"Mediaya yardımlar müsabiqəli müsabiqəsiz ola bilər"

 

Əflatun Amaşov: "Fondun yaradılması jurnalistikanın inkişafına yeni imkan yaradacaq"

 

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu"nun yaradılması haqqında Fərmanı mediada geniş müzakirəyə səbəb olub. Fərmana əsasən Mətbuat Şurasına Fondun Müşahidə Şurasının üzvlüyünə namizədlər barədə təkliflərini bir ay müddətində prezidentə təqdim etməsi tövsiyə olunub. MŞ sədri "Ekspress"ə müsahibəsində bu fərmanın ölkə mətbuatının inkişafında yeni bir dövrün başlamasına təkan verəcəyini bildirib.

- Prezidentin fərmanı ilə belə bir fondun yaradılmasını necə qiymətləndirirsiniz?

- Bu, ötən il iyulun 31-də imzalamış "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası"nda nəzərdə tutulan müddəaları həyata keçirmək məqsədilə yaranmış fonddur. Bu fond vasitəsilə mətbuat vasitələrinə maliyyə yardımı ediləcək.

Fondun yaranmasında əsas məqsəd Azərbaycanda fikir, söz, mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin yaradılması və digər məsələlərin öz əksini tapmasıdır. Fond eyni zamanda şəffaflıq, qarşılıqlı məsuliyyət, əməkdaşlıq, kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, mətbuatla ictimaiyyət arasında əlaqələrin olması məsələlərinin də həllinə müsbət təsir edəcək.

- Fondun idarə olunmasında və fəaliyyətinin şəffaflığında ictimai nəzarət hansı formada aparılacaq?

- Prezidentin imzaladığı "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası" hazırlanarkən də eyni prinsiplər gündəmdə idi. Yəni, şəffaflıq, qanunçuluq, məsuliyyətlilik və s. prinsiplər bu fərmanda da öz əksini tapıb. Belə ki, bu konsepsiyada deyilən və bir sıra KİV-ə birdəfəlik maliyyə yardımlarının göstərilməsi haqqında verilmiş sərəncam mətbuat vasitələrinə diqqət və qayğının bariz nümunəsidir.

Eyni zamanda, bu fərman və sərəncamlar mətbuatın inkişafı və iqtisadi müstəqilliyi, jurnalist peşəkarlığının artırılması ilə bağlı böyük yardımdır. Bu siyasət yalnız mətbuatın iqtisadi durumunun yaxşılaşmasına deyil, eyni zamanda, mətbuata dövlət dəstəyinin artırılmasına yeni imkanlar yaradacaq.

Fondun idarə edilməsi və fəaliyyətinin təşkilinə nəzarəti Nizamnamədə göstərildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası həyata keçirəcək. Bu Müşahidə Şurası 9 nəfərdən təşkil ediləcək ki, bunların 3 nəfəri KİV, 3 nəfəri jurnalist təşkilatları, 3 nəfəri isə dövlət orqanlarının nümayəndələrindən ibarət olacaq. Qeyd edim ki, Fondun Müşahidə Şurasına namizədləri Mətbuat Şurası təqdim edəcək.

- Fond mətbuat orqanlarına yardımları hansı prinsiplərə əsasən həyata keçirəcək?

- Fondun icraçı direktoru olacaq. Əvvəlki konsepsiyada mətbuat orqanlarına yardımların verilməsi barədə məlumat verilmişdi. Yardımlar müsabiqəli və müsabiqəsiz ola bilər. Eyni zamanda, müsabiqəli yardımların verilməsində qeyd olunur ki, bu zaman həmin mətbuat orqanı kredit də ala bilər. Belə ki, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə məqsədli proqram və layihələrin həyata keçirilməsi məqsədi ilə kütləvi informasiya vasitələri maliyyə yardımları və qrantlar ala bilərlər.

Kreditlər isə, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, onların inkişafına xidmət edən perspektiv proqram və bir çox uğurlu layihələrin həyata keçirilməsinə ayrıla bilər. O ki qaldı müsabiqəsiz layihələrə dəstək məsələsinə, bura bölgələrdə fəaliyyət göstərən KİV-lər, uşaqlar üçün yardımlar, subvensiyalar, subsidiyalar və sairə məsələlər daxildir.

Fərmanda hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədilə müvafiq vəsaitin nəzərdə tutulmasının təmin edilməsi də göstərilir. Ayrılan maliyyə 1 milyon 300 min manatdır. Onu da qeyd etmək lazımdır ki, bu fond Azərbaycan mətbuatının problemlərini müəyyənləşdirərək onların həlli istiqamətində həyata keçirilən layihələri maliyyələşdirəcək.

Ymumiyyətlə, bildirmək istərdim ki, ölkə prezidentinin imzaladığı bu fərman Azərbaycan mətbuatının inkişafında yeni bir dövrün başlanmasına təkan verəcək. Eyni zamanda, bu fərman ölkə mətbuatının gələcəyə olan perspektivlərini daha da gücləndirəcək və jurnalistikanın inkişafına yeni imkan yaradacaq. İnanırıq ki, Azərbaycan mətbuatı dövlət başçısının bu etimadını, həmişə olduğu kimi, doğruldacaq, dövlətçiliyimizin və milli maraqlarımızın qorunması istiqamətində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək.

 

 

Lalə MEHRALI

 

Ekspress.- 2009.- 16 aprel.- S. 5.