Uçub getdi qərib durna...

 

Sənədli kinomuzun ilk rejissorlarından olan Niyazi Bədəlovun bu gün 100 illik yubileyidir

 

Kinoçulardan ilk dəfə şəxsən tanış olduğum ən yaşlı adam o idi. Təqribən iyirmi ilin söhbətidi, SSRİ dağılhadağıldaydı. Başqa qəzetdə işləsəm də, "Kino" üçün də yazırdım. Hər həftə kinostudiyaya, sənətkarların evinə gedib-gəlməkdən demək olar ki, aqısa zamanda məşhurlaşmışdım. Bu minvalla tale məni Niyazi Bədəlovla - milli kinonun veteran sənətkarlarından biri ilə görüşdürdü...

O vaxt Niyazi müəllim artıq səksəni yola salmışdı. Yaşına görə qıvraq idi, hafizəsi də yerindəydi. Təqadə çıxmışdı, özü demişkən, qarısıyla bir damın altında dövranını sürüb, gününü keçirirdi. Onunla bir yazılıq söhbətimizin sonradan səmimi münasibətə çevriləcəyini, dostluq səviyyəsinə yüksələcəyini o vaxt heç ağlıma gətirmirdim.

Ən azından yaş fərqinə görə, babam yerindəydi.

Niyazi Bədəlov əslən Şəkidəniydi. Şəkililərə məxsus hazırcavab, baməzə təbiəti canında-qanındaydı. Sadə, səmimi, ünsiyyətcil olması özgə aləmiydi. Kimlə sözü-söhbəti tutdu, onunla axıracan varıydı. Ta bu adamın işi-gücü, qulluğu onu maraqlandırmazdı.

Uşaqla uşaq, böyüklə böyük olmağı bacaran, məqamı çatanda pərdə saxlamağı lazım bilən bu kişi maraqlı ömür yolu keçmişdi. Doğulanda Azərbaycan çar Rusiyasının əsarəti altındaydı. Ağlı kəsər-kəsməz Nikolay taxtdan düşmüş, bolşeviklər hakimiyyətə gəlmişdilər. Niyazi Bədəlov həmin vaxtlar məktəbə gedir, yazıb-pozmaq öyrənirdi. Və o öyrənən düz ömrünün sonunacan şəxsi nə qeydləri vardısa, hamısını əski əlifbayla yazırdı. Baxmayaraq ki, ömrünün 80 ili boyu neçə yol əlifba dəyişmişdi. O, əli qələm tutanda öyrənib isnişdiyi hərflərdən əl çəkmirdi, onların köməyilə gündəliyini yazanda könlü açılırdı.

Niyazi müəllimin ürək-könül həmdəmini, səhifələri muncuq kimi xətlə yazılı dəftərini mən də görmüşəm. Can yoldaşı, ömür sirdaşı sayılacaq dəftər sirr dağarcığıydı. Orda sahibinin çoxlarına danışmadığı neçə-neçə mətləblər varıydı. Yəqin elə bu səbəbdən də hər saat üzə çıxmazdı. Evin içəri otağında, hündür, əlçatmaz yerdə saxlanardı.

Niyazi Bədəlov Şəkidə məktəbi bitirər-bitirməz kinomexaniklik peşəsinə yiyələnmiş, rayon mərkəzindəki "Yeni yol" kinoteatrında işə düzəlmişdi. 17 yaşlı gəncin sənətə maraq göstərməsi, kinomexanik köməkçisi kimi əmək fəaliyyətinə başlaması təsadüfi deyildi. Onun ailəsində teatra məxsusi münasibət varıydı. Atası, böyük qardaşı və əmisi oğlu bütün Şəki camaatının tanıdığı və sevdiyi insanlar idilər. Ötən əsrin əvvəllərində onlar illər boyu həvəskar aktyorlar kimi tamaşaçılar qarşısında çıxış edib, məharət göstərmişdilər. Lap balaca yaşlarından düşdüyü mühit Niyazi Bədəlovu da sehrləmişdi. Amma o, teatrı sevə-sevə, digər istiqamətə üz tutdu. Taleyini incəsənətin ən cavan sahəsi- kino ilə bağladı.

1931-36-cı illər Moskvada keçdi: məşhur Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinin tələbəsi kimi həyatının beş ilini sevib-seçdiyi sənətin incəliklərini öyrənməyə sərf etdi. Müəllimi dünya şöhrətli Sergey Eyzenşteyn idi. Milli kinomuzun ilk peşəkar rejissoru kimi tarixə düşəcək, dünyadan nakam köçmüş Səməd Mərdanov, sonralar Azərbaycanın ən məşhur sənətkarları olacaq Hüseyn Seyidzadə, Əlisəttar Atakişiyev də onunla bir vaxtda oxuyurdular. Mədəniyyətimizdə yeni intibahın qurucuları olacaqlarından o zaman xəbərsiz idilər. Böyük arzularla peşələrinin sirlərinə yiyələnir, müəllimlərindən öyrəndiklərini bölüşməkçün vətənə tələsirdilər. Burda nəylə qarşılaşacaqlarını bilmədən, istedadlarının, zəhmətlərinin müqabilində heç nə ummadan...

1930-cu illərin sonunda o zamankı "Azərfilm"ə yeni gənc qüvvələr gəldi. Moskva mühitindən çıxmış peşəkarlar kinoda öz sözlərini demək üçün qollarını çırmalamışdılar. Milli kadrların çatışmadığı, erməni və yəhudi millətindən olanların meydan suladığı bir vaxtdasa film çəkmək, sənət göstərmək çətin idi. Bu çətinlik Niyazi Bədəlovdan da yan keçmədi.

1938-ci ildə ara vermədən "Komsomol nəsli" və "Azərbaycan aşıqları" sənədli filmlərini lentə aldıqdan sonra, gənc Niyazi bədii filmlər rejissoru ixtisasına nahaq yiyələnmədiyini sübuta yetirmək istəyirdi. Belə bir vaxtda ədəbiyyatda kövrək addımlarını atan Ənvər Məmmədxanlı "Ayna" adlı ssenarisini kinostudiyaya təqdim edir. Sadə bir kəndli qızının usta xalçaçı kimi necə yetişməsindən bəhs edən əsərə quruluş vermək Niyazi Bədəlovla Hüseyn Seyidzadəyə tapşırılır.

Dönəmin qaydalarına görə rejissorlarla yanaşı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Yazıçılar İttifaqının və Bakı kinostudiyası nümayəndələrinin təmsil olunduğu ssenari müzakirəsində tənqidi fikirlər səsləndi, mübahisə düşdü. Bir müddət sonra Moskva rejissor ssenarisini təsdiq etsə də, filmin xarici kinolentdə çəkilməsinə razılıq verilmədi. Niyazi və həmkarı baş verənlərdən usanmadılar. Tanınmış sovet kinorejissoru M. Çiaurelinin bədii rəhbərliyilə filmin çəkilişlərinə hazırlıq işləri aparıldı. Vətənpərvərliyi, milli təəssübkeşliyilə seçilən gənc rejissorlar filmi erməni əsilli operatorun çəkməsinə imkan vermədiyindən, iki dəfə dəyişiklik oldu. Və son nəticədə kamera arxasında özümüzünkü, ali təhsilli kinooperator Əlisəttar Atakişiyev dayandı. Əsas qəhrəmanı - Ayna rolunu oynamaq Leyla Bədirbəylinin öhdəsindəydi. Di gəl, "Ayna" ortaya çıxmağa macal tapmadı. Sadalanan səbəblər üzündən yubanan film üzərində iş müharibənin başlaması ilə bağlı yarımçıq qaldı. Əslində ekran əsəri gec də olsa, tamam-kamal ərsəyə gələ bilərdi. Amma yenə də rejissorların qabağını problemlər kəsdi. Bu dəfə çəkilmiş materialların sənət baxımından yararsızlığı səbəb göstərildi.

Hüseyn Seyidzadə vəziyyətdən çıxış yolunu tapdı. O, lentə alınmış kadrlardan ərsəyə gələcək yeni ekran əsərində-qısametrajlı bədii filmdə istifadə etmək üçün kinostudiyanın rəhbərliyini razı saldı. Beləliklə, 1942-ci ildə İmran Qasımovun ssenarisi əsasında arxa cəbhədəkilərin döyüş meydanındakılara köməyindən söhbət açan "Sovqat" filmi yarandı. Niyazi Bədəlov nəhayət ki, arzusuna çatdı, ilk bədii filmini çəkdi. Amma "Sovqat" rejissorun bədii kinoya birinci və axırıncı sovqat oldu.

Aradan çox illər ötüb. Təqribən yetmiş il qabaq əslində nə baş verdiyini, nəyə görə Niyazi müəllimin bir daha bədii filmə üz tutmamasının səbəbini bilən canlı şahidlər qalmayıb. Doğrusu, sağlığında sənətkarla yetərincə görüşümüz olsa da, bu sualın tam cavabını eşitdiyim yadıma gəlmir. Onunla həyat və sənət mövzusunda elədiyimiz söhbətlərdə o bir yol bu məsələyə aydınlıq gətirməyib. Qəribədi ki, aramızdakı pərdə məsələsinə, ya nəyə görəsə bilmək istədiyim məqamı onun dilindən eşitməyə təkid eləməmişəm. İndisə nə rejissorun özü var, nə də şahidlər: bu sirri özləriylə apardılar...

Niyazi Bədəlov tale ilə barışanlardan idi. Hər halda mən onu həmişə şükranlı gördüyümdən bunu əminliklə deyirəm. Çox yəqin bir daha bədii film çəkməmək "hökm"ünü də o, alın yazısı kimi qəbul eləmişdi. Arada müəyyən illərdə teatr texnikumunda kino texnikası fənnindən dərs deməsini, dublyaj rejissorluğunu, Salyan Dövlət Dram Teatrının təşkilində rolunu və burada tamaşalara quruluş verməsini, təqaüdə çıxandan sonra "kiçik kino"- həvəskarlar kinosunun inkişafındakı uğurlu fəaliyyətini hesaba almasaq, onun bütün həyatı sənədli filmlərin çəkilişində keçib. Niyazi müəllim Böyük və Kiçik Qafqaz sıra dağlarında, Mingəçevir SES-də, Neft Daşlarında, Mil düzündə, qoruqlarda, idman yarışlarında, mədəniyyət günlərində və s. yerlərdə saysız-hesabsız süjetlər çəkib. Recissor axırıncı dəfə kamera arxasına keçib, "Xəzər üzərində körpü"nü çəkəndə səksən yaşına bircə il qalmışdı. 1938-88-ci illər arasında onun müəllifi olduğu filmlərin siyahısında "Dağlıq Qarabağ", "Yedilliyin qabaqcılları", "Biz Bakını müdafiə edirik", "Mirzə Fətəli Axundov", "Neft akademiyası", "Dağlarda ada", "Əbədi iz", "Estafet", "Xalq şairi Səməd Vurğun", "Onu Serafino çağırırdılar", "Hanı mənim övladlarım" və s. sənədli ekran əsərləri, 1941-45-ci illər müharibəsini, "Ordenli Azərbaycan", "Novosti dnya", "İncəsənət", "İdman" və başqa kinocurnalları əhatə edən yüzlərlə süjetlər var. Bunların arasında dahi Füzulidən bəhs edən eyni adlı film xüsusilə diqqəti çəkir. 1958-ci ildə lentə alınmış "Məhəmməd Füzuli" nadir kadrlarla zəngindi. Burada Hüseynqulu Sarabski və Cabbar Qaryağdıoğlunun çıxışlarına, görkəmli aktyor Kazım Ziyanın ifasında sələnən qəzəllərə yer ayrılıb. Ölməz söz ustasının "Şikayətnamə" əsəriylə bağlı ekranlaşdırılmış parçanın hüsnüsə bambaşqadı. Azərbaycan kinosunda dahi şairin bədii obrazı ilk dəfə məhz bu filmdə xalq artisti Əli Qurbanovun ifasında yaradılmışdı. Yeri gəlmişkən, görkəmli müğənni Zeynəb Xanlarovanın kinokamerayla birinci tanışlığı da buradan başlayıb. O dövrün neçə-neçə alimlərinin, sənətkarlarının əla qiymətini alan filmdə bədii kinoya təşnə rejissor sənədli ekranın diliylə bədii fikirlərini, duyğularını çatdırırdı...

Yasamalda bir ev var. Onun üçüncü mərtəbəsində sadə, mehriban və surəti xəyalımdan itməyəcək bir insan yaşıyırdı. Yanında qoca qarısı, əlindən çörək yediyim Şəfiqə xanım, stolunun üstündə termosda hazır çayı...

Ev yerindədi. İllər o iki nəfəri qoparıb aparsa da, sakinləri dəyişən evin çörəyi təknədən üzülməyib. Sənətkarla müəllimin halal ruzisindən binə tutan ocağın çörəyi üzülməz axı?

P.S. Bu gün 12 il əvvəl qərib durna təki uçub gedən Niyazi Bədəlovun 100 yaşı tamam olur. Dövlət Film Fondu iyulun sonlarında onun yubileyinin keçirilməsini planlaşdırır.

 

 

Seymur Elsevər

 

Ekspress.- 2009.- 10 iyul.- S. 23.