Hərbi yol legitim hüququmuzdur...
Prezident İlham Əliyev:"Dağlıq Qarabağ
münaqişəsinin hərbi yolla həllini istisna etmirəm"
Azərbaycan
Dağlıq Qarabağa müstəqillik statusunun verilməsini nəzərdə
tutan hər-hansı sülh planını heç zaman qəbul etməyəcək.
Bu barədə Böyük Britaniyaya səfəri zamanı Azərbaycan
prezidenti İlham Əliyev bəyan edib.
Prezident
İlham Əliyev Londonda "Chatam House" Kral Beynəlxalq
Münasibətlər İnstitutunda çıxış edərkən bildirib ki, Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması prosesində "nisbətən
ümidverici dinamika yaranıb, ilk nəticələr var, amma bunlar
yekun məqsədin - daimi sülhün bərqərar olması, habelə
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün kifayət
deyil" (BBC).
Prezident Azərbaycanın
son 15 il ərzində "nə sülh, nə müharibə"
şəraitində yaşadığını bildirib: "Dağlıq Qarabağ münaqişəsinin
istənilən həll variantı Azərbaycanın ərazi bütövlüyünün qorunmasını təmin etməlidir. Biz Ermənistanın narahatlığını
anlayırıq və müvafiq məsələlərə
baxmağa hazırıq. Biz həmçinin Dağlıq Qarabağa zəruri muxtariyyət verməyə də hazırıq, lakin bu, vahid
Azərbaycan dövləti çərçivəsində olmalıdır. Münaqişəyə cəlb olunan tərəflər anlamalıdır
ki, Dağlıq Qarabağın müstəqilliyindən heç
bir söhbət gedə
bilməz. Çünki bu beynəlxalq hüququn prinsiplərinə və nüfuzlu beynəlxalq təşkilatların,
o cümlədən BMT Təhlükəsizlik
Şurasının Dağlıq Qarabağ münaqişəsinə
dair qətnamələrinə zidd olardı".
Dövlət başçısı
Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanması
prinsipinə sadiq olduğunu
və "son 15 ildə bununla bağlı dəqiq mövqe nümayiş etdirdiyini"
bildirib:"Bu,
bizim sülhsevər siyasətimizin
parlaq göstəricisidir. Çünki
15 ildir ki, bizim torpaqlar işğal altındadır, bizim qaçqınlar və məcburi
köçkünlər bu işğalın əzab-əziyyətini çəkirlər,
amma biz əvvəlkitək danışıqlar aparırıq. Bu, açıq-aydın
göstərir ki, Azərbaycanın məsələyə
yanaşması siyasi nizamlamaya
əsaslanır".
Lakin siyasi səylərə
rəğmən, Dağlıq Qarabağ münaqişəsinin
hərbi yolla həllini istisna etmək mümkün deyil. "Təəssüflər
olsun ki, mən hərbi
həll variantını tam istisna
edə bilmirəm, çünki
bizim öz ərazi bütövlüyümüzü bərpa etmək üçün beynəlxalq qanunlara əsaslanan
tam hüququmuz var və heç bir ölkə bizim
bu hüquqa malik olduğumuzu şübhə altına ala bilməz.
Azərbaycan öz ərazi
bütövlüyünü təmin etməyə qadir olan qüdrətli
və müasir Silahlı Qüvvələrə sahibdir.
Bununla belə Bakı
münaqişənin sülh yolu ilə həllinə yönəlik səyləri davam etdirəcək",-
İ.Əliyev bəyan edib.
BMT xartiyasına əsasən, Azərbaycanın özünü müdafiə etmək üçün qanuni hüququ, digər ölkələr
kimi, öz "ərazi bütövlüyünü bərpa etmək" üçün legitim hüququ
var. "Biz tarixdən bilirik ki, bəzən ölkələr özlərinin yerləşdiyi
məkanlardan uzaqlardakı ərazilərdə də öz suverenliyini bərpa edirlər. Dağlıq Qarabağ
isə Azərbaycanın lap mərkəzində
yerləşir, bu, Azərbaycanın
tarixi torpağıdır. Və ermənilər Dağlıq
Qarabağda 19-cu əsrdə
məskunlaşıblar. 1978-ci ildə onlar ermənilərin İrandan
Dağlıq Qarabağa köçürülməsinin
150 illiyini tərənnüm
edən bir abidə ucaltmışdılar. Ona görə də, sülh danışıqlarında irəliləyiş
əldə olunan kimi,
şübhəsiz, gücdən istifadə etməmək və məsələnin
sülh yolu ilə həll etmək öhdəliyi tətbiq
ediləcək",-deyə prezident bildirib.
Münaqişənin yalnız beynəlxalq qanun və beynəlxalq təşkilatların
qərarları əsasında çözümünə çağıran dövlət başçısının sözlərinə
görə, "Ermənistan rəhbərliyi də bununla razıdır", əks halda
Moskva bəyannaməsini
imzalamazdılar: "Moskva
bəyannaməsində deyilir
ki, münaqişə beynəlxalq təşkilatların qətnamələri
əsasında həll edilməlidir. Həmin qətnamələrdə
isə deyilir ki, erməni
qüvvələri dərhal və qeyd-şərtsiz bütün
işğal olunmuş ərazilərdən
çıxarılmalıdır. Erməni qüvvələri tərəfindən etnik təmizlənməyə
məruz qalmış bir milyona qədər Azərbaycan
qaçqınları öz yerlərinə
qayıtmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Və biz
həmişə demişik, indi də deyirik
ki, Dağlıq Qarabağda yaşayanlara suveren Azərbaycan dövlətinin
çərçivəsində ən yüksək muxtariyyət statusu verməyə
hazırıq. Bu, yeganə mümkün variantdır və əgər erməni tərəfi
siyasi iradə göstərsə,
münaqişə həll edilə bilər".
Azərbaycanın
Ermənistanı təcrid etməkdə günahlandırılması ilə bağlı
prezident İ.Əliyev deyib:"Bizim hansı ayrı seçimimiz var? Və əgər
Ermənistan bu dəmiryolunun
keçdiyi ərazilərdən öz qoşunlarını çıxarsa, biz Ermənistanla dəmiryolu əlaqəsini açmağa
hazırıq. Və hətta təkilf də olmuşdu
ki, əgər onlar Dağlıq Qarabağın cənubunda
yerləşən 5 rayondan qoşunlarını
çıxarsalar kommunikasiya yollarının açılmasına dərhal
başlayaq. Azərbaycanla
Ermənistanı bu gün müqayisə etmək olmaz, həm iqtisadi, həm də siyasi
mənada vəziyyət
müxtəlifdir. Və getdikcə, 10 ildən, 20 ildən sonra bizim aramızdakı
fərq artacaq. Ona görə,
onlar seçim etməlidirlər.
Əvvəl-axır Ermənistan öz qoşunlarını işğal edilmiş ərazilərdən
çıxarmalıdır. Və bundan sonra
gücdən istifadə etməmək bizim öhdəliyimizə çevriləcək" ("Turan").
Prezident bildirib ki, sülhün bərqərar
edilməsi təkcə hər iki ölkəyə deyil, bütün bölgəyə mənfəət gətirəcək:"Erməni
tərəfi anlamalıdır ki, işğalçılıq
siyasəti heç vaxt Dağlıq Qarabağın müstəqil
dövlət kimi tanınmasına
çevrilməyəcək. Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq. Bunu gözləmək gülüncdür
- Azərbaycanın daxilindəki 60 minlik əhalinin yaşadığı bir ərazi
müstəqil dövlət ola
bilməz. İndiyə qədər heç bir dövlət, hətta Ermənistan da onun müstəqilliyini
tanımayıb".
Prezident Əliyev deyib ki, münaqişənin
həllinin yeganə mümkün
yolu Dağlıq Qarabağda hər iki icmanın dinc və əmin-amanlıqda birgə yaşamasıdır və bunun üçün həll
variantı tapılmalıdır.
Bakı "Nabucco"nu dəstəkləyir
Azərbaycan
"Nabucco" ilə qərb istiqamətində nəql edilməsi
üçün kifayət qədər təbii qaz ehtiyatlarına malikdir və
rəsmi Bakı bu layihəni dəstəkləyir.
"Ümumiyyətlə,
"Nabucco" bir layihə kimi Azərbaycandan Türkiyəyə
qaz kəmərinin çəkilməsindən sonra ortaya çıxıb. Əgər
1996-cı ildə Azərbaycan BP və digər şirkətlərlə
"Şahdəniz" qaz yatağının istismarına dair saziş imzalamasaydı və
partnyorlarla birgə Bakı-Tbilisi-Ərzurum qaz kəmərini tikməsəydi,
bu gün "Nabucco" layihəsinə dair sazişin imzalanması mümkün
olmazdı. Bu gerçəklik göstərir ki, Azərbaycan
"Nabucco"nun təşəbbüskarı olmaqla yanaşı, eləcə də
əməldə diversifikasiya və nəql infrastrukturunun
yaradılmasını dəstəkləyən ölkədir",-prezident
İlham Əliyev deyib.
Dövlət
başçısı bildirib ki, "Nabucco" ideyası ortaya çıxan dövrdə Azərbaycan
bu layihə çərçivəsində potensial qaz təchizatçısı kimi
qəbul edilmirdi, başqa dövlətlər potensial qaz təchizatçısı
kimi çıxış edirdi. Sonradan Azərbaycan qazın ixracatçısı olub. "Bu
il, misal üçün, Azərbaycan Türkiyəyə 7 milyard kubmetr qaz,
Gürcüstana 1 milyarda yaxın qaz ixrac edib, Türkiyə bu qazın bir qismini
Yunanıstana reeksport edib. Azərbaycan qazını İrana da nəql edir.
"Qazprom"la da bu yaxınlarda imzalanmış qaz sazişi Azərbaycanın
diversifikasiya siyasətinə tam uyğundur. Nə qədər çox
bazar olsa, o qədər də çox mənfəətli şərtlər
olacaq. Mən çox şadam ki, "Nabucco" layihəsi çərçivəsində
tranzit ölkələr arasında saziş əldə edildi. Ümidvaram ki,
Azərbaycanla Türkiyə arasında da tranzit sazişi tezliklə
imzalanacaq",-deyə Azərbaycan lideri bildirib. O qeyd edib ki,
Türkiyədə "Nabucco"ya dair imzalanmış saziş ədalətli
şərtlərə və beynəlxalq səviyyədə
tanınan prinsiplərə söykənməlidir:"Bu ilin may ayında
Azərbaycan "Nabucco"nu dəstəkləyən siyasi qətnaməyə
imza atdı. Və biz həmişə deyirik ki, əgər
"Nabucco" inşa edilsə və kommersiya baxımından şərtlər
bizi qane etsə, Azərbaycan məmnuniyyətlə öz qazını bu
kəmərlə də nəql edəcək. Nəzərə
alsaq ki, Azərbaycanda qaz ehtiyatları indi minimum 2 trilyon kubmetrdir,
maksimum isə bu, 5 trilyon kub metr ola bilər. Yaxın 3-5 il ərzində
Azərbaycanda yeni və irimiqyaslı neft və qaz yataqlarının kəşfi
gözlənilir. Azərbaycanın qaz ehtiyatı 100 ilə kifayət edəcək.
Azərbaycanın Nabucco istiqamətində nəql edilməsi üçün
kifayət qədər qaz ehtiyatı var".
Xarici radiolarla bağlı mövqe dəyişməyəcək
BBC-nin
xəbərinə görə, "Chatam House" Kral İnstitutunda ekspertlər
və jurnalistlər qarşısında çıxış edən prezident İlham Əliyev
bildirib ki, rəsmi Bakı xarici radioların Azərbaycanın milli tezliklərində
yayımı ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil.
Dövlət
başçısı bildirib ki, hər bir ölkə, o cümlədən yeni müstəqil
dövlətlər, "ilk növbədə öz qanunvericiyinə hörmətlə
yanaşmalıdırlar". Onun sözlərinə görə, BBC və digər
xarici radiostansiyalarla Azərbaycan arasında tərəfdaşlıq davam
etməlidirsə, yayımın başqa üsulları tapıla bilər - misal üçün,
internet, qısa dalğalar: "Yəni, biz medianı məhdudlaşdırmaq istəsəydik,
bütün bunları etməzdik. Bizim yeganə niyyətimiz - öz
qanunvericiliyimizə hörmətlə yanaşmaq və digər inkişaf
etmiş və demokratik ölkələr kimi hərəkət etməkdir".
A.
Xəlil
Ekspress.- 2009.- 15 iyul.- S. 3.