Təbii qazın qiymət partlayışı...
Ekspertlərin "mavi yanacağ"ın qiymətinin
iki dəfə artırılmasına münasibəti birmənalı deyil
Payız-qış mövsümlərində
dəm qazından boğulmalar və qaz sızmasından partlayışlar ölkədə
adi hala çevrilmişdi. Yayda isə təbii qazın qiyməti
"partladı"...
Xəbər
verdiyimiz kimi, Tarif (qiymət) Şurası əhali istehlakçı qrupuna
satılan qazın qiymətini 2 dəfə artırıb.
Artıq dünəndən
əhaliyə satılan hər 1000 kubmetr təbii qazın qiyməti
47,2 manatdan 100 manata qaldırılıb.
Azərbaycanda əhali
kateqoriyasından olan istehlakçıların sayı təxminən 1 milyon nəfərdir.
Hər il bu kateqoriyadan olan istehlakçılara 2,5 milyard kubmetr qaz
satılır.
Xatırladaq ki, bundan öncə Azərbaycanda təbii qazın qiyməti
2007-ci ilin yanvarında artırılmışdı. O vaxt əhalidən başqa bütün
kateqoriyalara aid istehlakçılar üçün qazın qiyməti 2 dəfə
artırılaraq hər 1000 kubmetr üçün 100 manat müəyyən edilmişdi. Daha iki 2 il əvvəl - 2005-ci ildəsə bir neçə ay ərzində
1000 kubmetr qazın qiyməti $7-dan $51-ə qaldırılmışdı.
Maraqlıdır ki, o
vaxt qazın qiymətinin artırılması Rusiyadan qaz ixracının dayandırılması və
qaz təchizatının tamamilə daxili mənbələr hesabına
keçirilməsi ilə əlaqələndirilmişdi.
İndi isə qazın
qiymətinin artırılması Azərbaycan qazının Rusiyaya ixracı barədə
sazişin imzalanmasının ertəsi günü baş verdi.
Tarif Şurası qərarını
"Azəriqaz" QSC-nin müraciəti əsasında qəbul
edilib. Dünən keçirdiyi mətbuat konfransında "Azəriqaz"
QSC-nin İqtisadiyyat və proqnozlaşdırma şöbəsinin rəisi Tofiq
Allahverdiyev bildirib ki,"Azəriqaz" hər il mart ayında
Tarif Şurasına ilin nəticələri barədə məlumat
verir: "Bu məlumatlara çəkilən xərclər və gəlirlər,
qazın maya dəyəri daxildir. Xərclər gəlirləri üstələdiyinə
görə cəmiyyət Tarif Şurası qarşısında qiymətlərin
artırılması təklifi qaldırdı".
Allahverdiyev deyib
ki, qazın satış qiyməti bazar iqtisadiyyatı prinsiplərinə
uyğunlaşdırılmalı, iqtisadi cəhətdən səmərəli həddə
gətirilməlidir: "Qiymət həm maya dəyərini ödəməli,
həm də o sahəyə ayrılan xərcləri geri
qaytarmalıdır. Hər bir xidmət göstərən qurum kimi "Azəriqaz"
da fəaliyyətinin normal inkişaf üçün mənfəətli
olmasını istəyir. Qiymət artımında əsas amil budur. Əvvəllər
cəmiyyətin əldə elədiyi gəlir xərcləri
nisbətən ödəyirdi. Lakin son vaxtlar yanacaq-sürtkü materiallarının
qiymətinin artması "Azəriqaz"ın xərclərini
artırdı. Təbii qazın istehlakçılarının 55 faizinin əhali olduğunu nəzərə
alsaq, ona görə də qiymət artımı zəruri idi".
"Azəriqaz"
rəsmisinin sözlərinə görə, bütün kateqoriyalar üçün qazın
vahid qiymətinin tətbiqi "Avropa institutları"nın tələbidir.
Lakin Allahverdiyev konkret olaraq hansı institutlardan söhbət getdiyini dəqiqləşdirməyib.
Şöbə rəisi
xatırladıb ki, Tarif Şurasının sonuncu qərarına qədər təbii
qazın satış qiyməti 1000 kubmetr üçün 47,2 manat olub: "ARDNŞ 1000
kubmetr təbii qazı "Azəriqaz"a 42 manata satırdı. 15-20
manat isə onun istismar xərcləridir. Bunları hesablayanda təbii
qazın maya dəyəri 57 manat təşkil edir. Onu 42 manata satmaq
iqtisadiyyat üçün anormaldır. Bundan başqa, yetərincə inkişaf etmək,
Azərbaycanın qazlaşdırılması ilə bağlı dövlət proqramını yerinə
yetirmək mümkün deyildi".
"Azəriqaz"
bu il ARDNŞ-dən 11,8 mlrd. kubmetr qaz alacaq. Bunun 5,5 mlrd. kubmetrini
şirkət "Azərenerji"yə nəql edir, bu qaza görə
ödəniş birbaşa ARDNŞ tərəfindən həyata keçirilir.
Qalan 6,3 mlrd. kubmetr qazın 3 mlrd. kubmetrini "Azəriqaz" əhaliyə
satır.
Əhalidən təbii qazın yığım göstəriciləri haqqında
məlumat verən Allahverdiyevin sözlərinə görə, may-iyun
aylarında yığım 70-75 faiz olub. Şöbə müdiri qeyd edib ki, "bütün müfəttişlərə
sayğaclarda iyulun 1-nə olan göstəriciləri qeydə almaq göstərişi verilib". Bu zaman o, "Azəriqaz"ın neçə müfəttişi
olması və onların bir gün ərzində bütün müştərilərin
sayğacını yoxlamaq iqtidarında olması haqda suala cavabdan yayınıb. Bununla belə,
Allahverdiyev inandırıb ki, müfəttişlərin baş çəkmədiyi
müştərilərin məsələləri "fərdi
qaydada" həll ediləcək.
Yeri gəlmişkən,
ölkə siyasilərinin və ekspertlərinin qazın iki dəfə
bahalaşmasına münasibəti birmənalı deyil.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə
"Media forum" saytına açıqlamasında deyib ki, ölkədə təbii
qazın qiymətinin artırılması gözlənilən idi, bu, dünyada neft və
qazın qiymətinin yenidən artması ilə əlaqədardır: "Neft və qazın çıxarılmasına sərf olunan vəsaitin həcmi
də artır".
İndiyədək
Azərbaycanda təbii qazın maya dəyərinə yaxın qiymətə
satıldığını bildirən deputat qiymət artımını qanunauyğun saysa da,
bunun ağrılı proses olduğunu da qeyd edib: "Xüsusən ona görə ki,
qazın qiymətinin artması aztəminatlı ailələrin büdcəsinə
təsir edəcək. Ancaq biz ya sovet hakimiyyətini
bərpa edib hər bir xərci dövlətin çəkməsi yolunu
tutmalıyıq, ya da bazar iqtisadiyyatı yolunu seçmişiksə, xidmətlərin
və malların qiymətinin bu siyasətə uyğunlaşması ilə
razılaşmalıyıq. Onu da yaddan çıxarmamalıyıq ki, bazar qanunları ziyanla
xeyiri tənzimləməyi bacarır. Yəni insanlar bir tərəfdən
itirdiklərini digər tərəfdən əldə edəcəklər".
Mirzəzadənin
sözlərinə görə, heç bir ölkə istehsal etdiyi təbii sərvəti
ölkə daxilində ucuz satmır: "Bəzən deyirlər ki,
Azərbaycan qaz istehsal edirsə, onu ölkə əhalisinə
ucuz satmalıdır. Ancaq heç yerdə qiymətlər bazar qiymətindən
aşağı olmur. Qazdan, neftdən gələn mənfəət isə
neft fondunda saxlanır ki, gələcək nəsillərin prioritet
istiqamətləri üçün xərclənsin".
Milli Məclisin
iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov üçünsə
qazın bahalaşması gözlənməz olub. "Qiymətin birdən-birə
46 manatdan 100 manata, iki dəfədən artıq bahalaşa biləcəyini
gözləmirdik. İndi nə bilim... yəqin bunun nə ilə bağlı
olduğunu əsaslandıracaqlar",-deyə deputat "Media
forum"a bildirib.
Əhmədov
güman edir ki, əhaliyə satılan mavi yanacağın pulunun yığılmasında
problemlər var:""Azəriqaz" pulu yığa bilmir. Bəzi
insanlar məsuliyyətsizlik edirlər, bir hissəsinin isə
imkanı yoxdur, qaz pulunu ödəyə bilmir. Ola bilər ki, qazın
bahalaşması bununla bağlıdır. Hazırda dünyada Azərbaycan qazına tələbat
artıb. Ola bilsin, qiyməti buna görə qaldırıblar. Amma birdən-birə
qiyməti iki dəfədən artıq qaldırmaq olduqca çoxdur. Çünki
sosial müdafiəyə ehtiyacı olanlar, təqaüdçülər, ünvanlı
sosial yardım alanlar, minimum əmək haqqı ilə yaşayanlar var və
onlar üçün çətin olacaq. Bir qədər əvvəl işıq
bahalaşdı, indi də qaz. Məncə, Tarif Şurasının son qərarı
müəyyən problemlər yarada bilər".
Əhmədovun
sözlərinə görə, Azərbaycanda, xüsusən Bakı kəndlərində
istixanalarda tərəvəz yetişdirilməsi geniş yayılıb və
bu işlə məşğul olanlar mavi yanacaqdan istifadə edirlər.
Eyni zamanda, bəzi müəssisələr də qazdan istifadə
edir: "Qazın bahalaşması onlar üçün də problemlər yaradacaq. Ona
görə son adımı əsaslandırmaq lazımdır".
Deputat istisna
etmir ki, qazın bahalaşmasından sonra prezident İlham Əliyev aztəminatlı
ailələrə verilən ünvanlı sosial yardımın, pensiyaların baza
hissəsinin artırılması məsələsinə baxacaq.
Əhmədov
yaxın vaxtda benzinin, işığın, kommunal xidmətlərin qiymətinin
artırılacağını gözləmir: "Əksinə, benzinin qiyməti
aşağı salınmalıdır. Çünki neftin qiyməti 150 dollardan 65-70 dollara
düşüb. Artıq bəzi qonşu dövlətlər benzinin qiymətini aşağı
salıb".
İqtisadi və
Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramova
görəsə, Azərbaycanda mavi qazın bahalaşması üçün iqtisadi zəmin
olsa da, bir sıra faktorlar bunu məqsədəuyğun etmirdi. Düzdür,
Azərbaycanda əhaliyə satılan qazın qiyməti məsələn,
Rusiya ilə müqayisədə 3,5, Qazaxıstanla müqayisədə 2 dəfəyə
yaxın aşağı idi. Hazırda bu fərq aradan
qaldırılıb."Amma bu cür kəskin artım vətəndaşların həyatına
mənfi təsir göstərir. İqtisadi baxımdan qiymətlər
yalnız 50 faiz artırılanda əsaslandırıla bilər. Təəssüf
ki, Tarif Şurası əhaliyə satılan qazı iki dəfədən çox
bahalaşdırıb",- deyə ekspert "Ekspress"ə bildirib.
İSİM rəhbəri
qeyd edib ki, qlobal böhran başlanandan heç bir ölkədə enerji
daşıyıcılarının və ya kommunal xidmətlərin qiyməti
qalxmayıb: "Azərbaycan isə böhran zamanı belə bir qərar
qəbul edir. Əhalinin gəlirlərinin azaldığı bir vaxtda qazın
qiymətinin artırması yerinə düşən qərar deyil, belə qərarın
verilməsinə heç bir ehtiyac yox idi".
O, Dövlət Statistika Komitəsinin son məlumatlarını
xatırladıb: əhalinin gəlirlərinin 65 faizi ərzaq məhsullarına,
10 faizini vergilərə, 25 faizi isə digər xərcələrə,
o cümlədən kommunal xərclərə sərf olunur. "Əhalinin
gəlirlərinin azaldığı bir vaxtda qazın qiymətinin artması əhalinin sosial problemlərinin yaranmasına gətirib
çıxarır".
O, qərarın
yayda qəbul edilməsini təsadüf saymır: "Bu dövr əhalinin
qazdan az istifadə etdiyi dövrdür. Qərarı ona görə belə
vaxtda veriblər ki, əhali bahalaşmanı o qədər də hiss
etməsin".
Bahalaşmanın qazın istehlakındakı israfçılığı aradan qaldıracağına dair rəsmilərin
gətirdiyi arqumentlə bağlı Bayramov vqeyd edib ki, israfçılıq qiymətin
aşağı olması ilə bağlı olmayıb, çünki ölkənin təcrübəsi
göstərir ki, "hansı xidmətin qiyməti artırsa, orda qeyri-rəsmi ödənişlərin həcmi artır".
Ekspert qazın
bahalaşmasının indiki halda inflyasiyaya təsir etməyəcəyi
fikrindədir: "Ona görə ki, əhaliyə satılan qazın qiyməti
artıb, sənaye obyektlərinə, hüquqi şəxslərə
satılan qazın qiyməti isə dəyişməyib. Adətən,
mavi qazın qiyməti kənd təsərrüfatı məhsullarının və
sənaye müəssisələrinin istehsal etdiyi malların qiymətinə
təsir göstərir. İstixana mövsümü başa çatdığından qazın bahalaşması kənd
təsərrüfatı mallarını hələlik bahalaşdırmayacaq. Bu
təsir yalnız növbəti mövsümdə özünü göstərəcək".
İqtisadçı ekspert
Vüsal Qasımlı qazın qiymətinin qaldırılmasının israfçılığa yol verməməklə
əlaqələndirilməsini "mübahisəli məsələ"
sayır:" Tarif Şurasının əvvəlki qərarına görə, əhaliyə
verilən qazın hər 1000 kubmetri 47, 2 manata, qeyri-əhali
qruplarına isə 100 manata satılırdı. Belə fərqin olması bütün
hallarda maxinasiyalara gətirib çıxarır. Məsələn
istixanaların, resteronların istifadə elədiyi qazı sonradan əhalinin
ayağına yazılaraq aradakı fərq mənimsənilirdi".
Ekspert belə
diferansiyaya qarşı olsa da, bunun üçün əhaliyə satılan mavi qazın
qiymətinin qaldırılmasına ehtiyac olmadığı fikrindədir. "Qazın
qiymətinin qalxmasına görə, əhali yenidən qızdırma vasitəsi
kimi elektrik enerjisindən istifadə edəcək. Bu isə
növbəti israfçılığa səbəb olacaq", - deyə Qasımlı
vurğuladı.
Ekspertə görə,
təbii qazın maya dəyəri yüksək olmadığına görə
"mövcud (artıq keçmiş-red.) qiymətin çəkilən xərcləri
ödəməməsi" kimi arqumentin də əsası yoxdur:
"Qazın hər 1000 kubmetri 30 manata başa gəlir. Emal qiyməti
hər 1000 kubmetr üçün 3,5 manatdır, ƏDV və nəqliyyat xərclərini
də nəzərə alsaq 47,2 manat düzgün qiymət idi".
Qiymətin iki dəfə
qaldırılması "Azəriqaz"a izafi mənfəət
gətirəcək. Əhalinin sosial vəziyyəti isə nəzərə
alınmayıb. "Tarif Şurasının əsasnaməsində göstərilib
ki, qiymətlər tənzimlənəndə əhalinin sosial
vəziyyəti nəzərə alınmayıb. Alıclıq qabilliyyətinin
aşağı düşməsi sosial problemlərə səbəb
olacaq",-deyə ekspert hesab edir.
"Turan" isə
diqqəti buna cəlb edir ki, israfçılıq və şirkətin qeyri-rentabelliliyi
barədə "Azəriqaz" ictimaiyyətə hesabat təqdim
etməyib. "Azəriqaz" nadir istisnalarla, hər ay
sayğacların göstəricisi ilə abonentlərə verilən qazın
həcmini aktlaşdırmır. Təchizat barədə məlumat boru kəməri
şəbəkəsinə vurulan qazın həcminə əsasən
verilir. Ona görə heç kim deyə bilməz ki, nə qədər
qaz vurulub və onun nə qədəri istehlakçıya çatıb.
A.Həmid
B.Nərimanoğlu
Ekspress.- 2009.- 2 iyul.- S. 7.