Azərbaycanlı rejissor Qazaxıstanda
Yanvarın 21-də
K.S.Stanislavski adına Karaqanda Dövlət Rus Dram Teatrında
(Qazaxıstan) Amerika dramaturgiyasının canlı klassiki Nil
Saymonun «Axmaqlar» pyesinin ilk tamaşası olub.
Nil Saymonun əsərinə müraciət hər
bir teatr üçün önəmli hadisədir. Bizim üçün uzaq Karaqanda
teatrının Saymon
yaradıcılığına müraciətində önəmli
olan budur ki, tamaşaya Azərbaycandan
dəvət edilmiş rejissor
Mikayıl Mikayılov quruluş verib. Tamaşanın quruluşçu
rəssamı da soydaşımız, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının rəssamı
Mustafa Mustafayevdir.
Qazaxıstan mediasının yazdığına görə,
quruluşçu rejissor
tamaşanın janrını “iki
seanslıq attraksion” olaraq
müəyyən edib. Bu
yozum isə rejissorun parlaq xarakterik boyalardan, qrotesk və buffonadadan istifadə etməsinə imkan verib. Quruluşçu
rəssam isə səhnədə hadisələrin baş verdiyi kəndin irrasional aləmini təsvir etməyə
müvəffəq olub.
Əsərə gəlincə, Nil Saymon «Axmaqlar» pyesində qorxunun insan dərrakəsinə
iflicedici təsirini təsvir edib. Tamaşaçı müəllim Leon Tolçinski ilə
birlikdə sakinləri ilk baxışda adi adamlardan seçilməyən
Kuliçovka kəndinə düşür. Amma
tezliklə məlum olur ki,
bu kənddəki poçtalyon,
qəssab, həkim və onun arvadı, çoban, alverçi bizim alışdığımız praqmatik dünyanın insanları deyillər.
Kəndin bütün sakinləri
axmaqdır. Bunun səbəbi isə kənd
əhalisini izləyən qədim ovsundur.
Amma Leon həkimin
qızı Sofyaya aşiq
olur və qızın məhəbbətini
qazanmaq üçün
Kuliçovkanın ən böyük
cadugəri qraf Yuzekeviçlə
mübarizəyə başlayır. Sevgi və
mövhumatın zəhərləmədiyi ağıl müəllimin
bu qarşıdurmadan qalib
çıxmasına kömək edir...
Karkultura.gov.kz saytı yazır ki, «Axmaqlar» kimlərdənsə nələrisə
qurban verməyi tələb edən, digərlərinin
mürgüləyən ağlını oyadan
sevgi əhvalatı yox,
həm də insan ağlını bütün ovsun və cadulardan daha çox alan qorxu barədədir. Tamaşa
hər insanı öz hərəkət və
əməllərinin ağlabatan
olmasından ötrü cavabdehlik
daşıdığı barədə düşünməyə
vadar edir.
Ekspress.- 2018.- 25 yanvar.- S.13.