Xocalı faciəsi insanlıq tarixində qara ləkədir
Türkiyə parlamentində soyqırımdan
danışdılar
Dünən Türkiyə
Böyük Millət Məclisində Xocalı
soyqırımının ildönümü ilə
bağlı bəzi millət vəkillərinin
çıxışı olub.
Azərbaycan-Türkiyə
parlamentlərarası dostluq qrupunun sədri, Ədalət və
İnkişaf Partiyasının (AKP) üzvü Mustafa
Kabakçı Xocalı soyqırımı barədə
danışıb. Dediyinə görə, Azərbaycan
torpaqlarının işğalına son qoyulması,
qaçqınların öz yurdlarına dönməsi
üçün cəhdlərini davam etdirəcəklər və
bu məsələni gündəmdə saxlayacaqlar.
M.Kabakçıdan sonra
Milliyyətçi Hərəkat Partiyasından (MHP) Şenol
Bal söz alıb. Ş.Bal Xocalı faciəsini insanlıq
tarixində qara ləkə adlandırıb (APA). Qeyri-rəsmi
məlumatlara əsasən Xocalıda 1300 dinc sakinin qətlə
yetirildiyini açıqlayan Bal deyib ki, ortada ciddi dəlil-sübutların
olmasına baxmayaraq, soyqırımın tanınması və
cinayətkarların məsuliyyətə cəlb olunması
istiqamətində heç bir addım atılmayıb.
Ş.Bal Azərbaycan
türklərinə qarşı soyqırımın əslində
200 ildir davam etdiyini vurğulayıb.
Ş.Baldan sonra MHP-dən
olan daha bir millət vəkili, türk cümhuriyyətləri
ilə əlaqələr üzrə sabiq dövlət naziri Rəşad
Doğru söz alıb. O, 26 fevralın Türkiyədə
"Soyqırım günü" elan olunması ilə
bağlı 1 il əvvəl qanun layihəsi
hazırladığını xatırladıb. R.Doğru layihənin
müzakirəyə çıxarılaraq qəbul
olunmasını istəyib.
Cümhuriyyət Xalq
Partiyasından (CHP) Fərid Mövlud Aslanoğlu da Xocalıda
həlak olan azərbaycanlıların xatirəsinə hörmətini
ifadə edərək CHP millət vəkili Canan
Arıtmanın bu gün bu mövzuda parlamentdə
çıxış edəcəyini deyib.
Ekspress.- 2009.- 26 fevral.- S. 8.