Düşmən üçün
də zabit yetişdirib...
Ermənistan ordusunun 7 generalı indiki Azərbaycan
Ali Hərbi Məktəbinin məzunudur
Bu
ilin payızında Azərbaycanın iki hərbi təhsil müəssisəsinin
- Azərbaycan Ali Hərbi Məktəbi (AAHM) və Azərbaycan
Ali Hərbi Dənizçilik Məktəbinin (AAHDM) yaranmasının 70 ili
tamam olur.
1939-cu
ildə yaradılmış hər iki məktəb nəinki Azərbaycan,
eləcə də keçmiş SSRİ-də böyük nüfuza malik olub, məzunları
keçmiş sovet ordusunda müxtəlif vəzifələrə yüksəliblər.
"Lent.az"ın araşdırmasına görə, bu gün də postsovet ölkələrinin
bir çoxunun Silahlı Qüvvələrinin rəhbərliyində Azərbaycanın
adı çəkilən məktəblərinin məzunları yüksək vəzifələrdə
çalışırlar.
Marşal yetişdirən məktəb
1939-cu
ildə SSRİ xalq müdafiə komissarının əmri əsasında
yaradılmış Bakı Piyada Məktəbi ilk günlər qarşılaşdığı böyük çətinliklərə
baxmayaraq, ordu üçün ixtisaslı zabit kadrlar hazırlamağa nail olub.
1940-cı
il yanvarın 1-dən tədris proqramına başlayan məktəb həmin
ilin martından iki illik hazırlanma proqramına keçib. İlk illərdə məktəbdə
3 ixtisas üzrə - atıcı tağım, pulemyotçu tağım və minomyotçu tağım
komandirləri hazırlanıb. Məktəbin məzunlarından 22 nəfər,
o cümlədən 3 nəfər azərbaycanlı (Həzi Aslanov,
Ziya Bünyadov və Aslan Vəzirov) İkinci Dünya Müharibəsində
göstərdikləri igidliklərə görə Sovet İttifaqı Qəhrəmanı
adını alıb.
Məktəbin
məzunlarından 1 nəfər - Viktor Kulikov sonradan Sovet ordusunun
marşalı olub.
1 məktəbdən 6 Milli Qəhrəman
1958-ci
ilin ortalarında məktəbin adı dəyişilərək Bakı Ali
Ümumqoşun Komandanlıq Məktəbi adlanıb. 1992-ci ilin aprelində Azərbaycan
hökumətinin tabeliyinə keçən məktəbdə həmin
ilin dekabrında ümumqoşun fakultəsinin birinci kursunun şəxsi heyətindən
ibarət tabur yaradılaraq Ağdam bölgəsinə göndərilib.
Kursantlar
heç bir itkisiz döyüş tapşırığını yerinə yetirib. 1993-cü ilin fevralında
ümumqoşun fakültəsinin ikinci kursundan 72 nəfərdən ibarət
yaradılmış bölük Ağdərə bölgəsində döyüş tapşırıqları yerinə
yetirib. Döyüşlərdə kursantlardan 8 nəfər həlak olub,
5 nəfər isə itkin düşüb. Məktəbin məzunlarından Fəxrəddin
Cəbrayılov, Eldar Ağayev, Şikar Şikarov, Rasim İbrahimov, Əfqan
Hüseynov, Kərim Kərimov Azərbaycanın Milli Qəhrəmanı fəxri
adı ilə təltif olunub.
AAHM-in generalları
Sovet
dövründə həm AAHM, həm də AAHDM-də (keçmiş Xəzər
Hərbi Dənizçilik Məktəbi) keçmiş Varşava paktı ölkələrindən,
habelə digər sosialist ölkələrdən kursantlar təhsil
alıb.
Bu
kursantlardan bəziləri sonradan öz ölkələrində müxtəlif
yüksək vəzifələrdə çalışıblar. Bəziləri isə
ölkələrinin ali rütbələri və ən yüksək fəxri
adları ilə təltif olunublar. "Lent.az"ın Bakı Ali Ümumqoşun
Komandanlıq Məktəbi məzunları Birliyinə istinadən
verdiyi məlumata görə, sonradan çörəyini yediyi Azərbaycana
qarşı döyüşlərdə "aktivlik" göstərmiş Ermənistan
ordusunun general-mayoru Valeri Qriqoryan "Ermənistan Qəhrəmanı"
adı ilə təltif edilib.
Vaxtı
ilə AAHM-in məzunu olmuş 4 nəfər - mayor İqor Kornienko,
polkovnik Vladimir Nedobejkin (məşhur "Çistilişe" filmindəki
zabitin həyatdakı prototipi), polkovnik Aleksandr Çernov və polkovnik
Vasili Çubenko "Rusiya Federasiyası Qəhrəmanı" adına layiq
görülüblər.
Bu
gün Rusiyada AAHM-in AAHDM-in məzunu olmuş şəxslərə müxtəlif
vəzifələrdə rastlaşmaq olur. Kareliya Respublikasında məhkəmə
nəzarəti idarəsinin rəisi polkovnik Yuri Dzyuba, Rusiya
Quru Qoşunlarının keçmiş komandanı, Qaraçay-Çərkəz Respublikasının
sabiq prezidenti, ordu generalı Vladimir Semyenov, Rusiya Quru Qoşunları baş qərargahının
sabiq rəis müasini general-leytenant Vyaçeslav Suslov, 1982-84-cü illərdə
Əfqanıstandakı sovet qoşunlarının komandanı, general-leytenant Vladimir
Neverov, Rusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi,
general-leytenant Aleksandr Pavlovski, hazırda Hərbi Dəniz Qüvvələrinin
döyüş hazırlığı baş idarəsinin rəisi, Rusiya Federasiyası Qəhrəmanı
kontr-admiral Sergey Kuzmin, Rusiya Sərhəd Qoşunları Sahil Mühafizə
departamentinin rəisi Vyaçeslav Sercanin, vitse-admiral Sergey Menyaylo,
"Donskoy" şirkətinin rəhbəri Aleksey Efentyev
(Çistilişe filmindəki "Gürzə"nin prototipi) və s. təhsillərini
Bakıda alıblar.
Hazırda
Latviya Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsində
çalışan I dərəcəli kapitan Aleksandrs Pavlovics də Bakıda
oxuyub. O, AAHDM-in tələbəsi olub.
Ukrayna
Silahlı Qüvvələrində son illərədək xidmət
etmiş 2 general - general-mayor Oleq Babiç və general-mayor İqor Ploskonos
da Bakı tələbəsi olub.
AAHM-in
başqa bir məzunu, Adam Çaplevski Polşa Silahlı Qüvvələrində
diviziya generalı rütbəsinədək yüksəlib.
Milli ordunun milli zabitləri
Hər
iki hərbi məktəbin məzunları müasir Azərbaycan Silahlı
Qüvvələrinin formalaşmasında mühüm rol oynayıb və hazırda bu təhsil
ocaqları regionda ən nüfuzlu hərbi məktəblərdən
sayılır. AAHM və AAHDM-də bu gün Qazaxıstan, Qırğızıstan və s.
ölkələrdən kursantlar təhsil alır.
Bu
gün Azərbaycan Silahlı Qüvvələrində xidmət edən
general və admiralların əksəriyyəti AAHM və AAHDM-in
yetirmələridir. Onları aşağıdakılar kimi sıralamaq olar: Müdafiə
naziri general-polkovnik Səfər Əbiyev, Silahlı Qüvvələrin
Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov, Hərbi
Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov, DSX
rəisi general-leytenant Elçin Quliyev, Daxili Qoşunların komandanı,
general-leytenant Zakir Həsənov, prezidentin hərbi məsələlər
üzrə köməkçisi, general-leytenant Vahid Əliyev,
general-leytenantlar Yaşar Aydəmirov, Kərim Vəliyev, Kərəm
Mustafayev, Talıb Məmmədov, general mayorlar Fikrət Məmmədov
(dünyasın dəyişib), Çingiz Şəfiyev, Eyvaz Cəfərov, Nəcəf
Qəmbərov, Heydər Priyev, Nizam Osmanov, Şamo Abdullayev, Altay
Mehdiyev, və b.
Baş
qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov sovet
dövründə (1979-cu il) AAHM-i qızıl medalla bitirmiş azsaylı azərbaycanlı
məzunlardan biri olub.
Erməni ordusunu "AAHM məzunları"
idarə edir
Təəssüf
olsa da deməliyik ki, bu gün düşmən Ermənistanın ordu rəhbərliyindəki
kadrların da əksəriyyəti AAHM-in "yetirmələridir".
Ermənistanın indiki müdafiə naziri və separatçı "Qarabağ
ordusunun" bəzi yüksək rütbəli zabitləri də daxil
olmaqla, əksər yüksək rütbəli zabitləri bir vaxtlar bu
məktəbin məzunu olublar. Sonradan tarixi ənənələrinə
"sadiq qalaraq" erməniliklərini büruzə verən bu
insanlar öz tələbə yoldaşlarına belə silah qaldırmaqdan çəkinməyiblər.
Ermənistanın
müdafiə naziri, general-polkovnik Seyran Ohanyan (1983-cü il də daxil
olub) AAHM-i bitirib. Ermənistan Silahlı Qüvvələri Baş İnspeksiyasının
rəisi general-polkovnik Mikail Arutunyan (1967), Ermənistanın hərbi
komissarı general-mayor Kamo Koçunyan, beşinci ordu korpusunun komandiri,
general-mayor Valeri Qriqoryan, birinci ordu korpusunun komandiri,
general-mayor Yuri Martirosyan, general-mayor Qaregin Qabrielyan və
general-mayor Arkadi Ter-Tadevosyan (Komandos) və s. onlarla yüksək
rütbəli hərbçi Azərbaycanda təhsil alıb.
Ekspress.- 2009.- 8 iyul.- S. 2; 23.