"İndiki vaxtda Xalq Cəbhəsinin
yaradılması bir arzu ola bilər"
Arif Hacılı: "QHT-lərin keçirdiyi kütləvi
aksiyalarda öndə olanların çoxu müsavatçılar idi"
Ölkədə növbəti
bələdiyyə seçkilərinin
keçirilməsinə 5 ay
vaxt qalır. Hakim partiya - YAP artıq seçkiyə qatılacaq namizədlərinin
müəyyənləşdirilməsi işinə start verib. Müxalifət düşərgəsində isə
hələlik seçki hazırlıqları müşahidə olunmur. "Müxalifətin
seçkiyə hazırlaşmaması"
fikri ilə razılaşmayan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı bizimlə
söhbətində apardıqları
hazırlıq işlərinin hələlik cəmiyyətə
açıqlanmasına ehtiyac olmadığını bildirdi:
-
Bundan əvvəlki bələdiyyə seçkilərində
müxalifət ümumiyyətlə iştirak etməyib. Bu bələdiyyə
seçkiləri ilə bağlı isə müxalifətin əsas qüvvələrinin
qərarları artıq məlumdur. Qarabağ və Respublika Uğrunda Hərəkata
daxil olan siyasi partiyalar və ictimai təşkilatlar qərar qəbul
ediblər ki, bələdiyyə seçkilərində birgə
iştirak edəcəklər. Və bu hərəkatda təmsil
olunan partiyalar, o cümlədən Müsavat Partiyası təşkilatdaxili
hazırlıqlara start verib. Kimlərin namizədliklərinin irəli
sürülməsi ilə bağlı müzakirələr başlayıb. Ümumən bələdiyyələrə
20 min üzv seçilməlidir. Ona görə də bu ciddi və məsuliyyətli
iş tələb edir. Hesab edirəm ki, yaxın zamanlarda bizim bələdiyyə
seçkisinə hazırlıqla bağlı işlərimizin bəzi yönləri mətbuata
açıqlanacaq. Bələdiyyə seçkilərinə ciddi hazırlaşırıq
və bu seçkilərdə uğurlu nəticələrə nail
olmaq əzmindəyik.
-
Bəzən, bələdiyyə seçkiləri müxalifətin
revanş götürməsi üçün bir fürsət olur. Xarici ölkələrin təcrübəsində
bu var. Azərbaycan müxalifəti durğunluqdan çıxmaq üçün 2009-cu ilin bələdiyyə
seçkilərinə bir şans kimi baxırmı?
-
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda bələdiyyələrin
statusu, bələdiyyələrə seçkilərin qaydaları, bu
instituta seçkilərin ciddi milli kampaniyaya çevrilməsinə imkan
vermir. Birincisi ona görə ki, bələdiyyələrin real
hakimiyyəti mövcud deyil. Çünki idarəetmə funksiyalarını bir
qayda olaraq icra hakimiyyəti orqanları həyata keçirir. Eyni zamanda
iri şəhər və rayonlarda bələdiyyələr təşkil
olunmur. Məsələn, Bakı, Gəncə, Sumqayıt kimi şəhərlərin
bələdiyyəsi yoxdur. Bundan başqa, bələdiyyə sədrləri
seçkidə deyil, bələdiyyə üzvləri tərəfindən
seçilir. Yəni, bütün bu amillər Azərbaycanda bələdiyyə
seçkilərinin ümummilli siyasi prosesə çevrilməsinə
maneçilik törədir. Amma biz bu seçkiyə həm öz siyasi
mövqeyimizin möhkəmlənməsi, həm üzvlərimizin yerli
özünü idarəetmə sistemində fəal iştirakı, partiya
strukturlarının fəallaşması, cəmiyyətin fəallaşması fürsəti
kimi baxırıq. Böyük mənada dəyişikliklər isə gələn
il keçiriləcək parlament seçkiləri dövründə mümkün ola bilər.
-
Müxalifətin neçə illərdir Seçki Məcəlləsinin,
seçki komissiyalarının dəyişdirilməsi, seçkiqabağı mühitin
demokratikləşdirilməsi ilə bağlı irəli sürdüyü tələblər
nəzərə alınmır. Amma QHT-lərlə bağlı qanunvericiliyə
nəzərdə tutulan dəyişiklərin bir qismi, bu sektorun
davamlı etirazlarından sonra gündəmdən çıxarıldı. Bu, QHT-lərin
siyasi partiyalardan güclü olması anlamına gəlmir ki?
-
Mən tamamilə razıyam ki, QHT-lər bu məsələdə
prinsipial mövqe nümayiş etdirdilər. O cümlədən, beynəlxalq
təşkilatların da QHT-lərin müdafiəsi yönündə mövqeləri
kifayət qədər sərt oldu. Amma nəzərə alın
ki, hakimiyyətin QHT-lərə qarşı apardığı siyasətə etiraz
edən yalnız QHT yox, həm də siyasi partiyalar oldu. Müsavat
Partiyası olaraq biz bu məsələdə prinsipial mövqe tutduq.
Keçirilən kütləvi aksiyalarda və tədbirlərdə fəal
iştirak etdik. Çünki bu problem tək QHT-lərin deyildi. Əgər
ölkədə demokratik institutlara qarşı hansısa hücum planı həyata
keçirilirsə, bu institutların fəaliyyətinin məhdudlaşdırılması
xətti götürülürsə, bütün demokratiya tərəfdarları buna
qarşı mübarizə aparmalıdır. Onu da əlavə etmək istəyirəm
ki, mən QHT-lərlə bağlı qanunvericiliyə gözlənilən
dəyişikliklərə etiraz olaraq keçirilən bütün aksiyaları
ciddi surətdə izləmişəm. Məsələn, QHT-lərin
keçirdiyi kütləvi aksiyalarla və digər tədbirlərlə
bağlı qəzetlərdə, televiziya ekranlarında şahid olduğum səhnə
ondan ibarətdir ki, bu aksiyalarda öndə olan insanların bir çoxu
Müsavat Partiyasının üzvü, hətta rəhbərliyə daxil olan şəxslər
idi. Ona görə, partiyaların bu məsələlərə biganə
qalmasını iddia etmək doğru olmazdı.
-
Söhbət partiyaların QHT-ləri müdafiə edib-etməməsindən
yox, öz tələbələrinə prinsipial və davamlı
olmamasından gedir...
-
Hesab edirəm ki, siyasi partiyalar QHT-lərə necə birmənalı
dəstək verdisə, siyasi partiyalar üçün problem yaradılanda da
QHT-lər, mətbuat onlara dəstək verməlidir. Çünki
normal fəaliyyət göstərən siyasi partiyalar olmadan normal
vətəndaş cəmiyyətinin yaradılması qeyri-mümkündür. Ona görə
də, 90-cı illərin əvvəlində yaradılmış demokratik
institutların qorunub saxlanılması və inkişaf etdirilməsi üçün bu
qurumlar bir-birlərinə dəstək verməlidirlər.
-
Gələn həftə Azərbaycan Xalq Cəbhəsinin
yaradılmasının 20 illiyi tamam olur. Bu günlərdə Xalq Cəbhəsinin
bərpası və ya yeni biçimdə belə bir hərəkatın
yaradılması haqda ideyalar gündəmə gətirildi. Xalq hərəkatının
aparıcı şəxslərindən biri kimi 2009-cu ildə AXC-nin yaradılmasını
real hesab edirsinizmi?
-
Mən real ideyaların irəli sürülməsinin və həyata
keçirilməsinin tərəfdarıyam. Düşünürəm ki, bugünkü siyasi
qüvvələr öz addımlarını resurslarına uyğun olaraq müəyyən
etməlidirlər. Yəni, elə hədəflər qəbul
olunmalıdır ki, bunun üçün resurslar kifayət etsin. İsa Qəmbər
Xalq Cəbhəsinin yaradılması ilə bağlı ideyanı irəli sürərkən,
son günlərədək aktual olan QHT-lərlə bağlı təhlükəni
nəzərə almışdı. Bu ideyanın da arxasında iki səbəb
dayanırdı. Birincisi, bu hakimiyyət dairələrinə bir xəbərdarlıq
idi ki, əgər QHT-ləri sıradan çıxarmaq xətti götürülərsə,
AXC kimi ciddi bir təşkilat yarana bilər və bu təşkilat
QHT-lərin həyata keçirdiyi funksiyanı öz üzərinə götürə
bilər. İkinci səbəbsə o idi ki, əgər QHT-lərlə
bağlı qanun əvvəl nəzərdə tutulduğu şəkildə
qəbul edilsəydi, bir çox QHT-lərdə fəaliyyət göstərən
insanlar faktiki olaraq işsiz qalacaqdılar. Və vətəndaş cəmiyyətinin
yaradılması prosesində iştirak resurslarını itirmiş olacaqdılar. Bu halda,
belə insanların Xalq Cəbhəsi kimi bir təşkilatda birləşməsi
üçün ciddi stimul yaranacaqdı. Amma QHT-lərlə bağlı planların bir
qismindən hakimiyyətin geri çəkilməsi Xalq Cəbhəsinin
yaradılması ilə bağlı ideyanın aktuallığını bir qədər zəiflətmiş
oldu. Ancaq hər halda. Xalq Cəbhəsi və bu tipli nəhəng,
siyasi və ictimai birlikləri öz ətrafında toplaya biləcək
bir təşkilatın yaradılması bir arzudur. Və düşünürəm ki, uğurlu
siyasi şərait yarandığı dövrdə bu istəyin həyata keçirilməsi
mümkündür.
-
Ötən həftə Azərbaycanın müxalifət liderlərini başı
üzərində bir "terror" kabusu dolaşdı. ADP sədri Sərdar
Cəlaloğluna göndərilmiş təhdid məktubunu nəzərdə
tuturam. Bu hadisənin kriminal tərəfini bir yana qoyaq, sizcə,
vətəndaşı belə bir təşəbbüslə çıxış etməyə
vadar edən səbəb nədir?
- Müxtəlif versiyalar irəli sürə bilərik. Amma düşünürəm ki, ən doğru olanı
hüquq-mühafizə orqanlarının
bu işi araşdırmasıdır.
Normal halda, hüquq-mühafizə
orqanları cinayət işi qaldıraraq, istintaq apararaq qeyd etdiyiniz suala cavab tapmalıdırlar.
Ancaq hakimiyyət orqanlarının bu məsələyə biganəliyi bizdə çox böyük narahatçılıq
yaradır. Bu bir daha hüquqi
nihilzm mövcudluğundan xəbər verir. Mətbuatda gedən xəbərlər
kifayət idi ki, hüquqi araşdırmalara
başlanılsın. Amma hətta
rəsmi şikayət olunmasına baxmayaraq, bu məsələyə baxılmaması, siyasi oppanentlərə münasibətinin
göstəricisidir. Bir vətəndaşın
müxalifət liderlərinə
qarşı terror aktı törətmək istəyinin
arxasında duran səbəbi də hüquq-mühafizə orqanları ortaya çıxarmalıdır. Biz burada ekstrasens
rolunda çıxış etməli deyilik.
Aqil CAMAL
Ekspress.- 2009.- 9 iyul.- S. 12.