Antiböhran proqramı. Ölkə iqtisadiyyatına qədər pul lazımdır?

 

Hökumətin böhran əleyhinə xüsusi proqramı hazırladığı və onu yaxın zamanda qəbul edəcəyi gözlənilir. Qlobal maliyyə və iqtisadi böhran şəraitində ölkəmizdə belə bir sənəd indiyədək qəbul olunmalı idi. Ancaq indi də gec deyil. O baxımdan ki, böhranın ölkəmizə təsir imkanları və səviyyəsini dəqiqləşdirmək üçün hər hada müəyyən vaxt tələb olunurdu.

Ötən müddət ərzində kifayət qədər aydın oldu ki, Azərbaycan iqtisadiyyatının da dəstəyə ehtiyacı var. Lakin sənəddə konkret olaraq, hansı tədbirlərin nəzərdə tutulduğu hələ bəlli olmadığından, tələb olunan dəstəyin mexanizmi məlum deyil. Bəzi məlumatlara əsasən, proqramda işsizliyin azaldılması, real sektora dövlət dəstəyinin artırılması və istehlak qiymətlərinin aşağı salınmasının planlaşdırıldığı deyilir ki, bütün bunlarsa müvafiq vəsait tələb edir. Ona görə ki, təkcə iqtisadi təmzimləmə vasitələrinin köməyi ilə qeyd olunan məqsədlərə çatmaq mümkün deyil. Söhbət, vergi dərəcələri yumşaltmaqdan, yumşaq pul-kredit siyasətinin yeridilməsindən və manatın devalvasiyası kimi tədbirlərdən gedir. Böhrandan ciddi əziyyyət çəkən bir çox ölkələrin də təcrübəsi göstərir ki, sözügedən tədbirlərlə iqtisadiyyatı canlandırmaq çətindir. Bunlar effektli olsaydı, ABŞ iqtisadiyyatı böhranla üzləşməzdi. Hazırda bütün sözügedən ölkələr iqtisadiyyatlarını konkret məbləğlərlə ifadə olunan müvafiq maliyyə vəsaitlərindən ibarət yardım paketləriylə dəstəkləməyə çalışırlar.

Azərbaycan isə valyuta ehtiyatlarından istifadə etmək istəyir. Xatırladaq ki, hələ cari ilin yanvarında Nazirlər Kabinetinin Prezident yanında keçirilən iclasında deyildi ki, ölkənin valyuta ehtiyatlarından müəyyən qədər hissəni yerli banklarda yerləşdirmək lazımdır. Ancaq bu, asant məsələ olmadığından hələ də həllini tapmayıb. Ona görə yox ki, həmin pulların böyük qismi bəzilərinin iddia etdikləri kimi qiymətli kağızlar şəklindədir və hazırda maliyyə böhranıyla əlaqədar olaraq, bunları nəğd pula çevirmək müəyyən vaxt tələb edir. Sadəcə olaraq, bundan ötrü müvafiq mexanizm yaradılmalı və xüsusi nəzarət sistemi təşkil olunmalıdır ki, həmin pullar səmərəsiz yerə xərclənməsin. Bu, çox ciddi məsələdir.

Digər tərəfdən isə, Azərbaycan banklarında hazırda likvidlik problemi var. Və odur ki, ölkənin mövcud valyuta ehtiyatlarının istifadə etmək istərkən, öncə banklara dəstək vermək, yoxsa real sektoru inkişaf etdirmək lazım gəldiyini dəqiqləşdirmək lazımdır. Bunlar ayrı-ayrı məqsədlərdir.

Yeri gəlmişkən, ölkəmizin Mərkəzi Bankının (MB) rəhbəri Elman Rüstəmov bu günlərdə bir daha bildirib ki, qlobal maliyyə böhranı şəraitində Azərbaycanda fəaliyyət göstərən bankların əsas çıxış yolu daxili bazarda vəsaitlərin cəlb edilməsini aktivləşdirməkdir. O əlavə edib ki, son illər ölkənin bank sistemi daimi illik 70 %-lik artım nümayiş etdirdiyi halda, indi bu, müşahidə edilmir: "Hazırda bankların xarici borcları 2,5 milyard ABŞ dolları təşkil edir. Eyni zamanda banklar xarici borclarını daxili kredit fəallığı ilə tənzimləyə bilmir. Bankların əsas çıxış yolu daxili vəsaitlər cəlb etməkdir. Banklar xarici borclarını vaxtı-vaxtında qaytarmalıdır ki, bu, ölkənin imicinə pis təsir göstərməsin".

Belə şəraitdə isə birbaşa olaraq, real sektoru dəstəkləmək çox çətindir. Ona görə ki, valyuta ehtiyatlarının bir qisminin banklarda yerləşdirilməsi yalnız onların vəziyyətini sabit saxlanılmasına xidmət edəcək ki, nəticədə əsas məqsəd yenə həll olunmamış qalacaq.

Lakin iqtisadiyyata maliyyə dəstəyi məhz banklar vasitəsilə həyata keçirilməlidir. O səbəbdən ki, birbaşa olaraq, investisiya layihələrinin maliyyələşdirilməsi kiçik və orta sahibkarlığın inkişafını əhatə etməyəcək. Odur ki, Azərbaycan hökumətinin qarşısında əslində çox mürəkkəb vəzifə dayanır. Bir tərəfdən bankların borcları qaytarılmalı, o biri tərəfdən likvidlik problemi həll edilməli, digər tərəfdən isə kreditləşdirmədə elə şərait yaradılmalıdır ki, ölkə iqtisadiyyatının real sektoruna aid subyektlərin vəsaitlərə çıxışı asan olsun.

Ancaq bir məsələ var ki, ölkənin kommersiya banklarının xarici maliyyə qurumlarına olan 2,5 milyard dollar borcun 1 milyardı keçən il, 200 milyonu isə cari ilin əvvəlki aylarında qaytarılıb. Yerdə qalan 1,3 milyardın ödənişi isə ilin sonunadək başa çatdırılmalıdır.

Odur ki, valyuta ehtiyatlarının məhz nə qədər hissəsindən istifadə ediləcəyi ciddi əhəmiyyət kəsb edir. Bu barədə isə müxtəlif fikirlər və təkliflər irəli sürülməkdədir. Belə ki, rəsmi olaraq, ölkəyə 2,5 milyard dolların gətiriləcəyi deyilsə də, bəzi ekspertlər real sektorun 3, digərləri isə 4 milyard manata ehtiyacı olduğunu bildirirlər.

Bizcə, bunu müəyyən etmək çətindir. İlk növbədə ona görə ki, real olaraq, ölkə iqtisadiyyatının inkişafı üçün qeyd olunan məbləğlərin dəyərində layihələr yoxdur. Və Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına nə qədər vəsait tələb olunduğu əslində dəqiq olaraq, hesablanmayıb. Hər il bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vasitəsilə artımlarla maliyyə vəsaitləri ayrılsa da, bunlar kifayət deyil. Bir çox ekspertlər SKMF-ə 1 milyard manat ayrılmalı olduğunu bildirirsələr də, fikrimizcə, hər şey bu sahədə məhz mövcud mühitdən asılıdır. Belə ki, adıçəkilən fondda və yaxud da ölkənin banklarında nə qədər lazımdır vəsait yerləşdirmək mümkün olsa da, həmin vəsaitin müqabilində müvafiq layihələr yoxdursa və pullar düzgün paylanmayacaqsa, məqsədə çatmaq çətindir. Odur ki, paralel olaraq, digər tədbirlər də həyata keçirilməlidir.

Deyilənlər baxımından fikrimizcə, hökumətin antiböhran proqramı təkcə Azərbaycanın xaricdən gətiriləcək pulları hesabına maliyyə dəstəyinin konturları üzərində deyil, daha çox məsələni əhatə edəcək. Ancaq sözsüz ki, birinci mərhələdə məhz ölkənin bank sistemi sağlam vəziyyətə gətirilməlidir. Bunun ardınca isə, kreditləşdirmənin şərtləri yumşaldılmalı və istehsal xarakterli sahələrin inkişafı üçün uzunmüddətli kredit təklifi artırılmalıdır. Eyni zamanda, banklara əmanət cəlbini stimullaşdırmaq məqsədilə onların sığortalanma səviyyəsi yüksəldilməlidir.

Yeri gəlmişkən, MB sədri E.Rüstəmov bildirib ki, əhalinin banklardakı əmanətlərində bir neçə faiz azalma müşahidə olunsa da, ümumən sabit qalıb. Əgər, banklara vəsait cəlbində daha çox daxili bazara üstünlük vermək istənilirsə, bu məsələ mütləq həll edilməlidir. Depozitlərin faizlərinin yuksək olması məcbur deyil. Əsas odur ki, bu sahədə ən yüksək səviyyədə sığorta siyasəti yeridilsin.

Bundan əlavə, yuxarıda iqtisadi təmzimləmə vasitələrinin köməyinin az olduğunu desək də, mövcud vergi siyasətinə yenidən baxılmalıdır. Bu baxımdan, ölkədə Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər diqqət mərkəzində saxlanılmalıdır. Lakin Maliyyə Nazirliyi birbaşa vergilərin dərəcələrini azaltmaq təşəbbüsü ilə çıxış etsə də, onun mövqeyinin Vergilər Nazirliyi ilə haçalandığı deyilir. Belə ki, sonuncunun vergi qanunvericiliyinə təklif etdiyi dəyişikliklər yalnız mənfəət vegisini 2 % və ƏDV-i 1 % olmaqla azaltmağı nəzərdə tutsa da, Maliyyə Nazirliyi gəlir vergisinin 35 %-lik maksimal dərəcəsini də endirməyi təklif edir. Halbuki bunlardan da vacibi məhz sosial ayırmaların dərəcəsini azaltmaqdır. Söhbət, əməkhaqqı fondundan 22 % işəgötürənin və 3 % isə işçinin ödədiyi vergidən gedir. Istehsalçını ən çox "boğan" məhz bu amildir.

Ymumiyyətlə, böhran şəraitində istehsalçını himayə etmək siyasəti başlıca məqsəd olmalıdır. DSK sədri Arif Vəliyevin bu günlərdə verdiyi məlumata əsasən, ilin başlanğıcından ölkədə artıq 6 min nəfər iş yerini itirib. Doğrudur, bu, müxtəlif obyektiv səbəblərdən baş verib. Lakin fakt bundan ibarətdir ki, qeyri-neft sektorunda 14 % artımın müqabilində sənaye istehsalı enməkdədir.

Odur ki, iqtisadiyyata təcili dəstək lazımdır. Bunun üçün qədər pul tələb olduğunu isə antiböhran proqramı çərçivəsində həyata keçiriləcək tədbirlər müəyyən edəcək. Əsas odur ki, Azərbaycanın özünün pulu var.

 

 

Pərviz HEYDƏROV

 

Ekspress.- 2009.- 16 aprel.- S. 7.