"Hiss
etdim ki, sülhə şans var"
Asim Mollazadə: "Bizim səfərimizin
dövlət səviyyəsində aparılan danışıqlar prosesinə
aidiyyatı yoxdur"
Ötən
həftə Azərbaycan və Ermənistan ziyalılarından ibarət
qrupun Xankəndi-Şuşa-İrəvan-Bakı səfəri hələ də
aktual mövzu olaraq qalmaqdadır. Artıq cəmiyyətin başqa kəsimlərinin,
məsələn, jurnalistlərin də belə səfərlərinin
təşkil olunması ilə bağlı dövlət rəsmiləri tərəfindən
açıqlamalar verilir. Məlum səfərdə Azərbaycan nümayəndə
heyətinin tərkibində olmuş Demokratik İslahatlar Partiyasının sədri,
millət vəkili Asim Mollazadə ilə söhbətimizdə bu
missiya ətrafında gəzən söz-söhbətlər, irəli
sürülən iddialar haqda danışmışıq.
-
Bu formatda iştirakı Sizə kim təklif etmişdi?
-
Təklif Polad Bülbüloğludan gəlmişdi.
-
Maraqlıdır, bu qədər millət vəkili arasında niyə məhz
Sizə? Ötən
ilki formatda da iştirak etməmisiniz...
- Xatırlatmaq istərdim ki, mən ATƏT-in
Minsk qrupunda Azərbaycanın ilk təmsilçisi, səfiri olmuşam. Danışıqlar
prosesində təcrübəm olduğuna görə, bəlkə elə
bu səbəbdən mənə təklif edilib.
- Bəs bu xəbər nə dərəcədə
doğrudur ki, Siz bu missiyaya Azərbaycan müxalifətinin təmsilçisi
olaraq qatılmısınız?
- Bu fikir haradan ortaya çıxıb bilmirəm. Bəlkə
kimsə özünü qabartmaq, cəmiyyətə "Mən də
varam" mesajını vermək üçün bu söz-söhbətləri gündəmə
gətirib. Mənim qətiyyən ayrı-ayrı müxalifət
partiyaları adından, o cümlədən Azərbaycan müxalifəti
adından danışmağa iddiam yoxdur. Mən yalnız özümün və öz partiyamızın
adından danışa bilərəm. Bu formatda mən millət vəkili
və Asim Mollazadə kimi iştirak etmişəm.
- Belə fikirlər də səsləndirilir
ki, Azərbaycan tərəfdən kimlərin təmsil
olunub-olunmaması ilə bağlı Ermənistan tərəfinin müəyyən
meyarları, şərtləri olub. Bu iddia nə dərəcədə
doğrudur?
- Bu cür iddialarla mətbuatımızdan
- Amma bu məsələdə konkret
ad da çəkilir. Deyilənə görə, Azərbaycan tərəfini
təmsil edən heyətdə deputat həmkarınız Həvva Məmmədovanın
da adı olub. Lakin Ermənistan tərəfi onun radikal çıxışlar
çıxışlar etdiyi üçün heyətdən çıxarılmasını tələb edib...
- Həvva xanım da təkzib verdi ki, bu
prosesdən ümumiyyətlə xəbərdar olmayıb və bu
formatda iştirak etmək üçün ona ümumiyyətlə, heç dəvət
də gəlməyib. Bu da onu göstərir ki, ermənilər belə
bir məlumatı yaymaqda hansısa məqsəd güdüblər.
- Sülh prosesi dediniz. Bəs nizamlanma
prosesi? Bu proseslər paralel aparılır, yoxsa hansısa öndədir?
- Mən bir şeyi xüsusi vurğulamaq istəyirəm
ki, bizim bu səfərimizin heç bir halda dövlət səviyyəsində
aparılan danışıqlar prosesinə aidiyyatı yoxdur. Belə bir iddamız da
yoxdur ki, irəli düşək və ya geridə qalaq. Tamamilə fərqli
proseslərdir. Əsas proses, danışıqlar təbii ki, dövlət
başçıları arasında gedir və beynəlxalq təşkilatlar da buna dəstək
verir. Bizim səfərimizin məqsədi danışıqlar prosesində
irəliləyiş olan məqamda, hər iki ölkənin cəmiyyətlərinin,
mediasının bu prosesə müsbət təsirini yaratmaqdır.
- Azərbaycan nümayəndələrinin
bəziləri Qarabağdakı separatçı-terrorçu rejimin başçılarının Ermənistan
rəhbərliyi ilə müqayisədə daha sərt mövqe nümayiş
etdirdiklərini bildirirlər. Sizcə, əslində İrəvandan
idarə olunan Qarabağdakı rejim rəhbərlərinin
"radikallığı" əvvəlcədən düşünülmüş ssenari deyil
ki?
- Mən istəməzdim onların hərəkətlərinə
hansısa qiymət verim. Bizim istəyimiz sülh prosesinə təkan
verən amilləri qabartmaqdır. Sülhə maneçilik törədən məqamları
irəli çəkməklə heç nəyə nail ola bilmərik. Azərbaycanın
sülhə böyük ehtiyacı var. Sülh Azərbaycana ona görə lazımdır ki,
ölkəmiz inkişaf etsin. Azərbaycan Cənubi Qafqaz bölgəsinin
sülh bölgəsinə çevrilməsində maraqlıdır. Bütün bu inkişaf
proseslərinin qarşısını alan da mövcud münaqişədir. Ona görə də
Azərbaycan dövləti, Azərbaycan xalqı münaqişənin tezliklə
həllini istəyir.
- Ümumiyyətlə, Ermənistan rəhbərliyi
ilə Qarabağdakı rejimin başçılarının mövqeləri arasındakı fərqlər
dedikdə nə nəzərdə tutulur?
- Bu müəyyən qədər sirlidir.
Amma İrəvandakı görüşlərdən sonra hiss etdim ki, sülhə şans
var. Bu görüşlərdən başqa bölgədə olan geosiyasi proseslər
sülh üçün bir şans yaradıb. Bu fürsətdən istifadə etməliyik.
Fikir verirsinizsə, münaqişənin həllində maraqlı olan qüvvələr,
beynəlxalq təşkilatlar da səylərini artırıblar. Ona görə
biz də ümidvarıq ki, bu şansdan istifadə olunacaq. Bir də nəzərə
almaq lazımdır ki, bu 20 ildir davam edən münaqişədir. Və onun həlli
də, asanlıqla, möcüzəvi şəkildə baş verməyəcək.
Bu proses böyük risk tələb edir. Hazırda danışıqlar prosesində
irəliləyişlər var. Bu prosesdə nə əldə edəcəyiksə,
ölkəmizin xeyrinə olacaq.
- Nümayəndələrimiz Ermənistan
rəhbərliyinin konstruktivliyi haqda fikirləri isə maraq və
təəccüb doğurur. Məgər, indiki Ermənistan rəhbərləri
Qarabağ müharibəsinin "qəhrəmanları" deyillərmi?
- Dediyiniz məsələ uzaq tarix
deyil və hamımızın gözü qabağında baş verib. Amma mən gələcəyə
baxmağın tərəfdarıyam. Sizə tarixdən də suallar gətirə
bilərəm ki, yüzillərlə müharibə aparmış dövlətlər
və cəmiyyətlər də sonda sülhə gəlməyə
nail olublar. Mən bu cür tendesiyanın Qarabağ münaqişəsinin həllində
də görürəm.
- Görüşlərin bu formatda baş tutmasını,
münaqişənin həlli prosesinin Rusiyanın "inhisarına" keçməsi
kimi xarakterizə edənlər nə dərəcədə
haqlıdırlar?
- Rusiya prezidentinin səfərdə
bizimlə birgə olan nümayəndəsi ilə söhbətlərimizdən
hiss etdim ki, onlar münaqişənin həllində müsbət rol
oynamaq istəyirlər. Rusiya münaqişəni həll etmək istəyirsə,
biz də buna müsbət yanaşmalıyıq. Bir də axı, danışıqlar ATƏT-in
Minsk Qrupunun çərçivəsində gedir. Rusiya da bu qrupun üç üzvündən
biridir. Müsbət addımlar atacaqsa, daha yaxşı.
- Bəs Rusiyanın bu fəallığının bu günlərdə
Azərbaycanla imzalanan qaz anlaşması ilə hansısa bağlılığı varmı?
- Münaqişənin həllinə xidmət
edə bilən istənilən amil işləməlidir ki, biz
münaqişəni həll edək. Azərbaycan öz enerjisinin mənfəətli
satışında maraqlı olan dövlət kimi, siyasi məsələlərdə
də ona dəstək verəcək qüvvələrlə işləməyə
hazırdır.
- Münaqişə ilə bağlı prosesin fəallaşdığı
bir vaxtda ABŞ prezidenti Barak Obamanın Moskvaya səfərini bu kontksdə
necə dəyərləndirirsiniz?
- ABŞ-Rusiya münasibətlərinin
normallaşması Azərbaycanın milli maraqlarına uyğundur. Dünyanın nüfuzlu
ölkələrinin Cənubi Qafqaza, o cümlədən Azərbaycana
ciddi önəm verməsinə müsbət yanaşıram. Biz çox istəyirik
ki, münasibətlər əslində tərəfdaşlıq və əməkdaşlıq
istiqamətində inkişaf etsin. Biz çox istərdik ki, həm ABŞ,
həm də Rusiya Cənubi Qafqaza rəqabəti məkanı
deyil, əməkdaşlıq mərkəzi kimi baxsınlar. Müasir dünyada
hansısa regionların güc mərkəzləri arasında bölüşdürülməsinə
yer yoxdur.
Aqil CAMAL
Ekspress.- 2009.- 10 iyul.- S. 5.