Mütəllim Mütəllimov-100
Bir
payız günüydü. Bığ yeri təzəcə tərləmiş
ortaboylu, qarayanız oğlan dərsə tələsirdi.
Beşmərtəbə həndəvərində bir kişi
ona yaxınlaşdı. Həyatında ilk dəfə
gördüyü saçı çallamış, dolu,
cüssəli kişinin "bala, texnikuma gedirsən" sualı
oğlanı yolundan saxladı.
O,
düz tapmışdı. Səkkizilliyi yayda bitirmiş bu
yeniyetmə Asəf Zeynallı adına musiqi texnikumunun birinci
kurs tələbəsiydi. Hələ sənət yollarında
ilk addımlarını atırdı, irəlidə onu nələr
gözlədiyindən xəbərsiz, yalnız oxumaq
qayğısıyla üz-üzə. Qarşısında
dayanmış altmış yaşlı bu kişisə həyatın
çox dolanbaclarından keçmiş, uğur və
şöhrət, qibtə və nifrət görmüş
birisiydi. Artıq onu sənət aləmində heç nəylə
təəccübləndirmək mümkün deyildi.
Hamısından dadmışdı. Kişi ilk dəfə gördüyü
oğlanın bayaqdan əlində bərk-bərk tutduğu
tardan gözünü çəkmədən ikinci sualını verdi: "Məni
tanıyırsan?". Oğlan utandığından dilini
sürüyə-sürüyə bircə kəlmə
"yox" deyə bildi. "Xanəndə Mütəllim
Mütəllimovam", - söylədi kişi.
Amma bu təqdimat da qarayanız
oğlanın yadına heç nəyi salmadı. Xanəndə atüstü
tanışlıq və söhbəti yekunlaşdırdı:
"Dərslərini yaxşı oxu: İndisə, get
oğlum, gecikərsən". Əslindəsə o qəfil
tanışından ayrılmaq istəmirdi. Amma yox, birinci kərə
gördüyü oğlan deyildi onu yolundan saxlayan. Əlindəki
tarıydı tanışlığın səbəbkarı.
Qarabağdan başlayan sənət yollarında, yeri gələndə
bir orkestri əvəzləyən, daim yanğısıyla onu
oxutduran, yol yoldaşı saydığı tar. Oğlan
gözdən itənəcən arxasınca baxdı.
Doluxsunmuşdu. Təkrarsız səsinin, ifasının, min
bir qatlı istedadının müqabilində altmış
yaşını təltifsiz-filansız qarşılayan,
çox haqsızlıqlar yemiş xanəndənin sənətdən
küsüb getmək istədiyi vaxtda səhər o başdan
tarla görüş onu təsirləndirmişdi.
Heç o özü də
kəsdirəmmədi, niyə ayaq saxladı, niyə özünü
oğlana təqdim elədi. Axı,
gözə soxulmaq, döşünə döymək azarı
ondan uzağıydı. Belə şeyləri bacarsaydı, nə
dərdi vardı. Xanəndə sanki hamının görəcəyindən
ehtiyatlanıb, ehmalca qəhərlənmiş gözlərini
sildi və sakitcə yola düzəldi...
Bu Möhlət Müslümovun
Mütəllim kişiylə ilk tanışlığıydı.
O, xanəndənin böyük sənətindən
xəbərsizdi, görüşün əhəmiyyətini
anlamamışdı. Yalnız dərsdən evə dönərkən
səhər başına gələnləri danışanda
atasının "sən heç bilirsən, kimlə
tanış olmusan?!" sözlərindən sonra sanki
ayılmışdı. İndi Azərbaycanın tanınan
tarzənlərindən sayılan Möhlət bəy qırx
il əvvəlki görüşü təəssüflə
xatırlayır. Sonralar nə səbəbdənsə
geniş ünsiyyət qura və ətraflı tanış
ola bilmədiyi xanəndəylə o vədə doyunca
danışmamaq acısıdı onu yandıran.
Mütəllim Mütəllimov
Bakının Maştağa qəsəbəsindəki Seyidlər
qəbiristanlığında uyuyur. Onun son aqibəti bəzilərini çaş-baş
salır. Gözlərimin və qulaqlarımın şahidiyəm.
Maştağada bir neçə nəfər mübahisə edəni
güclə inandıra bilmişəm ki, Mütəllim
kişi sizin kənddən deyildi. "Bəs
haralıydı" sualının cavabında o əsl azərbaycanlıydı
deməyim öcəşənləri sakitləşdirdiyi
kimi, gümanımca başqalarının da qazını
salar. Nədən ki, bütün muğamsevərlərin onu
özününkü, həmyerlisi bilməsinin səbəbi
məhz budu. Hərçənd doğulduğu yer,
kökü-köməci bəllidi Mütəllimin. Yüz il əvvəl
Ağcabədidə kərbəlayi Ələkbərin ailəsində
dünyaya gəlmişdi. İldən savayı doğum tarixinə
şahidlik edən dəqiq ay və gün yoxdu. Bir o məlumdu
ki, payızda təvəllüd tapıb. Bu barədə
soruşanlara "əzgil dəyəndə doğulmuşam"
söyləməyi isnad verərdi. Dünyadan
köçünü sürəndəsə 1980-ci ilin
ortasıydı. Yayın nəfəsi təzə-təzə
duyulurdu. Yetmiş bir yaşını bitirməyə macal
tapmayan sənətkar canını götürüb gedirdi. Nədənsə
mənə elə gəlir, içi özü
qarışıq buna sevinənlər çoxuydu. Demək ta
heç kimin yerini dar eləməyəcəkdi.
Özününsə "gör-gövdən efirə
yaramır" deyib onu televiziya ekranına buraxmayanlardan,
"iranlı" damğası üzündən fəxri ad
almamaq umu-küsüsündən canı qurtaracaqdı.
Qocalığın gəlişini heç bir mükafatsız
və danışılanlara görə vur-tut iyirmi yeddi manat
təqaüdlə qarşılayan xanəndə
sarsılmışdı. O belə sonluğa layiq deyildi və
güman ki, gözləmirdi də. Çox da sənəti onu
xalq məhəbbəti və bir parça çörək
sarıdan heç zaman darda qoymamışdı. Amma onillər
boyu səsi və yüksək peşəkarlığıyla
xalqa, dövlətə xidmətinin
qarşılığını tam almamışdı.
Bütün mənalarda qazandığı istedadından və
verdiyi töhfədən aşağıydı. Xanəndəsiz
ötən 30 illik dövr bu fikri dəfələrlə təsdiqləyib.
İllah da axır 10-15 ildə necə böyük sənətkarı
itirdiyimiz açıq-aşkar bilinir. Mütəllim Mütəllimovun
özünəsə kimliyi və çəkisi hələ
ötən əsrin ortalarında sağlam, canısulu, məclislərdə
adamları mat-məəttəl qoyduğu vaxtlarından
agahıydı. İntəhası belə şeyləri dilə
gətirmək təbiətinə yadıydı. Həyatını
büsbütün ailəsiylə birgə, abır-həyalı,
gözütox yaşayan xanəndənin halal haqqını
oğurlamağa baiskar xasiyyət və qaranlıq, ziddiyətli
məqamlar əslində bu kişinin nə dünən, nə
də bu gün tam boyunda görünməsinə imkan verməyib.
Nə qədər mübahisə doğursa belə, azacıq
vicdanı və insafı olanlar yəqin mənimlə
razılaşarlar. Açığı, ölməz
ifasının vurğunu kimi onun "Qarabağ xanəndələri"
albomuna və "Muğam" ensiklopediyasına daxil edilməsindən
xəbər tutanda xeyli sevinmişdim. Demək, Mütəllim
sənətiylə özü-özünə yiyəlik eləyə
bilmişdi. Bu beh-bazarsız dünyada qoyub-getdiyi miras
xilaskarına çevrilmişdi. Unudulmadığının və
zaman-zaman yaşayacağının təsdiqi bir daha ortaya
çıxmışdı. Bir yana baxanda xanəndənin
arxasız-dayaqsız öz "gücünə" yerini,
qiymətini alması adamı nə qədər sevindirirsə,
o biri yandan bəzi məsələlərə təəccüblənirsən.
Doğrudanmı, belə böyük layihələrdə diqqətdən
kənarda qalmayan sənətkarın radio-televiziyada yada
salınmasına, xatirə və yubiley gecələrinin
keçirilməsinə, adının əbədiləşdirilməsinə
əngəl olası ciddi səbəblər var. Yalanı
yoxdu, həmişə bu barədə düşünəndə
mənə elə gəlir ki, lazımi addımların
atılmasına səbəb rəsmi, bürokratik əngəllərdən
daha çox, qeyrət məsələsidi. Belə
olmasıydı, hələ iyirmi beş il əvvəl xalq
musiqisinin yorulmaz tədqiqatçısı, mədəniyyətimizin
cəfakeşi Firudin Şuşinski Azərbaycan
televiziyasında müəllifi və aparıcısı
olduğu "İfaçılıq sənəti"
verilişini Mütəllim Mütəllimovun ifasında
"Mirzə Hüseyn segahı"yla başlamazdı. Bu o
vaxtıydı ki, ölkəmiz müstəqilliyə
çıxmamışdı. Sovet ideologiyasının müəyyən
çərçivələri mənəvi dəyərlərimizin
lazımınca təbliğinə maneçilik törədirdi.
Prinsipial xarakterli, dönməz əqidəli, yeri cənnətməkan
Firudin bəysə qoruq-qaytana məhəl
qoymamışdı. Qəlbinin hökmüylə hərəkət
eləmişdi. Dünyasını dəyişmiş Mütəllimin
səsini əsirlikdən, unudulmaqdan qurtarmaq missiyasını
boynuna çəkmişdi. Və onda görürdün
qaltanlı, şirəli səslə xanəndə evimizə
qonaq gəldi:
Hər bağın, hər
bağçanın,
Bir bülbülü şeydası
var.
Hər duyan qəlbin əzizim
Gizli bir sevdası var.
Xanəndə Mütəllimlə
bağlı həmsöhbətimlərin sırası
genişdi. Oğlu Qəhrəman, qızı Dilguşə, nəvəsi,
adını yaşadan Mütəllim, xalq artisti Canəli Əkəbrov,
sənət vurğunu, xeyriyyəçi Arif Mədətov,
qocaman tarzən Firudin Ələkbərov, onun həmkarı
Valeh Rəhimov və başqaları məxsusi ehtiram və
yanğıyla xatırladılar onu. Xüsusilə, onların
ən yaşlısı Firudin müəllimin
qırxıncı illərdən tanıdığı, o
zamankı dövlət estradasında, filarmoniyada,
"Azkonsert"də birgə çalışmaları, el məclislərində
və rayonlarda konsertlərdə iştirakı barədə
söylədikləri maraqlıdı. F.Ələkbərovun
milli ifaçılıq sənətimizin barmaqla
sayılası nəhəngləri sırasına layiq bildiyi
xanəndəylə bağlı əfsanəyə bənzər
söhbətlərisə bir özgə aləmdi. Belə ki,
bir dəfə ona çoxdan deyilmiş toyun gününü
unudub, başqa məclisə gedən Mütəllimi birinci
sifarişçi cəzalandırmaq qərarına gəlir. Özü də məhz toy günü,
necə deyərlər sənətkar iş başındaykən.
Səbəbsə aydındı. Xanəndəni camaat bu kənddə
gözlədikləri halda, sorağı qonşu kənddən
gəlib. Xəbəri həmin kənddən növbəti məclisə
təşrif gətirən qonaq gətiribmiş. Mütəllimin
onu saymadığını düşünən birinci
sifarişçi sarsılır və heyfini almaq
üçün həmin yerə yollanır. O mağara daxil
olanda xanəndə həmişəki təki şövqlə
oxumağındaymış. Çağrılmamış
qonaq adamların diqqətlə qulaq asdığını
görüb, ayaq saxlamaq məcburiyyətində qalır.
Muğam dəstgahı bitir. Bu ifaya hayıl-mayıl qalan
tamaşaçıların gözləri dolur, alqış sədaları
göyə yüksəlir. Sən demə acıqlı qonaq da
həmin oxuya laqeyd qala bilmədiyindən əli-qolu
boşalır. Mütəllim xətər toxundurmaq əvəzinə,
ona yaxınlaşaraq, "sənətin qanının
arasına girdi" deməklə ordan uzaqlaşır.
1963-cü ildən Mütəllim
Mütəllimovun ömrünün son gününəcən
xanəndəylə ünsiyyətdə olmuş Canəli müəllimin
ağız dolusu danışdıqlarından bir-iki yarpaq:
"Ləyaqətli kişiydi, abır-həya mücəssəməsiydi.
Ailəvi get-gəlimiz vardı.
Böyüyün-kiçiyin yerini gözləyən, pərdə
saxlayan adamıydı. Sənətinəsə söz ola bilməzdi.
Bizim böyük xanəndələrimiz içərisində
hörməti gözlənilənlərdəniydi. Ona "əmi"
deyə müraciət olunardı. Mən bu fikirdəyəm
ki, nə qədər xalqımız var, o yaşayacaq, seviləcək".
Xanəndədən
yadigar lentlər çox deyil. 1951 və 1963-cü illər
arası yazılan "Mirzə Hüseyn segahı" (iki
variantda), "Bayatı Şiraz", "Orta Mahur",
"Cahargah" muğamları, "Apardı sellər
Saranı" və "Nazlı yarım" və
"Şirin olur" mahnıları, ölümündən
az qabaq Rafael Hüseynovun onunla müsahibəsi və ola bilsin
daha bir-iki xırda-para şeydən savayı radionun fondunda nəyinsə
qaldığı söylənmir. Televiziyayasa
buraxılmadığından təəssüf ki, heç bir
təsvirli material yoxdu. Sənətkarın lent
yazılarından söz düşmüşkən, 1967-ci ildə
Hövsanda el şənliyində ifa etdiyi "Bayatı
Qacar" muğamını həvəskarların maqnitafona
yazması faktı məlumdu. Həmin ifanı audiokasetdə
bu günədək tarzən Valeh Rəhimov qoruyub saxlayır.
Və yeri gəlmişkən, Bakıda xanəndənin sənətini
çox yüksək qiymətləndirən Kürdəxanı
və Hövsan kəndlərində məhərrəmlik
aylarında məxsusi dəvətlə müəyyən məclislərdə
mərsiyələr oxuduğu bəllidi. Ehtimala görə
şəxsi əllərdə həmin məclislərə
şahidlik edən lent yazıları da mövcuddu.
Ağcabədidə
vaxtilə kərbəlayi Ələkbərə məxsus
torpaqda indi Üzeyir Hacıbəyov adına muğam mərkəzi
yerləşir. Xanəndəlik etmədiyinə baxmayaraq,
gözəl səsi olan Ələkbər kişi oğlunu
mollaxanaya qoymuşdu. Bəlkə də o, gələcəyin
görkəmli din xadiminə çevriləcəkdi. Sovetlərin
gəlişi çox şeyi dəyişdi. Mütəllim nə
din xadimi oldu, nə də ali təhsil aldı. Amma onun
geniş mütaliəsi, muğamları, klassik poeziyanı, əruzu
qədərincə bilməsi tanıyanlara sirr deyildi. Və məhz
bu məqamlar onun şəxsiyyət və sənətinin zəngin
əsaslarıydı.
Maddi imkanı
üzündən sovet hökumətinin tuthatutundan qurtulmaq
üçün Arazın o tayına qaçan, sonra geriyə
dönən, pul-para və daha nə yollasa özünü və
oğlunu sürgündən, güllələnməkdən
xilas edən kərbalayi Ələkbər yeganə övladına
kömək edib- edə bilmədiyini o vədə hardan biləydi.
Əslində Mütəllim cismən salamat
qalmışdı, mənəvi rahatlığısa o
heç zaman tapa bilmədi. Atasının məlum
keçmişi onun şöhrətə, təltiflərə
gedən yolunu həmişəlik bağlamışdı.
Düz üç il
qabaq Mütəllim Mütəllimov Arif Mədətov kimi
xeyirxah insan sayəsində yad edildi. Milli Dram Teatrın
tamaşaçı salonu ağzınacan doluydu. Hələ
bayırda qalanlar da vardı...
Təkrarsız səsi,
ifasıyla seçilən, oxusu dərslik kimi keçiləsi,
su kimi içiləsi Mütəllim ötən şənbə
yad olundu. Həyatını muğamsız təsəvvür
etməyən bu kişi hamını "Muğam"
teatrına, başına topladı. Yenə Mütəllim
oxudu və yenə heyran qoydu...
Ölüb qurtarmadıq yar gileyindən.
Hərdən asılmaqçün
ağ biləyindən
Qızıl qolbağın
olaydım, ay qız.
Seymur
Elsevər
Ekspress
.- 2009.- 22 dekabr .- S.23.