Tofiq Quliyevə həsr olunmuş kamera konserti

 

XX əsr Azərbaycan musiqi tarixinə daxil olmuş, görkəmli Bakıxanovlar nəslinin nümayəndəsi, bəstəkar skripkaçı Tofiq Bakıxanov məhsuldar yaradıcılığı ilə seçilir. Onun yaradıcı fəaliyyəti özündə bir neçə yönümü əks etdirir. Yəni, bəstəkar öz qələmini, fantaziyasını həm səhnə əsərləri, həm simfonik, həm kamera-instrumental sahədə sınamışdır. Təhsilini odövrkü Y.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında skripka bəstəkarlıq sinfi üzrə almış T.Bakıxanovun yaradıcılığında bu iki sahə daim bir-birinə təsir göstərərək vəhdət təşkil etmişdir. Təsadüfi deyil ki, hal-hazırda bitirmiş olduğu ali məktəbin "Kamera ansamblı" sinfi üzrə dərs deyən bəstəkarın tələbələri müəllimlərinin yaradıcılığına dəfələrlə müraciət edirlər ki, haqqında söz açacağımız konsertdə bu, bir daha özünü təsdiqlədi.

20 aprel tarixində BMA-nın Böyük Zalında təşkil olunmuş konsert Tofiq Bakıxanovun görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin xatirəsinə hərs etdiyi tədbir idi. Tədbiri giriş sözü ilə professor, musiqişünas Zemfira Qafarova açaraq qısa şəkildə T.Bakıxanov və T.Quliyev yaradıcılıqlarına ekskurs etdi. Konsertin proqramı haqqında dinləyiciləri məlumatlandırdı: Zemfira Qafarova 12 saylı kamera sonatası "Cazsayağı"nın Tofiq Bakıxanov tərəfindən Tofiq Quliyev yaradıcılığındakı caza ehtiram olaraq yazıldığını qeyd etdi.

Konsertin ilk musiqi nömrəsi Aysel Məlikova (BMA-nın tələbəsi, magistr, I kurs) və Gülnarə Əhmədovanın (konsertmeystr) ifasında T.Bakıxanovun 3 hissədən ibarət 8 saylı kamera sonatası oldu. Sonata xalq mahnıları əsasında (I hissə: "Gözəlim sənsən"; II hissə: "Ağacda alma"; III hissə: "Laçın") yazılmışdır. İkinci səslənən 12 nömrəli sonata "Cazsayağı" adlanaraq yuxarıda qeyd edildiyi kimi, T.Quliyevə həsr olunub. Əsər Nigar Rzayeva (BMA-nın tələbəsi, IV kurs) və Gülnarə Əhmədova tərəfindən dinləyicilərin diqqətinə çatdırıldı.

Konsertin digər nömrələri norveç bəstəkarı E.Qriqin 3 saylı kamera sonatası (ifa etdilər: BMA-nın IV tələbəsi Aysel Manafova və G.Əhmədova) və fransız impressionisti M.Ravelin eyni janrlı 3 hissəli əsəri (ifa etdilər: BMA-nın tələbəsi, IV kurs tələbəsi Nigar Azayeva və G.Əhmədova) oldu.

Konsertin ümumi konsepsiyası kamera ansamblı janrında yazılmış, 3 müxtəlif dövr və fərqli üslublarda ərsəyə gəlmiş əsərlərin ifası, əsas ideya isə görkəmli bəstəkarımız Tofiq Quliyevin xatirəsinin yad edilməsi idi.

 

 

Aybəniz MƏMMƏDOVA

 

Ekspress.- 2009.- 25-27 aprel.- S. 20.