Şofer Əhməd haradadır?..

 

Sənətçi var illər boyu fəaliyyətdən sonra adını nişan verən hər hansı bir əsəri göz önünə gəlmir. Onun kimliyindən söhbət düşəndə bir-bir gördüyü işləri xatırlamalı, daha doğrusu fikrə-xəyala dalmalı olursan. Sənətçi də var onun adından öncə əsəri yada düşür. Yaxud hər iki ad qoşa çəkilir.

Necə ki, Həsən Məmmədov Bəxtiyar, Həsən Turabov Gəray bəy, Rasim Balayev Nəsimi, Ceyhun Mirzəyev İsmayıl kimi xalq arasında məhəbbət qazanıb. Bu sırada 18 yaşında oynadığı şofer Əhməd rolu ilə 46 ildən bəri yaddaşlardan silinməyən Elxan Qasımov da var. Şəxsən özüm dəfələrlə onu görənlərin bir-birinə "bax, şofer Əhməddi" deməsinin şahidi olmuşam. Sənətkar üçün bundan böyük xoşbəxtlik olarmı? Xalq artisti fəxri adını daşıyıb xalqın tanımadığı, yaxud qəbul etmədiyi (bu ən dəhşətlisidi) birisi kimi daldalanmaqdansa, titulsuz-filansız sevilən sənətçi ömrü yaşamaq nəyə desən dəyər. Bu mənada yüksək sənət mükafatlarına, dövlət təltiflərinə sahib olmayan Elxan Qasımov bəxti gətirmiş sənətçidi.

64 yaşa əməkdar artist kimi gəlib çatan Elxan müəllimin bəxti ən birincisi onda gətirib ki, köhnə kişilərdən olan Məmməd Qasımovun ocağında göz açıb. Hörmətli, ziyalı bir kişinin ocağında beş uşağın ikincisi, oğlanlarınsa birincisi olmaq qismətinə yazılıb. İkincisi, hələ yeniyetməykən sənət aləmində diqqət mərkəzində olub. 15 yaşında Naxçıvan Dövlət Filarmoniyasının rəqs kollektivinə işə götürülmək o zaman üçün elə-belə şey deyildi. 17 yaşında Adil İsgəndərov kimi görkəmli şəxsiyyət və sənətkarla rastlaşmaqsa Elxan Qasımovun sayca üçüncü xoşbəxtliyi olsa belə, məncə, bu gününün və bütün həyatının mənası deməkdi. Əgər indi Azərbaycan mədəniyyətində Elxan Qasımov nişanəsi varsa, bu, məhz o kişinin-böyük ustad, nəcib insan, hamının hörmətlə çağırdığı Ədil müəllimin adıyla bağlıdı. Doğrudu, istedadı, tale yazısını pay göndərən ulu tanrıdı. Amma həyatda öz yerini arayıb-tapmaqda ikinci valideyn sayılan müəllimin əməyi əvəzsizdi. Bu baxımdanda Elxan müəllimin bəxti gətirib. Naxçıvandan Bakıya gəlmiş saf, sadə rayonlu balasının ikinci valideyini məhz Adil müəllim olub. Ymumiyyətlə, Adil müəllim yalnız ona yox, tələbələrinin hamısına dədəlik eləyib. Təsadüfü deyl ki, elə təkcə Elxan Qasımovun oxuduğu kursdan bu gün Azərbaycan kino və teatr sənətində Amaliya Pənahova, Yusif Muxtarov, Zirəddin Tağıyev, Xamis Muradov, Əbdül Mahmudov, Fikrət Əliyev, Tofiq Məmmədov və başqaları çalışır. Burası da maraqlıdı ki, həmin sənətkarlar "Əhməd haradadır?" filmində müxtəlif rollar oynayıblar. Adil müəllim müəllifi olduğu filmdə gələcəyin aktyorlarını ilk ciddi sənət sınağına çəkib. Bu sınaqdan üzüağ çıxanlardan biri də məhz Elxan Qasımov idi. Şofer Əhməd onu tez bir zamanda məşhurlaşdırdı. Bundan sonra neçə-neçə filmə çekilsə də o rolun gətirdiyi şöhrət hər şeyi kölgədə qoydu. Aktyorluqdan rejissorluğa keçid də bu "möhürbəndi" dəyişmədi. E.Qasımov Leninqrad Dövlət Teatr, Musiqi və Kinemotoqrafiya İnstitutundan Bakıya dönüşündə rejissor imkanlarını realizə etmək şövqüylə neçə-neçə sənədli filimlər, "Mozalan" sujetləri, iki bədii ekran əsəri-"Qocalar, qocalar" və "Köhnə bərə"ni lentə aldı. Aktyor Elxan Qasımov rejissor Elxan Qasımova çevrildi. Çevrilməyən, dəyişilməyənsə onun sənət pasportuna dönmüş şofer Əhməd oldu.

Təqribən İyirmi beş ildi "Azərbaycanfilm"in həmkarlar komitəsinin dəyişməz sədri kimi o ictimai işlərdə də fəaldı. Həmkarlarının qayğısına qalmağı özünün rəsmi yox, insanlıq borcu bilir. Dostluğu, həmdəmliyi də ki, öz yerində. O heç kimi qırmaq istəməz, yox əgər əli heç nəyə çatmırsa, özü demişkən, qılıqlı adam kimi şirin dilə toxtaqlıq verir, yanan ürəklərə sərin su çiləyir. Xeyrdə-şərdə (şər hamımızdan uzaq olsun) onu həmişə başda görərsən. Gah ora, gah da bura yüyürən yerdə.

Azərbaycan Kinemotoqrafçılar İttifaqının təftiş komissiyasına sədrliyə Elxan müəllimdən yaxşı seçim deyəsən, mümkünsüzdü. Belə olmasaydı, kinematoqrafçılar nizamnaməyə müdaxilə və ittifaqın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin taleyini üçüncü müddətdə ona etibar etməzdilər.

Elxan Qasımov məncə ailə sarıdan da xoşbəxt insandı. Dar günündə bütün çətinliklərə tablamış ömür-gün yoldaşı, gözəl balası var. Mən şəxsən onları illərdən bəri tanıyan bir insan kimi həmişə bu ailədə mehriban, hörmətli münasibət, böyük-kiçik yerinin bilindiyini görmüşəm. Atası ilə fəxr edən balası ilə o da öyünür. Qızı Kəmalə sevib-seçdiyi həkimlik peşəsinə yiyələnib.

Dəfələrlə aramızda həyat, sənət və ən müxtəlif mövzular barədə söhbətlər olub. Hər dəfə söhbət hərlənib-fırlanıb onun potensialının axıra qədər açılmamasının üstünə gələndə özünü sındırmır. Xalqın onu şofer Əhməd kimi sevməsindən, indiyədək bu şöhrətin çörəyini yeməsindən məmnunluğunu gizlətmir. Daha sanballı rollar oynamamasının, filmlər çəkməməsininin səbəbini vaxtın macal verməməsilə əlaqələndirir. Mənsə vaxtdan daha çox baxtla, çeşidli amillərlə və bəzən özümüzdən asılı olmadan yaranan problemlərlə bağlayıram bunun səbəbini. Və E.Qasımov potensialının bundan artıq görünmədiyinə heyfslənirəm. Gümanımca, bu təəssüf onun da içində gizildəyir. Yoxsa, son 17-18 ildə bir vaxtlar mövcud olan sabit həyatın, davamlı kino prosesinin pozulması ucundan sənətkarların, o cümlədən onun yaradıcılığına da dəymiş zərbədən yana-yana danışmazdı. Deyir ki, vallah adamın özü-özünə yazığı gəlir, 45 yaşından bu yana gözə görünən, ürəyimə rahatlıq verən, sənət hadisəsinə çevrilən bir iş görməmişəm. Əlbəttə, E.Qasımov bir Azərbaycanlı kimi bu illərdə baş vermiş müsbət dəyişikliklərə, ən əsasısa, ölkəmizin müstəqillik qazanmasına sevinir. Müstəqilliyin ilk illərində iqtisadi çətinliklərin olmasına da normal baxır. Amma vaxt gözləmir, ömür gedir, illər itiyinin əvəzi gəlmir axı. Bununla belə, Elxan müəllim özünə toxtaqlıq, həmsöhbətlərinə inam verməyi də unutmur. Uğurların hələ bundan sonra olacağını deyir.

Aprelin 24-də tanıdığımız, sevdiyimiz Elxan məllimin 64 yaşı tamam olacaq. 64 yaş kimin üçün qısa və ya uzun ömürdü, bilmirəm. Fiziki ölçülər baxımından və dünyanın yaşı ilə müqaisədə əlbəttə, bu çox kiçik rəqəmdi. Mənə gəlincə, İNSAN olub yaşamaqçün 64 il az vaxt deyl. 14 il qabaq yubileyini təbrik etdiyim (bu 14 il sanki göz qırpımında elə keçdi ki, hətta üşəndim) Elxan Qasımov gümanımca, bu yaşın əməlli-başlı fərqindədi. Doğulandan bu yana əmanət kimi alıb yaşadığı ömrün saf-çürük məqamı yetişib. Dünənki şümal, üz-gözü qırışsız, qaraqaş, qaragöz oğlana illərin üstündən bu günki ağ saçlı Elxan müəllim boylanır. Qazandıqlarına sevinir, itirdiklərinə təəssüflənir. Eləyə bilmədiklərininsə növbəti fürsətdə yaxasını buraxmayacağını özünə söz verir. Bu yaşın sözü də gərək yerə düşməyə. İllər yola salmış dostluğumuz və münasibətimiz xatirinə buna inanmamaqdan başqa çarəm yoxdu. Məncə elə onun da. Cavanlığının qocalığına səmimi arzularla bahəm mübarək deyən Seymur Elsevər.

 

 

Seymur Elsevər

 

Ekspress.- 2009.- 21-23 fevral.- S. 19.