Azərbaycan Uşaqlarının I Forumu keçirildi

 

Hicran Hüseynova: "Azərbaycanda "Uşaq ili" yekunlaşsa da, uşaq problemləri qurtarmır"

 

Dünən Bakıda Azərbaycan Hökuməti, Heydər Əliyev Fondu "NUR" Uşaq Gənclərin İctimai Birliyi tərəfindən təşkil edilmiş Azərbaycan Uşaqlarının I Forumu öz işinə başladı. Tədbirdə öncə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təbrik məktubu oxundu.

Baş nazirin müavini Elçin Əfəndiyev forumun ölkə həyatında önəmli hadisə olduğunu bildirərək qeyd etdi ki, hazırda uşaq problemlərinin həlli üçün hökumət tərəfindən 30-dan artıq Dövlət Proqramı həyata keçirilir.

Milli Məclisin (MM) sədr müavini Bahar Muradovanın sözlərinə görə, parlament tərəfindən 70-dək qanun qəbul edilib ki, bunlar bilavasitə və dolayı yolla uşaqlara və uşaq hüquqlarına həsr olunub. B.Muradova bundan başqa MM-də 15-dən çox konvensiyanin ratifikasiya olunduğunu da diqqətə çatdırdı.

   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə qeyd etdi ki, Azərbaycanda "Uşaq ili" yekunlaşsa da, ancaq uşaq problemləri qurtarmır: "Biz gələn ildə də bu işləri davam etdirəcəyik ki, uşaqlarımız xoşbəxt və firavan yaşasınlar".

"Nur" Uşaq və Gənclərin İctimai Birliyinin sədri, Uşaq Forumunun keçirilməsinin ideya müəllifi Sevinc Muradova foruma Azərbaycanın 56 rayon və şəhərindən 250 uşaq qatıldığını deyərək, onların içində xüsusi qayğıya ehtiyacı olan uşaqların da olduğunu vurğuladı. Dediyinə görə, bu uşaqlar foruma öz təşəbbüsləri ilə qatılıblar. "Onlar burada öz arzu və istəklərini sərbəst şəkildə səsləndirəcəklər", - deyən S.Muradovanın sözlərinə görə, Azərbaycanın kiçik vətəndaşlarını maraqlandıran bütün məsələlər forumda geniş şəkildə müzakirə olunacaq: "Biz hamımız uşaqların sülh içində yaşamasını, onların zorakılıqdan uzaq olmasını istəyirik. Bunun üçün lazım olan tədbirlər həyata keçirilməlidir. Uşaqların hüquqlarının qorunması, onların inkişafı üçün qanunvericilik aktları, beynəlxalq sənədlər mövcuddur. Azərbaycan prezidenti tərəfindən 2009-cu ilin "Uşaq ili" elan edilməsi də məhz uşaq hüquqlarının müdafiəsi ilə bağlıdır".

Daha sonra forumda ilk dəfə olaraq "Uşaq himni" səsləndi. Bundan başqa Azərbaycan Uşaqlarının I Forumunun iştirakçıları adından Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya "Qayğıkeş ürək" mükafatı təqdim olundu. Sonra forum işitirakçıları 8 qrupa bölünərək müzakirələrə başladılar. Günün sonunda isə forumun yekun Bəyannaməsi qəbul edildi.

Forum bu gün başa çatacaq.

  

 

Aqil ASLAN

 

Ekspress.- 2009.- 18 dekabr.- S. 8.