. Azərbaycanda keçirilən idman, musiqi və mədəni tədbirlər bunda əhəmiyyətli rol oynayıb və Danimarkada ölkəniz haqqında məlumatlılıq səviyyəsini yüksəldib. Növbəti addım danimarkalı turistlərin tez-tez Azərbaycana gəlməsini təşkil etməkdən ibarətdir. "Danimarka və Azərbaycan həmçinin ATƏT və Avropa Şurasının üzvləridir. Bu isə məsələn, insan hüquqları və demokratiya məsələlərində gələcək əməkdaşlıq üçün mühüm platformadır. Həmçinin Avropa İttifaqının üzvü kimi, Danimarka Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsini dəstəkləyir".

Rəşid RƏŞAD

Ekspress 2018.- 27-29 oktyabr.- S.10.