Nərgizavada kəşfiyyat başa çatdı

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya Etnoqrafiya İnstitutunun Şamaxı-Xınıslı Arxeoloji Ekspedisiyası Ağsu rayonundakı Nərgizava abidəsinin ərazisindən qədim yaşayış dövrünə aid yeni maddi-mədəniyyət nümunələri aşkar edib. APA-nın yerli bürosunun xəbərinə görə, abidənin ərazisinə daxil olan indiki Gəgəli kəndində aparılan kəşfiyyat xarakterli arxeoloji qazıntılar iyulun 3- başa çatıb. Qazıntılarda Azərbaycan Tarixi Muzeyinin elmi əməkdaşları da yaxından iştirak edib. Arxeoloji qazıntılar zamanı torpaq qəbirlərlə yanaşı, küp qəbirlərə təsadüf edilib.

Azərbaycan Tarixi Muzeyinin arxeologiya elmi fond şöbəsinin müdiri, tarix elmləri namizədi Fariz Xəlilli APA-ya bildirib ki, aşkarlanan 30 ədəd torpaq qəbir, nizə ucluqları, bıçaqlar, sikkələr, bəzək əşyaları, dəmir sancaqlar qırmızı rənglə boyanmış saxsı qablar bizim eradan əvvəl III-I əsrlərə aid maddi-mədəniyyət nümunələridir. Onun sözlərinə görə, skeletlər əsasən üzü cənub-şərqə sağ böyrü üstə aşkar olunub. Demək olar ki, bütün skeletlərin yanında miniatür qablara rast gəlinir. Üst təbəqədəki qəbirlər təsərrüfat işləri görülərkən dağılıb, materialları qarışıb. Kənd təsərrüfatı işləri zamanı ağır texnikanın təzyiqi alt təbəqələrdəki maddi-mədəniyyət nümunələrinə təsir edib.

F.Xəlilli deyib ki, Nərgizava abidəsi 1998-ci ildən elmə məlum olub. Ərazidən tapılan 100-ə yaxın tunc, qızıl, saxsı daş məmulatdan ibarət eksponatlar Azərbaycan Tarixi Muzeyində Ağsu Rayon Tarix-Diyarşunaslıq Muzeyində mühafizə edilir.

 

 

Ekspress.- 2009.- 4-6 iyul.- S. 20.