Fəxriyyə Xələfova
ətir istehsalına başladı.
Lakin bu
iş onu modadan
ayırmayacaq
"Mənə müxtəlif tədbirlərdə və
təqdimat mərasimlərində
iştirak etmək üçün maraqlı dəvətlər
gəlir. Bu dəvətlərin
əksəriyyəti Amerikadandır.
Buna görə sevinirəm
ki, Fəxriyyə Xələfovanı tanıyır və qəbul edirlər. Amma etiraf edim ki, hələ brendimi, reklamımı ifadəli şəkildə təqdim etməmişəm.
İnşallah geyim və ətriyyat
istehsalçısı kimi təqdim ediləndə, reklama ehtiyac olacaq. Hazırda reklam işləri
ilə məşğul olmağa hazırlaşıram. İndi ətriyyat üzərində işləyirəm. Düşündüm ki,
ətriyyatın özü ilə yanaşı, gözəl də reklamı olmalıdır. Yaxın günlərdə şəkillər
çəkdirəcəm. İlk ətriyyatımın
reklam sifəti özüm olacam", -Bu sözləri əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova söyləyib.
Modelyerin sözlərinə
görə, ətrin adı "Nuray" olacaq: "Nuray mənim bu dünyada
ən çox sevdiyim qadındır. Ancaq onun kimliyini hələlik açıqlamayacam, qoy, bu sirr
olaraq qalsın. Nuray özümdən sonra əhval-ruhiyyəsini qəbul
etdiyim bir insandır. Bilirsiniz ki, moda aləminin insanları yalnız əhval-ruhiyyə ilə yaşayır. Nurayın kimliyini isə təqdimat mərasimində
görəcəksiniz".
Moda işləri ilə bağlı bir çox
ölkənin podiumlarını gəzən Fəxriyyə
Xələfova ətriyyatının
qoxusunun da uzaq ölkələrdən gəlməsini arzulayır. Bunun
üçün məlumat toplayan modelyer əldə etdiklərini bizimlə bölüşdü: "Çox istəyirəm ki, bu ətriyyat
Azərbaycandan kənarda
da yayılsın. Bunun üçün mən beynəlxalq
ətriyyat strategiyasını
yaxşıca öyrənmişəm.
Bir ildir ancaq ətriyyat
məsələsi ilə
məşğulam. Onu istehsal
etməyə çox insanın maddi imkanı
çatar. Amma ətriyyat buraxılışında
çoxlu uğursuz faktlar mövcuddur. Hər ətriyyat uğurlu alınmır. Uğursuzdursa, bu, həmin
investisiyanın və istehsalçının adının batması deməkdir. Şanslıyam ki, məni ətir
icad edən insanların sırasına daxil ediblər. Mən xaricdə məsləhətləşmələr
aparmışdım, demişdilər
ki, "sən ciddi düşün, bu
işə bu qədər vaxt, vəsait ayıracaqsan".
Soruşurdular ki, "bu işin uğurlu olacağına
əminsən". Mən
dedim ki, "hansı testlərdən keçmək lazımdırsa, keçim, siz də
baxın". Mən bu testlərdən keçdim və dedilər ki, məndə bu iş alınır".
Fəxriyyə xanım ətriyyat istehsal etmək üçün insanın hansı
keyfiyyətlərə malik
olmasından da danışdı. Onun fikrincə, öncə insanın həssaslığı olmalıdır: "Ətirlərə,
rənglərə, hətta
dəyişən havaya da həssasam. Bilirəm ki, insanlar nəyi
istəyəcəklər. Bəzən deyirlər ki, insanlar üçün gözəl
ətriyyat yaradanda, hansısa arzularını onlara bəxş edirsən. Əslində, bu çox qeyri-adi prosesdir. Əgər belə olmasaydı, dünyada onminlərlə ətir olardı. Amma statistikaya görə, dünyada cəmi 50-60 çeşiddə ətir var. Mən ətirlərin həm çiçək istiqamətini, həm kimyəvi tərkibini öyrənmişəm. O qarışığı
tapana qədər üç ay laboratoriyadan çıxmamalısan. Ətriyyat işində özümü
tamamilə tapmışam.
Bu iş məni modadan ayırmayacaq. Ona görə ki, modanın
içində ola-ola bu işi görürəm".
AYXAN
Ekspress.- 2009.- 9 iyul.- S. 10.