Türk Film Həftəsi başladı

 

Azərbaycan tamaşaçısı ilk nümayişi - "Yaşamın kıyısında" filmini "həzm" edə bilmədi

 

Dekabrın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanda Türk Film Həftəsinin rəsmi açılış mərasimi keçirilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Melda Aras film həftəsi barədə iştirakçılara məlumat verərək bildirib ki, dekabrın 19-na kimi davam edəcək həftə zamanı ən çox mükafat qazanmış ekran əsərləri nümayiş etdiriləcək.

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev isə Bakıda keçirilən mədəniyyət tədbirlərindən danışaraq Türk Film Həftəsinin bu sırada özünəməxsus yer tutduğunu vurğulayıb. İki qardaş ölkə arasında mədəni əlaqələrin gündən-günə inkişaf etdiyini söyləyən nazir müavini, bu cür tədbirlərin keçirilməsini buna nümunə kimi göstərib.

Türk Film Həftəsinin koordinatoru Hicri Bozdağ isə 3 gün müddətində nümayiş etdiriləcək filmlər barədə ətraflı məlumat verib.

Rəsmi açılışdan sonra 2007-ci istehsal olunmuş, elə həmin il məşhur Kann kinofestivalında ən yaxşı ssenari nominasiyasında qalib seçilən "Yaşamın kıyısında" ("Həyatın kənarında") filmi nümayiş olunub. Film Fatih Akanın rejissorluğu ilə çəkilib və müxtəlif festivallarda mükafat qazanıb.

APA-nın xəbərinə görə, filmdə açıq-saçıq səhnələr və qeyri-etik ifadələr üzündən Azərbaycan tamaşaçılarının əksəriyyəti zalı tərk ediblər. Onlar bu cür filmin Azərbaycan tamaşaçıları üçün nümayiş etdirilməsinin təhqir olduğunu bildirib, iradlarını çatdırıblar.

Qeyd edək ki, Türk Film Həftəsi zamanı "Vizontele Tuğba", "Mutluluk", "Günəşi gördüm" və "Üç meymun" filmləri nümayiş olunacaq.

Filmlər Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında pulsuz nümayiş etdirilir.

 

 

Ekspress.- 2009.- 18 dekabr.- S. 23.