"Azərbaycan məndə çox gözəl təəssürat oyatdı"

 

Hadisə Açıqgöz: "Buradakı insanların çox istiqanlı olduqlarını hiss etdim"

 

Ötən həftə Bakıda Yaşıl Teatr Konsert Kompleksində konsert proqramı ilə çıxış edən Hadisə Açıqgöz APA-ya müsahibə verib. Müsahibəni müəyyən ixtisarlarla oxucularımıza təqdim edirik.

- İlk dəfə olaraq Azərbaycan tamaşaçısı qarşısında konsert proqramı ilə çıxış etdiniz. Təəssüratlarınızı bilmək istərdik.

- Fikrimcə, hər şey çox gözəl keçdi. Buradakı insanların çox istiqanlı olduqlarını hiss etdim. Çıxış etdiyim səhnəni çox bəyəndim, möhtəşəm bir səhnə idi. Eyni zamanda, səhnənin akustikasına heyran oldum. Hər kəsin çox əyləndiyini də sezdim. Həqiqətən də hər bir tamaşaçı konserti maraqla izlədi. Ayselin səhnəyə çıxışı da çox gözəl bir jest oldu. Azərbaycan tamaşaçısından müsbət enerji aldım, səhnədən gülərək ayrıldım.

Tamaşaçılardan həddindən artıq razı qaldım. İnsanlar səhnə arxasına kimi gəlirdilər... İnşallah yaxın vaxtlarda təkrar buraya dönmək ümidi ilə onlardan ayrıldım. Bu səfərimdə Bakını gəzmək imkanım olmadı, sadəcə hava limanından otelə gələrkən, eləcə də konsert salonundan dönərkən Bakının mükəmməl bir şəhər olduğunu seyr etdim. Şəhəriniz inanılmaz dərəcədə işıqlıdır, gözəl binaların sayı çoxdur. Bura dəyişik və çox təmiz bir yerdir.

- Bəs iki saat gözləməyə məcbur etdiyiniz Azərbaycan tamaşaçısı Sizdən razı qalıbmı?

- Əslində, həyatımda heç zaman gecikməkdən xoşum gəlməyib. Bu konsertə də gecikmək niyyətində deyildim. Səhnəyə gec çıxmaq ideyası mənim heyətim tərəfindən gəldi. Onlar mənim gözləməyimi istədilər. Bildirdilər ki, günəş batdıqdan sonra səhnəyə çıxarsan. Mən hazır idim, tam olaraq geyindim və günəşin batması üçün bir saat otağımda gözlədim. Mənə deyilən zaman səhnəyə çıxdım. Yəni bu, Azərbaycan tamaşaçısına qarşı hörmətsizlik kimi qiymətləndirilməməlidir. Mənə 12 xal verən insanlara qarşı necə hörmətsizlik edə bilərəm?

- "Eurovision-2009" müsabiqəsinin nəticələrindən razı qaldınızmı?

- Əlbəttə, razı qaldım. Əlbəttə ki, hər ölkə kimi mən də birinci olmaq istərdim. Bunu inkar etmirəm, ancaq mənim hədəfim ilk beşlikdə olmaq idi və mən hədəfimə çatdım. İlk gündən bəri heç zaman iddialı danışmamışdım. Birinci olacağımı heç bir zaman dilimə gətirmədim. Çox xoşbəxtəm, çünki istədiyim nəticəyə nail oldum.

- Bu müsabiqə həyatınızda və yaradıcılığınızda müsbət və ya mənfi dəyişikliklər etdimi?

- Çox dəyişikliklər oldu. "Düm tek-tek" mahnısı ilə bir çox ölkələrdə inanılmaz uğurlar qazandım və bu uğurlar indi də davam edir. Hətta müsabiqənin bitməsindən iki ay keçməsinə baxmayaraq, Yaponiyada ən çox dinlənilən mahnı məhz "Düm tek-tek"dir. Elə yaxın vaxtlarda piar üçün Yaponiyaya səfərim gözlənilir. Eyni zamanda, Belçikada ən çox satılan mahnı "Düm tek-tek"dir.

- Sözügedən müsabiqə dönəmində sizin səhhətinizdə yaranan problemlərlə bağlı çox söz-söhbətlər yayıldı. Biz müsabiqə dönəmində Moskvada olarkən onu da eşitdik ki, rəqiblərinizin Sizi zəhərləmək cəhdi nəticəsində səhhətinizdə problemlər yaranıb...

- Dediyiniz problemlərlə bağlı çox şeylər yazıldı, deyildi. Qətiyyən belə bir şey ola bilməz. Bundan belə çıxır ki, həmin vaxtda məni yeməklə, içməklə zəhərləmək istəyiblər. Ancaq belə bir şey ola bilməzdi. Türkiyənin verdiyi ziyafət günü mənim çox ağrılarım vardı, hətta bu kifayət qədər hiss olunurdu. Həmin gecə artıq üzümdə ləkə var idi, sadəcə, çox da böyük deyildi. Yəni həmin gün proses başlamışdı. Çox ağrım vardı, ancaq məcburiyyət qarşısında o axşam səhnəyə çıxdım. Hətta o da deyilir ki, guya mən sevgilimlə problemlər yaşadığım üçün həmin dönəmdə depressiya yaşamışam. Bu heç də belə deyil, çox yanlış bir xəbərdir. Sadəcə olaraq Moskvada olarkən sistemim pozulmuşdu, yorğunluq, stress nəticəsində üzümə ləkələr çıxmışdı.

 

"Bu zamana kimi heç kim mənə evlilik təklifi etmədi"

 

- Həmin dönəmdə müsabiqə üçün hazırlanan "Düm tek-tek" klipinin nümayişi qadağan olunmuşdu. Bunu klipdə erotik səhnələr olması ilə əlaqələndirirdilər...

- Həyatda belə şeyləri sevmirəm, işimi görüb konsertlərimi vermək, pərəstişkarlarımla görüşmək istəyirəm. Mənim əsas məqsədim budur. Həyatda nədənsə və ya kimdənsə istifadə edib özümü reklam etmərəm. Məncə, bu klipdə heç bir iddialı səhnələr yoxdur, çox da gözəl bir klipdir. Rəqs edirik, gözəl geyimlərdəyik.

- Müsabiqə üçün hazırlanan geyimləriniz də narazılıq doğurdu...

- Bəli, bu məsələ də həddindən artıq çox şişirdildi. Əslində, geyimimdə də bu qədər böyüdüləcək bir şey yox idi. Həmin dövrdə üstümə çox gəldilər, hər şey çox şişirdildi. Hər gün qəzetlərdə, internet səhifələrində, televiziyalarda ancaq məndən danışırdılar. Yediyim yeməkdən, geydiyim geyimlərdən, getdiyim yerlərə qədər hər şeydən. Bu il bütün insanlar birinci olacağımızı düşündülər, ancaq onu da söylədilər iki, "Hadisə ilə birinci olmasaq, kiminlə olacağıq".

- Maraqlısı budur ki, 2004-cü ildə Türkiyədə "Eurovision" müsabiqəsinin açılışında Sərtap Ərənər məhz Sizin geydiyiniz geyimdə səhnəyə çıxmışdı. Ancaq onun geyimi heç də pis qarşılanmadı...

- Həqiqətən də Sərtap Ərənər həmin səhnədə bu cür geyimlə çıxış etmişdi. Ancaq heç kim geyimlə bağlı ona irad tutmadı. Lakin mənə hər şey dedilər. Bunun mənim Belçika vətəndaşı olmamla bir əlaqəsinin olmasını düşünmürəm. Sadəcə, mənə çox inandıqlarına görə bu qədər söz-söhbət oldu, hər şey bu qədər şişirdildi. Nə qədər müzakirə olunsam da, danışılsam da, bütün fikirlərə hörmət edirəm.

- Belçikadan "Eurovision"u təmsil etmək üçün Sizə təklif gəlsə, bu təklifi necə dəyərləndirərsiniz?

- Əgər belə bir təklif gəlsə, bu təklifi dəyərləndirə bilərəm. İndi qəti surətdə nə "hə", nə də "yox" deyə bilmirəm. Cavabım təklif verilən andakı duruma, o zamankı ruhuma bağlıdır. Amma konkret olaraq "xeyr" də demirəm.

- Türkiyə mətbuatının yazdığına görə, hazırda bərabər olduğunuz Sinan bəy Sizə romantik bir şəkildə evlənmə təklifi edib...

- Xeyr, bu doğru məlumat deyil. Bu zamana kimi heç kim mənə evlilik təklifi etmədi, sadəcə, bir neçə pərəstişkarım konsertlərdə məktub verərək bunu etdilər. Mən heç bir zaman eşq həyatımla ön planda olmaq istəmədim.

 

"Hədəfim bir türk qızı olaraq dünya miqyasında uğurlar qazanmaqdır"

 

- Əks cinsin nümayəndələrinin sevgisini qazanan Hadisə Açıqgöz ailə qurmaq üçün özünə bir yaş müəyyənləşdirib?

- Həyatda bu cür planlar qurmaq çox yanlış bir şeydir, çünki hər bir şey qismətdən asılıdır. Qismətdə nə yazılıbsa, o da olur. Ancaq mən özüm üçün bir yaş fikirləşmişəm. 32 yaşından tez ailə qurmaq fikrində deyiləm. Bu 35 yaş da ola bilər. Növbəti 10 ili karyerama həsr etmək niyyətindəyəm. Daha sonra evlilik haqqında düşünərəm. Sözsüz ki, hər gənc qız kimi mənim də evlilik xəyalım var. Evliliyə çox müsbət münasibət bəsləyənlərdənəm. Ancaq 23 yaşındayam və evlənmək üçün çox gəncəm. Əvvəlcə karyeram, işim, sonra isə evlilik.

- Bəs, evlənmək üçün seçdiyiniz insanda hansı xüsusiyyətlər cəmləşməlidir? Sevdiyiniz insana görə sənətinizdən vaz keçərsiniz?

- Əslində, ideal bir tipim yoxdur. Əsas doğru bir insan olmasıdır və məni güldürməsidir. Yəni məni xoşbəxt etməsidir. Zəngin olsun, kasıb olsun- bunun bir fərqi yoxdur. Nəticədə mən necə pul qazanıramsa, onun da pul qazanması lazımdır. Çünki sevgi ilə qarın doydurmaq olmur. Mənim üçün onun hansı marka avtomobil sürməsinin, evinin ən yaxşı yerdə olub-olmamasının heç bir önəmi yoxdur. İstəyirsə, heç maşını olmasın, hər yerə taksi ilə də gedə bilərəm. Sadəcə, mənim işləməyimə hörmətlə yanaşsın, kifayət edər. Bir az hörmətcil, sevgili, çalışqan olmasını istəyirəm. Mən də çalışqan bir insanam. Ən əsası isə mənim işimə hörmət etməlidir. Qaldı ki, ikinci sualınıza, bu heç zaman ola bilməz, heç kimə görə sənətimdən vaz keçmərəm. Biri gəlib "bu işi buraxacaqsan və mənimlə bərabər olacaqsan" desə, sadəcə, gülərəm və həmin insana elə həmin dəqiqə "əlvida" deyərəm. Elə insanı sevməyim də qeyri-mümkündür.

- Hədəfiniz nədir?

- Hədəfim bir türk qızı olaraq dünya miqyasında gözəl uğurlar qazanmaqdır. Mənim ən böyük hədəfim budur. Amerikaya getmək, orada konsert verməyi çox istəyirəm. Bu, hər sənətçinin xəyalında yaşatdığı və arzuladığı bir şeydir. Sözsüz ki, mən də bunu çox istəyirəm. Ən böyük hədəfim budur. Amerikada yaşamaq istəmirəm, sadəcə, iş görmək arzusundayam. Türkiyə və Belçika mənim evimdir. Türkiyədə də, Belçikada da ailəm var.

- Deyəsən, dincəlməyə vaxt tapmırsınız. Sizin üçün istirahət nədən ibarətdir?

- Yatmağı çox sevirəm, yataqda səhər yeməyi mənim üçün ən gözəl istirahətdir. Anamla danışmağı, mətbuatı oxumağı çox xoşlayıram.

- Yeni "Qəhrəman" adlı albomunuz işıq üzü görüb...

- Albomun adını "Qəhrəman" qoymağıma səbəb albomda ən çox sevdiyim mahnının bu cür adlanmasıdır. 8-9 ay çox çətin, ağır dövr yaşadım. Həmin dövrdə kimlərsə məndən üz çevirdilər, kimlərsə daha da yaxınlaşdılar. Qəhrəmanlarım həmin bu çətin dönəmdə mənim yanımda olanlardı. Ən böyük qəhrəmanım isə anamdır.

- Yaxın gələcək üçün Azərbaycanla bağlı bir planınız varmı?

- Çox güman ki, yeni bir layihə olacaq. Azərbaycan məndə çox gözəl təəssürat oyatdı. Bu təəssüratı oyadan hər bir insana təşəkkür edirəm. Yaxın vaxtlarda digər ölkələrdə bir neçə konsertimiz var. Mən ortalıqda çox da görünmək istəmirəm, sadəcə, önəmli yerlərdə konsert vermək istəyirəm. Eyni zamanda, yaxın vaxtlarda "Evlənməliyiz" mahnımın klipi də çıxacaq. O da çox əyləncəli olacaq. Bu klipi çox tez bir zamanda, üç saat içində çəkmişik. Hadisədən yeni və gözəl hadisələr gözləyin.

 

 

    Ekspress.- 2009.- 14 iyul.- S. 23.