Bəxtiyar Vahabzadəni itirdik...
Xalq şairi 84 yaşında haqq
dünyasına köçdü
ACI və qəfil xəbəri
eşidəndə inanmadıq. Daha doğrusu, inanmaq istəmədik.
Axı necə inanasan ki, Bəxtiyar Vahabzadə də bizi tərk
edib haqq dünyasına getdi. Xəbəri başqa mənbədən
dəqiqləşdirəndə bir daha sarsıldıq,
çarəsizcəsinə bu ağır itkinin acı
gerçəkliyi ilə barışmalı olduq: zəmanəmizin
böyük şairi artıq aramızda deyil...
Azərbaycanın bədii-ictimai fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadə uzun sürən xəstəlikdən sonra dünən 84 yaşında dünyasını dəyişdi. Xalq şairi ilə bu gün vida mərasimi keçiriləcək. Bakı Dövlət Universitetindən "ANS-Press"ə bildirildiyinə görə, vida mərasimi bu təhsil ocağında baş tutacaq. Qeyd edək ki, Bəxtiyar müəllim 1940-cı ildən BDU-da dərs demiş, 1990-cı ildə təqaüdə çıxmışdı.
Dünən artıq dəfn komissiyası yaradılıb.
Bəxtiyar Vahabzadə yalnız sadəcə şair, dramaturq, alim, publisist deyildi, həm də böyük ictimai xadim idi.
Onun adı təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da tanınır. Şairin əsərləri - şer kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən rus, Türkiyə türkcəsi, ingilis, fransız, alman, fars, polyak, ispan, macar, eləcə də keçmiş SSRİ xalqlarının dillərinə tərcümə edilib.
Bəxtiyar Vahabzadə 1943-cü ildə "Ana və şəkil" şeiri ilə mətbuat səhifələrinə çıxmış, 1949-1954-cü illərdə dalbadal beş şeir kitabı nəşr etdirmişdi. Bütünlükdə, B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın və yüzlərlə məqalənin müəllifi olmuşdu. Akademik Dövlət Dram Teatrının səhnəsində onun tamaşaya qoyulan pyesləri -"Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və s. dövrünün hadisəsinə çevrilmişdi.
Bəxtiyar Vahabzadə azadlıq, istiqlal şairi idi, dilimizin və soykökmüzün dönməz müdafiəçisi idi. Böyük şair milli amalı yaradıcılığının əsas qayəsinə çevirmişdi. Təkcə "Gülüstan" poeması yetərli idi ki, Bəxtiyar Vahabzadənin adı həm bədii, həm də ictimai-siyasi fikir tariximizə böyük hərflərlə həkk olunsun. O, böyük TYRK idi və həmişə "Mən ilk qaynağımdan türk oğlu türkəm" deyə hayqırırdı:
Sübutdur, dəlildir ağlın qibləsi,
Dəyişə bilərsən ağlımı ancaq.
Canım çıxanadək qəlbimin səsi,
"Türkəm"
gerçəyini pıçıldayacaq.
Və yaxud:
Ey öz doğma dilində danışmağı ar bilən
Fasonlu ədabazlar!
Ruhunuzu
oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun!
Ancaq Vətən
çörəyi sizlərə qənim olsun!
Bəxtiyar
Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəki şəhərində
anadan olub. 1934-cü ildə ailəsi ilə bərabər
Bakıya köçüb. 1942-ci ildə
orta məktəbi bitirib, Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinə, 1947-ci ildə isə
universitetin aspiranturasına qəbul olunub. 1951-ci ildə
"Səməd Vurğunun lirikası" mövzusunda namizədlik,
1964-cü ildə isə "Səməd Vurğunun həyat
və yaradıcılığı" mövzusunda doktorluq
dissertasiyası müdafiə edərək filologiya elmləri
doktoru alimlik dərəcəsi alıb.
1945-ci ildə
Yazıçılar İttifaqının üzvlüyünə
qəbul olunub.
1974-cü ildə əməkdar incəsənət xadimi adına, 1975-ci ildə respublika, 1984-cü ildə
isə SSRİ dövlət mükafatlarına layiq
görülüb. 1980-ci ildə Azərbaycan
Elmlər Akademiyasının müxbir üzvü seçilib.
1985-ci ildə ona Azərbaycanın xalq şairi
fəxri adı verilib. 1995-ci ildə Azərbaycan
xalqının milli azadlıq mübarizəsində xüsusi
xidmətlərinə görə "İstiqlal" ordeni ilə
təltif edilib.
4 dəfə
Azərbaycan Ali Sovetinin (1980-1995), bir dəfə isə
(1995-2000) Milli Məclisinin üzvü seçilmişdi.
Milli
şairimiz yaradıcılığına görə çox
təzyiqlər və məhrumiyyətlərlə
üz-üzə qalır, bəzən iftiralara tuş gəlirdi. Çoxları
ondan umur və bəzən yersiz yerə küsürdü.
Bu sətirlərin
müəllifinə Bəxtiyar müəllim vaxtilə dərs
deyib. Lakin acı xəbərin ağırlığı
altında böyük şair haqqında nəsə demək,
yazmaq mümkün deyil. Bəlkə də
susmaq və o böyük insanı sadəcə anmaq
lazımdır, Bəxtiyar müəllim artıq nə
yazılarda, nə də şəkillərdədir, artıq o
bizim ürəyimizdə, qəlbimizdədir.
Bu hüznlü gündə
oxucularımıza Bəxtiyar Vahabzadə "Şənbə
gecəsinə gedən yol" kitabından bəzi məqamları
çatdırmaq istərdim:"Bu vaxta qədər
yazdığım tərcümeyi-halların heç birində
göstərmədiyim bir mühüm məsələni indi
yazıram. Bütün rəsmi sənədlərdə
atamın adını Mahmud, anamın adını isə
Gülzar yazmışam. Əslində,
Mahmud ağa mənim atabir, anaayrı qardaşım, Gülzar
isə qardaşımın arvadıdır. Mənim atamın adı Zəkəriyyə,
anamın adı Xanımdır. Mahmud
ağa Zəkəriyyənin oğlu, Xanım isə Mahmud
ağanın ögey anasıdır. 1921-ci
ildə Mahmud ağa Gülzarla evlənmiş, illər
keçmiş, övladları olmamışdır. Mən
1925-ci il avqust ayının 16-da doğularkən,
ögey qardaşım məni öz atasından
oğulluğa götürmüşdür. Mən
bunu bilməmişəm, gözümü açarkən
Mahmud ağanı ata, Gülzarı isə ana kimi
tanımışam. Yalnız 1946-cı ildə, 21
yaşında baba kimi tanıdığım Zəkəriyyə
ölərkən, onun yasında doğmaca nənəm, yəni
Xanımın anası mənə həqiqəti demiş,
lakin mən buna inana bilməmişəm. Daha
doğrusu, inanmaq istəməmişəm. İndi bu cümlələri yazarkən, o
ağrılı yaz gecəsində nənəmin dediklərini
xatırlayanda məni dəhşət bürüyür.
O zaman keçirdiyim həyəcanları sözlə izah etmək
çətindir. 21 il "ata",
"ana" kimi tanıdıqlarım, əslində mənim
atam və anam deyilmiş. Baba və nənə
dediklərim isə atam və anam imiş. 1946-cı
ildə biz artıq Bakıda yaşayırdıq. Aldığımız teleqrama görə Şəkiyə
yasa gəlmişdik. Doğma anam
Xanımın oğlu İsfəndiyar müharibədən
qayıtmamış, indi əri ölmüş, ikinci
oğlu, yəni mən isə başqasına töhfə
verilmişdim. Xanımın bundan
sonrakı güzəranı anasını, yəni nənəmi
narahat etmiş, ona görə də bu vaxta qədər gizli
qalan sirri mənə açmışdı. Onu da deyim ki, qoca nənəm bu sirri mənə
Xanım anadan gizli demişdi. Xanım ana
sirrin açıldığını biləndə
anasına bərk təpindi. Amma deyilən
deyilmiş, həqiqət öz işini
görmüşdü.
Mən o gecə
yata bilmədim. Qoca nənəmin yerli-yataqlı dediklərinə
inanırdım. Ən mühümü də
o idi ki, qəlbimin dərinliyində Xanım nənəyə
həmişə gizli bir məhəbbət
yaşayırdı. Bu məhəbbətin,
bu yaxınlığın nə olduğunu dərk edə bilməsəm
də, Xanım ananın mənə ögey nənə
olduğuna heç cür inana bilmirdim. İkinci
mühüm cəhət bu idi ki, mən doqquz yaşımda
doğma atam və anamdan ayrılıb Mahmud ağa və
Gülzarla Bakıda yaşasam da, həmişə Şəki,
oradakı doğma ocağımız gizli bir hiss ilə məni
özünə çəkirdi. Bakıda əmioğlu
kimi tanıdığım, əslində isə
qardaşım oğlu olan Hikmət yay tətillərində
Şəkinin adını belə tutmazdı. Mən isə
il boyu yay tətilini gözləyir, may
ayı gələn kimi Şəkiyə qanadlanırdım.
Bunu hiss edən analığım Gülzar həmişə məni
Şəkiyə qısqanar, yay aylarında Bakı
bağlarına köçmək istərdi.
...Mahmud ağa ürəklərdə
gedən bu hiss döyüşünü başa düşər,
həmişə mənə tərəf olardı.
Şəkiyə
gələndə mənim sevincimin həddi-hüdudu
olmazdı. Biz anamla o zaman Şəkinin aşağı hissəsinə
köçmüş Şirəli əmimgilə (əslində
ögey qardaşım) düşərdik. Elə həmin
gün mən baba ocağına getməyə, babam və nənəmlə
görüşməyə can atardım. Gülzar
ana mənim bu həyəcanıma qısqansa da, etiraz etməz,
mənə "yuxarı başa" - babamgilə getməyə
izn verər, özü isə getməzdi.
Nənə və
baba kimi tanıdığım ana və atamla hər
görüşüm həm mənim üçün, həm
də onlar üçün bayram olardı. Hər dəfə
nənəm (əslində anam) məni bağrına basıb
hönkür-hönkür ağlardı. Böyük
qardaşım İsfəndiyar orduya gedəndən sonra qocalar
hələ o zaman evdə olan Firuzə bacımla
başlarını aldadar, arxasız qaldıqlarını unutmağa
çalışardılar. 1940-cı ilin
yanvarında İsfəndiyar orduya getdi. 1941-ci
ildə müharibə başlandı. Yeganə
ümidləri cəbhədən qayıtmadı. Deyəsən, ürəkləriin dərinliyində
təbii bir təəssüf və
peşimançılıq baş qaldırmışdı.
Xanım ana
Gülzarı gəlinlərinin hamısından çox istəyirmiş,
ona görə ki, Gülzar qərib idi. Onun yer
üzündə nə ata-anası var idi, nə də
qohum-qardaşı. Qəlbi sınıq
idi. 1918-ci ildə itgin
düşmüş bacı-qardaşlarını
axtararmış. Digər tərəfdən,
birinci ərindən də Gülzarın övladı
olmamışdı. Bizim ocağa
düşəndən sonra özünü nə qədər
həkimə göstərmiş, dava-dərman eləmişdilərsə
də, faydası olmamışdı. Həkimlər
sonsuz qalacağını üzünə deyiblərmiş.
Buna görə də Gülzar ana tez-tez tənhalığa
çəkilər, xısın-xısın öz dərdinə
ağlarmış.
Xanım ana mən
boynuna düşəndə özü ilə demək olar ki,
həmyaş olan 4 oğlundan utanırmış, çox vaxt
xəcalətdən boyu-bərabəri oğullarının
üzünə çıxa bilmirmiş. Hətta ara
mamaçası ilə görüşmüş,
uşağı tələf etmək istəmiş, bundan duyuq
düşən Gülzar, Xanım ananın ayaqlarına
döşənmiş, uşağı saxlamağı və
ona bağışlamağı xahiş edibmiş. Xanım ana Gülzarın istəyini ərinə
bildirmiş və razılaşmışlar. Mən dünyaya gələn kimi Gülzar ana məni
bağrına basmış, "bu mənimdir" demişdir.
Bütün ailə Gülzarın istəyini qəbul
etmiş və qeydiyyatda atam Mahmud ağa, anam isə Güzlar
yazılmışdır..."
"Ekspress"
qəzetinin kollektivi ağır itki ilə bağlı
xılqımıza, Türk dünyasına
başsağlığı verir.
Allah rəhmət eləsin!
Başımız sağ
olsun!
Q.Həmidoğlu
Ekspress.- 2009.- 14-16 fevral.- S. 7.