Fazil Salayev-bizim Toto

 

Sizlərin ürəyinizcə olan sənətkarlar haqqında yazmaq qərarına gələrkən çox götür-qoy etdim. Fikirlərim hansı səmtə yan alsa da, axırda mərhum aktyorumuz Fazil Salayevin üstündə bənd aldı...

Fazil Salayev gözünü dünyaya 1931-ci ildə Bakıda açdı. İdris kişinin evində. O vədə sentyabr ayı idi, özü də ilk günü. Fazilsə bütün bunlardan xəbərsiz-xəbərsiz qayğısız böyüyürdü. Amma yeddi yaşını, məktəbə gedəcəyi günü gözləməyə səbri çatmadı. Ağlı kəsər-kəsməz yazmağa başladı. 1935-ci ildə çəkilmiş fotoşəkli əlimə keçib. Arxasında Fazil latın qrafikasıyla öz adını, soyadını yazıb...

Uşaqlığının dörd ilini müharibə ilə qoşa addımladı. O zamandan Fazil rəssam olmaq qərarına gəlmişdi. Axı başqa necə ola bilərdi? Əli qələm-karandaş tutandan şəkil çəkirdi. Ona görə də orta məktəbi bitirən kimi sənədlərini Ə.Əzimzadə adına rəssamlıq məktəbinə verdi. Qəbul oldu, təhsil aldı, "Azərnəşr"də tərtibatçı rəssam kimi işlədi də. Amma özü demişkən, axıracan rəssam olmağa fürsət yoxmuş...

Fazil Salayevin əsli Arazın o tayından idi. Cənubi Azərbaycandan nə vaxt gəlmələri bəlli deyil. Hər halda, xanımı bu faktı dəqiq bilmir. Gün təki aydın olan Fazilin atası İdris kişinin özü kimi əsli cənubdan olan Nurəddin adlı həmyerlisinin qızına elçi düşməsi, sonra 1954-cü il aprelin 24-də, yağışlı bir gündə yaşadıqları evin geniş otağındaca oğluna toy etməsidi. O vədə rəssamlıq məktəbinin sonuncu kursunda oxuyurmuş Fazil. Və nişanlananacan qızın üzün də görməyibmiş. Toydan qabaq cəmi bir dəfə, valideynlərinin dəvətilə qız tərəfi teatra gələndə onunla rastlaşıbmış. Hərçənd Nurəddin kişinin ağırxasiyyətliyi cavanların kəlmə kəsməyinə imkan verməyib. On səkkiz yaşında ər evinə köçən Fəridə xanım ömür-gün yoldaşının rəssam olacağını zənn edirmiş. Dövrünün sayılan kişilərindən olan, partiya və bir sıra təşkilati işlərdə, vəzifələrdə çalışmış İdris Salayev də bu gümandaymış. Amma aktyor peşəsi yamanca sehrləmişdi Fazili. Neçə il arzusuna yetmək üçün quş kimi qanadlandı. "Azərnəşr"lə vidalaşıb Teatr institutunun aktyorluq fakültəsində oxuyanda da əsl aktyor olacağı günü səbrsizliklə gözlədi. Ürəkdən inanırdı ki, o gün uzaqda deyil. Aktyorluq arzusu ilə rəssamlığın daşını atıb, fırçanı, palitranı bir yana qoya bilmişdisə- demək son məqsədinə çatmaq üçün daha bir neçə pilləni qalxmaq lazımdır.

Adi rəssam olduğu, teatr institutunda təhsil almadığı vaxtlarda Fazil məşhur italyan aktyoru Totoya oxşamaq istəmişdi. Onun kimi güldürməyi, düşündürməyi, kəsəsi bizim Toto olmağı arzulamışdı...

İllər ötdü. Fazil Salayev Azərbaycan Akademik Dram Teatrına işə qəbul olundu. Bir-birindən maraqlı rollar oynadı. Eşitdiyimə görə, arada bir müddət Azərbaycan televiziyasında rejissor assisenti vəzifəsində də çalışıb. 1963-64-cü illər onun həyatında yeni dövrün başlanğıcı oldu, görkəmli kinorejissor və dramaturq Həsən Seyidbəyli Fazili "Möcüzələr adası" filmində kiçik bir rola çəkdi. Ağarza Quliyevsə "Ulduz" filmində müxbir rolunu ona verdi. O zamandan bir müddət paralel olaraq teatrda və kinoda çalışdı. "Azdrama"dan Musiqili komediya teatrına yerini dəyişsə də, Fazil yaxşı bilirdi ki, gec-tez kino onu teatrdan, sevimli sənət ocağından əməlli-başlı ayıracaq. Oynadığı şən və ciddi rolun boy-buxununa, sanbalına, biçiminə baxmayaraq hamısının canına bir əlçim qrotesk, incə yumor qatdığını, kinonun dililə təqdim etməyin daha asan olduğunu da bilirdi. Kiçicik bir jest, eləcə də qeyri-adi olmayan mizan ekranda teatrdan fərqli, tamam başqa təsir bağışlayır. Necə ki, F. Salayevin obrazlar qalereyasında hər şeydən əvvəl bu cəhətlə qarşılaşırsan. İstər qırçı Məhəmməd ("Şərikli çörək"), istər Qulaməli ("Dərviş Parisi partladır"), istərsə də alverçi ("Bizim Cəbiş müəllim"), çilingər ("Ürək-Ürək") və zontik Mehdi ("Alma almaya bənzər") olsun, fərqi yoxdu, onların heç birində aktyorun yerişi, duruşu, baxışı bir-birini təkrarlamır. Ona görə ki, Fazil incə nüanslar, nəcib məqsədlər, dəqiq hərtərəfli təhlil ustası, tədqiqatçı aktyor idi. Filmdən filmə onun axtarışları öz bəhrəsini verirdi. Elə buna görə də yüz ölçüb, bir biçən aktyorun ifasında qəlibçilikdən uzaq, heç kimə bənzəməyən rollarla, həyatda çoxlarının qarşısına çıxan tipajlarla ekranda bir daha rastlaşarkən bezmirik, onlara tamaşa etməkdən doymuruq. Bütün bunların səbəbi Fazil Salayevin real həyat lövhələrinə, canlı insan talelərinə bələdliyi və bu sahədə ən incə qatlara nüfuz etmək bacarığı ilə əlaqədardı. Bu rollar nə qədər satirik, yumoristik səpgidə həll olunsa da, aktyorun ifasında əndazəni aşan şitlik, saxta gülüş deyil, reallıqdan qidalanan qrotesk nəzərə çarpır. Həmin rolların təbiiliyi, baxımlığı da deyilənlərlə bağlıdı.

Təkrar-təkrar neçə yol "Alma almaya bənzər" filminə baxarkən adama elə gəlir ki, zontik Mehdini birinci dəfədi görürsən. Və ən qəribəsi odur ki, zontik Mehdini başqa cür təsəvvür edə bilmirsən. Bu nədir? Yaradıcılığın son həddi, yoxsa tamaşaçı təxəyyülünün dayazlığı? Məncə, bunların heç biri deyil. Sənət dili ilə desək, Fazil Salayev zontik Mehdiyə, qırçı Məhəmmədə bir aktyor kimi öz möhürünü vurub. Ona görə də həmin obrazlar başqa biçimdə ağlımıza gəlmir.

Fazil Salayevin filmlərdəki qəhrəmanları ilə yanaşı "Mozalan" satirik kinojurnalında yaratdığı tipajları da diqqətəlayiqdi. Aktyorun metroya baxmağa cəhd göstərən sərxoş, şəhərin gecə səhərədək uğultusundan dinclik tapıb yata bilməyən narahat, toylara dəvət olunmaqdan əldən düşən və axırda şalvarsız qalan, əmək qabaqcılı kimi tez-tez iclaslara, görüşlərə çağrılıb yarıtmaz işçiyə çevrilən qəhrəmanları ilə hər dəfə ekranda görüşməyə imkan tapanda gah gülür, gah halına acıyır, gah da təəssüf hissi keçiririk. İncə çalarlarla, əlvan koloritlə ətə-qana gəlmiş bu obrazlarda başlıca cəhət Fazilin səmimiyyəti və yaradıcılıq axtarışıdı. İnanmaq olmur ki, tək bircə nəfər bu qədər bənzərli-bənzərsiz obrazlar düzümü qurub. İllah da aktyoru ciddi tərzdə danışan görəndə bu inamsızlıq şübhəyə çevrilir. Amma nə fayda. Şübhələnsək də, şübhələnməsək də düzü belədi. Necə ki, beş il öncə "Mozalan"a həsr olunmuş festivalda "Ən yaxşı aktyor" nominasiyası üzrə mükafatın ona "çatması" da həqiqətdi.

Bu dünyada doyunca yaşamasa dan Fazil Salayev yaddaqalan ömür yaşadı. Bu onun fitrətindən, talantından irəli gəlir. O talantla ki, Fazil Salayev dünyanın hansı nöqtəsində yaşasaydı, mütləq şöhrət zirvəsinə yüksələcəkdi, maddi cəhətdən təmin olunacaqdı. Sovet rejimindəsə onun qismətinə yalnız biganəlik, diqqətdən kənarda qalmaq yazılmışdı: təltiflər, fərqləndirmə, həvəsləndirmə üçün verilən mükafatlar, bolluca diplomlar - heç bircəciyi ona tuş gəlmədi. 47 illik həyatını yalnız aşıb-daşan talantını xərcləməklə başa vurdu. Qazandığı tamaşaçı sevgisi oldu. Ən qəribəsi odur ki, onsuz keçən 30 ildən artıq vaxtda münasibət dəyişməz qalır. Mətbuatın, tənqidçilərin demək olar Fazil Salayev yadına düşmür ki, düşmür. Bunun səbəbi rəhmətliyin bəxtsizliyindədi, ya nə?..

Hər halda ailəsi buna bir növ öyrəşib. Özləri gedib qapılar döyməyi, jurnalist, tənqidçi axtarmağı ar bilirlər. O qismət deyilən şeylə barışıblar ki, onunla sağlığında neçə illər barışa bilmədi aktyor. Nəyisə dəyişməyəsə gücü, iradəsi çatmamışdı. Deyilənə görə cavanlığında çaydan savayı dilinə bir şey vurmayan Fazil yavaş-yavaş içkiylə yoldaşlığa başlamışdı. Sənətinə, talantına qiymətə, xoş sözlərə möhtac aktyor fikir-xəyaldan bir anlığa da olsa ayrılmaq üçün elə hey içirdi. Bir yandan da atasının ölümü, dünyaca sevdiyi anasının xəstələnməsi və nəhayət qəfil onu yaxalayan "zob" dərdi...

Fəridə xanım xatırlayır ki, onun sənəti haqqında çoxlarının əsirgədiyi xoş sözləri ölümündən bir qədər əvvəl Həsən Seyidbəyli televiziya verilişində söyləmişdi. O veriliş Fazilin vəfatından az sonra təkrar efirə gedibmiş. Fəridə xanım onu da xatırlayır ki, o aralarda guya ailəsinin onunla yola getmədiyi, giley-güzar etdiyi barədə söz-söhbətlər gəzirdi. Həsən Seyidbəylinin aktyorun sənətini gözəl təhlil etməsi, şəxsiyyəti haqqında ürəkaçan sözlər söyləməsi həmin şayiəbazların ağzını yaxşıca yumubmuş.

"Fazilsiz keçən bu illərdə təsəlliniz nə olub" sualına Fəridə xanım belə cavab verir:

- Qızlarım. Axı onlar rəhmətliyin ən qiymətli yadigarlarıdı? Üç qız zarafat deyil. Fazil rəhmətə gedəndə hələ hamısı evdəydi. Sonra başım qarışdı onları köçürməyə. Daha sonra nəvələrim dünyaya gəldi. Heç o rəhmətə gedəndən bəri vallah bir düz-əməlli başım açılmayıb. Elə bil yaxşı-pis gün görmüşdümsə hamısı onnan getdi? Fazil evin vur-tut bircə uşağı olub. Özü varlı-hallı bir kişinin. Üstəlik üç qardaşın evində yeganə uşağıydı. Ona görə ürəyi istəyib, əlüstü düzəlib. Yəni korluq çəkməyib. Rəhmətlik qayınatamın artistlikdən xoşu gəlməzdi. Elə sözün doğrusu mənim . Heç, inanın, teatrda tamaşalarda oynayırdı, tək-tük halda gedib baxırdım. Pianino çalmağı, oxumağı aləmi idi. Hədsiz istedadlıydı. O açıq-saçıq, əhlikefiydi, Bakının yarısı da dostları. Mənsə ciddi, qısqanc... təhər deyərlər çox fərqimiz vardı. Fazilin ana babası lotu Cabbarın da artistliyi varmış. Teatrda işləməyib, toy-düyündə iştirak eləyərmiş. Görünür babasına çəkibmiş. İndi mənim beş nəvəm var. Üçü ali təhsil alıb. Onlardan ikisi artıq ailə qurub. Hər ikisi ixtisasca memardı. Balaca nəvələrim uzaqdadı. Burnumun ucu göynəyir onlarçün. Bax, o ən balaca nəvəm var ha, yaman dilli-dilavərdi. Kim bilir, bəlkə o da babasına çəkib?

Təəssüf ki, Fazil Salayevin uzun illərdən bəri tanıdığım, ünsiyyətcil olması ilə seçilən kiçik qızı Ofeliyanı bu səfər görə bilmədim. Dolanışıq üzündən beş-altı il qabaq iki oğluyla birgə vətəni tərk edib, güzarını Almaniyaya salıb Ofeliya xanım.

Fazil Salayevin haqqında keçmiş zamanda danışmaq çox ağırdır. 47 yaşın içində ömrü yarı yolda qalan aktyorun doğmaları, neçə-neçə sənət dostları, tanış-bilişləri onunla bağlı qəribə əhvalatları, məzəli söhbətləri nəql etdikcə bu yoxluğa inanmırsan. İnanmırsan ki, kiçik qızı Ofelyanın ad günündə, iyunun 19-da son saatlarını xəstəxana divarları arasında keçirən zaman necə sevinmişdi. Sarıqlı boğazını arıtlamağa taqəti olmasa da axır dəqiqələrində güclə udqunaraq qızına xoşbəxtlik arzulamışdı... Arzulamışdı bir gün sonra, 1978-ci ilin iyunun 20-də dünyasını dəyişmişdi.

çoxlarının əhlikef saydığı, əslində bütün vücudunun qəmlə şələləndiyi gözündən görünən, təkliyə çəkilib özüylə baş-başa qalmaqdan "həzz" alan Fazil karvanını sürüb beləcə getmişdi. Bununla da tək bir ailə məyusluq çəkməmiş, neçə-neçə sənətsevərin gözü yaşarmışdı. Ürəklərə qəm çilənmişdi. Çünki bir daha aktyor özünün şən məzəli, ciddi sərxoş, maymaq fırıldaqçı, qayğıkeş etinasız qəhrəmanları ilə heç kimin görüşünə gəlməyəcəkdi-lentlərdən savayı...

 

 

Seymur Elsevər

 

Ekspress.- 2009.- 14-16 fevral.- S. 14.