Təbliğat-təşviqat kampaniyası başladı

 

Təşviqat qruplarına ayrılan efir vaxtının qaydaları müəyyənləşdi

 

Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. İclasda martın 18-nə təyin edilmiş referendumda ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü cədvəlinin dərc edilməsi haqqında məsələyə baxıldı.

MSK sədri Məzahir Pənahov iclasın gündəliyini səsə qoymaq istəyərkən, komissiya üzvü Akif Qurbanov gündəliyə etiraz etdi. Bildirdi ki, ödənişsiz efir vaxtı ilə bağlı məsələ müzakirəyə çıxarılmazdan əvvəl komissiya üzvlərinə layihə paylanmalı idi: "İndi cədvəl, layihə yoxdursa, biz nəyə səs verəcəyik"? M.Pənahovun cavabı isə qısa oldu: "Elə bunun üçün yığışmışıq də bura".

Daha sonra efir vaxtının bölgüsü barədə məlumat verən MSK sədri bildirdi ki, təşviqat qrupları bu hüquqdan İctimai Teleradio Şirkətində istifadə edəcəklər. Onun sözlərinə görə, İTV ilə razılaşmaya əsasən təşviqat qruplarına həftədə 3 saat vaxt ayrılacaq. Bunun 1 saat yarımı televiziyada, 1 saat yarımı isə radioda olacaq. Qrupların çıxışı dəyirmi masa şəklində nəzərdə tutulub. Dəyirmi masalar həftənin şənbə günləri saat 18.15-dən 20.00-dək 90 dəqiqə televiziyada, həftənin 3-cü günləri isə 20.15-dən 22.00-dək 90 dəqiqə radioda təşkil olunacaq. Aparıcının çıxışının isə ayrılmış 90 dəqiqəyə aidiyyatı yoxdur. M.Pənahov onu da qeyd etdi ki, efir zamanı konstitusiyaya edilən əlavə və dəyişikliklərin (29 maddə üzrə 41 əlavə və düzəliş var - A.A.) hamısı ayrı-ayrılıqda müzakirəyə çıxarılmalıdır.

MSK üzvü Almas Qəhrəmanlı isə məsələyə etiraz etdi. Onun sözlərinə görə, Püşkatma Komissiyasının iclasında təşviqat qruplarının arqumentləri nəzərə alınmayıb: ""Respublikaçılar" və "Qarabağ və Respublika Uğrunda Hərəkat" təşviqat qrupları dəyirmi masanın televiziyada saat 18.15-də başlamasını məqbul saymadılar. Doğrudan da həmin saat sərfəli vaxt deyil. Lakin İctimai Teleradiao Şirkətinin direktor müavini iddia etdi ki, əgər saat 21-dən sonra versək, həmin vaxt digər kanallarda tok-şoular getdiyindən camaat dəyirmi masaya baxmayacaq".

İTV rəhbərliyinin arqumentindən təəssüfləndiyini söyləyən A.Qəhrəmanlı təklif etdi ki, məsələyə yenidən baxılsın və dəyirmi masaya ictimaiyyətin baxmağı üçün əlverişli vaxt təyin olunsun.

Pənahov isə Qəhrəmanlının iradına "hər bir televiziyanın öz siyasəti var" deməklə kifayətləndi. Püşkatma Komissiyasının rəhbəri Azər Tağıyev isə İTV rəhbərliyinin mövqeyindən çıxış etdi: "İTV rəhbərliyi bildirdi ki, vaxtı 18.15-dən başqa vaxta dəyişmək mümkün deyil. Onlar bildirirlər ki, saat 20.30-dan sonra efirə gedən verilişlər üçün öhdəliklər götürüblər. Bir də ki, efir vaxtına təkcə "Respublikaçılar" və "Qarabağ və Respublika Uğrunda Hərəkat" təşviqat qrupları etiraz edib. Qalanları razıdır".

MSK üzvü Akif Qurbanov isə təəssüflə bildirdi ki, MSK təşviqat qruplarına daha geniş vaxt verməkdənsə, vaxtı daha geniş məhdudlaşdırır. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, səfirlər çağırış edirlər ki, debatlara daha geniş imkan verilsin: "Belə olan halda MSK-nın bu mövqeyi təəssüf doğurur".

Qurbanov onu da qeyd etdi ki, prezident seçkilərində 7 namizədin iştirak etdiyi halda onlara 6 saat vaxt ayrılmasına baxmayaraq, indi 9 təşviqat qrupuna 3 saat vaxt ayrılır. "Bu, müqayisəyə gəlməzdir", - deyən MSK üzvü İTV rəhbərliyinin mövqeyinin qanuna zidd olduğunu da diqqətə çatdırdı: "İTV özəl qurum deyil. O, dövlətdən maliyyələşir. Seçki Məcəlləsinin 27.2 maddəsində göstərilir ki, pulsuz efir vaxtı daha geniş auditoriyanın olduğu vaxt ayrılır. Bu vaxt da axşam saat 8-11 arası dövrdə olur. Axşam saat 9-da da İTV-də teleserial gedir. Başa düşmürəm, İTV teleserial üçün kimin qarşısında öhdəlik götürüb? Ona görə də İTV açıq-aşkar qanunu pozur".

A.Qurbanov MSK və İTV-nin daha bir qanunu pozduğunu da qeyd etdi. MSK üzvü bildirdi ki, qanunda təbliğat-təşviqatın dəyirmi masa şəklində keçirilməsi göstərilməyib: "Təşviqat qrupları ona verilən pulsuz vaxtdan istifadə edərək çıxış da edə bilər, rolik də verə bilər".M.Pənahov isə A.Qurbanovun dediklərinin böyük hissəsi ilə razılaşdığını dedi: "Amma 9 qrupdan 7-si dəyirmi masa ilə razılaşır. Hər kəs öz fikrini deyə bilər, amma, çoxluğun fikri qəbul olunur".

A.Qurbanov isə bununla razılaşmadı: "Qanunun tələbi var".

Lakin M.Pənahov isə dediyindən dönmədi və MSK-nın qərarını qanundan yüksək tutdu. "Biz buna təbii yanaşmalıyıq. Mənə elə gəlir ki, MSK-nın qərarı yüksək dəyərləndirilməlidir" - M.Pənahov dedi.

MSK üzvü Oqtay Hümbətov da efir vaxtının bölgüsü ilə razılaşmadı. O, televiziya üçün ayrılan vaxtın radioya, radioya ayrılan vaxtın isə televizyaya verilməsinin doğru olduğunu dedi: "Axşam saat 8-dən 10-a kimi heç kim evdə radioya qulaq asmır. O vaxt hamı televiziyaya baxır. Camaat radioya yolda maşında, marşrutda gedəndə qulaq asır. İTV-də "Sarçı"dan sonra "Xəyanət" serialı gedir. İndi bizə daha vacib olan Konstitusiya lazımdır, yoxsa, "Xəyanət"ə baxmaq"?

M.Pənahov isə mövqeyindən dönmədi: "Belə razılaşıb, belə də olmalıdır".

Daha sonra püşkatma keçirildi. Püşkatmanın nəticəsinə görə, dəyirmi masa zamanı aparıcıdan sağda "Zəka", "Vətəndaş Cəmiyyəti", "Qarabağ Respublika Uğrunda Hərəkat" "Hüquq Demokratiya", solda "Tərəqqi", "Davamlı İnkişaf Naminə", "Respublikaçılar" "Şəhər", aparıcı ilə üzbəüz isə "Yeni Azərbaycan" təşviqat qruplarının nümayəndələri oturacaqlar. Çıxışların ardıcıllığı isə belədir:

1."Zəka"; 2."Tərəqqi"; 3."Vətəndaş Cəmiyyəti"; 4."Davamlı İnkişaf Naminə"; 5."Qarabağ Respublika Uğrunda Hərəkat"; 6."Respublikaçılar"; 7."Hüquq Demokratiya"; 8."Şəhər"; 9."Yeni Azərbaycan".

Beləliklə, M.Pənahov bildirdi ki, İctimai radioda fevralın 18-dən, İTV- isə fevralın 21-dən dəyirmi masalara start veriləcək. Dünəndənsə ölkənin hər yerində təbliğat-təşviqat mərhələsi başlayıb. Hər bir təşviqat qrupuna isə 23 min manat vəsait ayrılacaq. Təbliğat-təşviqat kampaniyası səsverməyə 24 saat qalmış - martın 17-si saat 8.00-da dayandırılacaq. Qeyd edək ki, püşkatmanın nəticəsi vaxt bölgüsü səsə qoyularkən A.Qurbanovla A.Qəhrəmanlı məsələnin əleyhinə səs verdilər.

"Respublikaçılar"ın səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı isə bildirdi ki, İTV-nin mövqeyi referenduma hörmətsizlikdir: "MSK təəssüf ki, bunu qəbul elədi. Mənim sizə sözüm yoxdur. Eşq olsun, sizə"!

"Yeni Azərbaycan"ın nümayəndəsi, deputat Siyavuş Novruzov isə efir vaxtının yaxşı vaxt olduğunu dedi: "Şənbə günü hamı evdə olur, həmin vaxt camaatın dəyirmi masaya baxmaq imkanı var... Kim razı deyilsə, getsin pullu efir vaxtından da istifadə eləsin".

M.Pənahov isə vaxtla bağlı məsələyə daha maraqlı arqument gətirdi: "Açıq danışaq, indi məhərrəmlik qurtarır. Saat 8-dən sonra evdə olmayacaqsınız. Yeyib-içməyə, toylara gedəcəksiniz. Elə yaxşı vaxtdır ki, saat 6-dan 8-ə kimi dəyirmi masaya baxıb sonra toya gedəsiniz".

A.Qurbanov isə yarızarafat, yarıciddi dedi ki, "müxalifətin pulu yoxdur toya getməyə".

 

 

Aqil Aslan

 

Ekspress.- 2009.- 19 fevral.- S. 12.