Bəxtiyar Vahabzadəni itirdik...

 

Xalq şairi 84 yaşında haqq dünyasına köçdü

 

ACI və qəfil xəbəri eşidəndə inanmadıq. Daha doğrusu, inanmaq istəmədik. Axı necə inanasan ki, Bəxtiyar Vahabzadə də bizi tərk edib haqq dünyasına getdi. Xəbəri başqa mənbədən dəqiqləşdirəndə bir daha sarsıldıq, çarəsizcəsinə bu ağır itkinin acı gerçəkliyi ilə barışmalı olduq: zəmanəmizin böyük şairi artıq aramızda deyil...

Azərbaycanın bədii-ictimai fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadə uzun sürən xəstəlikdən sonra dünən 84 yaşında dünyasını dəyişdi. Xalq şairi ilə bu gün vida mərasimi keçiriləcək. Bakı Dövlət Universitetindən "ANS-Press"ə bildirildiyinə görə, vida mərasimi bu təhsil ocağında baş tutacaq. Qeyd edək ki, Bəxtiyar müəllim 1940-cı ildən BDU-da dərs demiş, 1990-cı ildə təqaüdə çıxmışdı.

Dünən artıq dəfn komissiyası yaradılıb.

Bəxtiyar Vahabzadə yalnız sadəcə şair, dramaturq, alim, publisist deyildi, həm də böyük ictimai xadim idi.

Onun adı təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da tanınır. Şairin əsərləri - şer kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən rus, Türkiyə türkcəsi, ingilis, fransız, alman, fars, polyak, ispan, macar, eləcə də keçmiş SSRİ xalqlarının dillərinə tərcümə edilib.

Bəxtiyar Vahabzadə 1943-cü ildə "Ana və şəkil" şeiri ilə mətbuat səhifələrinə çıxmış, 1949-1954-cü illərdə dalbadal beş şeir kitabı nəşr etdirmişdi. Bütünlükdə, B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın və yüzlərlə məqalənin müəllifi olmuşdu. Akademik Dövlət Dram Teatrının səhnəsində onun tamaşaya qoyulan pyesləri -"Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və s. dövrünün hadisəsinə çevrilmişdi.

Bəxtiyar Vahabzadə azadlıq, istiqlal şairi idi, dilimizin və soykökmüzün dönməz müdafiəçisi idi. Böyük şair milli amalı yaradıcılığının əsas qayəsinə çevirmişdi. Təkcə "Gülüstan" poeması yetərli idi ki, Bəxtiyar Vahabzadənin adı həm bədii, həm də ictimai-siyasi fikir tariximizə böyük hərflərlə həkk olunsun. O, böyük TYRK idi və həmişə "Mən ilk qaynağımdan türk oğlu türkəm" deyə hayqırırdı:

 

Sübutdur, dəlildir ağlın qibləsi,

Dəyişə bilərsən ağlımı ancaq.

Canım çıxanadək qəlbimin səsi,

"Türkəm" gerçəyini pıçıldayacaq.

Və yaxud:

Ey öz doğma dilində danışmağı ar bilən

Fasonlu ədabazlar!

Ruhunuzu oxşamır qoşmalar, telli sazlar.

Bunlar qoy mənim olsun!

Ancaq Vətən çörəyi sizlərə qənim olsun!

 

Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəki şəhərində anadan olub. 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçüb. 1942-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə, 1947-ci ildə isə universitetin aspiranturasına qəbul olunub. 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.

1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. 1974-cü ildə əməkdar incəsənət xadimi adına, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ dövlət mükafatlarına layiq görülüb. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1985-ci ildə ona Azərbaycanın xalq şairi fəxri adı verilib. 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq mübarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilib.

4 dəfə Azərbaycan Ali Sovetinin (1980-1995), bir dəfə isə (1995-2000) Milli Məclisinin üzvü seçilmişdi.

Milli şairimiz yaradıcılığına görə çox təzyiqlər və məhrumiyyətlərlə üz-üzə qalır, bəzən iftiralara tuş gəlirdi. Çoxları ondan umur və bəzən yersiz yerə küsürdü.

Bu sətirlərin müəllifinə Bəxtiyar müəllim vaxtilə dərs deyib. Lakin acı xəbərin ağırlığı altında böyük şair haqqında nəsə demək, yazmaq mümkün deyil. Bəlkə də susmaq və o böyük insanı sadəcə anmaq lazımdır, Bəxtiyar müəllim artıq nə yazılarda, nə də şəkillərdədir, artıq o bizim ürəyimizdə, qəlbimizdədir.

Bu hüznlü gündə oxucularımıza Bəxtiyar Vahabzadə "Şənbə gecəsinə gedən yol" kitabından bəzi məqamları çatdırmaq istərdim:"Bu vaxta qədər yazdığım tərcümeyi-halların heç birində göstərmədiyim bir mühüm məsələni indi yazıram. Bütün rəsmi sənədlərdə atamın adını Mahmud, anamın adını isə Gülzar yazmışam. Əslində, Mahmud ağa mənim atabir, anaayrı qardaşım, Gülzar isə qardaşımın arvadıdır. Mənim atamın adı Zəkəriyyə, anamın adı Xanımdır. Mahmud ağa Zəkəriyyənin oğlu, Xanım isə Mahmud ağanın ögey anasıdır. 1921-ci ildə Mahmud ağa Gülzarla evlənmiş, illər keçmiş, övladları olmamışdır. Mən 1925-ci il avqust ayının 16-da doğularkən, ögey qardaşım məni öz atasından oğulluğa götürmüşdür. Mən bunu bilməmişəm, gözümü açarkən Mahmud ağanı ata, Gülzarı isə ana kimi tanımışam. Yalnız 1946-cı ildə, 21 yaşında baba kimi tanıdığım Zəkəriyyə ölərkən, onun yasında doğmaca nənəm, yəni Xanımın anası mənə həqiqəti demiş, lakin mən buna inana bilməmişəm. Daha doğrusu, inanmaq istəməmişəm. İndi bu cümlələri yazarkən, o ağrılı yaz gecəsində nənəmin dediklərini xatırlayanda məni dəhşət bürüyür. O zaman keçirdiyim həyəcanları sözlə izah etmək çətindir. 21 il "ata", "ana" kimi tanıdıqlarım, əslində mənim atam və anam deyilmiş. Baba və nənə dediklərim isə atam və anam imiş. 1946-cı ildə biz artıq Bakıda yaşayırdıq. Aldığımız teleqrama görə Şəkiyə yasa gəlmişdik. Doğma anam Xanımın oğlu İsfəndiyar müharibədən qayıtmamış, indi əri ölmüş, ikinci oğlu, yəni mən isə başqasına töhfə verilmişdim. Xanımın bundan sonrakı güzəranı anasını, yəni nənəmi narahat etmiş, ona görə də bu vaxta qədər gizli qalan sirri mənə açmışdı. Onu da deyim ki, qoca nənəm bu sirri mənə Xanım anadan gizli demişdi. Xanım ana sirrin açıldığını biləndə anasına bərk təpindi. Amma deyilən deyilmiş, həqiqət öz işini görmüşdü.

Mən o gecə yata bilmədim. Qoca nənəmin yerli-yataqlı dediklərinə inanırdım. Ən mühümü də o idi ki, qəlbimin dərinliyində Xanım nənəyə həmişə gizli bir məhəbbət yaşayırdı. Bu məhəbbətin, bu yaxınlığın nə olduğunu dərk edə bilməsəm də, Xanım ananın mənə ögey nənə olduğuna heç cür inana bilmirdim. İkinci mühüm cəhət bu idi ki, mən doqquz yaşımda doğma atam və anamdan ayrılıb Mahmud ağa və Gülzarla Bakıda yaşasam da, həmişə Şəki, oradakı doğma ocağımız gizli bir hiss ilə məni özünə çəkirdi. Bakıda əmioğlu kimi tanıdığım, əslində isə qardaşım oğlu olan Hikmət yay tətillərində Şəkinin adını belə tutmazdı. Mən isə il boyu yay tətilini gözləyir, may ayı gələn kimi Şəkiyə qanadlanırdım. Bunu hiss edən analığım Gülzar həmişə məni Şəkiyə qısqanar, yay aylarında Bakı bağlarına köçmək istərdi.

...Mahmud ağa ürəklərdə gedən bu hiss döyüşünü başa düşər, həmişə mənə tərəf olardı.

Şəkiyə gələndə mənim sevincimin həddi-hüdudu olmazdı. Biz anamla o zaman Şəkinin aşağı hissəsinə köçmüş Şirəli əmimgilə (əslində ögey qardaşım) düşərdik. Elə həmin gün mən baba ocağına getməyə, babam və nənəmlə görüşməyə can atardım. Gülzar ana mənim bu həyəcanıma qısqansa da, etiraz etməz, mənə "yuxarı başa" - babamgilə getməyə izn verər, özü isə getməzdi.

Nənə və baba kimi tanıdığım ana və atamla hər görüşüm həm mənim üçün, həm də onlar üçün bayram olardı. Hər dəfə nənəm (əslində anam) məni bağrına basıb hönkür-hönkür ağlardı. Böyük qardaşım İsfəndiyar orduya gedəndən sonra qocalar hələ o zaman evdə olan Firuzə bacımla başlarını aldadar, arxasız qaldıqlarını unutmağa çalışardılar. 1940-cı ilin yanvarında İsfəndiyar orduya getdi. 1941-ci ildə müharibə başlandı. Yeganə ümidləri cəbhədən qayıtmadı. Deyəsən, ürəkləriin dərinliyində təbii bir təəssüf və peşimançılıq baş qaldırmışdı.

Xanım ana Gülzarı gəlinlərinin hamısından çox istəyirmiş, ona görə ki, Gülzar qərib idi. Onun yer üzündə nə ata-anası var idi, nə də qohum-qardaşı. Qəlbi sınıq idi. 1918-ci ildə itgin düşmüş bacı-qardaşlarını axtararmış. Digər tərəfdən, birinci ərindən də Gülzarın övladı olmamışdı. Bizim ocağa düşəndən sonra özünü nə qədər həkimə göstərmiş, dava-dərman eləmişdilərsə də, faydası olmamışdı. Həkimlər sonsuz qalacağını üzünə deyiblərmiş. Buna görə də Gülzar ana tez-tez tənhalığa çəkilər, xısın-xısın öz dərdinə ağlarmış.

Xanım ana mən boynuna düşəndə özü ilə demək olar ki, həmyaş olan 4 oğlundan utanırmış, çox vaxt xəcalətdən boyu-bərabəri oğullarının üzünə çıxa bilmirmiş. Hətta ara mamaçası ilə görüşmüş, uşağı tələf etmək istəmiş, bundan duyuq düşən Gülzar, Xanım ananın ayaqlarına döşənmiş, uşağı saxlamağı və ona bağışlamağı xahiş edibmiş. Xanım ana Gülzarın istəyini ərinə bildirmiş və razılaşmışlar. Mən dünyaya gələn kimi Gülzar ana məni bağrına basmış, "bu mənimdir" demişdir. Bütün ailə Gülzarın istəyini qəbul etmiş və qeydiyyatda atam Mahmud ağa, anam isə Güzlar yazılmışdır..."

"Ekspress" qəzetinin kollektivi ağır itki ilə bağlı xılqımıza, Türk dünyasına başsağlığı verir.

Allah rəhmət eləsin!

Başımız sağ olsun!

 

 

Q. Həmidoğlu

 

Ekspress.- 2009.- 14-16 fevral.- S. 7.