Məmmədyarov Marneulidə olub
Gürcüstana səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinə gedib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, E. Məmmədyarov Marneuli kəndlərindən, eləcə də Dmanisi və Qardabanidən gələn azərbaycanlılarla görüşüb.
Məmmədyarov Gürcüstan rəsmiləri ilə görüşlərində soydaşlarımızın problemləri haqqında müzakirə apardığını deyib. Danışıqlar zamanı mədəni-humanitar məsələlərə də toxunulub və Nəriman Nərimanovla Cəlil Məmmədquluzadənin Tiflisdəki ev muzeylərinin taleyi gündəmə gətirilib.
Söhbət əsnasında dil, miqrasiya, suvarma, icarəyə götürülmüş torpaqların özəlləşdirilməsi, məhsul satışı, yeni iş yerlərinin açılması, kənd adlarının dəyişdirilməsi və bölgədə xaz işarələrinin getdikcə çoxalması, prokurorluq və məhkəmə sistemində azərbaycanlıların çalışmaması, məktəblərdə müəllim kadrlarının çatışmazlığı və digər problemlərə toxunulub. Məmmədyarov bəzi məsələlərin yerindəcə həll ediləcəyini söyləyib və Bakıya qayıtdıqdan sonra digər məsələlərin həllini əlaqədar təşkilatlarla müzakirə edəcəyini vurğulayıb. O, yaxın aylarda Azərbaycanın iqtisadi inkişaf nazirinin də Marneuliyə gələcəyini xəbər verib.
E. Mirzə.
Ekspress.- 2009.- 3 aprel.- S. 2.