Mahnı Teatrı
yəhudilərə veriləcək?
Kazım Qasımov:
"Buna inanmıram"
Qəzetimizin ötən
saylarının birində Azərbaycandakı dağ yəhudilərinin Rəşid
Behbudov adına Mahnı Teatrının binasına göz dikməsi
barədə məlumat
yaymışdıq. Xatırladaq ki, yazıda yəhudilərin
keçmişdə sinaqoq olmuş adıçəkilən teatrın binasının onlara geri qaytarılması
istəklərindən söz
açılırdı.
Qeyd edək ki, bu
məsələ Dağ yəhudiləri icmasının rəhbəri Semyon İxiilov və Yəhudi Evinin direktoru Şaul Davıdovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşündə müzakirə mövzusu olub. İnşa
ediləcək Qış parkının ərazisinə düşdüyü üçün paytaxtdakı sinaqoqun sökülməsi ehtimalı ilə bağlı dağ yəhudiləri
icmaya yeni yer istəyiblər. Və problemin həlli yollarından biri kimi sovet
hakimiyyəti zamanı müsadirə edilmiş və hazırda R.Behbudov adına Mahnı Teatrının yerləşdiyi tarixi sinaqoq binasının geri qaytarılması variantı irəli sürülüb.
Maraqlıdır, adıçəkilən
teatrın rəhbərliyinin
bu məsələyə
münasibəti necədir?
Rəşid Behbudov adına Mahnı Teatrının
direktoru Kazım Qasımov "Ekspress"in əməkdaşı ilə söhbətində bu məsələnin hələ 5 il bundan əvvəl də gündəmə gəldiyini xatırladıb. Dediyinə görə, 2004-cü ildə də bununla bağlı məsələ
qaldırılsa da, o vaxtdan heç
nə dəyişməyib:
"Bu bina
20 ildən artıqdır ki, Rəşid Behbudov adına Mahnı Teatrına verilib və burada əsaslı təmir aparılıb. İndi də çox
gözəl fəaliyyət
göstərir və öz həcminə görə ən çox tamaşaçı qəbul
edən teatrlardan biridir".
Binanın dağ yəhudilərinə
qaytarılmasına gəlincə,
teatrın direktoru bu məsələnin vaxtaşırı qaldırıldığını deyərək, binanın yəhudilərə veriləcəyinə
inanmır: "Çünki dediyim kimi, 2004-cü ildən bu məsələ
qaldırılıb və heç bir nəticə
verməyib".
K.Qasımovun sözlərinə görə, Azərbaycanda hər zaman yəhudilərə lazımı diqqət göstərilib və lazım olsa,
bu məsələdə
də onlara nə isə təklif olunacaq.
"Bina yəhudilərə verilsə, hansı addımları atacaqsınız" sualına isə K.Qasımov, "binanın yəhudilərə verilməsi
reallaşarsa, o zaman öz münasibətimi
bildirərəm. Hələlik
isə bu məsələyə inanmıram",
- deyə cavab verib.
Aytən NƏBİYEVA
Ekspress.- 2009.- 9 iyul.- S. 8.