Teatrda həmişə fitnəkarlar var

 

Cənnət Səlimova: “Etiraf edirəm ki, obyektiv adam deyiləm”

 

Rejissuranın çarı...

 

- Cənnət xanım, teatra gəlişiniz necə oldu? O vaxtlar qız üçün bu, bir qədər çətin deyildimi?

 

- Mən 1957-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuşam. O vaxt biz orda studiya yaratmışdıq. Tolstoyun “Canlı meyit”, Çexovun “Qağayı”, Qoqolun “Evlənmə” əsərlərini tamaşaya qoyurduq. Bu, mənim üçün böyük bir təcrübə idi. Atam deyirdi ki, “universiteti bitir, sonra aktyorluğa, rejissorluğa gedərsən, mən sənə söz verirəm”. Mən də filologiya fakültəsini bitirdikdən sonra  Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna Georgi Tovstonoqovun kursuna getdim. Bu, mənim böyük arzum idi. O zaman o, rejissuranın çarı idi. Orda Mariya Osipovna, Anatoli Vasilyeviç Yefros, Oleq Nikolayeviç Yefremov kimi çox istedadlı rejissorlar var idi. Biz orda rejissor kimi rəqs parçaları da göstərməliydik. Ağakişi Kazımov məndən aşağı kursda oxuyurdu. Onu dəvət elədim, Telli ilə Vəlini oynadıq.

 

Georgi Tovstonoqov çox yaxşı müəllim idi, böyük məktəbdi. Diplom işim Aleksandr Suxovo-Kobılinin “Tarelkinin ölümü” tamaşası oldu. Beşpərdəli tamaşa olan müdafiə işini mən Bakıda tamaşaya qoydum. Məhərrəm Kazımov məni Rus Dram Teatrına dəvət etdi. Quruluş verdiyim bu tamaşa uğurlu alındı.

 

Mən Rus Dram Teatrına çox minnətdaram. Bu səhnədə Çexov, Tolstoy, Dostoyevski, Cəfər Cabbarlı, Hüseyn Cavid kimi yazıçıların əsərlərinə quruluş vermişəm. Bu səhnədə mənə işləməyə imkan veriblər. Bu imkan da mənə geniş şərait yaratdı.

 

- Bəs Bakı Kamera Teatrı hansı zərurətdən yarandı?

 

- İncəsənət Universitetində dərs deyəndə mənim aktyor kursum var idi. Ordakı uşaqların -Şövqi Hüseynovun, Nofəl Vəliyevin 16-17 yaşları vardı. Diplom işində “Məkkəyə gedən yol”, “Skapenin kələkləri” tamaşaları var idi. Onda bizə imkan verdilər, biz Kamera Teatrını yaratdıq. İşə başlayanda süpürgəmiz belə yox idi. Az sonra gözəl zal, işıq, səs avadanlığı oldu. Repertuarımızda 30 tamaşa var idi. Şekspirin “Otello”su, Puşkinin “Motsart və Salyeri”si, Dostoyevskinin “Bəyaz gecələr”i və s.

 

Mən istəmirdim teatr bağlansın. Əlaqədar təşkilatlar üçün fərq etmirdi Kamera Teatrı var, ya yox. Mənim üçünsə bu, tale idi. İndiyə qədər də çox ağır yaradı. Hərdən aktyorlarla yığışıb ötən günləri xatırlayırıq. Amma bu kədərli günləri unuda bilmirik.

 

- Ad çəkmişkən, yetişdirdiyiniz tələbələr haqqında deyə bilərsiniz?

 

- Mən inanıram ki, Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Kərəm Hadızadə, Gülər Nəbiyeva və başqaları irəli gedəcəklər. Onlar davam edəcəklər. Onlar mənim ruhum altında tərbiyə alıblar.

 

Rejissor “ştuçnı tovar”dı...”

 

- Azərbaycanda rejissorluq məktəbi ilə bağlı fikirləriniz nə yöndədir?

 

- Rejissor “ştuçnı tovar”dı. 40-cı, 50-ci, 60-cı və 70-ci illərdə Azərbaycanda üç rejissor- Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov olub. Məktəb var. İndi çox ağıllı, istedadlı oğlanlar da var. Amma bilmirəm nə olacaq... Gözləmək lazımdır. Allah xatirinə, mən müxtəlif istedadlı rejissorları öz yerimdə görürəm. Amma... Tovstonoqov böyük müəllim idi. Onun oğlu da çox istedadlı idi. Amma o getdi, yeri boşdur. Çünki yaradıcılıq, şəxsiyyət təkdir.

 

- Axı, siz İncəsənət Universitetində dərs deyirsiniz. Gələcəyin rejissorlarını siz yetişdirirsiniz...

 

- Mənim belə bir teoriyam var. İstedad Allahdandı. Biz istedad verməyi bacarmırıq. Rejissor təhlili, quruluş planı, tamaşanın kompozisiyası, obraz, üslub nədi, bu biliyi biz verməliyik. Onlar bunu gələcəkdə necə istifadə edəcək, bu artıq onların taleyidir. Taleyi qurmağı biz bacarmırıq, bilik verməyi bacarırıq. Bu, bizim vəzifəmizdir. Amma tale nə olacaq, bu, Allahdandır.

 

- Bayaq daistedadlı oğlanlarifadəsi işlətdiniz. Necə baxırsınız rejissorların az qala hamısının kişi olmasına?

 

- Bu, düzgün deyil. Mənim gəncliyimdə Ulduz Əliyeva Gənc Tamaşaçılar Teatrının baş rejissoru idi. Rus Dram Teatrında Gülcahan Güləhmədova var idi. İndiki dövrdə də Mehriban Ələkbərzadənin, İranə Tağızadənin adlarını çəkmək olar.

 

Bilirsiniz, bizim peşə fiziki cəhətdən ağır deyil, təfəkkür lazımdır.

 

- Teatrlarda zaman-zaman qalmaqallar olur, sizcə, əsas səbəb nədir?

 

- Bu, teatrdı. Teatrda həmişə fitnəkarlar, intriqa var. Krılovun “Fil və musiqi” təmsili var... Səhnə var, əsər var. Bu meydan, bu şeytan. Sən bacarığını, qabiliyyətini göstər, nə deyirlər, desinlər. Uzun ömürdü teatrdayam. Yaxşı başa düşürəm ki, teatrda yüksək dərəcəli yaradıcı heyət olmalıdır. Onda intriqalar, qalmaqallar azalar. Çünki onda hər aktyor öz işi barədə düşünəcək.

 

- Sizin də paxıllığınızı çəkənlər, uğurlarınızı qısqananlar olub?

 

- Sənət adamları üçün belədir də. Paxıllıq var, qısqanclıq var. Ancaq mənim üçün bu, vacib deyil. Mənim hisslərim mənim beynimdə, işimdədir. Mən həmişə uşaqlara deyirəm ki, düşmənə inanmaq lazımdır. Əgər o deyirsə ki, bu pisdir, inan ki, pisdir...

 

Don Juan “Azdrama”dan olacaq...

 

- Səhhətiniz necədir?

 

- Allaha şükür. Hələ ki, ayaq üstə dayanıram.

 

- Teatrdan getməyi düşünmürsünüz hələ?

 

- Mənim üçün bu, çox ağır fikirdir. Mən işsiz, teatrsız ölərəm. Teatr mənim üçün havadır. Bilirəm ki, hər şeyin axırı var. Amma hələ bu fikri özümə yaxın buraxmıram.

 

- Elə isə, daha hansı tamaşalarıa quruluş vermək fikriniz var?

 

- MolyerinDon Juan”ına. Bu, çox aktual mövzudur. Elə bil ki, müəllif əsəri bu gün üçün yazıb. Burda qadınların sevməsi mövzu deyil. O deyir ki, mən inanıram Allah yoxdu, səma boşdur. Mən inanıram ki, 2+2 dörddür. Başqa inam yoxdur...

 

Musiqili Teatrda “O olmasın, bu olsun”a quruluş vermişəm. Şövqi Hüseynovu dəvət etmişdim, Məşədi İbadı çox gözəl oynayıb. “Don Juan”a isə

 

“Azdrama”dan kimisə dəvət edəcəyəm, inşallah.

 

Rita Əmirbəyova, Natalya Bağırova, Məbud Məhərrəmov, Əkbər Əlizadə, Telman Adıgözəlov, Elşən Şahinoğlu mənim tamaşalarımda öz rollarını məharətlə ifa ediblər. Mən bu istedadlı aktyorlardam tamaşalarımda hələ çox istifadə edəcəyəm.

 

- “İlahi komediya”nı oxuyursunuz...

 

- Bu, tələbələr üçündür. Tamaşadakı mahnının əsasında etüdlər olacaq. Bilmirəm, cənnət-cəhənnəmin varlığını bilirlər?.. Mən bilirəm ki, səma boş deyil. Ona görə istəyirəm, hər yaradıcı insan bunu bilsin.

 

- Bilirəm ki, Tolstoyu çox sevirsiniz. Onunla bağlı bir planınız varmı?

 

- Lev Nikolayeviç Tolstoy işıqlı yazıçıdır. Ona görə onu sevirəm. İnanıram ki, Protasov olacaq. Mən mütləq “Canlı meyit”i verəcəm.

 

- Yeri gəlmişkən, tamaşalarınızı tənqid edənlər tapılır?

 

- Tənqidi qəbul eləməliyəm. Bizdə belə bir qanun var: tamaşaçı həmişə haqlıdır. Hər tamaşaçının öz fikri var.

 

- Şah əsərinizi hələ qoymamısınız?

 

- Bütün tamaşalar mənim uşaqlarımdır. Deyirlər ki, ay Cənnət xanım, iyirmi ildir “Şeyx Sənan” gedir, bəsdirin də, köhnə hamam, köhnə tas... Deyirəm ki, mənim üçün yox, bu, mənim üçün çox doğma və sevimli tamaşadı. Çünki orda Hüseyn Cavidin dahi, müasir fikirləri var. Deyirlər multikulturalizm. “Şeyx Sənan” multikulturalizmdi də. Əsas sevgidi, məhəbbətdi. “Şeyx Sənan”, “Aydın”, “Göyçək Fatma” mənim sevimli tamaşalarımdı.

 

 

- “3-cü Riçard” da tamaşaçı tərəfindən yüksək səviyyədə qarşılandı...

 

- Bu tamaşada mənim üçün əsas müasir fikirdir. Nə Riçard, Nə Neron, nə Stalin, nə Kastro, nə Hitler günahkardır. Bu, bizim günahımızdır. Biz səs vermişik, onları seçmişik.

 

Angela Merkel deyir, Alman xalqının günahıdır ki, Hitler oldu. Biz ona səs verdik. Məhz xalqın verdiyi səsə görə onlar İsrailə təzminat ödəyirlər. Bu, 3-cü Riçardla, Stalinlə, Hitlerlə qurtarmır. Bu, sonsuz zəncirdir...

 

Şekspir nəhayətsiz dünyadır. Onda hər dəfə bir yeni şey tapırıq. “3-cü Riçard”da Şekspir deyir: “Mən kralam, bütün dövlət mənimdir. Mən nədən qorxmalıyam? Səma boşdur, heç nə, heç kim yoxdur”. Amma Riçardın son günlərini görəndə başa düşürsən ki, Allah var. Hitler üçün də Allah var...

 

Şekspir deyir ki, dünya beşgünlük deyil, biz burada indi ediriksə, vaxtsa hardasa buna görə cavab alırıq...

 

Lütvi Zadəni müzakirə eləmək mənasızdır...”

 

- Gəlin, həyat yoldaşınızı, Musiqili Dram Teatrının direktoru olmuş Qəzənfər Topçuyevi xatırlayaq...

 

- O, mənim ən ağır itkimdi. Çünki o, mənə böyük dayaq idi. Mənə çox kömək edirdi. Bakı Kamera Teatrı onun məsləhəti, konkret köməyi ilə yarandı. Mən etiraf edirəm ki, obyektiv adam deyiləm. Amma məncə, o, ən yaxşı teatr müdiri idi. O, çox yaxşı bilirdi ki, teatr nədi. Teatrdakı sexlərin işini çox yaxşı bilirdi. Aktyorları çox sevirdi...

 

- Dünya şöhrətli alim Lütvi Zadənin yaxın qohumlarından biri sizsiniz. Həm də demək olar ki, Azərbaycanda yeganə doğmasısınız. Onu necə xatırlayırsınız?

 

- O, mənim xalam oğludur. Dahi şəxsiyyətdir. Onu müzakirə eləmək mənasızdır. Belə dahi idi, amma çox təvazökar adam idi. Mənim üçün əsl insan idi. Tələbə onun yanına gələndə ingilis dilini bilmədiyi üçün mövzunu ona 1 saata rus dilində öyrədirdi. Qeyri-səlis məntiq onun tək nəzəriyyəsi deyildi. Belə onun beş nəzəriyyəsi var idi. Mən ondan soruşanda ki, Parisdə olmusan, hansı məşhur yerləri gəzmisən, görmüsən? O deyirdi ki, Parisdə iyirmi il olmuşam. Amma mənim üçün nəzəriyyəmlə bağlı keçirilən konfrans vacibdir. Nəinki hansısa yeri gəzmək və ya ora baxmaq.

 

- Siz xarici ölkələrdə çox olmusunuz. Daha çox haranı bəyənmisiniz?

 

- Mən Amerikanı çox sevirəm. Mənim üçün gözəl yerdir. Ora çox teatral ölkədir. “Tayms skver”, “Brodvey şou”su, “Linkoln mərkəzi”, “Metropolitan” muzeyi mənim üçün elə bil ki, doğma yerlərdir.

 

Sonra İtaliya mənim üçün çox gözəl, abı-havalı ölkədir. London da mənə doğmadır. Orda iki-üç il əvvəl “Hekayəti-Xırs quldurbasan” tamaşasını oynamışıq. Mən çox şadam ki, mənim uşaqlarım Nofəl, Şövqi, Leyli, Gülərlə Londonun görməli yerlərinə baxmışıq. Onda xaricilər bizə deyirdilər, bilmirik ki, Azərbaycanda belə maraqlı teatr var.

 

- Hər fürsətdə yetirmələrinizin adlarını çəkirsiniz. Bəs, kimi öz varisiniz hesab edirsiniz?

 

- Tələbələrimin hamısını. Mən Bakıda təkəm. Şövqiyə, Nofələ, Leyliyə zəng edirəm. Onlar həmişə mənim yanımdadırlar...

 

Namiq Məmmədli

 

Ekspress  2018.- 22-24 sentyabr.- S. 9.