Tofiq Quliyev anıldı
Fevralın 11-də Muzey
Mərkəzində ölməz bəstəkar Tofiq Quliyevin həyat
və yaradıcılığını əks etdirən
foto-sərgi nümayiş etdirilib. Fotosərgini izləməyə
gələnlər arasında xalq artistləri Canəli Əkbərov,
Oqtay Zülfüqarov, aktrisa Nuriyyə Əhmədova,
kinoşünas Aydın Kazımzadə, Mədəniyyət və
Turizm nazirliyinin əməkdaşları, muzey rəhbərləri
və media nümayəndələri olub.
Nümayişdən əvvəl
tədbiri giriş sözü ilə açan Dövlət
Film Fondunun sədri Cəmil Quliyev sərginin iki təşkilat
- Azərbaycan Dövlət Film Fondu və Dövlət
Foto-Kino Sənədləri Arxivi tərəfindən təşkil
olunduğunu bildirib. O, əldə edilən yeni fotoların
Gürcüstan vətəndaşları tərəfindən
hədiyyə olunduğunu qeyd edib.
Tədbirdə
iştirak edən Bəstəkarlar İttifaqının məsul
katibi Lalə Hüseynova Tofiq Quliyevin fəaliyyətindən
danışaraq onun Azərbaycan musiqisi tarixinə milli
estradanın banisi kimi daxil olduğunu vurğulayıb.
Xalq artisti Oqtay
Zülfüqarov, kinoşünas Aydın Kazımzadə bəstəkarın
gördüyü işlərdən söz açıblar.
Qeyd edək ki, Tofiq Quliyev
indiyədək 42 filmə musiqi yazıb, 6 musiqili
komediyanın müəllifidir.
Ayxan.
Ekspress.- 2009.- 12 fevral.- S. 14.