"Batmış əmanətlərin qaytarılmasına çalışmalıyıq"

 

Əli Məsimli: "Azərbaycanın ipoteka kreditlərinin şərtləri MDB məkanındakı digər ölkələrin şərtlərindən yaxşıdır"

 

Parlament yaz sessiyasını başa vurdu. Sessiya çərçivəsində bir sıra qanunları qəbul etməyə vaxt çatdırmayan deputatlar onun müddətini bir qədər uzatmalı oldular nəticədə mayın sonunda başa çatmalı olan sessiya iyunun axırında yekunlaşdı. Əvvəlki sessiyalar kimi bu dəfə iclasların sakit keçmədiyini gördük. Parlament rəhbərliyi ilə müxalifətçi deputatlar arasında baş verən qarşıdurmalar xüsusilə bu quruma diqqəti artırırdı. Amma yaz sessiyasında həmçinin hər bir kəsin özü ilə bağlı olan qanunlar da qəbul edildi. Uzun illər gözlənilən "Təhsil haqqında" qanunun da bəxti sessiyanın uzadılmış iclaslarında açıldı. Parlamentin iqtisadi siyasət komitəsinin üzvü, deputat Əli Məsimli "Ekespress"ə müsahibəsində geridə qalan sessiyanı qiymətləndirir:

- Parlament potensial baxımından götürəndə, xüsusilə iqtisadi sahədə daha uğurlu qanunlar qəbul edib. Çünki iqtisadi sahədə çalışan deputatlar bu sahədə bişmiş şəxslərdir. Qanunların müzakirəsi zamanı hökumət nümayəndələri də iştirak edir və onlarla dialoq olanda da məsələlər yüksək səviyyədə müzakirə olunur. Əlbəttə, informasiyalar yayıldıqda daha çox parlamentin ümumi işi ilə bağlı olur, amma əksər məsələlər də məhz parlamentin iqtisadiyyat komitəsində öz həllini tapır. İndiki dövrün spesifikasından asılı olaraq, parlamentin özünün fəaliyyətində korrektələr etmək ehtiyacı var. Bu da ondan ibarətdir ki, biz artıq müstəqilliyimizin 18-ci ilini yaşayırıq, əksər sahələrdə ən azı minimum qanunvericilik bazası yaranıb. Yəni bir tərəfdən yeni qanunlar qəbul olunur, amma əksər sahələr üzrə isə müstəqilliyin ilk illərində və orta dövrlərdə qəbul olunmuş qanunlara əlavə və dəyişikliklər edilir. Üçüncü istiqamət kimi isə o qanunların qoşulduğumuz beynəlxalq konvensiyalara, həmçinin qoşulmadığımız da beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində iş gedir. Bu nöqteyi nəzərdən bəzən görünür ki, hansısa bir sessiyada qəbul edilən qanunların sayı azdır, amma üçüncü istiqamət - yəni qanunlarda əlavə və dəyişikliklərin sayı kifayət qədərdir və buna görə də hesab edirəm ki, parlamentdə məhsuldar iş gedir. Amma bir neçə qanunun özünü də götürəndə yola saldığımız yaz sessiyasında məsələn, "Təhsil haqqında" qanunun qəbul edilməsi, Mənzil Məcəlləsinə baxılması Azərbaycanda qanunvericilik sahəsində irəliyə doğru addımların atılmasıdır.

- Amma bir sıra şərhçilər parlamentin işini tənqid edir, qurumun lazımi fəaliyyət göstərmədiyini, real problemləri həll etmədiyini bildirir...

- İş olan yerdə çatışmazlıqlar da, problemlər də, narahatlıqlar da olur. Yaxud da məsələyə maksimalist nöqteyi-nəzərdən yanaşanda əlbəttə ki, görülən işlərə az da demək olar. Amma Azərbaycanın indiki mərhələsində qanunvericilik, icra, eləcə də məhkəmə hakimiyyəti kimi qolları var və bu qolların obyektiv fəaliyyətini müqayisə edəndə parlamentin fəaliyyəti dövlətin iki qolundan az deyil. Parlament kifayət qədər əhəmiyyətli fəaliyyət göstərib. Amma hər halda, mən istəyərdim, bir sıra qanunlar var ki, onlar qəbul edilsin. Məsələn, mən mayın 15-də batmış əmanətlərin qaytarılması ilə bağlı rəsmən qanun layihəsi təqdim etmişəm. Həm qanun layihəsinə şərh vermişəm, həm də üstəgəl qanun qəbul edilən zaman digər qanunlara da ediləcək əlavə və dəyişiklikləri təqdim etmişəm. Yəni parlament tarixində bu çox nadir hadisədir ki, bir nəfər belə bir ağır işin öhdəsindən gəlir, təkcə qanun layihəsini yox, paket formasında qanun layihəsi təqdim edir. Mənim fikrimcə, burada cəmiyyətin olan gözləntilərini nəzərə almışam, olan müraciətləri əsas tutmuşam, mən həmişə camaatın içərisindəyəm, küçədə mənə yaxınlaşanların arzularını həmin layihədə ifadə etmişəm. Mənə olan bu münasibətdən çıxış edərək, bu məsələdə ərk edib "niyə bu məsələni ortaya çıxarmırsınız" sualını birdəfəlik aradan qaldırmaq üçün bu ağır işin altına girib belə bir qanun layihəsi hazırladım. Obyektiv düşünən hər bir adama da məlumdur ki, indiyə qədər bu sahədə atılan addımların içərisində mənim hazırladığım layihə həm paket forması olmasına, həm məzmununa görə, həm və keçmiş SSRİ-yə daxil olan ölkələrin qanun layihələri ilə müqayisədə kifayət qədər məzmunlu, əhatəli və əhalinin maraqlarını nəzərə alandır. Burada əhaliyə ayrılan vəsaitin hər bir əmanətçiyə düşən məbləği nöqteyi-nəzərdən bütün MDB ölkələri ilə müqayisə etdikdə yalnız Litvanın göstəricisi ilə eynidir. Ona görə də mən istəyərdim ki, bu layihə müzakirəyə çıxarılsın.

- Sizcə, qısa müddət ərzində bu qanunu qəbul edib əhalinin batmış əmanətlərini geri qaytarmaq mümkündürmü?

- Mən istəyərdim ki, milyonlarla isanın gözləntilərinin özündə ifadə edən qanun nəhayət ki, Milli Məclisdə müzakirə edilib qəbul olunsun. Və yaxud da, kimsə başqa bir layihə hazırlayıbsa, onu da müzakirəyə çıxarmaq olar. Ümumilikdə, bu işləri davam etdirmək və əhali üçün zəruri olan, çox gözləntili olan qanunların qəbul edilməsi prosesini sürətləndirmək lazımdır. Bu işlə bərabər antimonopol fəaliyyətini gücləndirmək üçün Rəqabət Məcəlləsinin də payızda qəbul edilməsi çox yaxşı olar. Digər tərəfdən, mən "Təhsil kreditləri haqqında" qanun layihəsi hazırlamışam və bunu payız sessiyasında təqdim edəcəyəm.

- İqtisadiyyat komitəsinin növbəti payız sessiyasında hansı layihələri olacaq?

- Qeyd etdiyim kimi, hazırda Rəqabət Məcəlləsi üzərində iş gedir. Və hesab edirəm ki, belə bir Məcəllənin qəbul edilməsi Azərbaycanda haqsız rəqabətin aradan qaldırılması, bilavasitə iqtisadiyyatın əsas generatoru olan sağlam rəqabətə rəvac verilməsinin hüquqi bazasının formalaşdırılması istiqamətində irəliyə doğru addım olacaq. İkincisi isə "Təhsil kreditləri haqqında" qanun layihəsidir ki, ictimai müzakirələrdən keçəndən sonra qanunvericiliklə müəyyən olunmuş qaydada həm iqtisadiyyat, həm də elm və təhsil komitəsinə təqdim edəcəyəm.

- Bir müddət əvvəl Azərbaycanda ipoteka kreditlərinin verilməsi bərpa edildi. Yeni şərtləri necə dəyərləndirirsiniz?

- Azərbaycanda ipoteka krediti keçmiş SSRİ ölkələri ilə müqayisə olunanda 10 il gec başlayıb. Bununla belə, başlayan kimi şərtləri MDB məkanındakı ölkələrlə müqayisədə götürəndə onlara yaxın idi. Amma sonrakı təkmilləşmələr nəticəsində xeyli dəyişikliklər edildi. İpoteka kreditlərinin şərtləri xeyli yüngülləşdirildi və nəticədə Azərbaycanın ipoteka kreditlərinin şərtləri Türkmənistanı çıxmaq şərti ilə MDB məkanındakı digər ölkələrin şərtlərindən yaxşıdır. Əksər ölkələrdə faiz dərəcəsi 10 faizdən yüksəkdir. Azərbaycanda isə ən yüksək faiz 8 faiz, sosial ipotekada isə 4 faiz götürülür. Hesab edirəm ki, əgər söhbət kommersiya xarakterli ipoteka kreditindən gedirsə, bankaların bu prosesdə fəal iştirak etməsi üçün faiz dərəcəsi bazarda müəyyənləşməlidir və hökumət də uçot dərəcəsindən yuxarı olan hissəni stimullaşdırıcı mexanizm vasitəsi ilə öz üzərinə götürə bilər. Məsələn, kim ki ali məktəbi əla qiymətlərlə bitirir, ona faiz ödənilməsi məsələsini öz üzərinə götürür. Bu ali məktəbi əla qiymətlərlə bitirənlərə həm maddi, həm də mənəvi dəstəkdir. Sosial kreditdə isə faiz dərəcəsinin simvolik xarakter daşıması nöqteyi-nəzərdən yanaşıram.

 

 

Asim SƏFƏROV

 

Ekspress.- 2009.- 10 iyul.- S. 12.