"Bülbüllər"in adı dəyişdi.

 

Aybəniz Haşımova rəhbərlik etdiyi qrupu “Azərbaycan” adlandırıb

 

Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımova rəhbərlik etdiyi "Bülbüllər" qrupunun adını dəyişib. Bu barədə APA-ya məlumat verən sənətçi qrupu "Azərbaycan" adlandırdığını deyib. Bildirib ki, bu addımı atmasına səbəb qrup üzvlərinin yaşlarının artmasıdır: "Onlar dünyanın hər yerində bundan sonra "Azərbaycan" adı ilə çıxış edəcəklər. Bu mənim çoxdankı arzum idi. Düşündüm ki, artıq bu arzumu reallaşdırmağın zamanıdır. Çünki balaca bülbüllər artıq böyüyüblər. Artıq yeni "Bülbüllər" qrupunu da yaratmışam və oraya azyaşlı uşaqları cəlb etmişəm. Beləliklə, rəhbərliyim altında iki qrup fəaliyyət göstərəcək".

A.Haşımova xarici səfərlərə hazırlaşdıqlarını da açıqlayıb. Qrupun "Azərbaycan" adı altında ilk səfəri mayda Türkiyəyə olacaq. Qrup Türkiyədə fəaliyyət göstərən həmyerlimiz Məlahət Abbasovanın təşkil edəcəyi Azərbaycan günləri çərçivəsində keçiriləcək konsertlərdə çıxış edəcək.

 

 

Ekspress.- 2009.- 5 fevral.- S. 14.