İnsanlığa qarşı cinayət

 

Bu gün Xocalı soyqırımının 17-ci ildönümüdür

 

Bu gün Xocalı soyqırımının 17-ci ildönümü qeyd ediləcək. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı polkunun hərbiçiləri və döyüş texnikasının fəal iştirakı ilə erməni separatçıları tərəfindən işğal edilib.

Prezident İlham Əliyev və digər dövlət rəhbərləri, hökumət üzvləri, deputatlar, ictimaiyyət nümayəndələri bu gün paytaxtın Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək, həlak olanların xatirəsini yad edəcəklər.

Xatırladaq ki, faciə zamanı 600 silahsız insan qətlə yetirilib, onların 106 nəfəri qadın, 83 nəfəri uşaq olub. Minlərlə insan müxtəlif dərəcəli əlil olub (76 nəfəri yetkinlik yaşına çatmayanlardır), 1275 nəfər əsir götürülüb. Onlardan bir çoxunun taleyi hələ də məlum deyil.

Xocalı faciəsinin dəhşətləri yerli və xarici jurnalistlər tərəfindən çəkilmiş foto və videokadrlarda əksini tapıb. İnsanlığa qarşı bu cinayətləri törədən erməni separatçıları və rus zabitlərinin adları müəyyən edilib. Onlar hamısı hələ də azadlıqdadırlar və Rusiya, Ermənistan və Qarabağda yaşayırlar.

Qeyd edək ki, Milli Məclis bir neçə dəfə dünya ictimaiyyəti, hökumətlər və parlamentlərin ünvanına Ermənistan rəhbərlərinin təşkilatçısı olduğu Xocalı soyqırımını pisləmək çağırışı ilə xüsusi bəyanatlar qəbul edib.

 

 

"Turan"

 

Ekspress.- 2009.- 26 fevral.- S. 8.