Təzəpir məscid-kompleksi açıldı

 

İyulun 6-da əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra Təzəpir məscid kompleksi istifadəyə verilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə dövlət başçısına burada aparılan əsaslı yenidənqurma və tikinti işləri barədə ətraflı məlumat verib.

Kompleksdə ən yüksək səviyyədə yenidənqurma, tikinti və tərtibat işləri aparılıb. Dövlət başçısı kompleksə daxil olan Təzəpir məscidinə, mərasim zalına, Bakı İslam Universitetinin tədris korpusuna, kitabxanaya, Qafqaz Müsəlmanları İdarəsinin inzibati binasına baxıb.

Burada müxtəlif dini mərasimlər yerinə yetiriləcək, o cümlədən ehsan və kəbin mərasimləri icra olunacaqdır. Ümumilikdə binada 1600 nəfərə xidmət etmək üçün 6 mərasim zalı yaradılmışdır. Bu korpusda xarici qonaqların qəbulu, yerləşdirilməsi üçün otaqlar da vardır.

Bakı İslam Universitetinin tədris korpusunun hər mərtəbəsində 10 sinif otağı olmaqla 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılmışdır. Binanın yarımzirzəmi hissəsində yeməkxana və kitabxana yerləşir.

Təzəpir məscid kompleksinin ərazisindəki birmərtəbəli yöndəmsiz tikililər sökülərək yerində Qafqaz Müsəlmanları İdarəsi üçün beşmərtəbəli inzibatı bina inşa edilmişdir.

Ümumi sahəsi 4100 kvadratmetr olan inzibati binada xidməti otaqlar, 50 yerlik kiçik konfrans zalı yerləşir. Birinci mərtəbədə sahəsi 340 kvadratmetr olan 6000 kitablıq kitabxana vardır. Kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün ministudiya yaradılmışdır.

Məscidin qarşısında sürüşmənin qarşısını almaq üçün xüsusi dəmir-beton konstruksiya quraşdırılmış və torpaq qatı yol səviyyəsindən 1 metrə qədər götürülmüşdür. Kompleksin ərazisində 820 kvadratmetr sahəsi olan kiçik mərasim zalları, 80 kvadratmetrlik qurbangah, 200 kvadratmetrlik qadın və kişi dəstəmazxanaları və s. tikilmişdir.

Kompleksin ətrafında 4500 kvadratmetr sahəyə Ukrayna və Hindistandan gətirilmiş qranit-mərmər plitələr döşənmişdir.

Binaların fasadları Qızılqaya daşından yonulmuş şəbəkə və mürəkkəb memarlıq detalları ilə üzlənmişdir. Bundan başqa, Mustafa Sübhi küçəsindən məscidin ərazisinə girişdə oyma detallarla bəzədilmiş portal tipli yaraşıqlı darvaza quraşdırılmış, keçid hissəyə isə tökmə metal darvaza qoyulmuşdur. Mirzə Fətəli küçəsindən olan keçid portalı sökülərək yenisi ilə əvəz olunmuş və burada da yeni metal darvaza quraşdırılmışdır. Məscidin qarşısında üç fəvvarəli hovuz tikilmiş, fəvvarələr iri həcmli daşdan yonulmuş, içərisi kaşı ilə üzlənmişdir.

Mustafa Sübhi küçəsində baş portala yaxın hissədə bir sıra köhnə tikililər sökülərək ibadətə gələnlərin rahatlığı üçün 50 yerlik avtomobil dayanacağı yaradılmışdır. 2000 kvadratmetrə yaxın divar Ağlay daşı ilə üzlənmişdir. Boşaldılmış ərazidə müasir elektrik şəbəkəsi binası inşa edilmişdir. Yöndəmsiz hala düşmüş Lev Tolstoy küçəsi yenidən qurularkən 4000 kubmetrə yaxın torpaq işi görülmüş, qonşu binaların 1400 kvadratmetr fasadı bərpa edilmiş, yerə 2500 kvadratmetrə yaxın səki daşı döşənmişdir. Məscidin ərazisinə iri avtomobillərin girişi üçün Mustafa Sübhi və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində ayrıca metal darvaza quraşdırılmışdır.

AzərTAc-ın məlumatına görə, prezident kompleksin iclas zalında yerli və xarici qonaqlar qarşısında çıxış edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Xəzəryanı bölgə yeparxiyasının yepiskopu Aleksandr Ata, Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov, Vatikanın Azərbaycandakı apostol nunsisi Klaudio Qucerotti, Şimali Qafqaz Müsəlmanaları Şurasının sədri İsmayıl Berdiyev də mərasimdə çıxış ediblər.

Qeyd edək ki, öz miqyasına görə, indiyədək ölkə məscidlərində belə irimiqyaslı təmir-bərpa işləri olmayıb. 2006-cı il iyunun 1-dən Bakının "Təzə Pir", "Bibiheybət", İçərişəhər "Cümə", "Əjdərbəy" ("Göy" məscid) məscidlərində təmir-tikinti və bərpa işləri başlanıb. İçərişəhər "Cümə" və Bibiheybət məscidlərində təmir-bərpa işləri bir müddətdir ki, tamamlanıb. "Əjdərbəy" məscidində isə yenidənqurma işlərilə bağlı işin gec başa çatacağı gözlənilir. Təmir-bərpa işlərinə Prezident Fondundan 30 milyon vəsait ayrıldığı barədə qeyri-rəsmi informasiyalar var ("Turan").

Maraq kəsb edən bir məsələ məscidin maliyyəçisi, mərhum Nabat xanım Aşurbəylinin məscidin giriş qapısının sağındakı qəbrilə bağlıdır. Təmir-bərpa işləri zamanı rəsmi qurumlar qəbri götürmək təklifi verib, amma QMİ rəhbərliyi bunu yolverilməz sayaraq, qəbirdaşı üzərində təmir işi aparıb və buradakı yazılar qızıl suyu ilə yazılıb.

Qeyri-rəsmi informasiyalara görə, dövlət başçısı kompleksin paytaxtın hər tərəfindən görünməsi üçün 150 metr məsafədə hündürmərtəbəli bina tikilməməsi barədə göstəriş verib.

Xatırladaq ki, 1905-1913-cü illərdə Nabatxanım Aşurbəylinin maliyyə vəsaiti ilə tikilmiş "Təzə Pir" məscidinin arxitektoru Zivərbəy Əhmədbəyov olub.

 

 

A.Xəlil

 

Ekspress.- 2009.- 7 iyul.- S. 2.