Azərbaycan "Nabucco"nu maliyyələşdirməyəcək

 

Prezident İlham Əliyev: "Bu qaz kəməri tikilsə bizə münasib kommersiya şərtləri təklif etsələr, əlbəttə, biz bundan istifadə edəcəyik"

 

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 30-da "Rossiya" telekanalının "Vesti v subbotu" proqramına verdiyi müsahibəsində bəyan edib ki, Azərbaycan "Nabucco"nu maliyyələşdirməyəcək:"Bu, bizim birmənalı mövqeyimizdir"

 

Sual: Hörmətli İlham Heydər oğlu, Dmitri Medvedyevlə Sizin imzaladığınız, indiyə qədər misli-bərabəri olmayan müqavilənin əhəmiyyətini çoxları hələ dərk etmir. Uzun illər boyu Azərbaycana qaz satmış Rusiya indi ilk dəfədir ki, Azərbaycandan qaz alır. Bunun mənası nədən ibarətdir və nə üçün hamı razıdır? Dünən (iyunun 29-da-red.) Siz çox məmnun görünürdünüz.

İlham Əliyev: Bu saziş, həqiqətən həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına cavab verir. Bizə gəldikdə, bu saziş bizim üçün yeni, böyük bazara çıxmaq imkanı, qaz satışının tamamilə şaxələndirilməsini təmin etmək imkanı deməkdir. Çünki bizim qaz ixracı əvvəldən Qərbə istiqamətlənmişdi və bu gün Azərbaycan qazı artıq dörd ölkəyə satılır. Buna görə də Rusiya bazarına çıxış, əlbəttə, böyük əhəmiyyət kəsb edir. Mən dünən qeyd etdim ki, indiki halda infrastruktur, qaz kəməri artıq mövcuddur. Əlavə investisiyalara ehtiyac yoxdur, tranzit dövlətlər yoxdur, ona görə də tranzit barədə danışıqlarla məşğul olmaq "ləzzətindən" məhrumuq. Rusiyanın cənub regionlarının Azərbaycandan göndərilən qazla təmin edilməsinə ehtiyac var. Çox güman ki, bu, iqtisadi baxımdan Rusiya tərəfi üçün daha sərfəlidir.

Müxbir: Bəli, bu halda bizə Sibirdən qaz kəməri çəkmək lazım olmayacaqdır.

İlham Əliyev: Əlbəttə. Üstəlik, qarşılıqlı faydalı olan yaxşı kommersiya şərtləri də vardır. Buna görə də bu vəziyyətdə hər iki tərəf qazanır və Sizin qeyd etdiyiniz kimi, dünən görüşdə iştirak edənlərin hamısı məmnun idi.

Sual: "Qazprom"un başçısı Aleksey Miller jurnalistlərə məlumat verərkən xüsusi vurğuladı ki, "Qazprom" Azərbaycana çox sərfəli kommersiya şərtləri təklif edir, qazı çox sərfəli qiymətə alır və istehlakın həcmini artırmağa hazırlaşır. Bu o deməkdirmi "Nabucco" kəmərini doldurmaq üçün potensial imkan olmayacaqdır?

İlham Əliyev: Hələlik bu barədə danışmaq çətindir. "Nabukko" layihəsinə gəldikdə isə, biz bu məsələ barədə öz mövqeyimizi dəfələrlə bildirmişik. Bu ideya yarananda Azərbaycan təchizatçı kimi nəzərdə tutulmurdu. Azərbaycan tranzit ölkələrdən biri hesab edilirdi. Əsas təchizatçılar başqa ölkələr hesab olunurdu hələ belə hesab edilir. Lakin görünür, ilkin təchizatçılarla müəyyən səbəblər üzündən razılıq əldə edilməsində çətinliklər yaranmış Azərbaycanın artıq böyük həcmdə qaz hasil edən ölkəyə çevrilməsi ilə əlaqədar əlbəttə, bizə maraq yaranmışdır. Təbii ki, biz qaz potensialımızın tam reallaşdırılmasında maraqlıyıq. Bizim qaz ehtiyatlarımız çox böyükdür. Buna görə təbii ki, biz yeni ölkələrin bazarlarına çıxmağımıza imkan verəcək layihələri dəstəkləyirik. Lakin biz özümüzün qaz infrastrukturunu artıq yaratmışıq. Onun bir qismi, məsələn, Rusiya ilə bizi əlaqələndirən qaz kəməri sovet dövründən qalmış, bir qismi təzə tikilmişdir. Buna görə yeni qaz kəmərlərinin tikintisinə sərmayə qoymağımıza heç bir lüzum yoxdur. İndi elə vəziyyət yaranıb ki, istehlakçıların qaza marağı istehsalçıların marağından üstündür. İstehsalçıların qarşısında ciddi problemlər yoxdur, çünki bazar başqa variantları nəzərdən keçirməyə imkan verir. Təbii ki, belə olan halda yeni infrastrukturu istehlakçılar yaratmalıdırlar, onlar sərmayə qoymalı, öz enerci təhlükəsizliyini təmin etməlidirlər.

Müxbir: Necə deyərlər, sizə lazımdır, siz tikin.

İlham Əliyev: Ümumiyyətlə, belədir. Lap sadə dildə desək, yəqin ki, belədir. Bununla bərabər, əlbəttə, əgər qazın nəqli üçün əlavə vasitələr yaradılsa, bu, bizim yalnız xeyrimizə olacaqdır. Əgər "Nabucco" qaz kəməri tikilsə bizə münasib kommersiya şərtləri təklif etsələr, əlbəttə, biz bundan istifadə edəcəyik. Lakin biz bu prosesi başlamaq təşəbbüsünü irəli sürməyəcəyik onu maliyyələşdirməyəcəyik. Bu, bizim birmənalı mövqeyimizdir. Bu mövqe hamıya - həm Qərbdə, həm Türkiyədə, həm başqa ölkələrdə olan tərəfdaşlarımıza, bizim qazın potensial alıcılarına məlumdur. Buna görə dünən (iyunun 29-da -red.) imzalanmış müqavilə ikitərəfli xarakter daşıyır. Azərbaycandan Rusiyaya göndəriləcək qaz Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən hasil edilir. Bu, gələn il hasilatının artırılması nəzərdə tutulan "Şahdəniz-1" yatağından çıxarılan qaz ola bilər. Bu, gələcəkdə "Şahdəniz-2" yatağından başqa yataqlardan çıxarılan qaz da ola bilər. Bizim qazın alıcısı kimi Rusiya üçün bu, yəqin ki, əsas mövzu deyildir. Əsas mövzu təchizatın, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinin etibarlı uzunmüddətli olmasıdır.

Sual: Hazırda söhbət Azərbaycan qazının Rusiyanın cənubundakı istehlakçılara satışından gedir. Bəs, Siz Rusiya ərazisinə, həm Azərbaycan qazının oradan Avropaya satışı üçün tranzit ərazi kimi baxırsınızmı?

İlham Əliyev: Mənim bildiyimə görə, Rusiya qanunvericiliyi Rusiya ərazisindən tranzitin mümkünlüyünü nəzərdə tutmur. Biz bu məsələni qaldırmışdıq. Məsələn, Türkiyədə bizə məxsus olan neft-kimya kompleksinin Rusiyadan qaz ala bilməsi üçün svop əməliyyatları məsələsi nəzərdən keçirilmişdir. Bu variant da istisna edilmir. Ona görə , indiki halda Azərbaycan qazı Rusiya sərhədini keçəndən sonra onun haraya gedəcəyinin bizim üçün ciddi fərqi yoxdur.

Müxbir: Başlıcası odur ki, sərhədi keçərkən yaxşı qiymət ödəsinlər.

İlham Əliyev: Əlbəttə, başlıcası budur. Əsas məsələ uzunmüddətli münasibətlərin etibarlı olması, hər hansı bazar konyunkturunun artıq razılaşdırılmış mövqelərə düzəlişlər etməməsidir. Buna görə müqavilə öhdəliklərinin etibarlı uzunmüddətli olması hər bir ölkə üçün, o cümlədən dünyada qazın əsas təchizatçısı olan Rusiya üçün, həm bizim üçün prioritet məsələdir.

 

 

Ekspress.- 2009.- 7 iyul.- S. 7.