“Azərbaycan kinosunda çox
böyük xaos var”
Səidə
Quliyeva: “Kim bir dənə sponsor tapırsa, başlayır
film, serial çəkməyə...”
“Ədil İsgəndərov
3 il məni qəbul eləmədi...”
- Səidə
xanım, niyə bu sənəti seçdiniz?
- Gözümü açandan bu peşəyə
marağım olub. Çünki bizim ailəmizdə bu sənətə
maraq çox
olub. Baxmayaraq ki, mənim nəslimdə
heç kim bu sənətlə məşğul olmayıb. Hələ
ki, ilk mənəm. Bilmirəm, sonuncu da mən olacağam, ya yox?
Bizim ailə albomumuzda ilk şəkil Ələsgər Ələkbərovun
olub. Bu, artıq çox söz deyir. Atam teatr vurğunuydu. Həmişə
deyirdi ki, “39 dəfə “Vaqif” tamaşasına baxmışam,
bircə dəfə baxa bilmədim. Onda da Ələsgər
Ələkbərov rəhmətə getdi”. Ə.Ələkbərov
rəhmətə gedəndən sonra atam teatra getmədi. O
dövrdə insanlar teatra, musiqiyə, mədəniyyətə
çox bağlıydılar. Görünür, mənim də
bu sənətə gəlməyimdə evimizdəki yaradıcılıq
atmosferinin rolu olub.
- Bəs, atanız
aktrisa olmağınıza razıydı?
- Atam, əlbəttə, aktrisa olmağıma
razı deyildi. O, əsl bakılıydı. Bakılılar da
qız uşağının incəsənətə getməyinə
heç cür razılıq vermirdilər. Baxmayaraq ailəmizdə
bu sənətə çox böyük maraq, sevgi var idi,
bilirdim ki, atam razı deyil. Mən də bu barədə ancaq
anamla söhbət edirdim. Mənə təkan verən də
anam oldu. 1974-cü ildə Bakıdakı 199 nömrəli orta
məktəbi bitirəndən sonra anamın dəstəyi ilə
İncəsənət İnstitutuna daxil oldum.
- Sizə
hansı sənətkarın kursunda oxumaq nəsib oldu?
- Məndən imtahanı Rza Təhmasib,
Əzizağa Quliyev, Firəngiz Şərifova
götürdü. Çox rahatlıqla sənət
imtahanından “5” aldım, SSRİ xalq artisti Ədil İsgəndərovun
kursuna qəbul olundum. Onda Ədil müəllim artıq hər
yerdən, Kinostudiyadan da işdən
çıxmışdı. Bizim bəxtimizdən
bütün diqqətini İncəsənət İnstitutunun
dram və kino aktyorluğu fakültəsinə yönəltmişdi.
Hər gün dərsə gəlirdi. Biz də onun dərslərindən
çox şey öyrənirdik. O, hər tələbəyə
fərdi yanaşırdı. Düz 3 il məni qəbul eləmədi.
Deyirdi ki, sən institutdan çıxsan yaxşıdı. Ona
görə ki, mən həddindən artıq gərgin idim.
İstədiyimi ifadə edə bilmirdim. Daxilim
partlayırdı, amma ifadə edə bilmirdim. Çox utancaq
idim. Bu günə qədər də o gərginlik,
utancaqlıq məndə var. Amma aydın məsələdir
ki, səhnədə yoxdu.
Ədil müəllim aktyoru hərtərəfli hazırlayırdı. Həm komik, həm tragik janrda rollar verirdi. Mənə də diplom işi olaraq Süleyman Sani Axundovun “Eşq və intiqam” əsərindəki baş rolu -Həcəri vermişdi. Elə oldu ki, Şekspirin “On ikinci gecə” əsərindəki Mariyanı da verdi. Bu səbəbdən biz -Ədil müəllimin yetişdirmələri həm komediya, həm tragediya, həm melodrama oynaya bilirik. Bizim üçün janr söhbəti yoxdu.
- Akademik Dram
Teatrına gəlişiniz xatirinizdə necə qalıb? Birdən-birə
o nəhəng səhnədə oynamaq gənc qız üçün
çətin olmadı?
- Baxmayaraq ki, böyük sənətkarlardan dərs
almışdım, Əzizağa Quliyev bizim səhnə
danışığı müəllimimiz, Kamal Həsənov
rəqs müəllimimiz idi, çox çətin oldu.
Şekspirin “Heç nədən hay-küy” tamaşasında
mənə rol verdilər. Gördüm ki, səhnədə yeriyə
bilmirəm, heç nə edə bilmirəm. Səhnənin
xırda incəliklərini, detallarını bilmək
üçün təcrübə lazımdı. Məni ora
Tofiq Kazımov götürmüşdü. Mən gələndə
tək idim. Mənə baş rollar verildi. Tərəf
müqabillərim də titan aktyorlar idi. Gənclər yox dərəcəsindəydi,
ancaq Sevil Xəlilova ilə Məhbubə Məlikova vardı.
İki ildən sonra Firəngiz Mütəllimova, Bəsti Cəfərova,
Zemfira Nərimanova, İlham Əsgərov gəldi. Gənclərin
sayı çoxaldıqca mənə olan qısqanclıq da
azalırdı. Tərəf müqabillərim Hökumə
Qurbanova, Məlik Dadaşov, Nəcibə Məlikova, Sofa Bəsirzadə,
Əlabbas Qədirov, Kamal Xudaverdiyev, Yaşar Nuri, Rəfael
Dadaşov idi. Beləcə, get-gedə nəhəng aktyorlardan
aktyorluğun sirlərini, səhnədə necə hərəkət
eləməyi, necə nəfəs almağı öyrəndim.
İllər sonra mənim diplom tamaşam olan “Eşq və
intiqam”ı Akademik Teatrda Lütvi Məmmədbəyov
hazırladı. Mənə də 20 ildən sonra Həcər
obrazını verdi...
Bu minvalla 2018-ci il sentyabrın 1-də səhnə
fəaliyyətimin 40 ili tamam oldu.
“Mən ölü aktrisa deyiləm...”
- Gənc
yaşlardan Şeksprin əsərlərində oynamaq xoşbəxtliyi
sizə nəsib olub. İndi hansı möhtəşəm
tamaşada baş rolda oynamaq ürəyinizdən keçir?
- Biz rejissordan, tərtibatdan, tərəf müqabilindən asılıyıq. Əlbəttə, hər bir aktyor istəyər ki, dahi Şekspirin əsərində oynasın. Mən ölü aktrisa deyiləm ki, ürəyimdə tutum ki, hansı rolu oynamaq istərdim. Mən rejissordan asılı aktrisayam. Dəfələrlə şahidi olmuşam ki, aktyor və aktrisanın öz istəyi, sifarişilə yaratdığı obraz çox uğursuz alınıb. Aktyor öz sənətinin, özünün vurğunudu. Fikirləşir ki, rolu istədiyi kimi oynaya bilər. Əslində isə bunu rejissor görməlidi.
- Deyəsən, rejissor sarıdan bəxtigətirən aktrisalardansınız...
- Azərbaycanda elə bir rejissor yoxdu ki, mən
onunla istər kinoda, istər teatrda işləməyim.
Çox yaxşı haldı ki, işlədiyim rejissorlar
sonradan mənə yenə müraciət edirlər.
Televiziyadan Ramiz Həsənoğlunun 11 tamaşasında
oynamışam. Vaqif Mustafayevin 6-7 filmində çəkilmişəm.
Bu, mənim şanslı aktrisa olmağıma dəlalət
edir. Digər tərəfdən, mənimlə işləmək
onlar üçün asandı. Vaqif Mustafayevlə işləyəndə
özümü dünya səviyyəsində aktrisalar kimi
hiss eləyirəm. Ona görə ki, iş prosesində biz
bir-birimizi yarım sözdən başa düşürük.
- Ailənizdə
sənətinizi davam etdirən varmı?
- Aktyor kimi sənətimi davam etdirən yoxdu.
Amma yoldaşım Az.TV-də səs rejissorudu. Oğlum İncəsənət
Universitetinin kino operatorluğu fakültəsini bitirib. İndi
magistr pilləsindədi. Mənim ailəmdə
yaradıcılıq atmosferi var. Sənətimə də həmişə
hörmət olub. Hərdən həmkarlarımla söhbət
edirəm. Deyirlər ki, evdə öz tamaşama baxa bilmədim.
Soruşuram ki, niyə? Deyir, uşaqlar futbola baxdılar,
yoldaşım başqa kanala baxdı... Bizdə belə
söhbət ola bilməz. əgər mənim verilişim
gedirsə, yoldaşım mütləq onu diskə yazır.
Bu, özü də mənim sənətimə hörmətdi.
Elə vaxt olur ki, evdə olmuram, gəlib görürəm ki,
verilişi ya yoldaşım, ya da oğlum yazıb. Oturub
baxıram.
- Yeri gəlmişkən, dəvət
aldığınız verilişlərin,
aparıcıların səviyyəsi sizi qane edirmi?
- Verilişlərin aparıcıları
çox savadsızdırlar. Hətta o insanların mənə
verdikləri suallar düzgün olmur. Çox zaman da məndən
“Bala- başa bəla” tamaşasındakı rolumla
bağlı müsahibə almaq istəyirlər. Məni də
bu, çox əsəbiləşdirir. Elə insanlara
çalışıram ki, müsahibə verməyim.
- Amma sizə ən çox şöhrət gətirən
İlyas Əfəndiyevin ssenarisi əsasında
hazırlanmış “Atayevlər ailəsi”
teletamaşasında yaratdığınız Reyhan
obrazıdır.
- Bu teletamaşada Reyhan mənim ilk rolumdu. Allah
Lütvi Məmmədbəyova rəhmət eləsin. O, təzə
gələn aktyorları məxsusi götürdüyü
tamaşalarla sınağa çəkirdi. Cavan aktyorları cəmiyyətə
tanıtdırırdı. Mən də o aktrisalardan bir oldum. Mənə
orda baş rolu verdi. Bir günün içində
tanındım. O tamaşa mənə kamera
qarşısında dayanmağı, tərəf müqabilləri
ilə ünsiyyəti öyrətdi.
- Sevməyi də
öyrətdi?
- Yox. Sevməyi öyrətmək olmur. Sevgi
Allah tərəfindən verilən bir hissdi. Mənim
Əlabbas müəllimə simpatiyam var idi. Gözəl səs
tembri vardı. O vaxt bütün gənc qızlar istəyirdi
ki, belə bir tərəf müqabili olsun. Onda Əlabbas
müəllim evliydi, uşaqları var idi. Mən subay idim. Dərinə
gedən elə bir hisslər yox idi. Sadəcə mən orda
Reyhan, o da Cahangir idi...
O dövrün gəncləri bir az sadəlövh
idilər. İndiki gənclər maşallah, “Feysbuk”dan,
internetdən o qədər şeylər öyrənirlər...
- Bu tamaşadakı əmi-qardaş
qızı kimi də rolunuz, təbii, yaddaqalan idi...
- Kamal Xudaverdiyev tərəf müqabili kimi
çox böyük aktyor idi. Əlbəttə ki, mən
onlardan öyrənirdim.
“Prezident təqaüdü istəyirəm”
- Hansı
arzularla yaşayırsınız?
- Ananın ən böyük arzusu övlad
xoşbəxtliyidi. Mən artıq 16 ildir ki, şəkər
xəstəsiyəm.
Əsəblərimi qoruyuram, intriqalara girmirəm.
Övladımı Allah mənə gec verib, onu
düşünürəm. O övladım üçün
yaşamalıyam. Nəvələr görmək istəyirəm.
Oğlumun adı Fərhaddı. İyirmi iki yaşı var.
Çox istedadlı, zövqlü oğlandı.
Magistraturanı qurtarsın, sonra toyunu eləyəcəyik. Bu
günümə şükür…
Hərdən indi çəkilən filmlərə
baxıram. Çox narazıyam. Düşünürəm ki,
mənim oğlum heç vaxt belə filmlər çəkməz.
İstərdim ki, oğlumun uğurları çox olsun. Onun
uğurları ilə sevinim. Bugünkü kino çəkilişi
məni, oğlumu da qane eləmir.
Əlbəttə, ciddi filmlər də çəkilir. Ancaq bu gün Azərbaycan kinosunda çox böyük xaos var. Kim bir dənə sponsor tapırsa, başlayır film, serial çəkməyə. Bax, buna son qoyulmalıdı. Çünki kino həmişə professional insanların əlində olub və bu gün də olmalıdı. Son dövrlər əsəb sistemimi qorumaq üçün çalışıram ki, ancaq şən əhval-ruhiyyəli filmlərə, melodramalara baxam.
- Di gəl, xarakterinizdə bir
çılğınlıq hiss olunur...
- Çılğınlığımı
heç vaxt göstərmirəm. Bu, mənim daxilimdi. Daxilim həddindən
artıq çılğındı. O, mənim içimi
yeyir, dağıdır. Bununla belə,
çılğınlığımı ancaq övladıma
göstərə bilərəm. Onda da gərək nəsə
bir haqsızlıq, bir şey görüm. Əgər mən
çılğınamsa, aqressivəmsə, oğlum gəlib
məni qucaqlayır, keçir gedir. Allah mənə belə
xarakterdə övlad verməklə balans yaradıb.
- “Fransız” filmində qəribə tərzdə
şıdırğı rəqs edirsiniz...
- Biz institutda rəqs, musiqi dərsi
keçmişik. Bir aktrisa kimi musiqi duyumum da olmalıdı. Bu
gün repertuarda olan “Xanuma” tamaşasında rəqs eləyirəm,
oxuyuram. Vokal səsimi göstərirəm.
Onda Vaqif müəllim mənə
tapşırdı ki, elə rəqs olsun, insan rəqsinə bənzəməsin.
İçdən gələn bir şey, için
hayqırtısı olsun. Klarnetçalan Vaqif Mərdəkanlı
mən oynadıqca musiqinin tempini artırırdı. O rəqsi
mənə Vaqif Mərdəkanlı elətdirdi. O qədər
gözəl ifa elədi, özüm də bilmədim necə
şıdırğı rəqs alındı. Ekspromt
alınan bir şeydi. Hərdən olur... Mənə deyəndə
ki, sənə fəxri ad veriblər, elə
qışqırmışam, evdəkilər elə biliblər
kimsə ölüb...
- Bu sənətdə
arzuladığınız hər şeyə nail ola bildinizmi?
- Mən indi bircə Prezident təqaüdü
istəyirəm. O da dolanışığım
üçün. Sənət adamlarının
dolanışığı həddindən artıq
ağırdı. Tanınmış sənətkarlar
üçün durum çox çətindi. Çox istərdim
ki, sənət adamlarına verilən qonorarlar yüksək
olsun. Mən hamıya mesaj göndərmişəm ki,
hansı filmin qonorarı azdı, mənə deməyin, məni
narahat etməyin. Hazırda “Qış nağılı”na
çəkilirəm. Üçgünlük çəkilişimə
verilən qonorar pis deyil. Amma yenə məni qane eləmir...
Namiq Məmmədli
Ekspress 2018.- 27-29 oktyabr.- S.9.