Bakı və
Dəməşq əməkdaşlığı
sıxlaşdırır
Azərbaycanla Suriya
arasında 5 hökumətlərarası
sənəd imzalandı
Dünən Suriya Ərəb Respublikasının prezidenti Bəşər əl-Əsədin Azərbaycana ikigünlük rəsmi səfəri başlayıb. Suriya prezidenti və xanımı Əsma əl-Əsəd prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən
rəsmi mərasimlə
qarşılanıb.
Daha sonra prezidentlər
təkbətək geniş
tərkibdə görüş keçiriblər. Dövlət başçıları ölkələrimiz arasında əlaqələrin
inkişafından məmnunluqlarını
ifadə ediblər. Prezidentlər iki dövlət
arasında əlaqələrin
bundan sonra da genişlənəcəyinə
ümidvar olduqlarını bildirib, bu səfərin
Azərbaycan-Suriya ikitərəfli münasibətlərinin
yeni mərhələyə
yüksəlməsinə təkan
verəcəyini vurğulayıblar.
"Bu, sizin Azərbaycana
ilk rəsmi səfərinizdir və mən əminəm ki, səfər çox uğurlu keçəcək.
Səfər çərçivəsində
imzalanacaq sənədlər
və əldə ediləcək nailiyyətlər
iki ölkə arasında münasibətlərin
yeni səviyyəyə
qalxmasına xidmət göstərəcək",- deyə
İ.Əliyev vurğulayıb.
Görüşdə ikitərəfli
münasibətlərlə yanaşı,
regional və beynəlxalq məsələlər
barədə də fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti
bəyan edib ki, Ermənistan rəsmilərinin xalqların öz müqəddaratını təyinetmə prinsipi barədə bəyanatları
Dağlıq Qarabağ münaqişəsinə şamil edilə bilməz.
Suriya prezidenti isə
bildirib ki, iki ölkə arasında
əməkdaşlıq üçün qapılar açıqdır: "Ölkələrimiz dünya səviyyəsində strateji
mövqelərə malikdir.
Həm bölgədə olan ölkələrlə, həm qonşuluğumuzda olan ölkələrlə dövlətlərimizin dost və xoş münasibəti
var. Əminəm ki, bu münasibətlərin
ümumən bizim vəziyyətimizə çox müsbət təsiri var".
Dünən prezidentlərin
iştirakı ilə iki ölkə arasında
sənədlərin imzalanması
mərasimi olub. Beş sənəd imzalanıb:
- Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya xüsusi pasportlara
malik olan şəxslərin viza tələblərindən azad
olunması haqqında Saziş;
- Azərbaycan Hökuməti və Suriya Hökuməti arasında mədəniyyət sahəsində
əməkdaşlıq haqqında
Saziş;
- Azərbaycan Hökuməti və Suriya Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq
üzrə birgə komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu;
- Azərbaycan Hökuməti və Suriya Hökuməti arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Saziş;
- Azərbaycan Hökuməti və Suriya Hökuməti arasında sərmayələrin təşviqi
və qarşılıqlı qorunması haqqında Saziş.
***
Ərazisi 185,2 min kvadrat kilometr olan Suriyanın
büdcəsi əsasən
neftdən gələn
gəlirlər hesabına
formalaşır. Ölkədəki
sənaye komplekslərinin
75 faizi dövlətə məxsusdur. Ölkə əhalisinin 20 faizi işsizdir, Suriyanın 6 milyard dollar xarici borcu var.
Xatırladaq ki, Azərbaycan və Suriya arasında ikitərəfli münasibətlər
28 mart 1992-ci ildə qurulub. Suriyanın Azərbaycandakı səfirliyi
16 may 2008-ci ildən fəaliyyət göstərir.
Ölkələr BMT çərçivəsində
əməkdaşlıq edir.
2006-cı il noyabrın 27-də BMT-nin İnsan Hüquqları
Şurasının II sessiyasında Azərbaycan Suriya tərəfindən təklif
edilmiş "Suriyanın işğal edilmiş Holan
yüksəklikləri. İnsan
hüquqları sahəsində
vəziyyət" adlı
qətnaməni dəstəkləyib.
İki ölkə arasında
iqtisadi əlaqələr
o qədər də fəal deyil. 2008-ci il ərzində Suriyadan Azərbaycana idxal təxminən $2 milyon, bu ölkəyə ixrac isə cəmi $134 min təşkil edib.
A.Xəlil
Ekspress.- 2009.- 9 iyul.- S. 3.