Qurultaylar

diaspor təşkilatlarının koordinasiyasını gücləndirib

2016-cı il iyunun 3 və 4-ü tarixlərində Bakıda dünya azərbaycanlılarının sayca dördüncü qurultayı keçirildi. Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibətilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adam ları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olub (AZƏRTAC). Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılıb.

Qurultayda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparıblar, rəy və təkliflərini səsləndiriblər.

Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olunub.

Qurultayda Azərbaycan Prezidenti İlham Əliyev geniş nitq söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, dünya azərbaycanlılarının ilk qurulyatının keçirildiyi 2001-ci ildən ötən müddətdə xarici ölkələrdə yaradılan diaspora təşkilatlarının sayı 2 dəfədən çox artıb: "Əgər o vaxt dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, hazırda onların sayı 462-dir. Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar".

Xaricdə yaşayan azərbaycanlılarla bağlı istəyini dilə gətirən Prezident İlham Əliyev qeyd edib ki, azərbaycanlılar ana vətənləri ilə təmaslarını, əlaqələrini zəiflətməməlidir: "Diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir. Bu gün mən diaspor təşkilatlarının gələcək fəaliyyəti ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. İlk növbədə əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək.

Hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür. Əlbəttə ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdırlar. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar.

Yetişən gənc nəsil də Azərbaycan ilə bağlı olmalıdır. İlk növbədə, Azərbaycan dilini bilməlidirlər. Mən şadam ki, hazırda müxtəlif ölkələrdə 160-dan çox həftəsonu məktəbi fəaliyyət göstərir. Yəqin ki, biz bu məktəblərin sayını artırmalıyıq və Azərbaycan dövləti bu istiqamətdə öz səylərini davam etdirəcək".

Cənab Prezident xaricdə yaşayan azərbaycanlılar, onların təsis etdiyi təşkilatlar arasında sıx əlaqələrin olmasının vacib olduğunu da bildirib: "Qeyd etdiyim kimi, xaricdə bizim 462 diaspor təşkilatımız var. Bu, özlüyündə onu göstərir ki, azərbaycanlıların yaşadıqları hər bir ölkədə bir neçə diaspor təşkilatı var. Əlbəttə, bu təşkilatlar arasında koordinasiya işi aparılmalıdır, birlik, həmrəylik olmalıdır. Bəzi hallarda bizim diaspor təşkilatlarımız bir-biri ilə rəqabət aparırlar. Əgər bu, sağlam rəqabətdirsə, mən bunu ancaq alqışlaya bilərəm. Bu rəqabət ümumi işimizə xidmət etməlidir. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti birlik nümayiş etdirir. Biz vahid amal uğrunda çalışırıq. Ölkəmizin gələcəyi ilə, strateci istiqamətlə bağlı cəmiyyətimizdə fikir ayrılığı yoxdur. Dövlət müstəqilliyi, iqtisadi müstəqillik, sosial məsələlərin həlli, ərazi bütövlüyümüzün bərpası, digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir var, konsensus var.

Əlbəttə, mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq. Əgər xarici ölkələrin ictimaiyyəti görsə ki, Azərbaycan diaspor təşkilatları bir-biri ilə yola getmirlər, bir-birinin əleyhinə fəaliyyət göstərirlər, əlbəttə, bu, yaxşı hal olmayacaq. Belə hallar var, onlar çox deyil. Ancaq mən istərdim ki, bu gün bu kürsüdən bu mövzuya toxunum və qeyd edim ki, birlik əsas məsələdir. Xüsusilə nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin".

Qurultayın sonunda qəbul edilən Qətnamədə Azərbaycan Prezidentinin tövsiyələri nəzərə alınıb. Qətnamədə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İcraçı Katibliyinə tövsiyə olunur ki, Azərbaycan Respublikası Prezidentinin Qurultaydakı nitqində əksini tapan tövsiyələrə uyğun olaraq, xarici ölkələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulsun, Azərbaycan haqqında obyektiv materialların yayılması, habelə xarici KİV nümayəndələrinin Azərbaycana səfərlərinin təşkili məqsədinə xidmət edən xüsusi fəaliyyət planı hazırlasın və onun həyata keçirilməsi istiqamətində tədbirlər görülsün.

Tövsiyə edilir ki, Azərbaycanın müvafiq dövlət orqanları ilə məsləhətləşmələr əsasında Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, nəticələri və nizamlanma prosesi ilə bağlı bütün məlumatların, sənədlərin, elektron informasiya ehtiyatlarının, elmi araşdırmaların, tədqiqatların, nəşrlərin və filmlərin toplandığı, həmçinin belə məhsulları istehsal edən, ayrıca büdcə ilə təmin olunan xüsusi mərkəz və ya fondun yaradılmasını təmin etsin.

Müasir dövrdə virtual informasiya məkanında daha çevik və məqsədyönlü fəaliyyətin əhəmiyyəti böyükdür. Bunu nəzərə alaraq Qətnamədə Şuraya tövsiyə olunur ki, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin bu sahədəki potensialından səmərəli istifadə etmək məqsədilə internet media və sosial şəbəkələrdə aparılan işin vahid mərkəzdən koordinasiyasını təmin edən koalisiyanın yaradılması üçün lazımi tədbirlər görsün.

Dünyada və regionda baş verən proseslər, diaspor hərəkatı və lobbi quruculuğu yeni ictimai-siyasi məzmun kəsb edir, xaricdə yaşayan icmaların təmsil etdikləri ölkələrin daxili həyatına və xarici siyasətinə təsir imkanlarının artır. Bunun nəzərə alaraq, Qətnamədə Azərbaycan diaspor təşkilatlarının regional koordinasiya mərkəzlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilməsi məsləhət görülüb.

Qurultayda səslənən tövsiyələri nəzərə alaraq, 2016-cı il ərzində Dünya Azərbaycanlı İş Adamları Birliyinin təsis toplantısı keçirilib, xarici ölkələrdə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olmayan soydaşlarımızın gəlişi və gedişi, müvəqqəti və ya daimi yaşayış hüququ alması, Azərbaycan Respublikası vətəndaşlığının verilməsi və ya bərpası ilə bağlı hüquqi prosedurların sadələşdirilməsi üçün aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırılıb.

Qətnamədə diaspor təşkilatlarına da tövsilər var. Diaspor təşkilatlarına tövsiyə olunur ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə informasiya texnologiyalarının və virtual məkanın imkanlarından daha geniş istifadə olunmasının zəruriliyini nəzərə alaraq, müasir informasiya portallarının və virtual kommunikasiya layihələrinin hazırlanmasını, bu sahədə fəaliyyətin təkmilləşdirilməsini təmin etsinlər.

Azərbaycanlıların ictimai-siyasi həyatda daha fəal iştirakının təmin olunması, siyasi təşkilatlarda, dövlət və hökumət strukturlarında təmsilçilik imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətlərini gücləndirsinlər.

Qətnamədə ötən müddət ərzində "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilmiş genişmiqyaslı tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək və 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümünün qeyd olunacağını nəzərə alaraq, bu kampaniyanın davam etdirilməsi və genişləndirilməsi istiqamətində səylərinin artırılması məsləhət bilinib.

Qurultay xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamlarını Vətənimizin maraqlarının qorunması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, tariximizin və mədəni irsimizin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində daha fəal olmağa, bu məqsədlə irəli sürülən təşəbbüs və layihələri dəstəkləməyə çağırır.

Qurultay Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin II forumunun 2016-cı ildə Türkiyə Respublikasında keçirilməsi barədə qərarı alqışlayır, türk xalqları arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından onun əhəmiyyətini yüksək qiymətləndirir.

Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçıları Almaniya Federativ Respublikası Bundestaqının 1915-ci il hadisələrini hər hansı bir əsası olmadan "erməni soyqırımı" kimi qiymətləndirən qərarından dərin narahatlığını bildirir və beynəlxalq aləmi, dünya birliyini tarixdə heç zaman baş verməmiş bu cür uydurma və yalançı "soyqırımı"larından siyasi məqsədlər üçün istifadə etməkdən çəkinməyə çağırır.

Vasif CƏFƏROV

Ekspress 2018.- 29 sentyabr - 1 oktyabr.- S.10.