"Nabucco" sazişi imzalandı
Dünən Ankarada "Nabukko" qaz boru xəttinin
tikintisi ilə bağlı hökumətlərarası sazişin imzalanmasına həsr
olunmuş sammit keçirilib. İmzalama mərasimində xarici dövlətlərdən və
Avropa Birliyindən 30-dan çox nümayəndə iştirak edib.
Tədbirə layihənin iştirakçıları
ilə yanaşı (Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya və
Almaniyanın enerji şirkətləri) Avropa Komissiyasının sədri Coze
Manuel Barrozu, Azərbaycan, İraq, Misir, Suriyanın hökumət başçıları
və enerji idarələrinin rəhbərləri, habelə
Gürcüstan prezidenti Mixail Saakaşvili də qatılıb.
Tədbiri açan
Türkiyənin baş naziri Racəb Tayyib Ərdoğan layihənin Azərbaycan,
Türkmənistan, İraq, Misir də daxil olmaqla, Xəzər və
Orta Şərqdən Avropaya təbii qazın etibarlı nəqlini təmin
edəcəyini deyib. O, İran qazının da bu kəmərlə
daşınmasını arzu etdiklərini və Rusiyanın da layihəyə
qoşulacağına ümidvar olduğunu bildirib: "Bu layihə bölgənin
bütün ölkələri arasında əməkdaşlığı daha da gücləndirəcək
və dərinləşdirəcək. Bəzi dairələr bir
vaxt Bakı-Ceyhan kəməri layihəsinin də röya olduğunu iddia
edirdilər. Bu layihə də belə fikirlərin doğru
olmadığını sübut edəcək və uğurla həyata keçiriləcək"
(APA-Economics).
Avstriyanın baş
naziri Verner Fayman da layihənin uğurla həyata keçiriləcəyinə
əminliyini ifadə edib. O, "Nabucco"nun qarşıdurmaya yox, əməkdaşlığa
yönəlmiş təşəbbüs olduğunu vurğulayıb. Fayman bəzilərinin
gözlədiyi kimi, bərpa olunan enerji mənbələrinin
inkişaf etdirilməsi və rolunun artırılmasının yaxın perspektivdə
Avropanın enerji balansında təbii qaza ehtiyacı azaldacağına şübhə
etdiyini deyib. Baş nazir təbii qaz və bərpa olunan enerjinin
birgə inkişafının vacibliyini vurğulayıb.
Bolqarıstanın baş
naziri Sergey Stanişev isə ölkəsinin "Nabucco" boru kəməri
layihəsinin həyata keçirilməsi istiqamətində əvvəldən
bəri göstərdiyi səylərə sadiq olduğunu söyləyib.
Macarıstan baş
naziri Cordon Bajnay layihənin ölkəsi və Avropa üçün əhəmiyyətindən
danışıb. O, hazırda Avropa ölkələrinin dünyada yaşanan maliyyə
böhranının ortasında olduğunu və bunun layihələrin həyat
keçirilməsinə müəyyən maneə yaratdığını qeyd edib.
Rumıniyanın baş naziri Emil Bok isə layihənin heç kimə qarşı yönəlmədiyini
və Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində
atılan addım olduğunu bildirib.
ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi
nümayəndə Riçard Morninqstar və Senatın Xarici Əlaqələr
Komitəsində respublikaçılar qrupunun rəhbəri Riçard Luqar
isə ümid etdiklərini bildiriblər ki, gələcəkdə
İraqla yanaşı, Azərbaycan və Türkmənistan da kəmərə
qaz verəcəklər.
Azərbaycanın sənaye
və energetika naziri Natiq Əliyev "Nabucco" sammitinin baş
tutması münasibətilə iştirakçıları təbrik edərək rəsmi
Bakının öz karbohidrogen ehtiyatlarını beynəlxalq bazarlara etibarlı şəkildə
nəql etməkdə maraqlı olduğunu deyib. Azərbaycanın
hazırda bir neçə istiqamətdə - Bakı-Ceyhan, Bakı-Ərzurum,
Bakı-Supsa və digər marşrutlarla neft-qaz ixrac etdiyini, təkcə
Gürcüstan və Türkiyə deyil, eyni zamanda Rusiya, İran və
Yunanıstan kimi ölkələrə də enerji ehtiyatları satdığını
xatırladan nazir bildirib ki, Azərbaycan enerji sektorunda digər tərəfdaşlarla
əlaqələrin genişləndirilməsində və regionda
effektiv nəql dəhlizinin yaradılmasında maraqlıdır. N. Əliyev Yunanıstan-İtaliya qaz kəməri layihəsi
çərçivəsində uğurlu əməkdaşlıq edildiyini və rəsmi
Bakının cəlbedici, əlverişli şərtlərlə hər
istiqamətdə nəqlin, o cümlədən "Nabucco" qaz
kəməri layihəsinin icrasında maraqlı olduğunu söyləyib.
O, istənilən halda belə layihələrin bazar
iqtisadiyyatının prinsiplərinə, o cümlədən şəffaflıq və
istehlakçı razılığına əsaslanmalı olduğunu deyib.
Daha sonra Türkiyə,
Avstriya və Macarıstanın hökumət başçıları və Bolqarıstanla
Rumıniyanın enerji şirkətlərinin rəhbərləri
"Nabucco" layihəsi üzrə hökumətlərarası sazişə
imzala atıblar.
Xatırladaq ki, lahiyəni
inşa edəcək "Nabucco Gas Pipeline İnternational GmbH."
konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), "Transgaz"
(Rumıniya), "Bulgargaz" (Bolqarıstan), "BOTAŞ" (Türkiyə)
və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş
şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin
1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə
maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.
Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri
4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.
Sazişin imzalanması
mərasimində çıxış edən Türkiyənin baş naziri Ərdoğan
bildirib ki, "Türkiyənin iştirakı ilə həyata keçirilən
enerji layihələri Türkiyənin Avropa Birliyinə üzv olmasının
zəruriliyini bir daha göstərir". O, Türkiyənin
dünyanın neft və qaz yataqlarının 2/3 hissəsinin yerləşdiyi
regionda əlverişli coğrafi mövqeyə malik olduğunu, Xəzər və
Mərkəzi Asiya enerji resurslarının dünya bazarına çıxarılmasında önəmli
rol oynadığını bildirib. Baş nazir qeyd edib ki, "Nabucco"
layihəsi üzrə imzalanan hökumətlərarası saziş Türkiyə
ilə AB arasında əlaqələrin və əməkdaşlığın
inkişafına şərait yaradacaq: "Bu gün biz ölkələrimiz, eyni
zamanda gələcək nəsillər arasında yaranacaq dostluq,
sülh və rifah üçün əhəmiyyətli addım atırıq".
Bundan başqa, Ərdoğan ölkəsinin Samsun-Ceyhan neft kəməri
layihəsi üzərində çalışdığını vurğulayaraq Türkmənistan və
İraq qazının ixracını nəzərdə tutan daha iki layihənin
icrasında fəal rol oynamaq niyyətində olduqlarını söyləyib.
***
Beləliklə,
çoxdan gözlənilən "Nabucco" sazişi imzalandı. Lakin bu,
layihənin qarşısındakı əngəlləri heç də azaltmır.
Təbii ki, saziş
"Nabucco" layihəsinin gerçəkləşdirilməsi istiqamətində
önəmli addımdır. Bundan sonrakı mərhələdə əsas iş
"Nabucco"ya üzv dövlətlərin tələblərinin
uzlaşdırılması və 6 ay sonra layihəyə dəstək müqaviləsi
imzalanmalıdır.
"Nabucco Gas Pipeline İnternational GmbH" konsorsiumunun baş
direktoru Reynhard Mitşek kəməri təbii qazla təmin edə
biləcək ölkələrdən lazımı həcmin alınması ilə
bağlı müzakirələrin aparıldığını və yaxın vaxtlarda növbəti
razılaşmaların, o cümlədən Layihəyə
Dəstək Sazişinin imzalanacağını vurğulayıb.
Lakin hələ
də "Nabucco" borusunu dolduracaq qazın mənbələri
ilə bağlı məsələ hələ də qaranlıqdır.
Texniki layihə hazırlamaq, ekoloji ekspertiza aparmaq, maliyə mənbələri
tapmaq lazımdır. Habelə 50 il qüvvədə olacaq saziş qaz tranziti
üçün bərabər şərtləri təmin etməlidir.
"Nabucco"
qaz kəmərinin əsas təchizatçıları Azərbaycan, İraq və
Misirin olacağı ümid edilir və bildirilir ki, bu ölkələr artıq
2015-ci ildən kəmərə ildə 15 milyard kubmetr təbii
qaz vuracaqlar. Perspektivdə həmçinin türkmən qazının da bu boru
ilə axacağı gözləntiləri var. Lakin Türkmənisban və Azərbaycan
hələlik dəqiq mövqe bildirməyə təlsmirlər.
Bu günlərdə Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədov
bildirib ki, Türkmənistanda satış üçün artıq qaz var və mövcud qaz həcmləri
ölkə sərhədlərində potensial alıcılara satıla bilər.
O, həmçinin Türkmənistanın qaz ehtiyatlarının "Nabucco"nun
reallaşdırılması üçün kifayət edəcəyini bildirib.
Azərbaycansa
layihənin maliyyələşdirilməsində iştirak etmək
niyyətində deyil. Güman ki, Bakı boru kəməri ortalıqda
olmadıqca qəti qərar verməyəcək. Boru olarsa və sərfəli
kommersiya qiymətləri təklif edilərsə, çox güman ki,
Azərbaycan bu kəmərdən imtina etməyəcək.
Bundan başqa, layihə
ilə bağlı onun iştirakçı ölkələri arasında anlaşmazlıqlar aradan
qaldırılmayıb. Türkiyə İran qazının da "Nabucco"ya daxil edilməsini
istəyir, ABŞ buna qarşı çıxır, Rusiya qaz tədarükçüsü olan ölkələri,
hətta bəzi layihə ortaqlarını "Nabucco"dan
uzaqlaşdırmaq istiqamətində cəhdlər göstərir. Ankara "Nabucco"dan keçən qazın 15 faizini və
tranzit keçid haqqı tələb edir, Avropa Birliyi tranzit haqqı məsələsində
fərqli mövqe nümayiş etdirir, qazın 15 faizinin Türkiyəyə verilməsi
məsələsində də ortaq məxrəcə gəlinməyib.
ABŞ-ın Avrasiya enerji mənbələri üzrə xüsusi təmsilçisi
Riçard Morninqstar bildirib ki, Türkiyənin qazın 15 faizini almaq tələbi
müzakirə olunmalıdır: "Türkiyənin də qaza ehtiyacı var.
Türkiyəyə nə qədər qaz satılacağına dair müzakirələr
aparılmalıdır. Bu məsələ həll olunmalıdır".
Morninqstar Türkiyə
ilə Azərbaycan arasında qaz satışına dair məsələnin
müzakirə olunduğunu, bu iki ölkə arasında anlaşmanın olacağını səbirsizliklə
gözlədiklərini söyləyib.
BOTAŞ şirkətinin baş direktoru Saltuk Düzyol isə bildirib ki,
Türkiyənin boru kəməri ilə daşınacaq qazdan 15 faizini özü
üçün götürməsi məsələsi tərəflər arasında
müzakirə olunur və hazırda bu şərtdən vaz keçilməsi
barədə qərar verilməyib.
Vaşinqton Universitetinin Türkiyə Araşdırmaları Proqramının direktoru
Sönər Çaqaptay isə APA-ya açıqlamasında "Nabucco" ilə
bağlı hökumətlərarası müqaviləni imzalayan ölkələrdən
heç birinin qaz ixrac edən ölkə olmamasını "qəribə"
adlandırıb..
O Azərbaycanla
Türkiyənin qazın satış qiyməti və həcmi barədə
razılığa gəlməsi barədə məlumatları belə şərh
edib: "Uzun illər Türkiyə nəql edəcəyi Azərbaycan
qazının 15 faizini özündə saxlamaq hüququnu tələb edirdi. İndi
isə onlar bu tələbdən vaz keçiblər. Türkiyənin
mavi yanacağın 15 faizinə iddialı olması onunla bağlı idi ki, bu ölkə
təkcə tranzit ölkə yox, həmçinin enerji mərkəzi
olmaq istəyirdi. Bu səbəbdən Azərbaycanda nəql
olunacaq qazın 15 faizin ya daxili istifadə üçün saxlamaq, ya da xaricə
satmaq niyyətində idilər. Bu ideya özünü doğrultmadığı üçün
Türkiyə yalnız tranzit ölkə olmağa razılaşdı".
Sönər
Çaqaptayın fikrincə, "Nabucco" layihəsi yalnız Azərbaycan
və Türkmənistanın bu layihədə iştirak edəcəyi təqdirdə
reallaşa bilər: "Türkiyə İraqın şimalından da qaz nəql edə
bilər. Amma bu addım "Nabucco" layihəsini daha da qəlizləşdirəcək.
Məndə olan məlumatlara görə, Azərbaycanda
"Nabucco" kəmərini səmərəli edəcək
qədər qaz yoxdur. Amma biz anlamalıyıq ki, "Nabucco"ya
ehtiyac var. Bakı-Tiflis-Ərzurum qaz kəməri Türkiyənin tələbatını
ödəməyə yönəlib. İkinci layihə isə Azərbaycan
qazını Avropaya çıxartmalıdır".
Sönər
Çaqaptayın fikrincə, "Nabucco" layihəsinin reallaşmasını əngəlləyən
amillərdən biri bu layihədə iştirak üçün çoxlu sayda ölkənin
razılığa gəlməsinin zəruriliyidir: "Nabucco" ilə
bağlı ən azı 6-7 ölkə arasında razılaşma əldə olunmalıdır.
Eyni zamanda Rusiya da bu layihəyə etiraz etməməlidir.
Hazırda qeyd etdiyim məqamların heç biri reallaşmayıb. Yəni Avropa
ölkələri öz aralarında razılığa gələ bilmir, Rusiya da
yaranmış ziddiyyətdən faydalanır. Həmçinin rəsmi Moskva Azərbaycandan
müəyyən miqdarda qaz idxal etməyə müvəffəq olub. Əgər
ruslar "Nabucco" üçün nəzərdə tutulan Azərbaycan
qazının idxalına başlayacaqlarsa, onda bu layihə heç vaxt reallaşmayacaq.
Bu baxımdan indiki halda ən uduşlu vəziyyətdə olan tərəf
Rusiyadır".
Sönər
Çaqaptayın fikrincə, Azərbaycanla Rusiya arasında qaz satışına dair
imzalanan müqavilə "Nabucco" üzrə tərəflərin
əməkdaşlıq etməməsinin rəmzidir: "Bu müqavilə
Azərbaycanla Türkiyə arasında münasibətlərin hansısa məqamda
çətinliklərlə üzləşməsinin göstəricisidir. Ortada
etibarsızlıq, əməkdaşsızlıq problemləri var. İki ölkə
arasında 90-cı illərdə gördüyümüz əməkdaşlıq artıq tarixə
çevrilib".
A.
Həmid
Ekspress.- 2009.- 14 iyul.- S. 7; 10.