Azərbaycanın güclü
aurası var...
Toğrul Nərimanbəyov:
"Şuşaya qonaq kimi deyil, oranın
sahibi kimi gedəcəyəm"
SSRİ və Azərbaycanın xalq rəssamı, Fransada yaşayan dünya şöhrətli azərbaycanlı rəssam Toğrul Nərimanbəyov APA-ya müsahibə verib.
-
Toğrul müəllim, vaxtınızın çoxunu xaricdə keçirirsiniz. Azərbaycan üçün darıxmırsınız?
- Bəli, vaxtımın çoxunu xaricdə oluram. Azərbaycan üçün darıxmamaq qeyri-mümkündür. Əlbəttə
ki, darıxıram. Bilirsiniz, Azərbaycan güclü auraya malik
olan ölkədir. Bura neft ölkəsidir
və buranın təbiəti rəssamı ilhamlandırır. Əsasən də Bakını qeyd etmək istəyirəm, çünki bu şəhər həm rəngləri, həm də ritmi hiss etməyə
kömək edir. Bu bizim əksər
rəssamlarımıza xas olan bir xüsusiyyətdir.
Mən xaricdə yaşayıram və çox zaman yollarda
oluram. Ona görə də bu fərqi daha
tez görürəm. Bakıya gələndə özümdə çox böyük ruh yüksəkliyi,
yaradıcılıq qüvvəsi hiss edirəm. Bir sözlə, Vətənim məni ilhamlandırır.
- Yəqin ki, Azərbaycan rəssamlıq məktəbinin bugünkü durumundan xəbərdarsınız...
- Hazırda ümumiyyətlə dünya incəsənətində,
xüsusən də rəngkarlıqda çox böyük eniş hiss
olunur. Bu da onunla bağlıdır
ki, xalqların çoxu öz milli
adət-ənənələrini
itiriblər. Keçmişi danmaq olmaz. Keçmişi
danmayıb, onun üzərində inkişaf qurmaq lazımdır.
- Gənc rəssamların yaradıcılığı Sizi qane edirmi?
- Gənc rəssamın öz xüsusi yaradıcılıq
xəttini hiss etməsi çox vacibdir. Bizim gənclik üçün, məsələn caz janrında işləyən musiqiçilərə hər şeyi Qərbdən təkrarlamaq xasdır. İndividuallığı, milli koloriti saxlamaq çox vacibdir. Miniatür
sənətinin öz ruhu var, bu,
böyük bir fəlsəfədir. Nizami,
Füzulinin poeziyasına oxşar bir fəlsəfə.
Bu hissiyyat xüsusən Şərq xalqlarına məxsusdur. Milliliyi bu nöqteyi-nəzərdən anlamaq lazımdır. Çox təəssüflənirəm
ki, gənclik moda arxasınca gedir. Gənc rəssamların çox yüksək rəng hissiyyatları var, amma onlar abstraktsianizmi
təkrarlayırlar. Abstraktsianizm
çox yüksək səviyyəli incəsənətdir.
Bu yolu ancaq
layiq olan rəssam getməlidir. İstənilən fiqurativ rəngkarlıqda da abstraksiya var. Hər şey təkrarlananda
dəyərini itirir.
- Gənc rəssamlar arasında Sizin davamçılarınız varmı?
- Gənc rəssamlar arasında mənim stilimi təkrarlamaq istəyənlər var, ancaq bu yolda
çox çalışmırlar. Mənim üslubum çox mürəkkəbdir,
çünki o həyatı,
təkamülü, təbiəti
yiyələnməyə əsaslanır
və onu həmin an qavramaq
çox çətin bir şeydir. Çünki
o bütün dünya
incəsənətinin nailiyyətlərini
özündə birləşdirir.
Mən rəsmi elə çəkirəm ki, Qərbdə öz rəsm əsərimi
abstraksianistlərin sırasında
təqdim edəndə
onlar mənim yanımda solğun görünürlər. Məndə abstraktı görmək bacarığı var. Bu
da rəngkarlar üçün ən vacib
olan xüsusiyyətdir. Avropa akademiyalarında olarkən müşahidə etmişəm ki, təhsilin əsasında ənənələrin öyrənilməsi
dayanmır. Bu da rəssama müstəqillik verir. Hesab edirəm ki, bu müstəqillik
yox, əksinə boşluqdur. Rəngkarlıqda çox böyük qanunlar
var, bu qanunların
üzərindən saymayana
keçmək olmaz. Sadəcə onları daha da inkişaf
etdirmək lazımdır. Rəssam getdiyi yolda özü nələrisə
kəşf etməlidir, bu kəşfi başqalarından
gözləməməlidir.
- Hazırda özünüz haradasa dərs deyirsinizmi?
- İndi yox, çünki
hazırda mənim çoxlu ideyalarım var. Bu gün
əsas istəyim həmin ideyaları həyata keçirməkdir. Amma müəllim işləmək çox maraqlıdır. Rəssamlıq insanın qanında, canında olmalıdır. Bu sənət məcburi və ya digər amillərlə
heç zaman başa gələ bilməz.
- Sirr deyilsə, həyata keçirmək istədiyiniz ideyaları, planları bilmək olarmı?
- Əlbəttə deyə bilərəm. Mən bir müddət Səmərqənddə yaşamışam.
Səmərqənddə yaşayarkən
Teymurləng haqqında çox materiallar toplamışam və onunla bağlı bir
layihə həyata keçirməliyəm. Biz Səttar Bəhlulzadə və Rasim Babayevlə
birgə Abşeronu gəzmişik. Həm bununla, həm də Teymurlənglə bağlı məndə bir çox eskizlər
var, mən onları rəsmə köçürməliyəm. Hazırda əsas istəyim budur və bunu
yaxın vaxtlarda həyata keçirmək niyyətindəyəm. Teymurləngin
dövrü ilə bağlı tarixi əsər
yaratmaq istəyirəm.
- Bakıda yaxın zamanlarda
sərginiz təşkil olunacaqmı?
- Yeni əsərlərim var, onları hələ
göstərməmişəm. Daha
sakit və rahat bir vaxtda
onların sərgisini təşkil edəcəyəm.
Parisdə Azərbaycana
və Abşerona həsr olunmuş silsilə əsərlərim
var. Bu əsərlərim
30 kvadratmetr sahəni əhatə edir. Nə vaxtsa mən bu əsərləri
Bakıda sərgiləyəcəyəm.
Bu istəyimi bir il içində
həyata keçirməyi çox istəyirəm.
- Parisdə və ya Bakıda öz
qalereyanızı açmağı düşünürsünüzmü?
- Bəlkə də, niyə də olmasın. Ola bilsin Parisdə qalereya açdım. Bakıda şəxsi qalereyamı
açsam, bunu İçərişəhərdə edəcəyəm.
Mən
15 yaşımdan İçərişəhəri
çəkməyə başlamışam.
Yadımdadır
ki, evlərin damına çıxıb İçərişəhərin
görüntülərini kağız üzərinə köçürdürdüm.
Hər zaman öz şəkillərimdə
İçərişəhərin bütün
gözəlliyini göstərirəm,
bu, hələ də davam edir.
Azərbaycandan, İçərişəhərdən uzaqda yaşamam, bütün bunları yaddan
çıxarmaq demək deyil. Bütün yaradıcılığım boyu
Azərbaycanla, İçərişəhərlə
bağlı çoxsaylı əsərlər yaratmışam
və bu hər zaman belə olacaq.
- Şuşalısınız... Ürəyinizdən Şuşaya getmək
keçirmi?
- Əlbəttə.
- Azərbaycanın bir qrup ziyalısı
Dağlıq Qarabağa səfər etdi. Sizə də Dağlıq Qarabağa, Şuşaya getmək təklif olsaydı, qəbul edərsinizmi?
- Yox, Şuşaya qonaq kimi
getmərəm, oranın sahibi kimi gedəcəyəm.
Bu cür səfərlərdə
belə çıxır ki, onlar Şuşanın
sahibidirlər, biz isə
qonağıq. Axı ora bizim torpağımızdır,
Ekspress.- 2009.- 7 iyul.- S. 23.